· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

İcra hakimiyyəti və təhsil

Davamlı inkişafa hesablanmış addımlar

Şəmkirdə rayon icra hakimiyyətinin təhsilə qayğısını bu cür dəyərləndirirlər

 

Redaksiyamız yerlərdən irəli sürülən təklif və təşəbbüslərə sayğı ilə yanaşaraq təhsil islahatı çərçivəsində bölgələrimizdə görülən işləri, atılan inkişafyönümlü addımları işıqlandırmaq, rayon icra hakimiyyətlərinin təhsilə qayğısı sahəsində toplanmış müsbət təcrübələri yaymaq məqsədi ilə qəzetimizdə ötən nömrədən başlayaraq yeni rubrika açıb. "İcra hakimiyyəti və təhsil" adlanan həmin rubrika altında redaksiyamızın rayon icra hakimiyyətləri ilə birlikdə yerlərdə keçirdiyi "dəyirmi masa"lardan, görüşlərdən və digər tədbirlərdən hazırlanmış materialların dərci nəzərdə tutulur. ötən sayımızda bu silsilədən dərc etdiyimiz ilk yazı təşəbbüsü irəli sürən Gədəbəy rayonuna həsr olunmuşdu. Növbəti yazımız isə Şəmkir Rayon İcra Hakimiyyətinin təhsilə diqqət və qayğısı, bu rayonda son illər dövlətin təhsil siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlər haqqındadır.

Bu məqsədlə aprelin 23-də Şəmkir rayonunda olduq, rayon icra hakimiyyətinin başçısı cənab Nazim Veysovla, təhsil şöbəsinin müdiri Məcid Şıxlinski ilə görüşdük. İcra hakimiyyətində keçirilən görüşdə Nazim müəllim ölkədə aparılan təhsil islahatlarının Şəmkirdə də uğurla getdiyini, ölkə başçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təhsilimizə, o cümlədən Şəmkir təhsilinə göstərdikləri diqqət və qayğının rayon əhalisində böyük minnətdarlıq hissi doğurduğunu bildirdi. Rayonda son illər böyük quruculuq və abadlıq işlərinin aparılmasından, əlverişli təhsil mühiti yaratmaq üçün atılan addımlardan və qazanılan uğurlardan söz açan icra hakimiyyətinin başçısı yeni məktəblərin tikilməsinə, mövcud tədris ocaqlarının təmirinə, istilik sistemləri, müasir avadanlıq və tədris vəsaitləri ilə təchiz olunmasına, pedaqoji kadrların seçilib yerləşdirilməsinə, icra intizamının möhkəmləndirilməsinə və s. məsələlərə xüsusilə böyük diqqət yetirdiklərini nəzərə çatdırdı. Qeyd etdi ki, ali məktəblərə qəbul olunan məzunlarla, müəllimlərlə, digər ziyalılarla, valideynlərlə rayon icra hakimiyyətində, Bakıda, məktəblərdə keçirilən görüşlər ənənə şəklini alıb. Hər il ali məktəblərə qəbulda yüksək bal toplayanlar, təhsildə, pedaqoji fəaliyyətdə fərqlənən şagird və müəllimlər RİH tərəfindən mükafatlandırılır.

Nazim Veysov bütün bunlar haqqında bizə daha geniş məlumatlar verilməsini, təhsil ocaqlarında olub deyilənləri əyani görmək üçün şərait yaradılmasını müavininə və təhsil şöbəsinin müdirinə tapşırdı. Beləliklə, Şəmkirdə olduğumuz bir gün ərzində bizə deyilənlər, özümüzün gördüklərimiz, ayrı-ayrı təhsil işçiləri ilə etdiyimiz söhbətlərdən rayonda təhsilin inkişafı üçün görülən işlər, qazanılan uğurlar barədə bizdə tam təsəvvür yarandı.

 

Şəmkir və onun təhsil ocaqları

Şəmkir rayonu 1930-cu ildə təşkil olunub. Ərazisi 1660 kv km, əhalisi 190372 nəfərdir. Rayonda 1 şəhər, 4 qəsəbə, 61 kənd var. İnzibati mərkəzi olan Şəmkir şəhəri Bakıdan 399 km məsafədə yerləşir. Rayonda inzibati ərazi vahidlərinin sayı 47, bələdiyyələrin sayı 57-dir.

