· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

  

İcra hakimiyyəti və təhsil

Gədəbəydə rayon icra hakimiyyəti başçısının

iştirakı ilə "dəyirmi masa" keçirildi

 

Müzakirələrdə dövlətin təhsil siyasətinin uğurla həyata keçirilməsində

rayon icra hakimiyyətinin rolu xüsusi vurğulandı

Xəbər verdiyimiz kimi, aprelin 21-də Gədəbəydə rayon icra hakimiyyətinin təşəbbüsü ilə "Azərbaycan müəllimi" qəzetinin redaksiyası ilə birgə "dəyirmi masa" keçirilmişdir. "Rayon icra hakimiyyətinin təhsilə qayğısı" mövzusuna həsr olunmuş tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Kamran Rzazadə, rayon təhsil şöbəsinin müdiri Ramiz Məmmədov, bir qrup qabaqcıl məktəb direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini, müəllim, "Azərbaycan müəllimi" qəzetinin əməkdaşları iştirak etmişlər.

 "Dəyirmi masa"nı "Azərbaycan müəllimi" qəzetinin şöbə redaktoru, respublikanın əməkdar jurnalisti Yusif Əliyev açdı:

- Bildiyiniz kimi, 10 ilə yaxındır ki, ölkəmizdə təhsil sahəsində geniş, ardıcıl və sistemli islahatlar aparılır.  ölkə başçısının rəhbərliyi, diqqət və qayğısı altında həyata keçirilən islahatyönümlü tədbirlər, reallaşdırılan məqsədli proqramlar nəticəsində son illər təhsilimizdə çox böyük uğurlar qazanılmışdır.

Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, tədris müəssisələrinin müəllim kadrları ilə, müasir avadanlıqlarla, yeni dərsliklərlə təminatı, informasiya və kommunikasiya texnologiyalarının təhsil sisteminə tətbiqi və bir sıra digər istiqamətlərdə görülən işlər bölgələrimizdə də böyük vüsət almışdır. Həmin işlərin yerlərdə əsas təşkilatçıları isə rayon icra hakimiyyətləridir. Təhsil ocaqlarında əlverişli təlim mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, tədris müəssisələrinə, onlarda çalışan müəllim və tərbiyəçilərə, təhsil alan uşaqlara qayğı, onların problemlərinin həllinə kömək hazırda rayon icra hakimiyyətlərinin fəaliyyətində aparıcı istiqamətləri təşkil edir.

Son illər bu sahədə müsbət təcrübə toplanmış rayonlarımızdan biri də Gədəbəydir. Həmin təcrübənin yayılması üçün rayon rəhbərliyinin irəli sürdüyü "Azərbaycan müəllimi" qəzeti redaksiyası ilə birgə "dəyirmi masa" keçirmək təşəbbüsü Təhsil Nazirliyi və redaksiyanın rəhbərliyi tərəfindən bəyənilmiş, onu gerçəkləşdirmək üçün qəzetin əməkdaşları Gədəbəyə ezam olunmuşlar.

Yeri gəlmişkən qeyd edək ki, redaksiyamız həmin təşəbbüsü davam etdirməyi, bu mövzuda digər bölgələrdən də vaxtaşırı geniş materiallar verməyi nəzərdə tutub.

Bildiyiniz kimi, təhsilin yüksək keyfiyyətinə nail olmaq üçün əsas şərtlərdən biri əlverişli təhsil mühitinin yaradılmasıdır. Belə bir mühiti yaratmaq üçün, ilk növbədə, təhsilin maddi-texniki bazası günün tələblərinə cavab verməli, təhsil ocaqları müasir binalara, tədris avadanlıqlarına malik olmalıdır. Bu istiqamətdə son illər Gədəbəydə nə kimi işlər görülüb? Rayonun təhsil ocaqlarının yeniləşməsində rayon icra hakimiyyətinin qayğısı özünü nədə göstərir? İstərdik ki, bu məsələlər barədə öncə Kamran müəllim özü məlumat versin.

