· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

 

Prezident İlham Əliyev paytaxtın Nərimanov rayonundakı Psixonevroloji Uşaq Evinin yenidənqurmadan sonra açılışında iştirak edib

Mayın 4-də Bakının Nərimanov rayonundakı Psixonevroloji Uşaq Evinin yenidənqurmadan sonra açılışı olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Mehriban xanıma gül dəstəsi təqdim olundu.

Dövlətimizin başçısı və xanımı ilk öncə uşaq evinin əvvəlki vəziyyətini və tikinti işlərini əks etdirən fotoşəkillərə baxdılar.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva uşaq evinin açılışını bildirən lenti kəsdilər və bina ilə yaxından tanış oldular.

Bildirildi ki, respublikamızda analoqu olmayan Psixonevroloji Uşaq Evinin əvvəlki binası müasir tələblərə cavab vermirdi. Təxminən min kvadratmetr sahədən, ikimərtəbəli binadan ibarət olan müəssisədəki şərait uşaqların təlim-tərbiyəsi üçün uyğun deyildi. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəfələrlə bu müəssisədə olması, tibbi bərpa və təlim-tərbiyə prosesləri ilə yaxından maraqlanması, mövcud problemlərin həllinə dair tapşırıqlar verməsi Psixonevroloji Uşaq Evinin yeni, müasir standartlara uyğun bina ilə təmin edilməsinə şərait yaratmışdı. Keçən ilin may ayında yeni binanın layihəsi təsdiq olunmuş və tikinti işlərinə başlanmışdır. Artıq bir ilin tamamında 4800 kvadratmetr sahəsi olan beşmərtəbəli yeni bina istifadəyə verilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan binada tikinti işlərini "İlandağ" şirkəti həyata keçirmişdir. Gələcəkdə daun mərkəzinin tikintisi də planlaşdırılır.

Həmin mərkəzin eskiz layihəsi dövlət başçısına təqdim olundu.

Bildirildi ki, binanın inşasında xarici ölkələrdən gətirilmiş tikinti materiallarından və avadanlıqdan istifadə olunmuşdur. Milli memarlıq üslubunda inşa olunan binanın həyətində də yenidənqurma işləri aparılmış, uşaqların və işçilərin istirahəti üçün hər cür şərait yaradılmış, fəvvarə kompleksi tikilmiş, 2 min kvadratmetr ərazidə yaşıllıq salınmışdır.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin portreti və onun müxtəlif tədbirlərdə uşaqlarla birgə fotoşəkillərindən ibarət stend quraşdırılmışdır. Burada dövlət başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlarla birgə fotoşəkilləri də vardır.

Uşaq evinin birinci mərtəbəsində psixoloq, aromaterapiya, okulist, psixonevroloq, kiçik manipulyasiya, nevropotoloq-loqoped, pediatr, lor, ultrasəs müayinəsi, fizioterapiya otaqları və qəbul şöbəsi yerləşir.

Fizioterapiya müalicə-idman zalının döşəməsinə yüksək texnologiya əsasında hazırlanmış örtük çəkilmişdir. Burada basketbol lövhələri, futbol qapıları, evcik oyun dəsti, elektrokarlar, velosipedlər, sürüşkən və gimnastik elementlər quraşdırılmışdır. Kitabxanada müxtəlif nağılların diskləri, nəfis tərtibatlı kitablar, dərs ləvazimatı vardır. Autist xəstəlikləri olanlar üçün nəzərdə tutulmuş otaqda rəngarəng yumşaq oyuncaqlar qoyulmuşdur. Səksən nəfərlik akt zalında müasir oturacaqlar qoyulmuş, projektor quraşdırılmışdır. Yeni doğulanlar şöbəsində körpələr üçün xüsusi çarpayı-şkaflar yerləşdirilmişdir.

İkinci mərtəbədə funksional qüsurlu uşaqlar üçün aksessuarlar yerləşdirilmiş, terapiya zalında hər cür şərait yaradılmışdır. Mərkəzləşdirilmiş proqrama qoşulan televizor uşaqlarda vizual tərbiyə metodlarından istifadə üçün böyük əhəmiyyət daşıyır.

üçüncü mərtəbədə isə funksional qüsurlu nisbətən böyük uşaqlar üçün hamam otağı yaradılmışdır. Fəal terapiya zalında uşaqların məşğələləri üçün hər cür şərait vardır, yerimə qabiliyyətinin bərpası ilə əlaqədar xüsusi qurğular, oyun elementləri yerləşdirilmişdir. Su ilə müalicə otağında masaj vannaları və duşlar vardır.