Şəmkir rayonunun şimal-şərq hissəsini Ceyrançöl, mərkəzi hissəsini Gəncə-Qazax düzənlikləri, cənubunu Kiçik Qafqazın şimal-şərq ətəkləri tutur. Əlverişli təbii şəraiti, saf iqlimi, mənzərəli dağ-meşə landşaftı vardır. Hazırda rayonda 81 ümumtəhsil məktəbi, o cümlədən 2 ibtidai, 7 əsas, 72 orta məktəb, 53 məktəbəqədər və 6 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

ümumtəhsil məktəblərində 1860 sinif komplektində 35369 şagird oxuyur, uşaq bağçalarında 158 qrupda 1812 uşaq tərbiyə alır. Məktəbdənkənar müəssisələrdə 547 qrupa 6265 şagird cəlb olunmuşdur.

 

Son 5 ildə Şəmkirdə 30-dan çox məktəb üçün yeni bina və əlavə sinif otaqları inşa olunub, 6 məktəbin tikintisi isə hazırda davam etdirilir

Son illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsil sistemində də məqsədyönlü islahatlar aparılır, inkişafyönümlü proqramlar qəbul olunaraq həyata keçirilir. Fərəhli haldır ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu islahatlar ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının diqqət və qayğısı sayəsində təhsilin problemləri ardıcıl olaraq öz həllini tapır, bu sahədə genişmiqyaslı layihələr həyata keçirilir. Aparılan islahatlarda məktəblərin maddi-texniki və tədis bazasının möhkəmləndirilməsi, tədris ocaqlarında təhsilin keyfiyyətinin yüksəldilməsinə bilavasitə təsir göstərən normal təhsil mühitinin yaradılması öncül istiqamətlərdən birini təşkil edir. Bununla əlaqədar ölkədə məktəb tikintisi, mövcud təlim-tərbiyə müəssisələrinin əsaslı təmiri geniş vüsət almışdır.

Dövlətin təhsil siyasətində prioritet istiqamət hesab olunan məktəb tikintisi və təmiri Şəmkirdə də diqqət mərkəzindədir. 2003-cü ildən bəri müxtəlif maliyyə mənbələri hesabına rayonda 30-dan çox yeni məktəb binası və əlavə sinif otaqları tikilib istifadəyə verilmişdir. Belə ki, 2003-cü ildə yerli iş adamları və sahibkarların vəsaitləri hesabına rayonun Şiştəpə  kəndində 400 şagird yeri olan yeni orta məktəb binası tikilmiş, 9 orta məktəb üçün 37 əlavə sinif otağı inşa olunmuşdur. Həmin ildə Ə.Cavad adına orta, Morul orta, M.Əhmədov adına orta, Pravda şəhər, Bayramlı kənd orta, Sabirkənd orta, Dəllər Cəyir kənd orta, S.Vurğun adına orta, çənlibel 2 nömrəli orta, Dəllər kənd əsas, Yeni Həyat kənd orta, Düyərli kənd 1 nömrəli orta məktəbləri respublika Vergilər Nazirliyinin hamilik köməyi ilə əsaslı təmir edilmişdir.

2004-cü ildə 3 orta məktəb üçün 480 şagird yerlik 24, 2005-ci ildə 12 orta məktəb üçün 57 əlavə sinif otağı tikilib istifadəyə verilmiş, həmin ildə 33 məktəbdə əsaslı və cari təmir işləri görülmüşdür.

2006-cı ildə 480 şagird yeri olan Dəllər Cırdaxan kənd orta məktəbi Təhsil Nazirliyinin sifarişi ilə dövlət büdcəsi hesabına, Sərxan kənd orta məktəbi üçünsə 80 şagird yerlik 4 əlavə sinif otağı yerli büdcə hesabına inşa olunmuş, 15 məktəbdə əsaslı və cari təmir aparılmışdır. Məktəb tikintisi və təmiri 2007, 2008-ci illərdə də davam etdirilmiş, bu illər ərzində Morul orta məktəbi üçün 120 şagird yerlik 6 əlavə sinif otağı tikilmiş, Dəllər Cırdaxan orta məktəbində idman zalının istilik sistemi yenidən qurulmuş, 11 məktəbdə əsaslı və cari təmir getmişdir.

