· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

Texniki peşə təhsili ilə bağlı Əlaqələndirmə Şurasının ilk iclası keçirildi

Fevralın 25-də Təhsil Nazirliyində ölkə başçısı cənab İlham Əliyev tərəfindən   təsdiq olunan "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)" çərçivəsində yaradılan Əlaqələndirmə Şurasının ilk iclası keçirildi. İclasda təhsil naziri Misir Mərdanov, nazir müavini İsgəndər İsgəndərov, İqtisadi İnkişaf, Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Sənaye və Energetika, Kənd Təsərrüfatı nazirliklərinin əməkdaşları, Sahibkarlar (İşəgötürənlər) Təşkilatı Milli Konfederasiyasının və Qeyri-Hökumət Təşkilatının Forumunun nümayəndələri  və paytaxtın bir sıra texniki peşə təhsili müəssisələrinin direktorları iştirak edirdilər.

 

Tədbiri təhsil naziri Misir Mərdanov giriş sözü  ilə açaraq son illər təhsilin bütün sahələrində, o cümlədən texniki peşə təhsili pilləsində də müəyyən addımların atıldığını, yeniliklərin edildiyini diqqətə çatdırdı. ölkə iqtisadiyyatının tələblərinə uyğun  sənət və peşələr üzrə ixtisaslı kadr hazırlığının aktual və vacib bir məsələ olduğunu  bildirdi.

Nazir qeyd etdi ki, respublika Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq olunan "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)" ölkəmizdə texniki peşə təhsilinin inkişafına, onun yeniləşməsinə geniş imkan və şərait yaradır. Texniki peşə təhsilinin ölkədə sosial-iqtisadi infrastrukturun qurulmasında müstəsna əhəmiyyət kəsb etdiyini söyləyən təhsil naziri Dövlət Proqramı çərçivəsində həyata keçirilən, həmçinin görülməsi nəzərdə tutulan tədbirlərdən söz açdı.  Misir Mərdanov bildirdi ki, Dövlət Proqramına uyğun olaraq müxtəlif dövlət və qeyri-hökumət  təşkilatlarının nümayəndələrindən ibarət Əlaqələndirmə Şurası yaradılmışdır. Şuranın yaradılmasında əsas məqsəd peşə təhsilinin inkişafı üçün bütün maraqlı tərəflərin fəal iştirakı ilə fəaliyyət istiqamətlərini müəyyən etmək və mövcud  problemlərin birlikdə həlli  yollarını tapmaqdır. Nazir Şura üzvlərinin və onların təmsil etdikləri təşkilatların dəstəyi ilə qarşıda  duran vəzifələrin layiqincə yerinə yetiriləcəyinə, yaxın vaxtlarda təhsilin digər sahələrində olduğu kimi, peşə təhsilində də uğurların əldə ediləcəyinə ümidvar olduğunu bildirdi,  proqramın icrası istiqamətində görüləcək digər işlərdən, peşə təhsili sistemi qarşısında duran mühüm vəzifələrdən ətraflı söz açdı.

Sonra nazir "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın yerinə yetirilməsi vəziyyəti barədə məruzə-təqdimatla çıxış etmək üçün sözü Təhsil Nazirliyi Texniki  peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədova verdi.

Məruzə-təqdimatında öncə respublika üzrə peşə təhsili müəssisələrinin dislokasiyası, illər üzrə əsas göstəriciləri, iqtisadiyyatın ayrı-ayrı sahələri üçün kadr hazırlayan peşə təhsili  müəssisələri, 2004-2008-ci illərdə peşə təhsilinin maliyyələşdirilməsi, şagirdbaşına ayrılan vəsait, bu müəssisələrin avadanlıqlarla təminatı  vəziyyəti, tədris-maddi bazası barədə olan statistik məlumatları iclas iştirakçılarının diqqətinə çatdıran N.Məmmədov bunların hər biri haqqında ayrı-ayrılıqda danışdı. Azərbaycanda peşə təhsilinin inkişaf mərhələsinin 80-ci illərə, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf etdiyini deyən şöbə müdiri  bildirdi ki, məhz bu illərdə ölkənin iqtisadi potensialı artmaqla yanaşı, yeni yaradılan  müəssisələr üçün ixtisaslı kadr hazırlayan  çoxlu sayda peşə təhsili kompleksləri  fəaliyyətə başlamışdır. Təsadüfi deyil ki, bu dövrdə respublikamızda peşə təhsili müəssisələrinin sayı ən yüksək səviyyəyə - 185-ə çatmışdır.

Mövcud sahə üzrə bu günün reallığından söz açan məruzəçi qeyd etdi ki, hazırda ölkəmizdə 108 texniki peşə təhsili müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdə 23453 şagird müxtəlif peşələrə yiyələnir. 

