· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

(Əvvəli qəzetimizin ötən saylarında)

 

XX əsrin ortalarından etibarən aparıcı dünya dövlətlərinin ən mühüm prioritetləri sırasında təhsilin inkişafına əsaslanan "bilik iqtisadiyyatı"nın formalaşdırılması, insan kapitalının yaradılması və beləliklə, davamlı inkişafın təmin olunması amilləri xüsusi yer tutmağa başladı.

İnsan kapitalı nəzəriyyəsi ötən əsrin 50-60-cı illərində Amerika iqtisadçılarının tədqiqatları nəticəsində yaradılmışdır. İşçi qüvvəsinin formalaşdırılması problemləri, insanın yaradıcılıq və faydalılıq imkanlarının artırılması bu nəzəriyyənin əsas hədəfləri kimi müəyyənləşdirilmişdir. Həmin dövrdən başlayaraq təhsil və səhiyyə sahələrinə yönəldilən vəsaitlər ictimai-iqtisadi proseslərin qaçılmaz məsrəfləri kimi deyil, əksinə, davamlı inkişafın təmin edilməsi üçün mühüm investisiyalar kimi qəbul edilməyə başlanmışdır.

Təsadüfi deyil ki, müasir dövrdə təbii sərvətlərin bolluğu dövlətin inkişafının əsas göstəricisi sayılmır, bu sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsinin təmin edilməsi daha vacib amil kimi qəbul edilir. ABŞ, Yaponiya, Cənubi Koreya, Finlandiya və digər inkişaf etmiş ölkələr malik olduqları maddi resurslardan daha çox təhsil sisteminin yetişdirdiyi insan kapitalından böyük gəlirlər əldə etmişlər və bu gün də etməkdədirlər. Təhlillər sübut edir ki, bu ölkələrdə inkişafa təsir göstərən amillər içərisində təhsilin çəkisi hiss olunacaq dərəcədə yüksəkdir və təxminən 70 faiz təşkil edir.

Dünya Bankının apardığı tədqiqatların nəticələri göstərir ki, ABŞ-ın milli sərvətinin 76 faizini insan kapitalı, 19 faizini istehsal, 5 faizini təbii resurslar təşkil edir. Avropa ölkələrində insan kapitalı 74, istehsal 24, təbii resurslar yalnız 2 faiz təşkil edir. Rusiyada isə insan kapitalı 50, istehsal 10, təbii resurslar 40 faiz səviyyəsindədir. Təəssüf ki, Azərbaycanla bağlı belə təhlillər aparılmamışdır. Bununla yanaşı, postsovet ölkələrinin ümumi inkişaf tendensiyaları nəzərə alınarsa, ölkəmizdə də bu göstəricilərin Rusiyadakı vəziyyətə yaxın olması qənaətinə gəlmək olar.

Davamlı inkişaf konsepsiyası da XX əsrin son onilliyində irəli sürülmüşdür və hazırda dünyada ən mühüm prioritetə çevrilmişdir. Təsadüfi deyildir ki, davamlı inkişaf qlobal məqsədlərdən biri kimi BMT tərəfindən Minilliyin Bəyannaməsinə daxil edilmiş, 2005-2014-cü illər isə davamlı inkişaf sahəsində tədris onilliyi elan edilmişdir. Davamlı inkişaf konsepsiyasına görə hər bir şəxsə onun fərdi qabiliyyətlərini, potensial imkanlarını davamlı şəkildə inkişaf etdirmək üçün iqtisadi, sosial, mədəni, siyasi sahələrdə əlverişli mühit yaradılmalıdır. Bu konsepsiya nəzərdə tutur ki, insanların layiqli həyat sürməsi, sağlam olması, təhsil və bilikdən bəhrələnməsi davamlı olmalı, cəmiyyətin inkişaf prosesində həm çağdaş, həm də gələcək nəsillərin layiqli həyat sürmək imkanları təmin edilməlidir. Bu səbəbdən heç bir fərd öz milli, dini, cinsi və digər mənsubiyyətinə görə uzun, dolğun və ləyaqətli həyat sürmək imkanlarından məhrum edilə bilməz. Məhz buna görə də dünya təcrübəsində davamlı inkişafın əsas göstəricilərindən biri təhsil səviyyəsidir.