Kamran Rzazadə (Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı): 

- Mən, ilk növbədə, sizi salamlayır və rayonumuzda belə bir mövzuda "dəyirmi masa" keçirən "Azərbaycan müəllimi" qəzetinin rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Hamımıza məlumdur ki, ölkəmizdə sistemli təhsil islahatlarına ümummilli lider Heydər Əliyevin imzaladığı 15 iyun 1999-cu il tarixli sərəncamla təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsil sahəsində islahat Proqramı" ilə başlanmış və qısa dövr ərzində Azərbaycan təhsilində köklü dəyişikliklər baş vermişdir. Sevindirici haldır ki, ulu öndərimizin əsasını qoyduğu təhsil islahatları bu gün möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında böyük uğurla davam etdirilir. İslahat proqramında nəzərdə tutulan bir çox istiqamətlərdə, xüsusən də yeni məktəblərin tikilməsi, mövcud məktəblərin əsaslı təmiri, təhsil ocaqlarının müasir avadanlıqlarla təchizi sahəsində son illər çox ciddi uğurlar qazanılmışdır. Bildiyiniz kimi, 2003-cü ildən bu günə qədər Azərbaycanda 1600-dən çox yeni məktəb tikilib istifadəyə verilmişdir ki, bu da çox böyük nailiyyətdir.

İslahat proqramı çərçivəsində Gədəbəy rayonunda da yeni məktəblərin tikintisi böyük vüsətlə həyata keçirilir. 2003-cü ildən bu günədək rayonumuzda yeni tikilən və əsaslı təmir olunan məktəblərimizin sayı 70-ə çatmışdır. Beləliklə, rayonumuzdakı 86 məktəbdən 70-nin binası müasir tələblərə cavab verən səviyyəyə gətirilmişdir.

ölkəmizdə elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olan Heydər Əliyev Fondu da Gədəbəydə məktəb tikintisinə öz töhfəsini vermişdir. Fondun təşəbbüsü ilə rayonun Sarıhəsənli kəndində 140, Slavyanka kəndində isə 240 şagird yerlik yeni orta məktəb binaları tikilib istifadəyə verilmişdir. Bu yaxınlarda rayonun Xar-Xar kəndində ən müasir tələblərə cavab verən daha bir yeni məktəb binasının açılışı olmuşdur. özünün ayrıca istilik sistemi, idman zalı, hər cür avadanlıqlarla təchiz edilmiş fənn kabinetləri olan həmin məktəbin açılışında təhsil nazirinin müavini İsgəndər İsgəndərov iştirak etmişdir. Hazırda iki yeni məktəbimizdə - Dəyəbulaq kənd orta və Arısu kənd əsas məktəblərində tikinti işləri başa çatmaqdadır. Bu yaxınlarda onların da açılışını keçirəcəyik.

Yeni tikilmiş və əsaslı təmir olunmuş məktəblərin hamısı təzə, müasir avadanlıqlarla tam təchiz olunmuş, hər bir məktəbə kompüter dəsti verilmişdir.

Məktəblərin istiliklə təminatında da dönüş yaratmışıq. Vaxtilə bu məqsədlə ciddi çətinliklərlə üzləşirdik. Bu problem artıq öz həllini tapıb. 12 məktəbdə istilik sistemi quraşdırılıb və normal işləyir. Digər məktəblərimizdə isə qışa hazırlığa hələ yaz aylarından başlanır. çalışırıq ki, qışda heç bir məktəbdə yanacaq qıtlığı hiss olunmasın. Bütün bunlar məktəblərdə şagirdlər üçün ən yüksək səviyyədə şərait yaradıldığını deməyə bizə imkan verir. Əlbəttə, biz bütün bunlara görə, ilk növbədə, dağ rayonlarına, o cümlədən Gədəbəyə, onun təhsilinə böyük diqqət və qayğı göstərən möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına minnətdarıq.

Ramiz Məmmədov (Rayon təhsil şöbəsinin müdiri):

- Yeni məktəblərin tikintisi, əsaslı və cari təmiri ilə yanaşı, təhsil ocaqlarının avadanlıqlarla, dərsliklərlə, tədris ləvazimatları və vəsaitlərlə təminatı da əlverişli təlim mühitinin yaradılması və keyfiyyətli təlim üçün mühüm amillərdir. Buna görə rayon icra hakimiyyəti, təhsil şöbəsi bu məsələləri daim diqqət mərkəzində saxlayır. Hazırda rayonumuzda 86 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Onlardan 55-i orta, 18-i əsas, 13-ü ibtidai məktəbdir. Bu təhsil müəssisələrində 13539 şagird oxuyur. Onların təlim-tərbiyəsi ilə 1975 müəllim məşğul olur. 8 məktəbəqədər tərbiyə müəssisəsinə 320 uşaq cəlb olunub. 3 məktəbdənkənar müəssisədə yüzlərlə, uşaq-yeniyetmə və gənc öz maraqlarına uyğun yaradıcı fəaliyyət növləri ilə məşğul olur, asudə vaxtlarını səmərəli keçirirlər.