Binanın alt mərtəbəsində ərzaq məhsullarının saxlanılması üçün anbar və soyuducu kameralar yerləşir. Mətbəxdə istifadə olunan avadanlıq da yenilənmiş, funksional qüsuru olan uşaqlar üçün yeməkxanada xüsusi stullar qoyulmuşdur.

Quraşdırılmış 90 cihazdan ibarət müşahidə qurğusu ilə binanın xarici və daxili daim nəzarətdə saxlanılır. Bu qurğu təlim-tərbiyə və müalicə prosesi, qidalanma, yataq, nəzarət-buraxılış zonasında baş verənləri müşahidə etməklə yanaşı, gün ərzində onların videoyazısını avtomatik olaraq aparır və saxlanılmasını təmin edir.

Mərkəzi istilik və havalandırma sistemi ilə təchiz olunmuş binada epilepsiya, hidrosefal, mikrosefal, uşaq serebral iflici, onurğa beyni şişləri və digər xəstəlikləri olan 7 yaşınadək uşaqlar müalicə alırlar. Onların müalicəsi və təlim-tərbiyəsi ilə 95 nəfərdən ibarət tibbi, pedaqoji və texniki heyət məşğul olur.

Sonda Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun adından Psixonevroloji Uşaq Evinə avtobus hədiyyə etdi.

AzərTAc

 

 

 

Bakı Tennis Akademiyasının açılışı olub

Prezident İlham Əliyev mərasimdə iştirak edib

 

Mayın 5-də Bakı Tennis Akademiyasının açılış mərasimi olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Mehriban xanıma gül dəstəsi təqdim olundu. Prezident İlham Əliyev və xanımı mərasimdə iştirak etmək üçün xarici ölkələrdən gəlmiş qonaqlarla və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.

Azərbaycan Tennis Akademiyasının prezidenti, Milli Məclisin sədri Oqtay Əsədov mərasimdə iştirak edən Rusiya Tennis Federasiyasının prezidenti Şamil Tarpişevi, gürcüstanlı məşhur tennisçi Leyla Mesxini və Xorvatiyadan olan nümayəndələri dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev Bakı Tennis Akademiyasının açılışını bildirən lenti kəsdi. Sonra yeniyetmə tennisçilərin nümunəvi çıxışları təqdim olundu.

Dövlətimizin başçısına məlumat verildi ki, mayın 5-dən 10-dək bu kompleksdə yeniyetmələr arasında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86 illiyinə həsr olunan tennis turniri keçiriləcəkdir. Belə bir kompleksin tikilməsi və yarışın keçirilməsi göstərir ki, Azərbaycanda idmanın bu növünə də böyük maraq vardır.

Bildirildi ki, ilk dəfədir Azərbaycan paytaxtında Tennis Akademiyası inşa olunur. 2008-ci ilin martında Bakının 8-ci mikrorayonunda tikintisinə başlanmış akademiyanın ərazisi 2,7 hektardır. Mərkəzi kort da daxil olmaqla, kompleksin 4070 kvadratmetrlik sahəsində idmanın bu növü ilə məşğul olmaq üçün hər cür şərait yaradılmışdır. Burada avadanlığı İtaliyadan gətirilmiş iri tutumlu su anbarı, nasos stansiyası, elektrik idarəetmə otağı və transformator yarımstansiyası tikilmişdir. Bu qurğular akademiyanın su və elektrik enerjisi ilə etibarlı təmin olunmasına imkan verəcəkdir.

Dövlətimizin başçısı qapalı məşq kortlarına baxdı, burada yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, Bakı Tennis Akademiyasının müasir tələblərə cavab verməsini təmin etmək məqsədi ilə kortların tikintisi, qurğu və avadanlığın quraşdırılması zamanı yerli və xarici mütəxəssislərin gücündən istifadə olunmuşdur. Bu işdə Avropada yaxşı tanınmış, açıq və qapalı kortların, idman meydançaları və komplekslərin tikintisində xüsusi təcrübəsi olan Xorvatiyanın "Concept-90" şirkətinin son texnologiyalar əsasında istehsal etdiyi örtüklərdən istifadə edilmişdir.

Burada gənclər peşəkar mütəxəssislərin köməyi ilə tennisin sirlərinə yiyələnəcəklər. Akademiyada xaricdən dəvət olunmuş məşqçilər dərs deyəcəklər. Uzunluğu 126 metr, eni 36 metr olan və 407 nəfər tamaşaçı tutan qapalı zalda beynəlxalq standartlara cavab verən şərait yaradılmışdır. Kortların hər birinin sahəsi beynəlxalq standartlara uyğun olaraq 670 kvadratmetrə bərabərdir. İlin bütün fəsillərində burada yerli və beynəlxalq yarışların və məşqlərin keçirilməsi üçün müasir tələblərə cavab verən istilik və havalandırma sistemi quraşdırılmışdır.