Dünya Bankı ekspertlərinin araşdırmalarına əsasən, davamlı inkişafın təmin olunması və bilik iqtisadiyyatına keçiddə universitetlər həlledici rol oynayırlar. YUNESKO-nun ekspertləri isə daha irəli gedərək müəyyən ediblər ki, hər bir ölkədə güclü kadr ehtiyatlarının yaradılmasında orta təhsildən sonrakı təhsilin əhəmiyyəti çox böyükdür. Məhz orta təhsildən sonrakı təhsil yüksək məhsuldarlığı və çevikliyi ilə fərqlənən ixtisaslı işçi qüvvəsinin hazırlanması, habelə yeni texnologiyaların yaradılması, onların tətbiq edilməsi və yayılması hesabına ölkələrin iqtisadiyyatının dünya miqyasında rəqabət qabiliyyətini təmin edir.

Orta təhsildən sonrakı təhsil pillələrində yeni biliklər və texnologiyalar yaradan mütəxəssislərin, alimlərin və tədqiqatçıların hazırlanması baxımından elmi-tədqiqat işləri ilə məşğul olan universitetlərin fəaliyyəti həddən artıq vacibdir. Bu gün universitetlər qlobal iqtisadiyyatın mühüm tərkib hissəsinə çevrilən təhsil xidmətləri bazarında ən qabaqcıl biliklərə malik zəka sahibləri hazırlamaq uğrunda dünya miqyaslı rəqabətin əsas "oyunçularına" çevriliblər. Bu mənada bir çox ölkələrin hökumətləri öz universitetlərinin dünyanın yaxşı universitetləri cərgəsində olması zərurətini getdikcə daha dərindən dərk edərək bu istiqamətdə məqsədyönlü iş aparırlar.

Dünyada ali təhsilin inkişafı sahəsində davam edən bu tendensiya, eyni zamanda Azərbaycan ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası zərurəti ölkəmizdə də dünya səviyyəli universitetlər yaradılması istiqamətində səylərin artırılmasını tələb edir. Bununla əlaqədar dünya təcrübəsi öyrənilir, bu sahədə tanınmış mütəxəssislər, beynəlxalq və yerli ekspertlərlə müzakirələr aparılır və əhəmiyyətli təkliflər irəli sürülür. Hörmətli oxuculara təqdim etdiyim bu silsilə yazılar da məhz həmin təkliflərin, mülahizələrin, ideya və fikirlərin ictimaiyyətə çatdırılması zərurətindən irəli gəlmişdir.

Son 10 il ərzində "dünya miqyaslı universitet" məfhumu orta təhsildən sonrakı təhsil pillələrində tədris və elmi fəaliyyətin yüksək keyfiyyəti ilə yanaşı, həm də bundan az əhəmiyyətə malik olmayan peşə-ixtisas təhsili bazarında, habelə yeni biliklərin yaradılması və yayılması sahəsində uğurlu rəqabət aparmaq üçün geniş imkanları özündə ehtiva edir.

Müasir dövrdə gənclər universitetlərin ən yaxşılarına daxil olmağa can atır, hökumətlər isə universitetlərə qoyduqları sərmayədən daha yüksək gəlir əldə etməyə maraq göstərirlər. Bu və ya digər səbəblərdən ali məktəbin dünya miqyasında tanınması bütün universitetlər üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir.

