Şahbuz rayonu A.Quliyev adına Kükü kənd orta
məktəbinin məzunu Aygül Salahlı repetitor
yanında hazırlaşmadan ötən il ali məktəblərə
qəbul imtahanlarında 695 bal toplayıb.
Azərbaycan təhsilinin yeniləşməsi, müasir
tələblər səviyyəsinə yüksəlməsi yönündə həyata
keçirilən kompleks tədbirlərin, aparılan davamlı
islahatların layiqli nəticələri göz önündədir.
Təhsil sisteminin inkişafı üçün qoyulan
investisiyalar, yeni məktəblərin inşa və təmir
olunmasına ayrılan vəsaitlər öz bəhrəsini verir,
tədrisin keyfiyyətinə müsbət təsir göstərir. Son
illər ölkə üzrə 2000-dən artıq yeni təhsil
müəssisəsi və əlavə tədris korpusları istifadəyə
verilib ki, bununla da orta məktəblərdə təhsil
alanların 75 faizinin dərs şəraitinin
yaxşılaşdırılması təmin olunub.
Sevindirici haldır ki, son illərdə Azərbaycan
məktəbliləri beynəlxalq olimpiadalarda uğurla
çıxış edir, ali məktəblərə qəbul imtahanlarında
yüksək bal toplayaraq ölkəmizin və dünyanın
nüfuzlu universitetlərində təhsil alırlar. Bu
baxımdan qazanılan nailiyyətlər xalqımızın
elmi-intellektual potensialının təcəssümü
olmaqla bərabər, həm də digər məktəblilərə əlavə
stimul verir, onların təhsilə marağının daha da
artmasına səbəb olur.
Ölkəmizin müstəqillik dönəmində təhsil
sisteminin hərtərəfli inkişafı ilə yanaşı, bəzən
özünü dövrün tələbatı kimi büruzə verən aldadıcı
meyillərlə də qarşılaşırıq. Bu baxımdan orta
məktəb şagirdlərinin ali məktəblərə qəbul olmaq
üçün repetitor yanında hazırlaşması tendensiyası
xüsusilə qeyd olunmalıdır. Dəfələrlə
bildirildiyi kimi, repetitor hazırlığına heç bir
qadağa qoyulmasa da, bu, orta məktəbdə təhsilin
keyfiyyətinə mənfi təsir göstərməməlidir. Yəni
repetitorluqla məşğul olan müəllim məktəbdə
tədris etdiyi dərsə tam ciddi yanaşmalı, əlavə
hazırlığa gedən şagird isə məktəbdən
yayınmamalıdır.
Bu məsələdə narahatçılıq yaradan digər bir məqam
isə ondan ibarətdir ki, ali məktəblərə qəbul
olmaq üçün repetitor yanında hazırlaşmağın
vacibliyi fikri əksəriyyət tərəfindən qəbul
olunur. Ancaq bu iddia ilə çıxış edənlərin
"məntiqi" şagirdlərin məktəbdə eyni müəllimdən
dərs alması ilə əlavə məşğul olmasının fərqini
açıqlamağa imkan vermir. Başqa sözlə,
repetitorluqla məşğul olan müəllimə məktəbdə
öyrətmək üçün nə mane olur və ya şagirdlərin bir
qismi dərs prosesindən niyə səmərəli istifadə
etmək istəmirlər? Odur ki, cəmiyyətdə belə
təsəvvürlərin yaradılmasında ali məktəblərə
kütləvi hazırlıq işində maraqlı olan şəxslərin
məqsədyönlü təbliğatının da az rol oynamadığı
qənaətində olanlarla razılaşmamaq mümkün deyil.
Bütün bunların müqabilində repetitor yanında
hazırlıq keçməyən, orta məktəbi "yaxşı" və yaxud
"əla" qiymətlərlə başa vuraraq yüksək balla ali
məktəblərə daxil olan gənclərin uğurlarının o
qədər də nəzərə çarpmaması və ya geniş miqyasda
təqdir olunmaması təəccüb doğurur. Niyə də bu
gün orta məktəb şagirdləri heç də sayları az
olmayan belə məzunlardan nümunə almasınlar?
Bununla həm valideynlər əlavə qayğılardan, maddi
məsrəflərdən azad olar, həm də orta məktəb
şagirdləri bütün fənləri öyrənməyə daha çox
maraq göstərər, hərtərəfli inkişaf edərlər.