Hazırda rayonda 6 məktəb binasının tikintisi sürətlə davam etdirilir. Bunlar 880 şagird yerlik Dəllər qəsəbə, 960 şagird yerlik S.Vurğun adına, 450 şagird yerlik çinarlı qəsəbə, 480 şagird yerlik Xanallar kənd, 420 şagird yerlik Aşağı Seyfəli və 480 şagird yerlik İrmaşlı kənd orta məktəbləridir.

 

Heydər Əliyev Fondunun Şəmkir təhsilinə dəyərli töhfəsi

öz fəaliyyətində təhsilə xüsusi yer ayıran, bu istiqamətdə bir sıra layihələri reallaşdıran Heydər Əliyev Fondu Şəmkir rayonunda təhsilin infrastrukturunun yeniləşdirilməsinə özünün dəyərli töhfələrini vermişdir. Fondun vəsaiti hesabına 2005-ci ildə rayonun Füzuli qəsəbə və Tatarlı orta məktəblərinin hər biri üçün 240, Plankənd 2 nömrəli və Mehrili kənd orta məktəblərinin hər biri üçünsə 100 şagird yeri olan yeni məktəb binaları tikilmişdir. Hazırda tikintisi sürətlə davam etdirilən 2 məktəb - çinarlı və Dəllər qəsəbə orta məktəbləri üçün binalar da Fondun təşəbbüsü və vəsaiti ilə inşa olunur.

Fond 2008-2009-cu dərs ilində ölkənin hər yerində olduğu kimi, Şəmkirdə də birinci sinfə gedən bütün şagirdləri öz hədiyyəsi ilə sevindirmiş, onların hər birinə içərisində tədris ləvazimatları olan məktəbli çantası verilmişdir.

Tədris avadanlığı və İKT ilə təminat keyfiyyətə müsbət təsir göstərir

Keyfiyyətli təhsil mühiti üçün yeni məktəblərin tikilməsi  və mövcud təhsil ocaqlarının əsaslı təmirindən heç də az əhəmiyyət kəsb etməyən məktəb binalarının qızdırılması, təlim-tərbiyə müəssisələrinin müasir məktəb avadanlığı, tədris vəsaitləri ilə təminatı da rayon icra hakimiyyətinin daimi qayğı obyektidir. Cari dərs ilinə hazırlıq dövründə rayonun M.Füzuli adına, Ə.Cavad adına, N.Nərimanov adına şəhər, çənlibel 2 nömrəli orta və digər 8 məktəbinin istilik sistemləri yenidən qurulmuş, mərkəzi qazanxanalar bərpa olunmuşdur. Payız-yaz mövsümündə məktəblərin qızdırılması üçün 105 ton maye yanacaq ayrılmış və o, mövsüm ərzində məktəblərin ehtiyacını əsasən ödəmişdir.

İlboyu məktəblərə 780 şagird partası, 144 yazı lövhəsi, 240 stol, 320 stul, 189 kitab rəfi verilmiş, 3 məktəbin inventarları bütünlüklə təzələnmişdir. Məktəblərin tədris vəsaitləri ilə təminatı qayğısına da qalınmış, ölkə üzrə 19 adda çap olunmuş xəritədən 8246 nüsxə, ayrı-ayrı fənlər üzrə bir neçə min əyani vəsait alınaraq məktəblərə paylanmışdır. Məktəb kitabxanalarının bədii, elm-kütləvi ədəbiyyatlarla zənginləşdirilməsinə qayğı göstərilmiş, 99 adda 24219 bədii ədəbiyyat, 232 ədəd Azərbaycan Milli Ensiklopediyası alınıb təhsil ocaqlarına çatdırılmışdır. Şagirdlərin dərsliklərlə pulsuz təminatı proqramına əsasən I siniflərə gələn uşaqlara 16700, digər siniflərə işlənib sıradan çıxanların əvəzinə 80328 ədəd təzə kitab paylanıb. Təhsil müəssisələri 140 adda 27715 ədəd plakat da almışlar.