Bu baxımdan son illərdə dünyanın aparıcı universitetlərinin müəyyən olunması, bu siyahının dünya ictimaiyyətinə çatdırılması böyük marağa səbəb olmuşdur. Müxtəlif ölkələrin ali təhsil müəssisələri ilə bağlı aparılan qərəzsiz və ədalətli təhlil əsasında müəyyənləşdirilmiş iki ən nüfuzlu beynəlxalq reytinq dünyada daha çox tanınır. Birinci məqalədə qeyd etdiyim kimi, bunlardan biri dünyanın nüfuzlu "Tayms" jurnalı tərəfindən müəyyənləşdirilən və həmin jurnalın "Ali təhsil" adlı əlavəsində dərc edilən, digəri isə Şanxay Universitetinin dərc etdiyi reytinq siyahısıdır. Bu reytinq siyahıları universitetlərin özlərindən və hamı üçün açıq olan mənbələrdən əldə edilmiş məlumatlar əsasında tərtib edilir. "Tayms" jurnalı dünyanın 200 ən yaxşı universitetini seçir və onların reytinqini müəyyən edir. İlk dəfə bu reytinq siyahısı 2004-cü ildə təqdim edilmişdi. Hələlik beynəlxalq reytinq qiymətləndirmələrinin necə aparıldığı barədə məlumat vermədən, "Tayms" jurnalı tərəfindən müəyyənləşdirilmiş 2008-ci ilin reytinq cədvəlində 200 universitet arasında ən yaxşı 20 universitetin siyahısını oxucuların diqqətinə çatdırıram.

Düşünürəm ki, 2008-ci ildə Şanxay Universiteti tərəfindən müəyyənləşdirilmiş reytinq siyahısında 500 universitet arasında ilk 20 yeri tutan universitetlər də oxucular üçün maraqlı olardı.

Göründüyü kimi, birinci reytinq cədvəlində ilk 20 universitetdən 13-ü, ikinci siyahıda isə 17-si ABŞ-a məxsusdur. Fikrimizcə, ali təhsil tədqiqatçılarının ABŞ ali məktəblərinin səviyyəsi ilə bağlı fikirləri məhz bu reytinq cədvəllərinə əsaslanır.

Bir neçə il bundan əvvəl hər il universitetlərimizin səviyyəsini qiymətləndirmək və ictimaiyyətə bu barədə məlumat vermək istiqamətində təhlillər aparmağa başladıq. Belə bir işi aparmaq üçün hər hansı bir düsturun, təcrübənin olmaması və bütövlükdə universitetlərin səviyyəsinin qiymətləndirilməsinin kifayət qədər mürəkkəbliyi səbəbindən bu sahədə hələlik bizi razı salan uğurlu addımlar ata bilməmişik. Bununla yanaşı, düşünürəm ki, hər il ali məktəblərimizin fəaliyyətinin qiymətləndirilib ictimaiyyətə təqdim olunması ölkəmizdə ali təhsilin inkişafına təkan verməklə yanaşı, universitetlər arasında sağlam rəqabət yaradan əsas amillərdən biri ola bilərdi. Bu gün Azərbaycanda ali məktəblərə tələbə qəbulunun yekunlarına əsasən TQDK-nın hazırladığı reytinq cədvəli bu sahədə yeganə mənbə kimi qəbul edilir və həmin cədvəli oxucuların diqqətinə çatdırmaqla kifayətlənirəm.

Beynəlxalq reytinq siyahılarının təhlili göstərir ki, dünyanın ən yaxşı universitetləri bir neçə ümumi cəhətlərə malikdir:

1.Universitetdə istedadlı müəllim və tələbələrin ümumi saya görə böyük faiz nisbəti.

2.Tədris fəaliyyəti və müasir elmi-tədqiqatların həyata keçirilməsi üçün zəruri şəraiti yaratmağa imkan verən maliyyə vəsaitləri ilə təmin olunma.

3.Universitetlərdə müasir və çevik yanaşmaları tətbiq etmək, qərar qəbul etmək və vəsaitləri sərbəst idarəetməyə imkan yaradan idarəetmə sisteminin olması.