N.Məmmədov daha sonra texniki peşə təhsilinin əsas inkişaf  istiqamətlərindən danışdı. Bu sahədə problem və çətinlikləri də diqqətə çatdırdı. "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın peşə təhsili sahəsində mövcud olan bir sıra problemlərin həll edilməsinə əlverişli imkanlar yaratdığını deyən N.Məmmədov proqram çərçivəsində görülən işlər, həyata keçirilən tədbirlər  haqqında ətraflı məlumat verdi. Məlumatdan aydın oldu ki, artıq 2008-ci ildən başlayaraq Təhsil Nazirliyi müvafiq dövlət və qeyri-hökumət  təşkilatları ilə birgə müəyyən addımlar atmışdır. Belə ki, mövcud məktəblərin  maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 9 peşə təhsili müəssisəsinin əsaslı təmiri və avadanlıqlarla təmin edilməsi başa çatdırılmışdır.

Cari dərs ilinin əvvəlində Qəbələdə turizm  və otelçilik üzrə müasir tələblərə cavab verən Peşə Tədris Mərkəzi açılmışdır. İlk dəfə olaraq bu mərkəzdə ömür boyu peşə təhsili almaq imkanı, yəni yaşından asılı olmayaraq şəxsin peşə təhsili almaq imkanı yaradılmışdır. Tədris binası, laboratoriya, kitabxana, kompüter sinifləri, emalatxana, yataqxana və əhaliyə xidmət edə biləcək oteldən ibarət olan İsmayıllı Turizm və Otelçilik üzrə Peşə Məktəbinin tikintisinə başlanmışdır. Daha sonra peşə məktəbləri və peşə liseylərinin 5-günlük iş həftəsinə keçməsi təmin edilmiş və bununla əlaqədar  iş rejimi, nümunəvi tədris planları hazırlanmışdır, respublikada fəaliyyət göstərən peşə təhsili müəssisələri əyani vəsaitlərlə təmin edilmişdir. Texniki peşə təhsili üzrə analitik məlumat bazası və İnternet səhifəsi yaradılmışdır. Peşə təhsili müəssisələrində ixtisas fənləri ilə yanaşı, xarici dil və İKT üzrə də fənlərin tədrisinə başlanmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə  nazirlikləri ilə birlikdə Penitensiar müəssisələrində peşə təhsilinin inkişafı üzrə birgə layihə də Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdəndir.

Geniş məruzə-təqdimatında  N.Məmmədov daha sonra  YUNESKO-nun dəstəyi ilə Təhsil Problemləri İnstitutunda İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin yaradılmasından, adıçəkilən mərkəzin tərkibində monitorinq və proqnozlaşdırma və ilkin peşə təhsilinin kurikulumu şöbəsinin fəaliyyət göstərəcəyindən, YUNESKO layihəsi çərçivəsində turizm və İKT sahəsi üzrə müəyyən edilmiş ixtisasların kurikulumlarının hazırlanması məqsədilə işçi qrupunun yaradılmasından və  digər işlərdən ətraflı bəhs etdi. Məruzəçi Təhsil Nazirliyinin Avropa Komissiyası ilə birlikdə "Peşə Təhsili və Təlimi İslahatı Strategiyası və Azərbaycanın seçilmiş regionunda sınaq tətbiqi" layihəsindən söz açaraq bildirdi ki, adıçəkilən layihənin həyata keçirilməsi üçün idarəetmə qrupu fəaliyyətə başlamış, müxtəlif dövlət və qeyri-hökumət  təşkilatlarının  nümayəndələrindən ibarət  Koordinasiya Qrupunun iclası keçirilmişdir. Layihənin məqsədinə toxunan N.Məmmədov onun həyata keçirilməsi prosesində əldə ediləcək nəticələrdən danışdı, beynəlxalq təşkilatlarla birgə layihələrin reallaşdırılması istiqamətində görülən tədbirlər barədə iclas iştirakçılarına ətraflı məlumat verdi, həmçinin qarşıda duran perspektivlərdən bəhs etdi. Bildirdi ki, Böyük Britaniya şirkəti ilə Bakı şəhərində avtomobil sənayesi  üzrə ixtisaslaşmış peşə təhsili müəssisəsinin bazasında təlim mərkəzinin təşkili, Cənubi Koreyanın "Daewoo" şirkəti ilə Bakı şəhərində müasir standartlara cavab verəcək  ali texniki peşə təhsili kompleksinin inşası və digər işlərin görülməsi  nəzərdə tutulur.

