· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Əsrin faciəsi - Xocalı soyqırımı

"Xalqımızın çox qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid olublar. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliyinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür".

Heydər ƏLİYEV

 

 

 

 

 

 Soyqırımı siyasəti, erməni şivəni

Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli, amansız cinayətlərdən biri də 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımıdır. Xocalı faciəsinə qədər Qarabağın Kərkicahan, Meşəli, Quşçular, Qaradağlar, Ağdaban və s. kimi azərbaycanlılar yaşayan kəndlərində erməni silahlı quldurlarının törətdikləri faciələr, terror və kütləvi qırğınlar, nəhayət, Xocalı soyqırımı misli görünməmiş tarixi cinayətdir.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri SSRİ-yə məxsus olan və o dövrdə Dağlıq Qarabağın Xankəndi şəhərində yerləşən 366-cı alayın bilavasitə iştirakı ilə 7 min nəfərə qədər azərbaycanlının yaşadığı Xocalı şəhərinə 5 istiqamətdə hücum etdilər. (Hücum zamanı şəhərdə 3 minə yaxın adam qalmışdı). Xocalı şəhəri 4 aydan artıq idi ki, erməni silahlı birləşmələri tərəfindən mühasirə vəziyyətində saxlanılır, əhali tibbi xidmət və ərzaq sarıdan ciddi əziyyət çəkirdi. Şəhərdə çox sayda xəstələr, yaralılar, qocalar, qadınlar və uşaqlar var idi.

Azğınlaşmış erməni quldurları özlərinin muzdlu xarici havadarlarının köməyi ilə həmin gecə Xocalı şəhərini yerlə-yeksan etdilər. 366-cı alaya məxsus çoxsaylı ağır texnikanın köməyi ilə şəhər tamamilə dağıdıldı və yandırıldı. Əliyalın dinc mülki əhali  dəhşətli qırğına məruz qaldı - uşaqlar, qadınlar, qocalar, xəstələr ağlasığmaz vəhşiliklə məhv edildi. Ermənilər XX əsrin sonunda sivilizasiyalı bəşəriyyət üçün üzqaralığı olan növbəti tarixi cinayəti - Xocalı soyqırımını törətdilər. Bu vəhşi aksiyadan məqsəd şəhərin bütün əhalisini məhv etmək idi.

Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi növbəti genosid - Xocalı soyqırımı nəticəsində 613 nəfər qətlə yetirildi, 1275 nəfər dinc sakin girov götürüldü. Onların 150-nin taleyi bu gün də məlum deyil. Faciə nəticəsində 1000-dən artıq dinc sakin müxtəlif güllə yarası alaraq şikəst olmuşdur. Qətlə yetirilənlərin 106-sı qadın, 83-ü azyaşlı uşaq, 70-i ahıl və qoca idi. Şikəst olanların 76-sı yetkinlik yaşına çatmamış oğlanlar və qızlar idi. Bu hərbi-siyasi cinayət nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Təsəvvür etmək çətindir ki, tarixdə analoqu olmayan belə qəddarlıq və vəhşilik insan tərəfindən törədilmiş XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermişdi. Soyqırımı hadisələrindən sonra cinayətin baş verdiyi yerdə olmuş Con İv Yunet demişdir ki, mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm. Ancaq ermənilər 5-6 yaşlı uşaqları, mülki əhalini öldürməklə onları ötüb keçiblər. "İzvestiya" qəzetinin müxbiri V.Belix yazmışdır ki, Xocalı hadisələri zamanı gözləri oyulmuş, qulaqları kəsilmiş, qafa sümükləri çıxarılmış, başları kəsilmiş meyitləri öz gözləri ilə görmüşdü, şahidi olmuşdu: Gördükləri ilə əlaqədar çox ölüm əzablarla qarşılaşsa da, Xocalı hadisələri zamanı törədilmiş vəhşiliklərdən dəhşətə gəlmişdi.

Donmuş qızın üzünün bıçaqla kəsilməsi, döyüşçünün bağırsaqlarını çıxararaq qarışdırılması bu cür vəhşiliklərə misaldır. Mayor Leonid Kroveç 200 meyit müşahidə etdiyini, onunla bir yerdə olan polis nəfərinin 4 yaşlı uşağının meyitini tapıb, başının əzildiyini gördükdə ağlının itməsinin şahidi olmasını söyləmişdi.