İndi isə bu amillərin hər biri üzərində bir qədər ətraflı dayanmaq istərdim. Birinci amil - istedadlı müəllim və tələbələrin ümumi saya nisbətdə çoxluğu -buna bəzən istedad "qatılığı" da deyirlər.

Dünya miqyaslı universitetlərin əsas fərqli cəhəti ondan ibarətdir ki, onlar tələbə və müəllimi seçərkən həddən artıq tələbkar olurlar, xüsusi ehtiyac olmadan onların sayını artırmırlar. Belə universitetlərdə tələbələrin sayı bir qayda olaraq 20-30 mindən artıq olmur. Məsələn, dünyanın ən yaxşı universitetləri sırasına daxil olan Pekin Universitetində tələbələrin sayı 2000-ci ilə qədər 20 mindən az idi və onlar çox ciddi müsabiqə yolu ilə universitetə qəbul olunurdular. Dünya miqyaslı universitetlərin əksəriyyəti üçün tələbələrin ümumi sayına görə magistratura və doktoranturada təhsil alanların payının çox olması səciyyəvi haldır və bu həmin universitetlərin güclü elmi potensiala, ali təhsilin daha yüksək pillələrinə ən yaxşı tələbələri seçmək qabiliyyətinə malik olduqlarını sübut edir. Aşağıdakı cədvəldə dünyanın bir sıra aparıcı universitetlərində qeyd olunan amillə bağlı məlumat verilmişdir.

Dünyanın aparıcı universitetlərinə xas olan digər bir maraqlı cəhəti də qeyd etmək istərdim. Belə universitetlər ən yaxşı tələbə və müəllim axtararkən, digər universitetlərin müəllim və məzunlarına üstünlük verməyə çalışırlar. ABŞ-ın aparıcı universitetlərində ştatda olan əməkdaşların əksəriyyəti magistr və doktor dərəcələrini başqa universitetlərdə qazanmışlar.

Bir çox hallarda dünya miqyaslı universitetlərin tələbələri və müəllimləri həmin ölkənin daimi sakinləri olmurlar. "Tayms" jurnalı 2006-cı ildə dünyanın ən yaxşı universitetlərinin siyahısını tərtib edərkən, geniş beynəlxalq fəaliyyəti universitetin üstün cəhətlərindən biri hesab edirdi. Misal üçün, Harvard Universitetində tələbələrin 19%-i, müəllimlərin 30%-i, Stenford Universitetində müəllimlərin 21%-i, Kolumbiya Universitetində tələbələrin 23%-i, Kembric Universitetində tələbələrin 18%-i, müəllimlərin 33%-i, Oksford Universitetində müəllimlərin 36%-i həmin ölkələrin vətəndaşları deyillər. Əcnəbi tələbələr əlavə maliyyə mənbəyi olmaqla yanaşı, universitetlərdə mədəniyyətlərin rəngarəngliyi ilə fərqlənən intellektual mühitin və kollektivlərin yaranmasına kömək edir, bu isə bütün dünyada inkişaf, yaradıcı və yenilikçi fəaliyyət üçün çox vacibdir.

İkinci amil - maliyyə vəsaitləri ilə təminat. Dünya miqyaslı universitetlərin əksəriyyətinə xas olan ikinci səciyyəvi cəhət onların vəsaitlərlə yüksək səviyyədə təmin olunmasıdır. Bunun zəruriliyi isə başqa xərclərlə yanaşı, elm tutumlu universitet komplekslərinin saxlanılmasına və istismarına böyük xərc çəkilməsindən irəli gəlir. Bu tipli universitetlərin üç əsas maliyyə mənbəyi olur: dövlət büdcəsindən ayrılan vəsaitlər, təhsil haqqı hesabına gələn gəlirlər, universitetlərə ianə edilən və onların cəlb etdikləri digər özəl vəsaitlər.