Müasir təhsilin simasına çevrilmiş informasiya və kommunikasiya texnologiyalarındın istifadə, məktəblərin İKT avadanlıqları ilə təmin olunmasına Şəmkirdə böyük önəm verilir və bu iş yüksək səviyyədə həll olunur. Bu sahədə həyata keçirilən dövlət proqramına uyğun olaraq rayonun bütün məktəbləri kompüterlərlə, son illər hazırlanmış elektron dərsliklər və əyani vəsaitlərlə təmin edilmişdir.

ölkə üzrə məktəbli geyim formasına keçidi şəmkirlilər də rəğbətlə qarşılamış və Təhsil Nazirliyinin bu barədəki əmrindən sonra onun tətbiqi üçün məktəblərdə zəruri hazırlıq tədbirləri görülmüşdür. Məktəblərin valideyn komitələrinin bu prosesə  yaxından cəlb edilməsi, rayon icra hakimiyyətinin nəzarəti məsələnin həllində mühüm rol oynamış, rayonda məktəbli geyim formasına keçid artıq başa çatdırılmışdır. İcbari təhsil fonduna ayrılan 32500 manat vəsait həmin sahəyə yönəldilməklə məktəblər üzrə maddi çətinliyi, ciddi ehtiyacı olan ailələrdən 567 şagirdin geyiminə sərf edilmişdir.

Kurikulumların tətbiqi səmərəli nəticə verir

Azərbaycan təhsilində son illər atılmış ən mühüm addımlardan biri olan yeni kurikulumlarla tədrisə keçid Şəmkirdə də təhsilin məzmununun yeniləşdirilməsinə cəhd kimi qiymətləndirilmiş və yeniliyin tətbiqinə mütəşəkkil başlanmışdır. Müəllimlər yeni sistemin üstünlüyünü təlimin nəticələrinin əvvəlcədən müəllim və şagirdlərə məlum olmasında, müəllimdə yeni təhsil modelinə maraq doğurmasında, şagirdlərdə fəallıq yaratmasında, dərsdə yaradıcı fəaliyyətə geniş imkanlar açmasında görürlər.

Şəmkirdə yeni kurikulumlarla tədrisə keçidə vaxtında ciddi hazırlıq görülmüş, birinci siniflərdə dərs deyən 165 müəllim öyrədici kurslardan keçirilmişdir. Yeni fənn kurikulumlarının tələblərinə uyğun hazırlanmış 2788 dərslik komplekti vaxtında gətirilərək müəllim və şagirdlərin istifadəsinə verilmişdir.

Fənn kurikulumlarının tətbiqi ilə bağlı RTŞ-ın ana dili və riyaziyyat fənləri üzrə metodistləri bir həftəlik seminarda olmuş, bundan sonra 10 nəfər ibtidai sinif müəllimi ongünlük xüsusi təlim kursu keçmişdir. Onların əldə etdikləri bilik və məlumatlar əsasında rayonda birinci siniflərdə işləyəcək müəllimlərin zonalar üzrə seminarları təşkil olunmuşdur. Növbəti dərs ilində I siniflərdə dərs aparacaq müəllimlərlə də görüşlər keçirilmiş, onlara müvafiq tövsiyələr və tapşırıqlar verilmişdir.

ötən il habelə 592 nəfər təhsil müəssisə rəhbəri, müəllim və tərbiyəçi təkmilləşmə və ixtisasartırma kurslarından keçmiş, 19 nəfər xüsusi qabiliyyətli və istedadlı şagirdlərlə iş aparmaq üçün 5-günlük seminarda olmuşdur.

 

Məsuliyyəti artıran test yoxlamaları

ümumtəhsil sistemi qarşısında qoyulan tələblərdən biri də hər bir rayonda, məktəbdə müəllim-şagird nisbətində mütənasibliyin yaradılmasıdır. Bu tələb əsas götürülərək rayonun təhsil ocaqlarında müəllimlərin işə qəbulu ciddi şəkildə məhdudlaşdırılıb. Cari dərs ili ərəfəsində məktəblərə təyinatla gələn 32 nəfərlə birlikdə cəmi 59 nəfər zəruri ehtiyac olan vakant yerlərə müəllim işə qəbul olunub, 137 nəfər isə işdən azad olunub. Nəticə rayonda müəllim-şagird nisbətinə müsbət təsir göstərib.

