· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

"Gənc kompüter istedadları" I Respublika müsabiqəsinin qalibləri mükafatlandırıldı

Mayın 4-də Təhsil Nazirliyində məktəblilər arasında kompüter layihələri üzrə "Gənc kompüter istedadları" I Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Tədbirdə təhsil naziri Misir Mərdanov, təhsil nazirinin müavinləri, nazirliyin müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri, AMEA  İnformasiya Texnologiyaları və  Kibernetika institutlarının direktorları, İKT sahəsində ölkəmizdə fəaliyyət göstərən bir sıra şirkətlərin rəhbərləri, müsabiqənin Təşkilat Komitəsinin, münsiflər heyətinin üzvləri, final mərhələsinin bütün iştirakçıları, onların müəllimləri və valideynləri iştirak edirdilər.

Mərasimi təhsil naziri Misir Mərdanov açaraq son günlər ölkəmizin hər yerində, bütün idarə və təşkilatlarda, dövlət və qeyri-dövlət qurumlarında, eləcə də təhsil müəssisələrində xalqımızın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini, bugünkü tədbirin də bu baxımdan müsabiqə qalibləri üçün əlamətdar və yaddaqalan olacağını  söylədi.

Nazir müsabiqə haqqında mərasim iştirakçılarına geniş məlumat verdi. Qeyd olundu ki, "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın həyata keçirilməsinin səmərəliliyini artırmaq, yeni informasiya texnologiyalarının təhsil prosesinə tətbiqi işini aktivləşdirmək, şagird və müəllimləri İKT-nin geniş tətbiq olunması işinə cəlb etmək, eləcə də istedadlı gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədilə Təhsil Nazirliyində məqsədyönlü işlər aparılır. Belə işlərdən biri də respublika səviyyəsində ilk dəfə təşkil olunan "Gənc kompüter istedadları" müsabiqəsidir. Təhsil naziri onu da bildirdi ki, "Gənc kompüter istedadları" müsabiqəsi 2007-ci ildə Bakı şəhərinin məktəbliləri arasında aparılmış, 2008-ci ildə isə analoji müsabiqə Sumqayıt şəhərində keçirilmişdir. Müsabiqəyə marağı, eləcə də ümumtəhsil məktəblərinin İKT ilə təminatı üzrə 1-ci Dövlət Proqramının icrasından sonra yaranmış imkanları nəzərə alaraq   belə bir tədbirin respublika səviyyəsində də  keçirilməsi qərara alınmışdır.  Bu məqsədlə müsabiqənin Əsasnaməsi  təsdiq olunmuş, Təşkilat Komitəsi və münsiflər heyəti yaradılmışdır.

Müsabiqədə iştirak etmək üçün ərizələrin qəbulu Təhsil Nazirliyinin saytında aparılmışdır.114 ərizə verilmiş,  müxtəlif nominasiyalar üzrə 70 layihə təqdim edilmişdir. Təqdim olunan layihələr  müsabiqənin birinci turunda münsiflər heyəti tərəfindən araşdırılıb və 4 nominasiya - "Təqdimat", "Veb sayt", "Kompüter proqramları", "Animasiya" üzrə 42 layihə ikinci yekun  turuna buraxılıb. Yekun turun nəticələrinə əsasən 42 layihədən 17-si qalib kimi müəyyənləşdirilərək müvafiq olaraq I, II, III yerlərə layiq görülüb. Əlavə olaraq, "Ən orijinal layihə" və "Ən gənc iştirakçı"da müəyyənləşdirilib.

 Nazir  yekun turda Bakı, Sumqayıt, Mingəçevir şəhərlərinin, Zaqatala, Şəki rayonlarının şagirdlərinin  fərqləndiyini qeyd etdi. Verilən məlumatdan  aydın oldu ki, akademik Zərifə Əliyeva adına orta məktəbin, Heydər Əliyev adına Müasir Təhsil  Kompleksinin, "Zəngi" liseyinin, Bakı şəhərindəki 134, 286,  313, 56, Sumqayıt şəhərindəki 21, 23, 25, Zaqatala şəhərindəki 3, Şəki şəhərindəki 11 nömrəli məktəblərin şagirdləri daha yüksək nəticələr əldə ediblər.

Təhsil naziri final mərhələsində iştirak edən işlərin disklərə yazılaraq məktəblərə paylanılacağını, qaliblərin işlərinin isə nazirliyin təhsil portalında yerləşdiriləcəyini dedi. çıxışının sonunda  nazir Misir Mərdanov müsabiqənin keçirilməsində əməyi olanların zəhmətini yüksək dəyərləndirdi.  Tədbirin artıq hər il keçirilməsinin bir ənənəyə çevriləcəyinə və onun növbəti illərdə əhatə dairəsinin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirdi.

Mərasimdə akademik Zərifə Əliyeva adına orta məktəbin X sinif şagirdi Rəsul Axundovun "Məktəblinin kalkulyatoru", Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin VIII sinif şagirdləri  Vüsal Həsənovun və Ceyhun Yusifovun "Qoğal" nağılı, Sumqayıt şəhərindəki 25 nömrəli məktəbin şagirdləri  ömürtay və Orxan Şükürlülərin  "İdiomlar" mövzularında hazırladıqları təqdimatlar oldu.

Sonra məktəblilər arasında kompüter layihələri üzrə "Gənc kompüter istedadları" I Respublika müsabiqəsinin qaliblərinin adları açıqlandı. I, II, III yerin sahiblərinə Təhsil Nazirliyinin diplomları və ayrı-ayrı İKT şirkətlərinin xüsusi hədiyyələri  təqdim edildi. Final mərhələsinin bütün iştirakçılarına  müvafiq sertifikatlar verildi.

Mərasimin sonunda təhsil naziri Misir Mərdanov bütün qalibləri təbrik edərək onlara ən xoş arzularını çatdırdı.

 

Samirə KƏRİMOVA