Böyük Britaniya istisna olmaqla, Avropa universitetlərinin əsas maliyyə mənbəyi dövlət vəsaitləridir. ABŞ, Böyük Britaniya, Yaponiya və bir sıra digər ölkələrdə isə vəziyyət tamamilə fərqlidir. Məsələn, 2006-cı ildə özəl korporasiyaya çevrilmiş Sinqapur Milli Universiteti 774 milyon ABŞ dolları məbləğində cəlb etdiyi özəl kapital əsasında öz fondunu yaratdı və hazırda Kembric və Oksford universitetləri istisna olmaqla, istənilən Britaniya universitetindən varlıdır. Onu da qeyd etmək lazımdır ki, Beynəlxalq Universitet Cəmiyyətləri cədvəlində ilk yerləri tutan Kanada universitetləri elmi-tədqiqat fəaliyyətindən əldə edilən gəlirlər üzrə birincidirlər.

Əlbəttə, böyük həcmli vəsaitlər, nəticə etibarilə, universitetin inkişafına təkan verir, ən yaxşı müəllimləri və alimləri cəlb etmək üçün daha geniş imkanlar yaradır. Xüsusi qeyd edilməlidir ki, ABŞ universitetlərində özəl vəsaitlər daha çox bu məqsədə sərf olunur. Eyni zamanda ABŞ-da 20 ən yaxşı universitetin yalnız ikisi (Miçiqan və Berkli universitetləri) dövlətə məxsusdur və özəl universitetlərdə professor-müəllim heyətinin əməkhaqqı dövlət universitetləri ilə müqayisədə 30% yüksəkdir.

Nəhayət, üçüncü amil - səmərəli idarəetmə barədə. Dünya miqyaslı universitetlərin üçüncü səciyyəvi cəhəti onların müstəqil elm və tədris fəaliyyətləri ilə əlaqədardır. Tədqiqatlara əsasən, ABŞ ali təhsil sisteminin uğuru yalnız özünümaliyyələşdirmə qabiliyyəti ilə deyil, həm də universitetlərin tam müstəqil olması, burada sağlam rəqabət mühitinin formalaşması, elm-tədris fəaliyyətinin və bu fəaliyyətin nəticələrinin cəmiyyət üçün əhəmiyyətliliyi ilə izah edilir. Həmin tədqiqatlarda göstərilir ki, universitetlərdə mövcud olan iş və təlim şəraiti tədqiqata marağın, tənqidi təfəkkürün, yenilikçi fəaliyyətin və yaradıcılığın inkişafına kömək edir. Bundan əlavə, belə universitetlər yüksək səviyyəli, səmərəli və çevik idarəetmə ilə fərqlənirlər. Məhz bu səbəbdən onlar sürətlə dəyişən və qloballaşan dünya bazarının tələbatına çevik uyğunlaşmağı bacarır, yeni tədris plan və proqramlarını asanlıqla tətbiq edir, yeni kafedralar və mərkəzlər yaradır, köhnə və səmərəsiz strukturları ləğv edə bilirlər. Bütün bunlarla yanaşı, dünyanın aparıcı universitetlərində yüksək dərəcəli müstəqillik, yəni cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrindən ibarət güclü idarəetmə orqanının fəaliyyəti, fəaliyyətin bütün növlərinin tam şəffaflığı və universitetlər daxilində qarşı tərəfin rəyinin nəzərə alınması məsələləri müasir hesabatvermə sistemi ilə səmərəli şəkildə əlaqələndirilir. Onu da qeyd etmək lazımdır ki, universitetlərin inkişafı üçün müstəqillik amilləri zəruri olsa da, kafi deyil, dünya səviyyəli universitet yaratmaq üçün idarəetmənin digər parametrləri - yeni fikirli, müasir düşüncəli, vaxtında qətiyyətli qərar qəbul etməyə hazır olan, universitetlərin inkişaf strategiyası və tendensiyalarına yaxından bələd olan, müasir idarəetmə mədəniyyətinə malik liderlərin olması da vacibdir.