2008-2009-cu dərs ili ərəfəsində rayonun ümumtəhsil məktəblərinə əlavə olaraq 132 ədəd stul, 100 ədəd stol, 310 ədəd parta, 51 ədəd yazı lövhəsi verilmişdir. 2008-ci ildə Azərbaycan bölməsi üçün 46276 nüsxə, rus bölməsi üçünsə 29 adda 167 pulsuz dərslik gətirilərək məktəblərdə paylanmışdır.

Məktəblərin İKT ilə təminatı proqramına əsasən rayona 321 dəst kompüter verilmiş və onlar tədris ocaqlarında quraşdırılmışdır. Məktəblərimiz xəritələrlə, müxtəlif növ əyani vasitələrlə də təmin edilmiş, məktəb kitabxanalarına son illər çap olunan uşaq ensiklopediyaları, digər nəşrlər verilmişdir.

Y.Əliyev - Bəzən deyirlər ki, yeni məktəblər tikmək, mövcud məktəbləri əsaslı təmir etmək, tədris ocaqlarına müasir avadanlıqlar, vəsaitlər almaq o qədər də çətin deyil. çətin məsələ onları qoruyub saxlamaqdır.

K.Rzazadə - Tamamilə düzgün fikirdir. Mən də o qənaətdəyəm ki, tikilmiş yeni məktəbləri, alınmış müasir avadanlıqları qoruyub saxlamaq bir nömrəli vəzifə olmalıdır. O məktəbdə ki, avadanlıqlar qorunub saxlanılmır, deməli, orada rəhbərlik zəifdir. Sevindirici haldır ki, rayonumuzda bu baxımdan çox dəyərli nümunə vardır. İki il öncə Heydər Əliyev Fondu hesabına tikilmiş Qoşqar Əhmədov adına Slavyanka kənd 1 nömrəli orta məktəbindəki nümunəvi şərait, avadanlıqlar bu gün də diqqətlə qorunub saxlanır. İki ildən artıq dərs keçilməsinə baxmayaraq məktəbdə bir avadanlıq belə korlanmayıb. Bu baxımdan nümunə olan həmin məktəbin təcrübəsini digər məktəblərdə də yaymağa çalışırıq. ümumiyyətlə, biz məktəblərin fəaliyyətini diqqət mərkəzində saxlayırıq. Tədris ocaqlarında tez-tez görüşlərimiz olur. Tədrisin keyfiyyətini yüksəltmək, davamiyyətə nəzarət məqsədi ilə valideynlər komitəsinin ümumrayon toplantısını keçirmişik. çalışırıq ki, bu işə valideynləri daha çox cəlb edək.

Günümüzün tələbi olan, şagirdlər arasında zahiri fərqi aradan qaldıran məktəbli formasına keçid məsələsi rayonumuzda uğurla həll olunub. Artıq məktəblərimizin hamısına məktəbli forması tətbiq olunur. Valideynlər bunu çox böyük razılıq hissi ilə qarşılayıblar.

Mətanət Hüseynova  (Qoşqar Əhmədov adına Slavyanka kənd 1 nömrəli orta məktəbin direktoru):

- Mən öncə bizim üçün belə gözəl məktəb tikdirdiyinə görə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevaya minnətdarlıq edirəm. Məktəbin qorunub saxlanmasına gəldikdə isə biz bu istiqamətdə şagirdlərlə, valideynlərlə xüsusi iş aparırıq. Hazırda məktəbimizdə 200 şagird təhsil alır. 20 müəllimimiz var. Həm şagird, həm də müəllim kollektivimiz çalışır ki, məktəbimizdəki gözəl şərait, təzə avadanlıqlar qorunub saxlansın. Məktəbimiz 5-günlük tədris həftəsi ilə işləyir, birnövbəlidir. Hər cümə günü iməcilik keçirir, divarları, pəncərələri, partaları silir, səliqəyə salırıq.

Şagirdlərdə məktəb əmlakına şüurlu münasibət yaratmışıq. Bu işdə valideynlərin də bizə çox köməyi dəyir. Şagirdlərimizin hamısı fəaldır, bilik yarışlarında, ictimai işlərdə, rayon tədbirlərində yaxından iştirak edirlər. Rayon rəhbərliyi sağ olsun, bizə yaxından qayğı göstərir, problemlərimizin həllində yardımçı olur.