Moskva "Memorial" hüquq müdafiə mərkəzinin Xocalı şəhərinin işğalı zamanı insan hüquqlarının kütləvi pozulması faktları barədə məlumatlarında göstərilir: "Qaçqınlar ermənilərin pusqusuna düşmüş və gülləbaran edilmişlər... 4 gün ərzində Ağdama 200 meyit gətirilmiş, onlarca meyitdə təhqirə məruz əlamətləri olmuşdur. 4 meyitin başının dərisinin soyulduğu və 1 meyitin başının kəsildiyi qeydə alınmışdır. Ağdamda 194 meyit (130 kişi, 51 qadın, o cümlədən 13 uşaq) dövlət məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurulmaqla öldürülmüşdür. Ağdamda "sanitar qatarı"nın qeydiyyat jurnalında qeydiyyatdan keçirilən 598 nəfərində xəsarət və donma faktları müşahidə olunub. Orada diri adamın baş dərisinin kəsilməsi qeydə alınmışdır. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində minlərlə insan həyatdan məhrum edilmiş, şikəst olunmuş, 953 yaşayış məntəqəsi dağıdılıb talan edilmişdir. Dağıdılmış və əmlakı aparılmış yaşayış evlərinin ümumi dəyəri 10 milyard dollar həcmindədir".

O dəhşətli anları yadıma salanda içim göynəyir, odsuz-alovsuz yanıram, tüstüm təpəmdən çıxır. Allah! Xalqımın, millətimin dərdi böyükdür, Xocalı faciəsi ən ağır yükdür, Allah!

 

Əvəz Mahmud LƏLƏDAĞ

 

 

 

 

  

"Atamı gözlərimin qarşısında yandırdılar"

ƏMİROVA XƏZANGüL

TƏVƏKKüL QIZI

 

Təvəllüdü:

25 sentyabr 1983-cü

 

Doğulduğu yer:

Xocalı

 

 "Fevralın 25-i gecə saat təxminən on birə qalmış evdən çıxdıq. Hər yandan partlayış səsi gəlirdi. Gurultudan qulaq tutulurdu. Qorxurdum. Anam balaca qardaşım Vüqarı qucağına almışdı. Atam bacım Nigarı. Mən və dörd yaşlı bacım Yeganə özümüz gedirdik. Xocalıdan çıxanda ana nənəm Əntiqə gəlib bizi tapdı. O, anamdan qardaşım Vüqarı aldı. Atam bizi çaydan keçirdi. Meşəyə girdik. Hər yan qar idi. üşüyürdüm. Gecə meşədə qaldıq. Səhər açıldı. Ermənilər camaatımızı qırdı. Hər tərəf meyit idi. Atam ayağından yaralandı, sonra da çiynindən. Atam meşədən qırdığı yoğun ağac budağına söykənə-söykənə gedirdi. Anam Nigarı atamdan almışdı. Dərəyə enmişdik. Oturmuşduq. Bizi ermənilər gülləyə tutdular. Anam başını əyib bacım Nigarı qucaqladı ki, güllə ona dəyməsin. Güllə anamın başından dəydi... Anam yerindəcə keçindi. Nənəm haray çəkirdi, qışqırırdı, ağlayırdı. Balaca bacılarım Yeganə, Nigar donuq-donuq baxırdılar. Anamı qucaqlayıb ağlayırdım. İstəmirdim anam orada qalsın. Atam qolumdan tutub dartdı. Anamın üstünü başına bağladığı şalla örtdü... Biz gedirdik. Hey dönüb anama baxırdım. İstəyirdim anam da gəlsin... Bir az getmişdik ki, altı yaşlı bacım Yeganəni vurdular, o da yerindəcə keçindi. O da meşədə qaldı. Sonra bilmirəm, ermənilər bizi tutdu. Bir kəndə gətirdilər. Atamı tüfəngə tuşlayıb öldürmək istəyirdilər. Erməni yaraqlısının ayağını qucaqlayıb yalvarırdım ki, anam ölüb, bacım ölüb, atamı öldürməyin. Məni itələdilər. Atamı güllə ilə vurmadılar. Sonra onu simlə ağaca sarıdılar. Dedilər: "De ki, Qarabağ Ermənistan torpağıdır!". Atam demədi. Ayaqlarına benzin töküb yandırdılar. Atamın ayaqları yananda mən də, nənəm də qışqırırdıq. Bir də dedilər: "De ki, Qarabağ Ermənistan torpağıdır! Buraxaq get, balalarını saxla". Atam yenə demədi. Bu dəfə onun  boğazından aşağı benzin tökdülər. Yandırdılar atamı..."

