|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Roald Saqdeyev: "MDU-nun bu gözəl filialında görkəmli alimlər nəsli yetişə bilər" M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin Bakı filialında dünya
şöhrətli alim, Merilənd Universitetinin professoru,
akademik Roald Saqdeyev ilə filialın professor-müəllim
heyəti və tələbə kollektivinin görüşü keçirilmişdir.
Filialın rektoru, filologiya elmləri doktoru,
professor Nərgiz xanım Paşayeva görüşü açaraq,
tədbir iştirakçılarına görkəmli fizik alimin
xidmətləri, son dərəcə maraqlı
tədqiqatlarla zəngin olan elmi fəaliyyəti haqqında
məlumat vermişdir. Vaxtilə SSRİ-də yaşamış
Roald Saqdeyev 1973-cü ildən SSRİ Elmlər Akademiyasının
Kosmik Tədqiqatlar İnstitutuna başçılıq etmişdir.
Onun rəhbərliyi ilə "Kosmos",
"Proqnoz", "İnterkosmos", "Meteor",
"Astron", "Mars", "Venera" seriyalı
kosmik aparatlarda, "Soyuz" və "Salyut" orbital
komplekslərində bir sıra nadir tədqiqatlar aparılmışdır.
O, həm də "Veqa" adlı möhtəşəm
beynəlxalq kosmik layihənin elmi rəhbəri olmuşdur.
1989-cu ildən Merilənd Universitetinin professoru olan akademik
Saqdeyev Şərq-Qərb elmi araşdırmalar
mərkəzinə rəhbərlik edir, bir sıra xarici ölkələrin
elmi cəmiyyətlərinin üzvüdür. Roald Saqdeyevin həm sırf elmi baxımdan,
həm də adi insani mənada çox maraqlı həyat yolu
keçdiyini vurğulayan Nərgiz Paşayeva sonra sözü
akademikə vermişdir. çıxışına böyük rus şairinin
məşhur "Salam, gənc, naməlum nəsil" sözləri
ilə başlayan dünya şöhrətli alim doğma Moskva Dövlət
Universitetində təhsil aldığı illərlə
bağlı səmimi xatirələrini söyləmişdir.
Akademik demişdir: "İndi siz çox gözəl
şəraitdə təhsil alırsınız, geniş,
işıqlı, hər cür avadanlıqla təchiz olunmuş
auditoriyalar, elektron kitabxana, İnternet - bütün bunlar sizin
xidmətinizdədir. Biz isə səhər tezdən
kitabxanaya gedib özümüzə və yoldaşlarımıza
yer tutmalı olurduq. Filialınızın bir binada olması
çox yaxşı haldır, burada
tələbələrlə professorlar arasında
səmimi münasibətlər, stimullaşdırıcı
ab-hava duyulur. Bu gözəl filialda görkəmli alimlər
nəsli yetişə bilər". Böyük Landaunun şagirdi olmuş Roald
Saqdeyev "Landau minimumu" deyilən imtahanları uğurla
vermiş azsaylı mütəxəssislərdən biridir.
Akademik bu faktı böyük fizikin vətəni ilə onu bağlayan
daha bir məqam hesab edir. Tələbələrin suallarını
cavablandıran alim demişdir ki, o, mövcud dinlərin heç
birinə mənsub deyil, lakin öz elmi axtarışlarında
izahedilməz hadisələrlə üzləşən
hər bir alim kimi, o da təbiətdə ali qüvvələrin
mövcud olmasına inanır. Dinin elmə təsiri
məsələsinə gəldikdə isə akademik
Saqdeyev bildirmişdir ki, məhz müsəlman renessansı dövründə
elmi təfəkkürün tərəqqisi faktı göz qabağındadır,
məhz həmin dövrdə riyaziyyat, astronomiya kimi elmlər
sürətlə inkişaf etmiş, bir sıra alimlər
yetişmişlər. Professor bəşəriyyətin
hələ həll etməli olduğu
məsələlər barədə də fikirlərini bölüşmüşdür.
çıxışının sonunda "Sizin
nəsil bəşəriyyəti enerji böhranından çıxarmalı
olacaqdır" deyən Saqdeyev bu fikrini açıqlayaraq izah
etmişdir ki, enerji ehtiyatları sonsuz deyil və indiki
nəslin nümayəndələri alternativ enerji
mənbələrini tapıb bəşəriyyətə
təklif etməlidirlər. Sonda tələbələrin ifasında kiçik
konsert proqramı səslənmişdir. AzərTAc |