Y.Əliyev - Təhsil üçün nə qədər əlverişli şərait yaradılsa da, məktəbdə əsas sima müəllimdir. Təhsilin keyfiyyəti, ilk növbədə, müəllimin elmi-nəzəri və metodik hazırlığından, onun təhsildə gedən müasir proseslərə qoşulmasından, zamanla ayaqlaşmaq üçün özünü təkmilləşdirməyə nə dərəcədə çalışmasından asılıdır. Təsadüfi deyil ki, təhsil sahəsində aparılan islahatların əsas istiqamətlərindən birini müəllim hazırlığı təşkil edir. Bu baxımdan Gədəbəy Rayon İcra Hakimiyyətinin rayon ziyalılarının əksəriyyətini təşkil edən müəllimlərlə işi, onlara göstərdiyi qayğı nədən ibarətdir? Rayonun müəllimləri son illər təhsilimizin ən mühüm hadisələrindən olan yeni fənn kurikulumlarına keçidi necə qarşılayıblar və bu işə necə başlayıblar? İstərdik bütün bunlar barədə təcrübənizi bölüşəsiniz.

K.Rzazadə - Gədəbəy ziyalılar yurdudur. Rayonumuz öz ziyalı potensialına görə ölkəmizin ən sanballı bölgələrindən biridir. Məzunlarımızdan 6 nəfəri akademik, 150 nəfəri elmlər doktoru, 700-dən çoxu elmlər namizədidir. Bu, böyük göstəricidir.

Bütün bu alimlər ordusunu yetişdirən isə, əlbəttə, bizim məktəblər və müəllimlərdir. Respublika səviyyəli qabaqcıl müəllimlərimiz çoxdur. Onların bir neçəsi son illər möhtərəm Prezidentimizin sərəncamları ilə "Əməkdar müəllim" fəxri adına, "Tərəqqi" medalına layiq görülüb.

Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanını alıb. Biz onların sayını artırmağa, yaxşı müəllimlər üçün hər cür şərait yaratmağa çalışır, onları maddi və mənəvi cəhətdən həvəsləndiririk. Hər il rayonumuzda bacarıqlı müəllimləri aşkara çıxarmaq üçün 8 fənn üzrə "Ən yaxşı fənn müəllimi" müsabiqəsi keçirir, qaliblərə fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim edirik. Beynəlxalq müəllim günü də rayonumuzda ənənəvi olaraq qeyd edilir. Həmin gün bütün müəllimləri təbrik edir, onlara hədiyyələr veririk. İndi bizdə 50, 30 il fasiləsiz pedaqoji stajı olan müəllimlərin siyahıları çıxarılır. Onlar haqqında kitab buraxmaq, hamısına mükafat vermək fikrindəyik.

Gənc müəllimlərə də şərait yaradır, qayğı göstəririk. Onlara əlavə maaş verir, bələdiyyələrin hesabına pulsuz torpaq sahəsi ayırırıq.

Bütün bunlarla yanaşı, pedaqoji kadrlarla təminat baxımından ciddi problemlərimiz də mövcuddur. Bir çox məktəblərimizdə fənn müəllimləri çatışmır. İngilis dili, coğrafiya, biologiya müəllimlərinə daha çox ehtiyac var. Digər bir problemimiz məktəblərdə yaşlı müəllimlərin sayının çoxluğu ilə bağlıdır. Müəllimlərimizin təxminən 50 faizinin yaşı 70-i keçib. Bəzi məktəblərdə isə belələri daha çox faiz təşkil edir. Pensiya yaşlı müəllimlərdən isə yüksək təhsil keyfiyyəti tələb etmək olmur.

Müəllim çatışmazlığını aradan qaldırmaq üçün pedaqoji ali məktəblərimiz bizə təyinatla kadrlar göndərməlidirlər.

Yeri gəlmişkən qeyd edim ki, əvvəllər bizdə lazımi şərait olmadığından gənclər təyinatla Gədəbəyə gəlməyə qorxurdular. Lakin indi vəziyyət tamam dəyişib. Hazırda kəndlərimizdə yaşayıb işləmək üçün çox yaxşı şərait mövcuddur. Yollarımız abaddır. Rayon mərkəzi, Bakı ilə əlaqə yaxşıdır, telefonumuz, 24 saat işığımız var. 9 kəndə mavi yanacaq verilir. Ona görə də mən cəsarətlə üzümü gənclərimizə tutub deyirəm ki, qorxmasınlar, işləməyə Gədəbəyə gəlsinlər.

