· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Yaşlıların təhsilinə dair konfrans

Aprelin 30-da Azərbaycan Müəllimlər İnstitutunda "Müasir şəraitdə yaşlıların təhsili: problemlər və perspektivlər" mövzusunda respublika elmi konfransı keçirildi.

Plenar iclası Azərbaycan Müəllimlər İnstitutunun rektoru,  professor Aqiyə Naxçıvanlı açaraq  müasir şəraitdə təhsilin mühüm məsələlərindən birinə həsr olunmuş elmi konfransın "Yaşlıların təhsili XXI əsrin açarıdır" şüarı altında keçirildiyini bildirdi. Mövzu ilə  bağlı müəyyən fikirlərini söyləyən rektor çıxış üçün sözü təhsil naziri Misir Mərdanova verdi.

Təhsil naziri yaşlıların təhsili ilə bağlı  respublika  elmi konfransının keçirilməsini yüksək qiymətləndirərək bu məsələnin son dərəcə aktual olduğunu  və hamı üçün mühüm əhəmiyyət kəsb etdiyini söylədi. Nazir qeyd etdi ki, yaşlıların təhsili  ömür boyu təhsil sisteminin tərkib hissəsi olmaqla, vətəndaşların cəmiyyətdə və iqtisadiyyatda daim baş verən dəyişikliklərə uyğunlaşmasını təmin etmək məqsədilə çevik tədris proqramları əsasında həyata keçirilən təhsil prosesidir. Avropa ölkələrində yaşlıların təhsili insanların davamlı məşğulluğunu və fəal vətəndaş mövqeyini təmin edən təhsil sistemi və yaxud da təhsil sisteminin tərkib hissəsi kimi başa düşülür. Son 10 il ərzində yaşlıların təhsili beynəlxalq təşkilatların da diqqət mərkəzində olmuşdur. Bununla bağlı bir sıra beynəlxalq konfranslar keçirilmiş və  çox mühüm sənədlər qəbul edilmişdir. Nazir bunlardan bir neçəsini  konfrans iştirakçılarının diqqətinə çatdırdı. Qeyd olundu ki, 2002-ci ildən başlayaraq Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu Azərbaycanda yaşlıların təhsili üzrə bu günə qədər 30-a yaxın tədbir həyata keçirib.

Təhsil naziri daha sonra yaşlıların təhsili və ənənəvi təhsil arasındakı fərqlərdən danışdı, yaşlıların təhsili kontingentinə aid oluna bilən sosial-demoqrafik qruplardan söz açdı. Nazir dedi ki, müxtəlif ölkələrin bu sahədə təcrübəsinin təhlili cəmiyyət inkişaf etdikcə təhsilə tələbatın  artmaqda olduğunu göstərir. Belə olan halda, yaşlıların təhsili bir tərəfdən məqsədə, digər tərəfdən fəaliyyətin obyektinə çevrilməkdədir. Hər bir insan cəmiyyətin iqtisadi, sosial, mədəni və siyasi həyatında fəal iştirak etmək üçün öz peşə bilik və bacarıqlarını, şəxsi keyfiyyətlərini kəmiyyət və keyfiyyət baxımından daim yeniləşdirməlidir. İnsanlar çalışmalıdırlar ki,  bilik və bacarıqları zamanın tələbinə uyğun olsun.  

Yaşlıların təhsili ilə bağlı bir sıra digər mühüm məsələlərə toxunan təhsil naziri bu istiqamətdə aparılan təhlillərin nəticələrindən, həmçinin əldə olunan nailiyyətlərdən bəhs etdi. Nazir çıxışında ixtisasartırma və yenidənhazırlanma təhsilinə də xüsusi toxundu, bununla bağlı Təhsil Nazirliyində görülən işlərdən ətraflı söz açdı. çıxışının sonunda ölkəmizdə yaşlıların təhsili sisteminin təkmilləşməsi üzrə bir sıra təklifləri konfrans iştirakçılarının diqqətinə çatdıran nazir Misir Mərdanov  konfransın işinə uğurlar arzuladı.

Sonra AMİ-nin Təhsilin idarəedilməsi kafedrasının müdiri, professor Ramiz Məmmədzadə "Azərbaycanda yaşlıların təhsilinin müasir problemləri", ADPU-nun Kompüter mərkəzinin direktoru, dosent İlham Əhmədov "Distant pedaqoji təhsilin konseptual və təşkilati problemləri" mövzularında məruzələr etdilər.

Təhsil nazirinin müavini İsgəndər İsgəndərov yaşlıların təhsili, distant təhsillə bağlı öz fikir və mülahizələrini söylədi, müəyyən məsələlərə aydınlıq gətirdi və iştirakçılara konfransın işində fəal olmağı tövsiyə etdi.

Plenar iclasdan sonra respublika elmi  konfransı öz işini bölmələrdə  davam etdirdi.

 

Samirə KƏRİMOVA