· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Moskvada Azərbaycan Diplomatik Akademiyasının proqramının təqdimatı keçirilib

Azərbaycanın Moskvadakı səfirliyində Azərbaycan Diplomatik Akademiyasının (ADA) və onun diplomatiya və beynəlxalq münasibətlər üzrə magistr proqramının təqdimatı keçirilmişdir.

Moskva ali məktəbləri tələbələrinin iştirak etdikləri tədbiri açan səfirliyin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova bildirmişdir ki, Azərbaycan Diplomatik Akademiyası iki il əvvəl yaradılmışdır və bu, inkişaf üçün böyük üstünlük və potensialdır. O, akademiyanın proqramlarının həmdirektoru, ADA-nın xarici siyasət proqramının direktor müavini Aygün Hacıyevanı təqdim etmişdir. A.Hacıyeva bildirmişdir ki, fevralın 19-20-də ADA-nın Rusiyada magistr proqramlarının təqdim olunması məqsədi ilə Rusiya Diplomatik Akademiyasında və RF XİN yanında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (universiteti) və s. 5 tədbir keçirilmişdir. O, ADA-nın yaradılmasından ətraflı danışmış, foto və videoslaydlar vasitəsilə Bakının Dədə Qorqud parkında yaradılacaq akademiya şəhərciyinin maketini təqdim etmişdir. 2011-ci ilədək burada akademiyanın yeni kompleksi tikiləcəkdir. Hələlik isə ADA Azərbaycan XİN-in yaxınlığındakı üçmərtəbəli binada yerləşir və artıq 2009-cu ilin sentyabrından 25 tələbəni qəbul etməyə hazırdır. Akademiyada tələbələrin ən yüksək səviyyəli təhsil almaları üçün geniş imkanlar yaradılmışdır. Təhsil ocağında respublikada bənzəri olmayan elmi kitabxana fəaliyyət göstərəcəkdir. Müvafiq müqavilələrə əsasən, kitabxana üçün ABŞ-dan beynəlxalq münasibətlər və diplomatiya mövzusunda 100 min kitab alınmışdır.

A.Hacıyeva xarici siyasət proqramını təqdim edərək demişdir ki, proqram üç səviyyədə - diplomatik xidmətə yenicə başlamış diplomatlar, XİN-də 5-10 il işləmiş əməkdaşlar və daha təcrübəli rəhbər heyəti üçün həyata keçiriləcəkdir. Bu ilin sentyabrından ADA-da təhsil alacaq 25 tələbənin təxminən üçdə biri əcnəbi vətəndaş olacaqdır. A.Hacıyeva demişdir: "Biz altı əsas istiqamətdə diplomatlar hazırlayırıq, 2009-cu ildən isə akademiyada yeni təhlükəsizlik və münaqişələrin həlli və Xəzər regionunun öyrənilməsi ixtisası üzrə tələbələr hazırlanacaqdır".

ADA-nın nümayəndəsi əlavə etmişdir ki, akademiyada dörd növ təqaüd  tədqiqat proqramı vardır. A.Hacıyeva demişdir: "Onların birincisi təhsil haqqının 100 faiz ödənilməsini nəzərdə tutan "Heydər Əliyev Scholarship" proqramı, ikincisi, illik təhsil haqqını 50 faiz güzəştlə ödəməyə imkan verən "Zeynalabdin Tağıyev" və ADA-nın tədqiqat xarakterli iki proqramıdır".

Onun sözlərinə görə, ADA-nın proqramları artıq Gürcüstanda və Moskvada təqdim olunmuşdur. Bu cür tədbirlərin gələn həftə Sankt-Peterburqda, habelə Pakistanda, çexiyada və digər Avropa ölkələrində keçirilməsi nəzərdə tutulmuşdur.

AzərTAc

 

 

Təhsil sisteminin informasiyalaşdırılması üzrə ölkəmizdə təhsil şəbəkəsi yaradılır

"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində ölkəmizdə təhsil şəbəkəsi yaradılır.

Layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə BMT-nin İnkişaf Proqramı AzNET layihəsinin bazasında yaradılıb və AZEDUNET təşkilatı tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi ölkənin bütün təhsil ocaqlarını vahid yüksək sürətli intranet şəbəkəsi çərçivəsində birləşdirməkdən ibarətdir.