ötən il ali məktəblərə qəbul imtahanlarında I
qrup üzrə ən yüksək - 695 bal toplayaraq Bakı
Dövlət Universitetinin tətbiqi riyaziyyat və
kibernetika fakültəsinə daxil olmuş Naxçıvan
Muxtar Respublikası Şahbuz rayonu A.Quliyev
adına Kükü kənd orta məktəbinin məzunu Aygül
Habil qızı Salahlının qazandığı nailiyyət bu
baxımdan yaxşı bir nümunədir. Repetitor yanında
heç bir əlavə hazırlıq keçməyən Aygül Salahlı
minlərlə məzun arasında ən yüksək nəticə
göstərərək Prezident təqaüdçüsü kimi tələbəlik
həyatına başlayıb.
Şahbuz rayonunun ucqar yaşayış məntəqələrindən
biri olan Kükü kəndində 1992-ci ildə müəllim
ailəsində dünyaya gələn, bu gün nəinki
doğmalarının və müəllimlərinin, eləcə də elinin,
obasının fəxrinə çevrilmiş Aygül Salahlının
uşaqlığı, məktəb illəri və tələbəlik həyatı
barədə bəzi maraqlı məqamlara nəzər salarkən bir
daha əmin olursan ki, insanın məqsədinə çatmaq,
arzularına yetişmək üçün çəkdiyi zəhmətin yaxşı
nəticə verməsindən böyük səadət yoxdur. Hələ
uşaqlıqdan möhkəm yaddaşı ilə digər
yaşıdlarından fərqlənən Aygül orta məktəbdə
çevikliyi, məntiqli düşünmək bacarığı, müstəqil
mühakimə yürütmək qabiliyyəti ilə seçilib. Aşağı
siniflərdən dəqiq fənlərə daha çox maraq
göstərib, kompüter proqramçısı ixtisasına
yiyələnmək arzusunda olub.
Oxumağa, öyrənməyə sonsuz marağı olan Aygülün
əlaçı şagird kimi yuxarı siniflərdə də özünü
doğrultması onun yüksək balla ali məktəbə daxil
olacağına ümidləri artırır. O, ailəsinin,
müəllimlərinin inam və etimadından
arxayınlaşmır, məktəblilər arasında riyaziyyat
üzrə keçirilən fənn olimpiadalarının rayon və
Naxçıvan Muxtar Respublikası mərhələlərində
yüksək nəticələr göstərir. Bakı Dövlət
Universitetinin tətbiqi riyaziyyat və
kibernetika fakültəsinin məzunu olan dayısının
yolu ilə getməyi qarşısına məqsəd qoyan Aygül
Salahlı VIII sinifdə oxuyarkən ilk dəfə
kompüterdən istifadə etməyə başlayıb. Qazandığı
uğurlara görə 2007-ci ildə Naxçıvan Muxtar
Respublikasının rəhbərliyi tərəfindən kompüterlə
mükafatlandırılıb. Bundan sonra kompüter
sahəsindəki biliklərini daha da artırıb,
müxtəlif proqramlarda sərbəst işləmək bacarığını
təkmilləşdirib.
2008-2009-cu tədris ilində orta məktəbi
fərqlənmə attestatı ilə başa vuran A.Salahlı
sənədlərini I qrupa təqdim edir, Bakı Dövlət
Universitetinin tətbiqi riyaziyyat və
kibernetika fakültəsinə qəbul olmaq arzusu ilə
imtahanlara qatılır. İmtahanın nəticələri
sevindirici olur. O, 695 balla I qrup üzrə ali
məktəblərə qəbul olanlara liderlik edir.
İmtahan onun üçün çətin olmasa da, məsuliyyətdən
yaranan həyəcanını gizlədə bilmədiyini söyləyən
Aygül həmin anlara qayıdaraq, uşaqlıq və orta
məktəb illəri haqqında xatirələrini bir daha
yada saldı. Bu günə qədər qazandığı bütün
uğurlara görə valideynlərinə və müəllimlərinə
borclu olduğunu, məktəb direktoru Mirnaqim
Seyidova, kimya müəllimi Yunis Quliyevə, dil və
ədəbiyyat müəllimi İsa Rəcəbova, fizika müəllimi
Kəmalə Eylazovaya, riyaziyyat müəllimi Araz
Məmmədova minnətdarlığını bildirdi.