Dünya miqyaslı rəqabət baxımından Almaniya və Fransanın nümunələri maraqlıdır. Son illərdə bu ölkələrin iqtisadiyyatının çiçəklənməsinə baxmayaraq, onların ən yaxşı universitetləri 2008-ci il Şanxay reytinq cədvəlində müvafiq olaraq 55 və 42-ci yerləri tutmuşlar. Yuxarıda qeyd olunan üç amil əsasında aparılan təhlillər göstərir ki, əsas səbəb həmin ölkələrin universitetlərinə tələbələrin daha sadə meyarlar əsasında qəbul edilməsidir. Əslində Almaniya və Fransada universitetlərə qəbul orta təhsil haqqında sənədə əsasən aparılır. Bundan əlavə, hər iki ölkədə bir tələbənin payına düşən dövlət xərcləri ABŞ universitetləri ilə müqayisədə iki dəfə aşağıdır. Nəhayət, hər iki ölkədə universitetlər dövlət müəssisələridir, onların fəaliyyəti dövlət qulluqçularının işə götürülməsi və əmək fəaliyyəti qaydalarına əsaslanan sərt nəzarət üsulları ilə məhdudlaşdırılır. Bu o deməkdir ki, daha məhsuldar fəaliyyət göstərən müəllimlərin və alimlərin əməkhaqlarını artırmaq və ya dünya səviyyəli alimləri işə götürmək və qabaqcıl elm mərkəzlərinin yaradılmasına sərmayə qoymaq imkanları azdır.

Təhlil göstərir ki, qeyd edilən üç amil arasındakı nisbət də böyük əhəmiyyətə malikdir. Reytinq siyahılarında yüksək yerləri tutan universitetlərin fərqli cəhətləri, keyfiyyət səviyyəsi həmin amillər arasında fəal qarşılıqlı təsirin mövcud olması ilə bağlıdır. Dünya miqyaslı universitet yaratmaq üçün böyük həcmdə sərmayə qoymaq və ya tələbələri ciddi qaydalar əsasında seçmək kifayət etmir. Məsələn, Braziliyanın San-Paulo Universiteti buna əyani sübutdur. 1934-cü ildə həmin universitet yaradılarkən buraya Avropanın yalnız məşhur professorlarını işə götürürdülər. Hazırda o, Braziliyanın ən tələbkar universitetidir, hər il ABŞ-ın istənilən universiteti ilə müqayisədə daha çox elmlər doktoru yetişdirir, dünyanın ən zəngin universiteti olsa da, öz vəsaitlərindən səmərəli istifadə edə bilmir, beynəlxalq elmi işçilər birliyi ilə az əməkdaşlıq edir, tələbələrinin yalnız 3%-i əcnəbilərdir, fəaliyyəti əsasən ölkənin daxili tələbatının ödənilməsinə yönəlmişdir, tələbələrinin əksəriyyəti San-Paulo ştatının sakinləridir, müəllimlərinin əksəriyyəti isə həmin universitetin məzunlarıdır, əcnəbilərə burada müəllimlik etmək və xarici dildə doktorluq dissertasiyası müdafiə etmək qadağan edilmişdir.

Əvvəlki dövrlərdə dünya səviyyəli universitetlərin yaradılmasında dövlətin iştirakı həlledici amil hesab edilmirdi. Məsələn, ABŞ-ın bəzi universitetlərinin, Oksford və Kembric universitetlərinin inkişaf tarixi göstərir ki, onlar dövlət tərəfindən maliyyələşdirilsələr də, əsasən, özlərinin fəaliyyəti, iradə və səyləri sayəsində indiki yüksək səviyyəyə nail olublar. Müasir dövrdə isə dövlətin məqsədli proqramı və yardımı olmadan dünya səviyyəli universitet yaratmaq mümkün hesab edilmir, ən azı ona görə ki, bu işləri görmək üçün böyük həcmdə vəsait və müəyyən zaman lazımdır.

