Yanvarın 23-də Humanitar Əməkdaşlıq üzrə Birinci
Azərbaycan-Rusiya Forumunun iştirakçıları
M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialında olmuşlar.
Dünyanın ən tanınmış ali təhsil ocaqlarından
sayılan Moskva Dövlət Universitetinin Bakı
filialında forum iştirakçıları təhsil ocağının
fəaliyyəti ilə tanış olmuşlar. Bakı filialı
haqda qonaqlara ətraflı məlumat verən rektor,
professor Nərgiz Paşayeva burada filologiya,
tətbiqi riyaziyyat, kimya və psixologiya
fakültələrinin fəaliyyət göstərdiyini
bildirmişdir. Nərgiz Paşayeva vurğulamışdır ki,
bu universitetdə təhsil almaq istəyən gənclərin
sayı çoxdur.
Rusiyalı qonaqların gəlişi ilə bağlı təşkil
edilən tədbirdə professor Nərgiz Paşayeva
Azərbaycan-Rusiya əlaqələrinin tarixindən söz
açmışdır. Rektor Humanitar Əməkdaşlıq üzrə
Birinci Azərbaycan-Rusiya Forumundan danışmış,
bu tədbirin bir çox məsələləri müzakirə etmək
üçün gözəl fürsət olduğunu demişdir.
Nərgiz Paşayeva onu da qeyd etmişdir ki,
rusiyalı qonaqların məhz bu gün MDU-nun Bakı
filialına gəlməsi əlamətdar haldır.
M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialının yaradılması
haqqında sərəncam məhz yanvarın 23-də
verilmişdir.
Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunun rektoru, Rusiya Elmlər
Akademiyasının akademiki Anatoli Torkunov Bakı
filialının tribunasından çıxış etməyin onun üçün
böyük şərəf olduğunu söyləmişdir. O, rəhbərlik
etdiyi təhsil ocağının da Moskva Dövlət
Universitetinin tərkibindən yarandığını
demişdir. Qonaq Azərbaycan təhsilinin
üstünlüklərindən danışaraq ölkəmizdə həm müəllim
heyətinin, həm tələbələrin ali təhsilin
məqsədlərinə sadiq olduqlarını bildirmişdir.
A.Torkunov Moskva Dövlət Universitetinin Bakı
filialında həm Azərbaycan, həm rus, həm də Qərb
mədəniyyətinin sintez şəklində birləşdiyini və
bunun təqdirəlayiq hal olduğunu vurğulamışdır.
Qonaq Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunun və Azərbaycan Diplomatik
Akademiyasının birgə proqramlarının reallaşması
üçün müzakirələr apardığını bildirmişdir.
Rusiya Prezidenti yanında Dövlət Qulluğu
Akademiyasının rektoru Vladimir Yeqorov
ölkəsinin ali təhsil məktəblərinin fəaliyyəti
haqqında danışmışdır.
Forum iştirakçıları tələbələri maraqlandıran
sualları cavablandırmışlar.
Rusiyalı qonaqlarla görüşdə vurğulanmışdır ki,
onların səfəri ölkələrimiz arasında əsl dostluq
münasibətlərinə gözəl töhfədir.
Sonda xatirə şəkli çəkdirilmişdir.
Görüşdə Azərbaycanın təhsil naziri Misir
Mərdanov, xarici işlər nazirinin müavini,
Azərbaycan Diplomatik Akademiyasının rektoru
Hafiz Paşayev, Prezident yanında Dövlət
İdarəçilik Akademiyasının rektoru, professor
Seyfəddin Qəndilov, "Russki Mir" Fondunun
başçısı, RF-nin Azərbaycandakı sabiq səfiri
Vasili İstratov və başqaları iştirak etmişlər.
AzərTAc |