· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

"Ulu öndər Heydər Əliyevi düşünərkən..." 

Aprelin 25-də akademik Zərifə Əliyeva adına məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunan inşa müsabiqəsinin yekun mərhələsi keçirildi.

 

Müsabiqənin təntənəli açılış mərasimində Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyası sədrinin müavini, icraçı katib Əli Əhmədov, millət vəkili Mübariz Qurbanlı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov, müsabiqənin Təşkilat Komitəsinin üzvləri və KİV nümayəndələri iştirak edirdilər.

Mərasim iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov dünya azərbaycanlılarının iftixarı, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr olunmuş inşa müsabiqəsinin artıq bir ənənəyə çevrildiyini qeyd etdi. Əvvəlki illərdə yazılmış hər bir inşada, yer tutmasından və mükafata layiq görülməsindən asılı olmayaraq, dahi rəhbərimizə sonsuz sevgi və məhəbbət duyulduğunu deyən nazir əmin olduğunu bildirdi ki, müsabiqəyə qatılan şagirdlərdən heç biri əlinə qələm götürüb yazmağa başlayarkən qalib olmaq barədə düşünmür. Onlar səmimi hisslərini ifadə etməklə ulu öndərin müqəddəs ruhu qarşısında sanki öz mənəvi borclarını verirlər.

Məktəblilərin ulu öndərə həsr olunan bu müsabiqələrə böyük maraq və həvəs göstərmələrini çox əlamətdar bir hal kimi dəyərləndirən təhsil naziri məlumat verdi ki, hər il olduğu kimi, bu il də rayon (şəhər) mərhələsində minlərlə VII-XI sinif şagirdi iştirak etmiş, şərtə görə hər rayon və şəhərdən yalnız bir nəfər yekun mərhələsinə vəsiqə qazanmışdır. Nazirlik tabeliyindəki ümumtəhsil məktəblərinin şagirdləri də daxil olmaqla, bütövlükdə 89 şagird bu mərhələdə iştirak etmək hüququ qazanmışdır. İnşa müsabiqəsi eyni şərtlər daxilində Naxçıvan Muxtar Respublikasında da ayrıca keçirilir və qaliblər yüksək səviyyədə mükafatlandırılır.

Professor Misir Mərdanov bu il müsabiqənin ilk dəfə olaraq akademik Zərifə Əliyeva adına məktəbdə keçirilməsinin rəmzi məna daşıdığını vurğuladı. Qeyd etdi ki, Zərifə xanım ulu öndərimizin ömür-gün yoldaşı kimi ona daim mənəvi dayaq olmuşdur və bu böyük insanların birgə ailə həyatları da nəsillərə ibrətamiz nümunədir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən builki müsabiqədə tətbiq olunan yeniliklər haqqında danışan təhsil naziri iştirakçılara eksklüziv nümunədə qızlar və oğlanlar üçün fərqli rənglərdə hazırlanmış dəftər, qələm və üzərində ulu öndərin şəkli olan döş nişanı təqdim edildiyini diqqətə çatdırdı. O, müsabiqəyə ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünədək yekun vurulacağını, qaliblərə mükafat və müxtəlif hədiyyələr veriləcəyini və ən yaxşı işlərin toplu şəklində nəşr ediləcəyini bildirdi.

Təhsil naziri Misir Mərdanov çıxışının sonunda Təşkilat Komitəsi adından müsabiqə iştirakçılarına uğurlar arzuladı və bura toplaşan, eləcə də digər məktəblilərin müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin şanlı həyat yolunu özü üçün örnək seçəcəklərinə, bu yolun sadiq davamçısı olan Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində yaranmış imkanlardan səmərəli bəhrələnməklə XXI əsrin layiqli vətəndaşları olacaqlarına və ölkəmizi ən yüksək səviyyələrdə ləyaqətlə təmsil edəcəklərinə inandığını söylədi.

Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra müsabiqənin yekun mərhələsinin mövzusu elan edildi və şagirdlər "Ulu öndər Heydər Əliyevi düşünərkən..." adlı inşa yazmağa başladılar.

 

Hicran ƏKBƏROVA