Hər bir dövlət istəyir ki, onun dünya səviyyəli universiteti olsun. Eyni zamanda bu, heç də o demək deyil ki, ölkənin bütün universitetləri dünya səviyyəli olmalıdır. Məsələn, 2008-ci ildə ABŞ kimi bir dövlətin 5 minə yaxın ali məktəbindən "Tayms" reytinqində birinci 50 universitet sırasına 20, Böyük Britaniyada 8, Yaponiyada isə 3 universitet daxil edilmişdir.

Beynəlxalq təcrübədə dünya səviyyəli universitet yaratmağın üç əsas yolu müəyyən edilmişdir. Birincisi, dövlət qabaqcıl təhsil müəssisəsinə çevrilmək imkanına malik olan bir neçə mövcud universitetin səviyyəsini yüksəltmək istiqamətində tədbirlər görə bilər. İkincisi, bir neçə yüksək səviyyəli ali təhsil müəssisəsini birləşdirə bilər. üçüncüsü, yeni universitet yaratmağı nəzərdə tuta bilər. Qeyd etmək lazımdır ki, hər üç yanaşma müəyyən üstün və çatışmayan cəhətlərə malikdir.

Əvvəlcə birinci yanaşma barədə. Bu yanaşmanın əsas üstünlüyü ondan ibarətdir ki, ona çəkilən xərc yeni yaradılacaq universitetə çəkiləcək xərcdən xeyli az ola bilər. Məsələn, çin 1980-cı illərdən başlayaraq bu yanaşmaya üstünlük verir. 1993-cü ildə hökumət keyfiyyətli təhsil verən 100 aparıcı ali məktəbin imkanlarını genişləndirmək haqqında qərar qəbul etdi və 1998-ci ildə dünya səviyyəli universitet yaratmaq niyyətini elan etdi. Həmin vaxtdan hökumətin orta təhsildən sonrakı təhsilə ayırdığı maliyyə vəsaitinin həcmi iki dəfədən çox artırıldı və üDM-in 1%-ni təşkil etdi.

Hazırda çin universitetləri beynəlxalq səviyyədə tanınmış, xaricdə təhsil almış çinli, çinli-amerikalı müəllimlərin və alimlərin işə götürülməsinə, tətbiqi tədqiqatlara, o cümlədən müasir laboratoriyaların yaradılmasına böyük həcmdə vəsait sərf edirlər. Həmin universitetlərin strategiyası ondan ibarətdir ki, "ulduz" müəllimlər ən istedadlı tələbələrlə əhatə olunsunlar, müəllimlərə elmi fəaliyyət sərbəstliyi, layiqli əməkhaqqı verilsin və digər həvəsləndirici amillər tətbiq edilsin. Nəticədə, 2008-ci il "Tayms" reytinq cədvəlində ilk 50 universitet sırasına Pekin Universiteti daxil edilmişdir.

Dünya səviyyəli universitetlərlə bağlı fikirlərimizi növbəti yazılarda davam etdirəcəyik.

Hörmətli oxucuların diqqətinə onu da çatdırmağı vacib hesab edirəm ki, Azərbaycan təhsili cəmiyyətin ayrılmaz tərkib hissəsi kimi inkişaf etməkdədir, xüsusən son 5 ildə təhsilin ayrı-ayrı problemlərinin həlli ilə bağlı əldə olunmuş nailiyyətlər göz qabağındadır. Bununla yanaşı, bu günə mövcud olan problemlərimizi də yaxşı bilirik və fəaliyyətimizə tənqidi yanaşaraq onların mövcudluğunu heç zaman inkar etməmişik.

 

(Ardı var)

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının

təhsil naziri, fizika-riyaziyyat

elmləri doktoru, professor