Qışqırırdım... Atama kömək etmək istəyirdim. Hər qolumdan bir erməni saqqallısı tutmuşdu. Onlar gülürdülər! "Türk köpəy oğluna göz dağı olsunlar!" deyirdilər. Orada çoxlu meyit vardı...Boyunlarına məftil bağlayıb sürüyürdülər. İnsan əzabından zövq alıb gülürdülər! Bilmirəm biz oradan necə qurtardıq. Artıq heç nə hiss etmirdim. Heç nə xatırlaya bilmirəm. Nənəm deyir ki, Milli Ordunun əsgərləri bizi qurtardı. Ağdama gəlmişdik".

 

 

 

 

 

 

 

"Uşaqlar yatdıqları yerdə dondular"

QULİYEVA ŞƏHLA

QARYAĞDI QIZI

 

Təvəllüdü:

13 may 1976-cı il

 

Doğulduğu yer: Xocalı

 

 "Gecə saat 11 idi. Evimizdə idik. Atam anamı və bizi - 13 yaşlı bacım Rəvanəni, 12 yaşlı bacım Nuranəni, 6 yaşlı qardaşım Şükürü və məni götürüb meşəyə qaçdıq. Səadət xalam və uşaqları - Nəbi, Sevinc, Roman da bizdə idi. Onlar da bizimlə meşəyə getdi. Meşədə azmışdıq. Ağdam əvəzinə Xankəndi tərəfə getmişdik. Səhərisi gün meşədə Sona xalanın, Həcər xalanın ailəsi ilə rastlaşdıq. Onlarla birgə getməyə başladıq. Yolda əmim Tahirin qılçaları tutuldu. Atam qardaşımın yanında qaldı. Biz dəstəyə qoşulub getdik. Bir az getmişdik ki, Halay dayının arvadı Şərqiyyə xalanın ürəyi partladı. öldü. 12 yaşlı bacım Rəvanə ondan qorxdu. Bacımın da ürəyi partladı. Rəvanəni də Şərqiyyə xala ilə yanaşı qoyub üstünü ağac şaxları ilə örtdülər...Anam bacımı qucaqlamışdı... Ayrılmaq istəmirdi. Yolumuza davam etdik. Anamın ayaqları tutuldu. Biz dəstədən ayrıldıq. 8 nəfər qaldıq. Xalam, uşaqları - Nəbi, Sevinc, Roman, mən, anam, bir də bacım Nuranə ilə qardaşım Şükür. Anamın ayaqlarının tutulduğu yerdə iki gün oturduq. Kibrit də yox idi ocaq yandıraq. Xalam uşaqları - Nəbi, Roman, Sevinc və qardaşım Şükür, bacım Nuranə qarın üstə yatdılar. Mən yata bilmirdim. Gözümə bir damcı yuxu gəlmirdi. Uşaqlar yatdıqları yerdə dondular... Xalam nə qədər eləyirdi onları oyada bilmirdi... Anam güclə nəfəs alırdı... Hələ sağ idi. Xalama yalvarırdı ki, Şəhlanı götür, get. Heç olmasa, siz xilas olun. Xalam razılaşmırdı. Donmuş uşaqlarını bir-bir qucağına alır, götürmək istəyir, gücü çatmırdı...Nəhayət o, başa düşdü ki, getmək lazımdır. Uşaqlarını, anamı dönə-dönə qucaqlayıb öpdü. Mən də anamı öpürdüm... Anam heysiz arxası üstündə uzanmışdıEGözləri iri açılmışdı...Məni qucaqlaya da bilmirdi. Həm getmək istəyirdim, həm də istəmirdim. Anama dedim, getmirəm. Dedi: "Get qızım, böyük qardaşın Şakir tək qalmasın!" Hadisə vaxtı Şakir Xocalıda deyildi. Xalamla oradan uzaqlaşdıq. Tez-tez dönüb geri baxırdım. İki təpə aşdıq. Baxdıq adamlar var. Qorxduq. Kolun altında gizləndik. Milli Ordunun əsgərləri idi. Kətik meşəsində Xocalı camaatını axtarır, kömək edirdilər. Bizi Abdalgülablıya gətirdilər. Oradan da Ağdama apardılar. Vaqon xəstəxanada qaldıq. Sonra Bakıya - Mərkəzi Respublika Xəstəxanasına gətirildik. Mən 1-2 ay müalicə aldım. Xalamın ayaqlarını kəsdilər".