Hüsaməddin Namazov (RTŞ metodkabinetinin müdiri):

- Qabaqcıl təcrübənin öyrənilib yayılması, müəllimlərin təkmilləşdirmə və ixtisasartırma kurslarına cəlbi də daim diqqət mərkəzindədir, bu iş sistemli şəkildə həyata keçirilir. 2008-2009-cu dərs ilində RTŞ tərəfindən 6 nəfər müəllimin qabaqcıl iş təcrübəsi öyrənilib yayılmışdır.

Müəllimlərimiz son illər təhsilimizin ən böyük uğurlarından biri olan yeni fənn kurikulumlarının tətbiqini böyük sevinc və razılıqla qarşılamış, "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" sənədi əsasında hazırlanmış fənn kurikulumları layihələrinin müzakirəsində fəal iştirak etmişlər.

Hazırda məktəblərimizin I siniflərində yeni kurikulum müvəffəqiyyətlə tətbiq olunur. Bu işə hazırlıqla əlaqədar 110 nəfər ibtidai sinif müəllimimiz müvafiq kurslardan keçmiş və sertifikat almışdır.

Rüxsarə Əliyeva (şəhər 1 nömrəli orta məktəbin ibtidai sinif müəllimi, əməkdar müəllim):

- Yeni kurikulumlarla təlimin böyük üstünlükləri vardır və ilk gündən biz bu üstünlükləri öz təcrübəmizdə hiss edirik. Yeni kurikulumlarla iş şagirdlərin təfəkkürünü inkişaf etdirir, onlarda həyati bacarıqlar formalaşdırır. Birinci sinif üçün dərslik komplektləri də orijinal və maraqlıdır. Onlarla işləmək rahatdır.

Dərslərdə əyani vəsaitlərdən geniş istifadə edir, interaktiv təlim üsullarına geniş yer verirəm. Birinci siniflərdə işləyən həmkarlarımla tez-tez müzakirələr, fikir mübadiləsi aparır, təcrübəmizi bir-birimizlə bölüşürük.

Y.Əliyev - Bu gün təhsilin, məktəbin qarşısında duran əsas vəzifə biliklərin əsaslarına, ən mühüm həyati bacarıqlara dərindən yiyələnmiş, geniş dünyagörüşlü, demokratik düşüncəli, milli-mənəvi və bəşəri dəyərlərə ehtiramla yanaşan, yüksək vətənpərvərlik hissinə malik insanlar yetişdirməkdir. Məktəblərdə təhsilin, təlim-tərbiyə işinin keyfiyyəti həm də bu vəzifənin nə dərəcədə reallaşması, istedadlı uşaq və gənclərlə necə iş aparılması, orta məktəb məzunlarının ali məktəblərə qəbulunun səviyyəsi ilə müəyyən edilir.

K.Rzazadə - Sevindirici haldır ki, son illər təhsil şəraitinin yaxşılaşdırılması, məktəblərin maddi-tədris bazasının möhkəmləndirilməsi istiqamətində gördüyümüz işlər, bu sahəyə qayğının artması məktəblərdə təhsilin keyfiyyətinin hiss olunacaq dərəcədə yüksəlməsinə gətirib çıxarmışdır. Bunu ali məktəblərə qəbul olunan məzunlarımızın sayının ildən-ilə artması da sübut edir. Əgər 2007-ci ildə orta məktəbləri bitirən 1077 məzundan 361-i ali məktəblərə sənəd vermiş və onlardan da cəmi 85-i qəbul olunmuşdursa 2008-ci ildə 1016 məzunumuzdan 127-si tələbə adını qazanmışdır. Göründüyü kimi, ali məktəblərə qəbul olunanların sayı bir ildə 50 nəfərədək artmışdır ki,  bu da uzaq dağ rayonu üçün yaxşı göstərici hesab oluna bilər. Orta məktəblərdə yüksək qiymətlərlə oxuyanların sayı da artmaqdadır. Biz ənənəvi olaraq hər il məzunlarla görüş keçirir, onları təbrik edirik. Ali məktəblərə imtahan verməyə getmək imkanı olmayanlara maddi yardım göstəririk. Əlaçı şagirdlərə hər ay 20 manat məbləğində təqaüd veririk.

Bununla yanaşı, ildə bir dəfə Bakıda gədəbəyli tələbələrlə, ziyalılarla görüşlər keçiririk. Bu görüşlərdə RİH başçısı, bir növ, onlar qarşısında hesabat xarakterli çıxış edir. Bütün bunlar gəncləri oxumağa, təhsil almağa həvəsləndirdiyi kimi, onların təhsillərini başa vurduqdan sonra doğma rayona qayıtmalarına da müsbət təsir göstərir.