Təlim-tərbiyə prosesinin səmərəliliyini artırmaq, onun müasir tələblərə uyğun qurulmasını təmin etmək və şagirdlərə keyfiyyətli təhsil verilməsində müəllimlərin məsuliyyətini yüksəltmək məqsədi ilə ötən ildən etibarən müəllimlər arasında test yoxlamalarının keçirilməsinə başlanıb və ixtisas hazırlıqlarını, elmi-nəzəri, peşəkarlıq səviyyələrini üzə çıxarmaq üçün ilk dəfə olaraq 8 fənn üzrə müəllimlərin test yoxlaması aparılıb. Eyni zamanda bu öyrənmə onların təlim verdiyi 21 min nəfərdən artıq V-X sinif şagirdlərinə də şamil edilmiş, yoxlamanın nəticələrinə əsasən iştirakçılarla yanaşı məktəb rəhbərliyinə və məktəblərə qiymət verilmişdir.

XI sinif şagirdlərini buraxılış və qəbul imtahanlarına hazırlamaq üçün 2 dəfə təhsil şöbəsinin, 4 dəfə TQDK-nın xətti ilə sınaq yoxlamaları aparılmış, dərs ilinin sonunda keçiriləcək mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları ilə əlaqədar XI sinif şagirdləri və onların valideynləri ilə görüşlər keçirilmişdir.

Bu il yanvarın 25-də 2800 nəfər XI sinif şagirdinin iştirakı ilə keçirilmiş test sınaq imtahanı buraxılış imtahanlarına hazırlıqda müsbət rol oynamış, imtahanlarla bağlı fənn müəllimləri ilə də lazımi söhbətlər aparılmış, onların məsuliyyət hissi artırılmışdır.

 

Rayon təhsilinin öncülləri

Şəmkirdə yüksək elmi-nəzəri və metodik hazırlığa malik, öz işinin ustası olan məktəb rəhbərləri, müəllimlər çoxdur. Rayonda olduğumuz müddətdə onların bir neçəsi ilə görüşüb söhbət etdik. Cəlil Bayramov adına Qaracəmilli kənd 2 nömrəli orta məktəbinin direktoru Fəridə Cəfərova rayonda təcrübəli, bacarıqlı məktəb rəhbəri kimi tanınır. O, 1995-ci ildən bu təhsil ocağına rəhbərlik edir. 35 ildən artıq iş stajı olan Fəridə müəllim bundan əvvəl məzunu olduğu Qafanlı kənd orta məktəbində tarix müəllimi, direktor müavini, direktor vəzifələrində işləyib. Həmişə ona göstərilən etimadı doğruldub. F.Cəfərova rayon rəhbərliyinin təhsilə qayğısından razılıq edərək bildirdi ki, məhz icra hakimiyyəti başçısının yaxından köməyi ilə məktəbləri 2005-ci ildə əsaslı təmir olunub, müasir avadanlıqlarla təchiz edilib. Bununla da təhsil ocağında keyfiyyətli təhsil üçün əlverişli şərait yaradılıb. 400 nəfər şagirdi, 73 müəllimi olan məktəbdə kompüter otağı var. 24 şagirdin oxuduğu birinci sinifdə dərslər yeni kurikulumla keçilir. Təhsil sahəsində uzunillik qüsursuz və səmərəli fəaliyyətinə görə F.Cəfərova ötən il möhtərəm Prezidentimizin sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb.

Zaur Abbasov adına Dəllər qəsəbə orta məktəbində direktor müavini işləyən Zakir Abdiyev də rayonun sayılıb-seçilən təhsil işçilərindəndir. Təhsilimizdə aparılan yenilikləri alqışlayan Zakir müəllim buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılmasını yüksək qiymətləndirir, onun təhsilimizin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayacağına inanır.

Düyərli kənd 1 nömrəli orta məktəbin tarix müəllimi, əməkdar müəllim Sədaqət Ələsgərova tariximizi şagirdlərə sevdirməkdə gözəl təcrübəyə malikdir. Dərslərində müasir təlim üsullarından geniş istifadə edən təcrübəli müəllim yetirmələrinin vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirir. Onun dərs dediyi şagirdlərdən biri ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş inşa müsabiqəsinin bu il Bakıda keçirilən final mərhələsində iştirak edib. özü dəfələrlə müxtəlif müsabiqələrin qalibi olub, iş təcrübəsi Gəncə zonasında yayılıb, əməyi rayon icra hakimiyyəti tərəfindən qiymətləndirilib.