Qeyd edək ki, vahid təhsil şəbəkəsinin mövcudluğu ölkəmizdə təhsil ocaqları arasında yüksək sürətli məlumat mübadiləsini təmin etməyə imkan yaradacaq. Bu isə milli elektron təhsil şəbəkələrinin inkişafına təkan verəcək. Eyni zamanda təhlükəsiz informasiya sistemlərinin fəal istifadəsilə təhsil ocaqlarının İnternetə çıxışı mütəmadi təmin olunacaq. Qeyd olunan təhsil şəbəkəsi təhsil sisteminə dünya standartlarına uyğun bir sıra xidmət və servisləri təqdim edəcək.

Hazırda Dövlət Proqramı çərçivəsində məktəblərdə lokal şəbəkələrin yaradılması da həyata keçirilməkdədir. Sözügedən lokal şəbəkələr kompüter siniflərini, direktor və müəllimlər otağını birləşdirəcək.

Məlumat üçün bildirək ki, bu təhsil şəbəkəsinə ölkənin 200 təhsil müəssisəsinin qoşulması prosesi yekunlaşmaqdadır.

 

 

İsveçrəli alim Qafqaz Universitetində seminar keçirib

 Universitetlərarası razılaşmaya əsasən dərs demək və elmi araşdırmalara rəhbərlik etmək üçün Qafqaz Universitetinə dəvət olunmuş İsveçrənin Sürix şəhərində yerləşən Texnologiya Universitetinin prorektoru, professor Niyazi Arı fevralın 20-də Qafqaz Universitetinin tələbə-müəllim heyəti üçün seminar keçirib. "Universitet-sənaye işbirliyi" mövzusuna həsr olunmuş seminarda professor Niyazi Arı Qafqaz Universitetində olmasından məmnunluq duyduğunu bildirib. Sonra mövzunun şərhinə keçən qonaq İsveçrədə universitetlərin və sənayenin durumu haqqında məlumat verib. Bildirib ki, hər məmləkətin özünəməxsus şəkildə, hər millətin öz fitrətinə uyğun qurulan universitet-sənaye işbirliyi İsveçrədə yüksək səviyyədədir. ölkənin texniki ali məktəblərində çalışan professor-müəllim heyətinin 90 faizə qədəri bilavasitə sənayedən gələn təcrübəli professorlardır. Bu da tələbələri sənayenin problemləri ilə tanış etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Universitetlərlə sənaye müəssisələri arasında sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq şəraitində sənaye müəssisələri inkişafları üçün lazım olan elmi araşdırmaları universitetlərə sifariş edirlər. Böyük firmalar isə araşdırmaları özləri aparırlar. Universitet-sənaye işbirliyi məzunların işə düzəlməsi problemini də xeyli dərəcədə həll edir.

Maraqlı məruzədən sonra isveçrəli qonaq Qafqaz Universitetinin tələbə və müəllimlərinin ona ünvanlanmış suallarını cavablandırıb.

Sonda qonağa universitetin plaketi təqdim olunub.

 

Lalə YUSİFQIZI

 

 

 

 

İngilis dili müəllimləri üçün forum

  Fevralın 25-də "XXI əsr" ümumtəhsil Mərkəzində ingilis dili müəllimləri üçün forum-seminar keçirildi. Seminarda Bakıdakı 7, 27 nömrəli, Bakı Avropa, "İntellekt" liseylərinin, Zərifə Əliyeva adına, Azərbaycan Beynəlxalq, Oksford və Britaniya məktəblərinin müəllimləri iştirak  edirdilər.

Mərkəzin direktoru Vəfa Məmmədova bildirdi ki, seminarı keçirməkdə məqsədimiz qazanılmış təcrübələrimizlə bölüşmək  və səmərəli əməkdaşlıq etməkdir. 10 prezentasiya olduğuna görə proqram 2 seksiyaya bölünüb. Hər seksiyada 5 prezentasiya nəzərdə tutulub. Prezentasiyaların mövzusu çox cəlbedici və maraqlıdır. Burada oxu vərdişlərinin, nitqin və qavramanın inkişafı, öyrədici oyunların dərsin daha da maraqlı keçməsinə  təsir etməsi daxildir.

 Seminarda iştirak edən müəllimlər özləri üçün çox lazımlı və xeyirli üsullar əldə edə və öz dərslərində  bunları həyata keçirə bilərlər.