Ermənilərlə 123 kilometr məsafədə həmsərhəd olan Gədəbəy rayonunun gənclərinin sağlam, vətənpərvər ruhda böyümələrinə də xüsusi diqqət yetiririk. Rayonumuzda müasir tələblərə cavab verən futbol meydançası tikilib, sərhəd bölgəsində qiyməti 100 min ABŞ dolları olan mini futbol stadionu qurulub. Gədəbəylilərdə vətənpərvərlik, azərbaycançılıq ruhu çox güclüdür. Gədəbəy həm də milli mənəvi dəyərlərimizin ən çox qorunub saxlandığı rayonlardandır.

Rayonumuzda son illər yaranmış ən dəyərli ənənələrdən biri də vaxtı ilə məktəblərimizdə təhsil alan, bu günsə dünyanın müxtəlif ölkələrində çalışan sahibkarların, iş adamlarının öz şəxsi vəsaitləri hesabına Gədəbəydə məktəblər, digər sosialyönümlü obyektlər tikmələridir. Biz bu təşəbbüslərə şərait yaradırıq, imkanlı həmyerlilərimizi bu işlərə cəlb edirik. Məsələn, Vidadi Süleymanov öz vəsaiti hesabına Novoivanovka kəndində 750 şagird yerlik üçmərtəbəli məktəb tikib. Ağamalı kənd məktəbi üçün bu məktəbin məzunu Hidayət müəllim hər cür avadanlıqla təchiz edilmiş və istilik sistemi olan 4 sinif otağı inşa etdirib. Qoşabulaq kəndində Hacı Rasim öz şəxsi vəsaiti hesabına sinif otaqları tikərək istifadəyə verib. Biz bu ənənəni davam etdiririk.

ümumiyyətlə, təhsildə aparılan islahatlar bizi sevindirir. Biz onların hamısını bəyənir, alqışlayırıq. Bizim vəzifə borcumuz bu yeniliklərin yerlərdə həyata keçirilməsini təşkil etmək, cənab Prezidentin təhsilə göstərdiyi diqqət və qayğıya əməli fəaliyyətlə cavab verməkdir.

***

"Dəyirmi masa"da iştirak edən Gədəbəy şəhər 2 nömrəli orta məktəbin direktoru Cəlal Əliyev, Ağamalı kənd orta məktəbinin direktoru İsak Məmmədov, Qoşabulaq kənd 2 nömrəli orta məktəbin direktoru, əməkdar müəllim Svetlana Qasımova, Hacallar kənd orta məktəbinin direktor müavini, əməkdar müəllim Eldar Qasımov, Düz Rəsullu kənd orta məktəbinin riyaziyyat müəllimi, əməkdar müəllim Nizami Zeynalov, Arabaçı kənd orta məktəbinin direktoru Vilayət Allahverdiyev, Kiçik Qaramurad kənd orta məktəbinin direktoru Arzuman Cabbarov, Qoşabulaq kənd 1 nömrəli orta məktəbin kimya müəllimi Kamal Musayev, Əli İsmayıllı kənd orta məktəbinin direktor müavini Cəmil Hüseynov, Samanlı kənd orta məktəbinin riyaziyyat və informatika müəllimi Natiqə Məhərova da söhbətə qoşularaq rayonda təhsilin inkişafı üçün görülən işlərdən, təhsilə, müəllim və şagirdlərə göstərilən qayğıdan, təmsil etdikləri tədris müəssisələrində son illər əldə olunan uğurlardan bəhs etdilər, mövzu ətrafında ətraflı fikir mübadiləsi getdi.

Deyilənlərlə əyani tanışlıq üçün "dəyirmi masa"dan sonra rayonun şəhər 1 nömrəli, Slavyanka, Ağamalı kənd orta məktəblərində olduq, təhsil üçün yaradılmış şəraiti bilavasitə yerində müşahidə etdik, müəllim və şagirdlərlə söhbətlər apardıq. Əmin olduq ki, Gədəbəydə son illər təhsilə göstərilən qayğı və diqqət onu inkişaf yoluna çıxarıb, qazanılan uğurları artırıb və müsbət ənənələrin yaşamasını təmin edib.

 

Yusif ƏLİYEV,

Ədalət DAŞDƏMİRLİ