Bəhlul Rüstəmov adına Dəllər Cəyir kənd orta məktəbinin tarix müəllimi Təranə Məşiyevanın yetirmələri 2007-2008-ci illərdə keçirilən fənn olimpiadalarında 2-3-cü yerləri tutublar.

Onun təşəbbüsü ilə 5 ildir ki, olimpiadaya hazırlıq mərkəzi təşkil olunub. Burada rayon turunda qalib gələn uşaqlar respublika turuna hazırlaşdırılır. T.Məşiyeva təhsildə xidmətlərinə görə 2006-cı ildə Təhsil Nazirliyi kollegiyasının qərarı ilə "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub.

M.Füzuli adına şəhər orta məktəbinin biologiya müəllimi, əməkdar müəllim Rahilə Qurbanova, Morul orta məktəbinin ibtidai sinif müəllimi Rəfiqə Hacalıyeva, Əhməd Cavad adına şəhər orta məktəbinin coğrafiya müəllimi Sevda Həsənova, Bayramlı kənd orta məktəbinin fizika müəllimi, əməkdar müəllim Həqiqət Nəsibova da öz işləri ilə digər həmkarlarına nümunə olan, rayon təhsilinin önündə gedən müəllimlərdəndir.

 

Rayonda istedadlı şagirdlərlə işə xüsusi önəm verilir

Cəmiyyətin intellektual potensialının aparıcı hissəsi olan xüsusi istedada və qabiliyyətə malik uşaqlarla işə də Şəmkir rayonunun icra hakimiyyəti, təhsil şöbəsi və məktəblərin pedaqoji kollektivləri xüsusi önəm verir, diqqət və qayğı göstərirlər. Rayonda yaradılmış "Fənn olimpiadalarına hazırlıq mərkəzi" istedadlı şagirdlərin üzə çıxarılmasında, bilik, bacarıq və vərdişlərinin inkişafında mühüm rol oynayır. Mərkəzə intellekt sahəsində qabiliyyəti olan 262 şagird cəlb edilmişdir. Onlarla ən yaxşı fənn müəllimləri ayda 2 dəfə bazar günləri olmaqla məşğələlər aparır.

Məhz bütün bu səmərəli işlərin nəticəsidir ki, ötən il fənn olimpiadalarının birinci turunda 1412, ikinci mərhələdə 199 şagird iştirak etmişdir. Bu mərhələnin 25 qalibinin 19-u respublika turunda iştirak etmiş, onlardan 10-u mükafata layiq yerlər tutaraq Təhsil Nazirliyinin diplomlarını almışdır. Bu il də ənənəvi bilik yarışlarının finalına 19 məktəbli vəsiqə qazanmışdır. Digər bilik yarışlarında və müsabiqələrdə, həmçinin respublika əhəmiyyətli müsabiqələrdə müəllim və şagirdlər həmişə fərqlənənlərin sırasında olurlar. Olimpiadanın yekun turunun iştirakçılarına və qaliblərə, əlaçı şagirdlərə hər il rayon icra hakimiyyətinin təşəbbüsü ilə xüsusi təqaüdlər verilir. ötən il dekabrın 19-da Şəmkir Rayon İcra Hakimiyyəti və Regionların İnkişafı İctimai Birliyinin iştirakı ilə keçirilən yığıncaqda 2008-ci ildə rayon məktəbləri arasında keçirilən fənn olimpiadasının 25 nəfər qalibinə aylıq təqaüdlər verilməsi qərara alınmışdır. Həmin tədbirdə habelə "Mir Cəlal yaradıcılığında vətənpərvərlik tərbiyəsi" mövzusunda keçirilən ümumrayon müsabiqəsinin qalibləri də mükafatlandırılmış, onların məruzələri dinlənilmişdir.