Dövlətimizin başçısı burada yeniyetmə tennisçilərin oyununu izlədi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin ərazisindəki kafedə yaradılan şəraitlə də tanış oldular. Dövlətimizin başçısı Bakı Tennis Akademiyasının maketinə və baş planına baxdı. Bildirildi ki, gələcəkdə akademiyanın ərazisi daha da genişləndiriləcək, burada yeni binalar inşa olunacaqdır. Sonra Bakı Tennis Akademiyasının gələcək görüntülərindən ibarət videoçarxın nümayişi oldu.

Prezident İlham Əliyevə akademiyanın ərazisində aparılacaq tikinti işləri barədə də məlumat verildi. Bildirildi ki, beynəlxalq standartlara cavab verən və Avropada ən müasir komplekslərdən olan Bakı Tennis Akademiyasının ərazisində idman hovuzu və məşq zalı bu ilin sentyabrında istifadəyə veriləcəkdir. Yaxın gələcəkdə isə yeddimərtəbəli, dördulduzlu mehmanxana və ümumi sahəsi 2510 kvadratmetr olacaq 3 min tamaşaçı tutan mərkəzi universal stadion inşa ediləcəkdir. Stadionda tennis ilə yanaşı, voleybol, mini futbol, basketbol, həndbol, çimərlik voleybolu, güləş, boks və idmanın digər növləri üzrə ən mötəbər çempionatlar və turnirlər keçiriləcəkdir.

Bakı Tennis Akademiyası ilə tanışlıqdan sonra dövlətimizin başçısı tikintidə iştirak edən inşaatçılarla görüşdü.

İnşaatçıları təbrik edən Prezident İlham Əliyev dedi: - çox gözəl obyekt tikmisiniz. Ən yüksək standartlara cavab verir. Həm idman üçün, həm insanların sağlamlığı, dincəlməsi üçün bütün şərait var. çox şadam ki, bu gözəl işləri yerli şirkət görüb. Bu onu göstərir ki, Azərbaycanda müasir, güclü sənaye və tikinti potensialı var. Əvvəllər belə işlərlə xarici şirkətlər daha çox məşğul idi. Belə gözəl obyektləri onlar tikirdilər. İndi yerli şirkətlər, yerli iş adamları, yerli fəhlələr həm işlə təmin olunurlar, həm də gözəl memarlıq əsərləri yaradırlar. Buna görə sizə minnətdaram. çox yaxşı işləmisiniz. Gələcəkdə Azərbaycanda işlər çox olacaq. Hazırlaşın, növbəti obyektlərin tikintisində fəal iştirak etmək üçün imkanlarımız var. Bir daha təbrik edirəm.

Dövlətimizin başçısı Bakı Tennis Akademiyasında yaradılmış şəraitdən, habelə ərazidə aparılmış yenidənqurma və abadlıq işlərindən razılığını bildirdi, tövsiyələrini verdi.

 

AzərTAc

 

 

 

"Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" 2008-ci il 10 aprel tarixli 2756 nömrəli sərəncamının 2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" təsdiq edilsin.

2. "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı" təsdiq edilsin.

3. Bu sərəncamın 1-ci və 2-ci bəndlərində qeyd olunan Milli Strategiyanın və Dövlət Proqramının həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Milli Elmlər Akademiyası müəyyən edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

5. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 may 2009-cu il

 

 

 

 

 

 

Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

"Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 saylı fərmanına uyğun olaraq qərara alıram:

Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:

Bayramov Yusif Nəriman oğlu - Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin IX sinif şagirdi

Əsədullayev Mirhüseyn Murtuza oğlu - Azərbaycan Milli Konservatoriyasının I kurs tələbəsi

Hüseynli Toğrul Qabil oğlu - Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin X sinif şagirdi

Məmmədov Tofiq Asif oğlu - Azərbaycan Milli Konservatoriyasının II kurs tələbəsi

Vəkilov Vurğun Mehman oğlu - Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin V sinif şagirdi

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 may 2009-cu il

 

 

 

 

 

 

2009-cu il aprel ayının 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara birdəfəlik maddi yardım göstərilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2009-cu il aprel ayının 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara maddi yardım göstərilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan həlak olanların ailələrinin hər birinə 30,0 min (otuz min), ağır xəsarət alanların hər birinə isə 15,0 min (on beş min) manat məbləğində birdəfəlik maddi yardım edilsin.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən maddi yardımın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin təqdim etdiyi siyahıya uyğun olaraq ödənilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 may 2009-cu il