Aygül onu da qeyd etdi ki, ümumiyyətlə, Naxçıvan
Muxtar Respublikasının qabaqcıl tədris
ocaqlarından biri olan Kükü kənd orta məktəbinin
məzunlarının həmişə xoş soraqları eşidilib.
Məktəbin yetirmələri arasından müxtəlif sahələr
üzrə 30-a yaxın elmlər doktoru və elmlər
namizədi çıxıb ki, bu da tədris ocağının zəngin
ənənələrindən və pedaqoji kollektivin
peşəkarlığından xəbər verir. Təsadüfi deyil ki,
ötən il bu məktəbi bitirənlərin 67 faizi ali
məktəblərə qəbul olub. Məktəbin məzunu Türkanə
Azadi qızı Qurbanova 650 balla Azərbaycan Tibb
Universitetinə qəbul olub.
Azərbaycanda təhsil sahəsinin dinamik inkişafına
yönəlmiş tədbirlərin ən ucqar yaşayış
məntəqələrindəki tədris ocaqlarının
fəaliyyətində belə aydın duyulduğunu fərəhlə
vurğulayan Aygül gənclərə göstərilən dövlət
qayğısının nəticələrindən də söz açdı. Bildirdi
ki, ali məktəblərə qəbul imtahanlarında yüksək
bal toplamış abituriyentlərin Prezident
təqaüdünə layiq görülməsi, ilk yerləri tutan
gənclərə müxtəlif qiymətli hədiyyələrin
verilməsi orta məktəb şagirdləri arasında elmə,
təhsilə marağı daha da artırır və tədris
ocaqlarında sağlam rəqabət mühiti formalaşdırır.
ötən il qəbul imtahanlarında yüksək nəticələr
göstərmiş muxtar respublikadan olan
abituriyentlərin Naxçıvan rəhbərliyi tərəfindən
də mükafatlandırıldığını məmnunluqla diqqətə
çatdıran A.Salahlı bütün bunların həyatında
unudulmaz izlər buraxdığını, onu daha da
ruhlandırdığını söyləyib.
Bu gün Bakı Dövlət Universitetinin tətbiqi
riyaziyyat və kibernetika fakültəsində kompüter
elmləri ixtisası üzrə təhsil alan Aygül Salahlı
nümunəvi tələbə kimi müəllimlərinin sevimlisinə
çevrilib. Tələbə yoldaşları ilə öyrənmək, elmi
biliklərə yiyələnmək uğrunda əsl yarışa çıxan
gənc tələbə yalnız öz ixtisasını mükəmməl
mənimsəmək, elmi axtarışlar yolunda irəliləmək
barədə düşünür. Bununla da günbəgün inkişaf
edən, regionun lider ölkəsinə çevrilən
Azərbaycana daha çox xeyir verə biləcəyinə
inanır.
I kursun qış imtahan sessiyasında uğurla iştirak
edən A.Salahlı yaradılmış şəffaf və obyektiv
şəraitə, müasir Avropa təcrübəsinin ali təhsil
sistemində uğurlu tətbiqinə görə təhsil naziri
Misir Mərdanova və Bakı Dövlət Universitetinin
rektoru Abel Məhərrəmova tələbə yoldaşları
adından minnətdarlığını bildirdi. O, eləcə də
ali məktəb müəllimlərindən hər zaman isti
münasibət gördüklərini önə çəkir, onlardan
Cavanşir Kazımov, Aqil Xanməmmədov və Həmzağa
Orucovun adlarını xüsusi məmnuniyyətlə qeyd
edir.
Gələcəyin tanınmış mütəxəssisi olmaq haqqında
düşünən A.Salahlı həmyaşıdlarını öz üzərlərində
daha tələbkarlıqla çalışmağa səsləyir, orta
məktəb şagirdlərinə isə tədris proqramlarına
uyğun qaydada oxuyub-öyrənməyi tövsiyə edir.
Uğur qazanmağın ən səmərəli və düzgün yolunu
şəxsi təcrübəsində sınaqdan keçirmiş Aygül bəzən
bu reallığı inkar edənlərin yarı yolda
qaldıqları və elmi biliklərə birtərəfli qaydada
yiyələndikləri fikrini irəli sürənlərlə
razılaşdığını bildirir.
Bəşarət MƏMMƏDOV |