 

ötən il Şəmkir məktəblərinin 11 məzunu qəbul imtahanlarında 600-dən çox bal toplayıb

Təhsilin keyfiyyət göstəricilərindən hesab olunan məzunların ali məktəblərə qəbulunda da Şəmkirin nəticələri ildən-ilə yüksəlir. ötən il rayonun orta məktəblərini bitirmiş 2652 məzundan 1037-si ali məktəblərə sənəd vermiş, 300 nəfər tələbə adını qazanmışdır. Onlardan 28-i 500-dən, 11 nəfəri isə 600-dən çox bal toplamışdır. Q.İsmayılov adına orta məktəbin məzunu Rahil Bəhramzadə 660 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstərmişdir. 2008-ci il tələbə qəbulunun nəticələrinə görə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının reytinq cədvəlində rayonun Düyərli 1 və 2 nömrəli, çaparlı 2 nömrəli və Bayramlı orta məktəbləri respublika üzrə ən yaxşı məktəblər sırasına daxil olmuşdur.

Düyərli kənd 1 nömrəli orta məktəbi möhtərəm Prezidentimizin sərəncamı ilə bu il keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin iştirakçısıdır. Müsabiqəyə təqdim olunmuş məktəb onun ilk mərhələsindən uğurla keçmişdir.

Rayonun məktəblilərinin idman uğurları da diqqətçəkəndir. Məktəblilər idmanın müxtəlif növləri üzrə keçirilən birinciliklərdə, spartakiadalarda müntəzəm iştirak edərək doğma təhsil ocaqlarına medallarla qayıdırlar.

 

Maddi və mənəvi həvəsləndirmə tədbirləri keyfiyyətli təhsil üçün stimuldur

Rayon icra hakimiyyəti və Regionların İnkişafı İctimai Birliyi tərəfindən hər il ali məktəblərə yüksək balla daxil olmuş şəmkirli tələbələrə müavinətlər verilir. Bundan əlavə, RİİB rayondan olan bir qrup yaxşı oxuyan tələbəyə, ailə vəziyyəti çətin olan tələbəyə də xüsusi təqaüdlər verir, müxtəlif idman turnirlərinin qaliblərini mükafatlandırır.

Qabaqcıl təhsil işçilərinin, təlim-tərbiyə işində uğurlar qazanan müəllimlərin əməyinin qiymətləndirilməsi də rayon icra hakimiyyətinin təhsilə və təhsil işçilərinə qayğısının tərkib hissəsidir. Təkcə ötən il rayonun Qaracəmilli 2 nömrəli orta məktəbinin direktoru Fəridə Cəfərovaya möhtərəm Prezidentimizin sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı verilmiş, Morul orta məktəbinin ibtidai sinif müəllimi Rəfiqə Hacalıyeva "Tərəqqi" medalı ilə təltif olunmuşdur. G.Rüstəmov adına orta məktəbin rus dili müəllimi Kifayət Hadıyeva isə Təhsil Nazirliyinin "Qabacıl təhsil işçisi" döş nişanını almışdır.

Hər il rayonda ayrı-ayrı fənlər üzrə keçirilən "İlin ən yaxşı fənn müəllimi" müsabiqəsinin qaliblərinə rayon icra hakimiyyəti və RİİB tərəfindən fəxri fərmanlar və 200 AZN məbləğində pul mükafatları verilir.

ümumiyyətlə, rayonda həyata keçirilən tədbirlərdə Regionların İnkişafı İctimai Birliyi öz təşkilatçılığı və sponsorluq köməyi ilə yaxından iştirak edir, öz fəaliyyətləri, təhsilləri ilə seçilən müəllimləri, tələbə və şagirdləri rayon icra hakimiyyəti ilə birlikdə maddi cəhətdən həvəsləndirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 aprel 2009-cu il tarixli fərmanı ilə regionların sosial-iqtisadi inkişafı üçün 2009-2013-cü illəri əhatə edən yeni Dövlət Proqramı qəbul olunmuşdur. Şəmkirlilər əmindirlər ki, həmin proqramda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində Şəmkir rayonu bütün sahələrdə, o cümlədən də təhsildə yüksək inkişafa nail olacaq, daha gözəl, abad və mənzərəli bir bölgəyə çevriləcəkdir.

 

Yusif ƏLİYEV,

Ədalət DAŞDƏMİRLİ