2010-cu ilin may ayında Azərbaycanın xalq şairi,
SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi
Qəhrəmanı Rəsul Rzanın (Rəsul İbrahim oğlu
Rzayevin) anadan olmasının 100 illiyi tamam
olur.
Rəsul
Rza XX əsr Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndələrindəndir. O, söz sənətimizə forma və
məzmunca yeniliklər gətirərək novator şair kimi
geniş şöhrət qazanmışdır. Azərbaycan dilinin
poetik potensialının yeni-yeni imkanlarını üzə
çıxaran Rəsul Rza yarım əsrə yaxın dövr ərzində
yüksək dəyərli bədii nümunələr meydana
gətirməklə yanaşı, respublikamızın elmi-mədəni
həyatında yaxından iştirak etmiş, dolğun və
səmərəli ictimai fəaliyyəti ilə tanınmışdır.
Azərbaycan ədəbiyyatının inkişafı sahəsində
təqdirəlayiq xidmətlər göstərmiş xalq şairi
Rəsul Rzanın 100 illik yubileyinin layiqincə
keçirilməsini təmin etmək məqsədi ilə
QƏRARA ALIRAM:
1.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm
Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin
təklifləri nəzərə alınmaqla, Azərbaycan Milli
Elmlər Akademiyası və Azərbaycan Respublikasının
Təhsil Nazirliyi ilə birlikdə xalq şairi Rəsul
Rzanın 100 illik yubileyinə həsr olunmuş
tədbirlər planını hazırlayıb həyata keçirsin.
2.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 yanvar 2010-cu il |