· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Gəncə Dövlət Universitetinin 70 illik yubileyinə həsr olunmuş tədbir

 

Aprelin 27-də Gəncə Şəhər İcra Hakimiyyətinin akt zalında Gəncə Dövlət Universitetinin 70-illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirildi.Tədbir iştirakçıları əvvəlcə Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov açaraq universitetin 70-illik yubileyi   münasibətilə  təhsil  ocağında  çalışan bütün əməkdaşları təbrik etdi, xalqımızın ümummilli lideri Heydər Əliyevin və onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin  ölkədə təhsilin inkişafına göstərdikləri əvəzsiz qayğı  və diqqətdən danışdı.  

Gəncə  Dövlət Universitetinin rektoru, professor  Elman Məmmədov təhsil ocağının yetmiş il ərzində keçdiyi yola nəzər salaraq qeyd etdi ki,   hazırda universitetdə 8 fakültə, 10 şöbə - aspirantura, doktorantura, magistratura, qiyabi, informasiya və kommunikasiya texnologiyaları, xarici əlaqələr, kadrlar, nəşriyyat, tədris-metodiki  xüsusi şöbə fəaliyyət göstərir.

Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov  bildirdi ki, bu gün Gəncə Dövlət Universitetinin 70  yaşı  tamam olur. ölkə üçün müəllim kadrlarının hazırlanmasında qocaman təhsil ocağının xidmətləri çox böyükdür. Ona görə də universitet respublikanın ali təhsil ocaqları sırasında  özünəməxsus layiqli yer tuta bilib. Gəncə Dövlət Universitetinin elmi tədqiqatların təşkili və tətbiqi istiqamətində geniş təcrübə qazandığını qeyd edən nazir ölkənin tanınmış alimlərindən akademik Məmmədağa Şirəliyev, professorlar Əli Sultanlı, Sadiq Hüseynov və digər  görkəmli  ziyalıların  ilk addımlarını bu təhsil ocağında  atdıqlarını qeyd etdi.

Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Gəncə Dövlət Universitetinin əməkdaşlarına  verilən  mükafatları nazir Misir Mərdanov təqdim etdi və onlara uğurlar arzuladı. 

Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri, professor Şəmsəddin Hacıyev, Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov, Azərbaycan Tibb Universitetinin rektoru, professor Əhliman Əmiraslanov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Seyfəddin Qəndilov, xalq şairi Zəlimxan Yaqub, Gürcüstan, Türkiyə və digər ölkələrdən gələn qonaqlar çıxış edərək yubiley münasibətilə universitetin rəhbərliyini və müəllim-tələbə kollektivlərini təbrik etdilər.

Təltif olunanların adından universitetin  prorektoru Nadir  İbadov müəllim əməyinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına kollektiv adından minnətdarlığını bildirdi.    

Həmin gün qonaqlarla birlikdə Gəncədə Nizami və Cavadxan məqbərəsini ziyarət edən Misir Mərdanov  M.C.Paşayev adına 39 nömrəli  və C.Cabbarlı adına 6 nömrəli orta məktəblərə də baş çəkdi. 

Günün ikinci yarısında Gəncə Dövlət Universitetində təşkil olunan "dəyirmi masa"da Azərbaycanda təhsil islahatlarının həyata keçirilməsindən  və təhsil işçiləri qarşısında duran mühüm vəzifələrdən söhbət açıldı. Diskussiya şəklində keçən tədbirdə təhsil naziri Misir Mərdanov universitetin 13 əməkdaşını Azərbaycanın "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə  təltif etdi.

Sonda M.C.Paşayev muzeyində Cəncə Dövlət Universitetinin 70-illik yubileyinə həsr olunmuş konsert oldu.

 

Şakir CƏFƏROV