|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə |
Dağlarının başı dumanlı Şuşa Əsası Qarabağ xanı
Pənahəli xan Cavanşir tərəfindən qoyulan
Şuşanın başını 17 ildir ki,
"dumanlar" alıb. 1992-ci il mayın 8-də
erməni qəsbkarları tərəfindən işğal
olunan Şuşanın hər qarış torpağı
tarixi hadisələrin, memarlıq abidələrinin, görkəmli
şəxsiyyətlərin, istedadlı insanların
məskəni idi. Dəniz səviyyəsindən 1400-1500 metr
yüksəklikdə yerləşən, dağ-iqlim kurortu
olan Şuşa şəhərinin bünövrəsini qarabağlı
Pənahəli xan Cavanşir qoymuşdur. Pənahəli
xanın ölümündən sonra Qarabağ xanlığı
İbrahim Xəlil xanın (1763-1806) dövründə daha da güclənmiş
və inkişaf etmişdir. Şuşa qədim və orta
əsrlərin şəhərsalma planı əsasında
bina edilmişdir. Şəhər 17 məhəlləsi,
sakinləri, adətləri, məşğuliyyətləri
ilə tanınmışdır. Şuşanın işğalına yol Meşəlidən,
Kərkicahandan, Malıbəylidən, Quşçulardan, Xocalıdan
keçdi. Şuşanın işğalı bütün
Azərbaycan xalqının mənəviyyatına vurulmuş
ağır bir zərbə oldu, onun sakinləri üçün bir
dərd yarandı. 1992-ci ilin mayında Şuşa tarixdə görünməmiş
faciəli hadisələrlə üzləşdi, işğal
olundu, övladları yerindən-yurdundan didərgin düşdü,
şəhidlər verdi. Artıq 17 ildir ki, bu qədim və müqəddəs
torpaq erməni işğalçıları
tərəfindən zəbt edilib. Mədəniyyət
və təhsil ocaqları - 8 muzey, 31 kitabxana, 17 klub, 8
mədəniyyət evi, 25 orta məktəb, 40 tibb müəssisəsi,
241 tarixi abidə dağıdılmış, viran edilmişdir. Şuşanı "şərqin
konservatoriyası" adlandırırlar. Bu şəhər
Azərbaycanın bir sıra görkəmli müğənnilərinin,
musiqiçilərinin, böyük bəstəkarlarının
vətənidir. Cabbar Qaryağdı oğlu, Qurban Pirimov,
Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid
Behbudov, üzeyir Hacıbəyov, Niyazi, Fikrət Əmirov, Süleyman
Ələsgərov əslən şuşalıdırlar.
Tannınmış yazıçılar S.S.Axundov, Ə.Haqverdiyev,
N.B.Vəzirov, Y.V.çəmənzəminli, Q.B.Zakir,
Natəvan, rəssam Toğrul Nərimanbəyov,
heykəltəraş Cəlal Qaryağdı və başqaları
bu şəhərdə doğulmuşlar. Görkəmli alimlər Validə Tutayıq,
Səttar Əsədov, Cəlal Allahverdiyev, Nazim Axundov, M.Rüstəmov,
K.Abdulla, Ə.Əhmədov, A.Hacıyev və başqaları
Azərbaycan elmində öz sözünü demiş şəxsiyyətlərdir. Bu gün Şuşanın 2 texnikumu, 20-dən
çox orta ümumtəhsil məktəbi, 10 uşaq musiqi
məktəbi, bir neçə idman və yaradıcılıq
mərkəzi öz fəaliyyətini Bakı şəhərində
və başqa rayon və kəndlərdə davam etdirir. Şuşanın maarifçilik
ənənələri tarixən mövcud olub, həmişə
bu şəhərin müəllimləri özlərinin peşəkarlığı,
pedaqoji ustalıqları ilə seçiliblər. Şəhərin
məktəblərində həmişə
təlim-tərbiyə yüksək səviyyədə təşkil
edilib. Şuşada elə ailə tapılmaz ki, orada böyüyən
uşaqlar təhsilə, elmə, incəsənətə
maraq göstərməsinlər. Ali məktəblərə
qəbulda rayonlar içərisində ən yüksək göstəricilər
Şuşa məktəblərinin olardı... Şuşa təhsili bu gün həmin
ənənələri davam etdirir. Paytaxtda fəaliyyət
göstərən Şuşa Musiqi və Mədəni-Maarif
texnikumlarında, ümumtəhsil məktəblərində
çalışan müəllimlərimizə dövlət qayğısı
həmişə hiss edilir. Musiqi Texnikumunun direktoru F.Əliyevin
"Azərbaycanın əməkdar incəsənət
xadimi", Şuşa Musiqi Texnikumunun müəllimi Xəlil
Əhmədovun, ümumtəhsil məktəbinin direktoru
Firuzə Kazımovanın "Əməkdar müəllim"
fəxri adlarına layiq görülməsi, bir sıra müəllimlərin
"Qabaqcıl təhsil işçisi" döş nişanları
ilə təltif edilməsi çoxsaylı müəllimlərimizə
olan diqqət və hörmətin əlamətidir. Şuşa məktəblərinin
əksəriyyəti indi fəaliyyətlərini doğma
torpağımızın azadlığı və quruculuq
işlərinə həsr etmişlər. Azərbaycançılıq,
vətənpərvərlik kimi yüksək hisslərin
tərbiyəsinə hər bir təhsil müəssisəsində
xüsusi yanaşma mövcuddur. Bu gün hər bir azərbaycanlı
özünü şuşalı, qarabağlı bilməlidir ki, doğma
torpaqlarımız bölünməz olsun. Hər kəs inanır
ki, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının
səyi, qətiyyəti və prinsipial mövqeyi
nəticəsində Azərbaycanın ən ağrılı
problemi olan Qarabağ münaqişəsi öz həllini tapacaq.
Bu gün hər bir şuşalının qəlbində böyük
ümid var ki, dövlətimizin yeritdiyi daxili və xarici
siyasətin qüdrəti ilə torpaqlarımız azad olacaq,
hər kəs öz doğma evində, məktəbində xoşbəxt
həyatına davam edəcək. Vüsalə FƏTƏLİYEVA, BŞTİ-nin sektor müdiri |