 

 

 

 

 

"ölən uşaqları meşədə qoydular"

HƏSƏNOV RAMİN

QARYAĞDI OĞLU

 

Təvəllüdü:

25 iyul 1981-ci il

 

Doğulduğu yer: Xocalı

 

"Anamın dayısı Kazımgilin evinin zirzəmisində idik. Dayılarım Natiq, Yamən, Firdovsi, xalam qızı Nəzakət və başqa qohumlarımız da orada idi. Ana babam İsa gəldi ki, bəs ermənilər Xocalıya giriblər. Təxminən 11-i keçmiş olardı. Evdən çıxıb üzüaşağı yürüdük. Millət bir-birinə qarışmışdı. Anamı, məni, dayım uşaqları Elçin, Elgiz, Mehdini dayım kürəyində çaydan keçirdi. Firdovsi dayım yaralı idi. O, fevralın  21-də Xocalını müdafiə edərkən Noraguh istiqamətindəki postda yaralanmışdı. Ona görə də bizimlə gedə bilmirdi. Dedi: "Siz qabaqda gedin. Mən gələcəm". O biri dayılarım da bizdən ayrı düşmüşdü. Hey gedirdik. Bələdçimiz yox idi. Xocalıdan 12 gün əvvəl işğal edilmiş Quşçular kəndinə gedib çıxdıq. Meşədə azmış Quşçular camaatı da bizə qoşuldu. 4-5 gün eləcə meşədə fırlandıq. 5-ci və ya 6-cı gün Şelliyə yaxınlaşdıq. Bizim dəstədə olan uşaqlardan çoxu acından, soyuqdan öldü. ölən uşaqları meşədə qoydular. Onların üstünə ya ağac şaxları örtürdülər, ya da qarı aralayıb altına soxurdular. Yanımda bir qadına güllə dəydi. Kürəyinə uşağını şəlləmişdi. O qadının yoldaşı onun kürəyindən uşağı açıb götürdü. O qadın da orada qaldı... Bir oğlana güllə ağzından dəydi. Qan fışqırırdı. O da meşədə qaldı. Biz gedirdik. Şelli kəndinə sarı. Orada şumluq deyilən yer vardı. çoxlu meyitlər, qarın üstündə topa-topa qırmızı ləkələr vardı. Yamən dayım artıq bizimlə idi. Burada qırğın olduğunu söylədi. Gecə idi. Şelliyə lap yaxınlaşanda, Yamən dayım atəş açdı ki, Şelli camaatı duyuq düşüb, köməyə gəlsin. Elə də oldu. Elə bil camaat bizi gözləyirmiş. Artıq tam taqətsiz idik. Şelli postuna çatanda bəlkə yarım vedrə su içdim. Beş-altı gün meşədə bir damcı da qar yeyə bilməmişdim. İstəyirdim  yeyəm, boğulurdum. Şellidə bir cavan oğlan bizi evinə apardı. Orada da xeyli çay içdim. Ancaq bir tikə yemək yeyə bilmədim. İndi də inana bilmirəm sağam. Bunu möcüzə hesab edirəm. Xocalıda - evdən çıxanda sanki güllədən yağış yağırdı. O güllələrdən biri məni tutmadı. Güllələr qulağımın dibindən, başımın üstən vıyıldayırdı. İndi də o vıyıltı məni rahat buraxmır. Xocalı dəhşətini unutmaq mümkün deyil. Dayım Firdovsi, yoldaşı Heyran, uşaqları Elçin, Eldəgizdən hələ də xəbər yoxdu... Ailənin yeganə sağ qalan üzvü Mehdidir. Bizdə yaşayır. Hər dəfə Mehdiyə baxanda anam ölüb dirilir.

Şellidən bizi səhər açılanda Ağdama gətirdilər. Vaqon "xəstəxanaların" birində yerləşdirdilər. Oranı da ermənilər atəşə tutdu. Sonra Bakıya - Semaşko xəstəxanasına gətirildik. Ayaqlarımı don vurmuşdu. Anam Rəhilənin ayaq barmaqlarını kəsdilər".

 

"Güllələnmiş uşaqlıq" kitabından