Şöbə müdiri  2007-ci il iyulun 18- də  Azərbaycan Respublikası Hökuməti və Heydər Əliyev Fondu ilə BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı (YUNESKO) arasında Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi layihəsinin həyata keçirilməsi haqqında imzalanmış sazişin də peşə təhsilinin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini söylədi. Bildirdi ki,  layihənin əsas məqsədi peşə təhsili sahəsində mehmanxana xidməti, turizm, informasiya və kommunikasiya texnologiyası və ingilis dili üzrə müasir tələblərə cavab verən yeni kurikulumların və dərs vəsaitlərinin hazırlanması, texniki peşə təhsili üzrə kadrların ixtisasartırma və təlim- resurs mərkəzinin yaradılmasıdır.

Görüləcək tədbirlərdən danışan məruzəçi  digər bir layihə haqqında da məlumat verdi. Aydın oldu ki, Avstriyanın "Hilfsverk Avstria" təşkilatı Təhsil Nazirliyi ilə birlikdə Biləsuvar rayonunda məcburi köçkünlər üçün tikilib istifadəyə verilən qəsəbələrdən birində baytar ixtisası üzrə peşə təhsilinin verilməsi layihəsini həyata keçirmişdir. Məruzə-təqdimatda adıçəkilən layihənin də əsas məqsəd və məramı  açıqlandı, bununla bağlı nəzərdə tutulan tədbirlərdən söz açıldı. N.Məmmədov "Təhsil Sektorunun İnkişafı üzrə II Layihə (2009-2014-cü illər)" çərçivəsində   ilkin peşə təhsili sahəsində kurikulum sənədlərinin hazırlanması ilə bağlı görülməsi nəzərdə tutulan işlərdən də danışdı.

Texniki peşə təhsilinin inkişafı, onun təkmilləşdirilməsi, müasir dövrün tələblərinə cavab verməsi, bu sahə üzrə ixtisaslı fəhlələrin hazırlanması istiqamətində  hələ çox işlərin görülməsinin vacibliyinə toxunan məruzəçi sonda Dövlət Proqramı çərçivəsində perspektiv planlara  və gözlənilən nəticələrə də diqqəti cəlb etdi.  Qeyd etdi ki, Dövlət Proqramına əsasən 2009-cu ildə 5 peşə təhsili müəssisəsi əsaslı təmir ediləcəkdir. N.Məmmədov müasir dövrdə ehtiyac duyulan bir sıra  ixtisaslar üzrə dərs  vəsaitlərinin  hazırlanması, peşə təhsili müəssisələrinin əyani vəsaitlərlə təminatı,  texniki peşə təhsili üzrə yeni ixtisas və ixtisaslaşma klassifikatorunun hazırlanması, peşə təhsili müəssisələrində idarəetmə və təlim səviyyəsinin yüksəldilməsi məqsədilə xaricdə fəaliyyət göstərən peşə təhsili müəssisələri ilə qarşılıqlı əlaqələrin yaradılması, milli ixtisas çərçivəsi sənədinin ilkin layihəsinin hazırlanması və digər işlərin  həyata keçirilməsinin nəzərdə tutulduğunu dedi.

Məruzə-təqdimat başa çatdıqdan sonra iştirakçılar tərəfindən müzakirələr aparıldı. Əlaqələndirmə Şurasının üzvlərindən İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət şöbəsinin müdir müavini Cəmaləddin Quliyev, Azərbaycan Turizm İnstitutunun dekanı Nəsrulla Nəsirli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və sosial  problemlər üzrə Elmi-Tədqiqat Tədris Mərkəzinin direktoru Mənsumə Məmmədova, Qeyri-Hökumət Təşkilatının Forumunun prezidenti Rauf Zeyni və başqaları təqdimata münasibət bildirərək orada texniki peşə təhsilinin vəziyyəti,  problemləri və çətinliklərinin,  onların həlli yolları ilə bağlı görülən və görülməsi nəzərdə tutulan bütün işlərin tam dolğunluğu ilə  öz əksini tapdığını söylədilər.

çıxış edənlər ölkə iqtisadiyyatının inkişafında  daha çox ehtiyac duyulan bir sıra  peşələr üzrə   fəhlə kadrların hazırlanmasının vacibliyindən, bu sahədə  inkişaf etmiş ölkələrin  təcrübəsinin öyrənilməsindən, işəgötürənlərlə peşə təhsili müəssisələri arasında tərəfdaşlıq əlaqələrinin yaradılmasının zəruriliyindən və digər məsələlərdən söz açdılar, bununla bağlı fikir və mülahizələrini söylədilər.

Geniş diskussiya və fikir mübadiləsi şəraitində keçən yığıncağın sonunda Əlaqələndirmə Şurasının növbəti iclasının paytaxtın peşə liseylərinin birində keçirilməsi qərara alındı.

 

Samirə KƏRİMOVA