· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

IX sinif şagirdlərinin nəzərinə

2008-2009-cu dərs ilində ümumtəhsil məktəblərinin IX siniflərində buraxılış imtahanlarının ana dili və riyaziyyat fənləri üzrə Təhsil Nazirliyi tərəfindən hazırlanmış test sualları əsasında keçirilməsi qərara alınmışdır. Ana dili fənni Azərbaycan bölməsində Azərbaycan dili, rus bölməsində rus dili, riyaziyyat isə cəbr və həndəsə fənlərini əhatə edir. Ana dili üzrə test suallarının sayı Azərbaycan (rus) dilindən 25, riyaziyyat fənni üzrə test suallarının sayı cəbrdən 17 və həndəsədən 8 sualı əhatə etməklə 25 sualdan ibarətdir.

Bu fənlər üzrə qiymətləndirmə aşağıdakı kimi aparılır: Ana dilindən 25 sualın 20 faizinə cavab verən "3", 50 faizinə cavab verən "4", 80 faizinə cavab verən "5" qiymət alır. Eyni qayda riyaziyyat fənninə də şamil edilir. Riyaziyyat fənnindən alınan eyni bir qiymət ayrı-ayrılıqda cəbr və həndəsəyə aiddir.

 

 

 

 

Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

Aprelin 17-də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tələbə elmi cəmiyyətinin "Azərbaycan Respublikası demokratik inkişaf yolunda: nailiyyətlər və perspektivlər" mövzusunda illik yekun elmi konfrans keçirilmişdir.

 

Tələbə, magistrant və müdavimlərin cəlb olunduqları elmi konfransın plenar iclasını giriş sözü ilə akademiyanın rektoru, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi Seyfəddin Qəndilov açaraq ümummilli lider Heydər Əliyevin böyük müdrikliklə müəyyənləşdirdiyi milli strateji inkişaf kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında demokratiya və azad bazar iqtisadiyyatı prinsiplərini özündə birləşdirərək Azərbaycanın regionun lider dövləti olmaqla, dünya birliyində layiqli yer tutduğunu vurğulamışdır. Dövlətimizin elmə, təhsilə diqqətini, gənclərimizin hərtərəfli inkişafına, onların milli mənəvi dəyərlərimiz və vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük qayğı ilə yanaşdığını diqqətə çatdırmışdır. Natiq bu baxımdan gənclərimizin demokratik düşüncə tərzinin inkişafının böyük əhəmiyyət daşıdığını qeyd etmişdir.

Rektor ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik şəraitində müvəffəqiyyətlə aparılan demokratik, hüquqi dövlət quruculuğu sahəsində əldə olunan nailiyyətlər və perspektivlər barədə geniş söhbət açaraq, bu təcrübənin elmi əsaslar üzərində tədqiqinin böyük əhəmiyyət kəsb etdiyini və tələbə elmi cəmiyyətinin elmi konfransının çox vacib bir problemə həsr olunduğunu bildirmişdir.

Sonra natiq akademiyanın tələbə elmi cəmiyyətinin işinə toxunaraq, onun 2001-ci ildən fəaliyyət göstərdiyini qeyd etmiş, bu illər ərzində tələbə, magistrant və müdavimlərin elmi yaradıcılığa olan maraqlarının inkişaf etdirilməsi sahəsindəki uğurlarından, bundan sonra TEC qarşısında duran vəzifələrdən ətraflı danışmış və konfransın işinə uğurlar arzulamışdır.

Elmi konfransda DİA tələbə elmi cəmiyyətinin sədri, dosent Sevil Məmmədova müzakirə olunan mövzu ilə bağlı məruzə etmişdir.

Məruzə ətrafında çıxışlardan sonra konfrans öz işini üç bölmədə davam etdirmişdir.

 

Nizami MİRZƏ

 

 

 

 

 

 

 

 

Gədəbəydə "Azərbaycan müəllimi" qəzetinin redaksiyası

ilə birgə "dəyirmi masa" keçirilib

 

Gədəbəy RİH-in təşəbbüsü ilə aprelin 21-də rayonda "Azərbaycan müəllimi" qəzetinin redaksiyası ilə birgə "Rayon icra hakimiyyətinin təhsilə qayğısı" mövzusunda "dəyirmi masa" keçirilib.

 

Tədbirdə rayonda təhsilə göstərilən böyük diqqət və qayğıdan, tədris müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, kadrlarla təminat və s. istiqamətlərdə reallaşdırılan tədbirlərdən, rayon ziyalılarının, iş adamlarının diqqətini təhsilin mövcud problemlərinin həllinə yönəltmək sahəsində təşəbbüslərdən geniş söhbət açılıb.

Qeyd olunub ki, son 5 ildə rayonun 86 məktəbinin 70-nin binası yenidən tikilib, əsaslı və cari təmir olunub. Təhsil müəssisələrinin ali məktəblərə qəbul olunmuş məzunları, olimpiada, müsabiqə qalibləri ilə rayon icra hakimiyyəti başçısının keçirdiyi görüşlər ənənə halını alıb. Gədəbəy RİH məktəblərdə təhsil alan 24 əlaçı şagirdə təqaüd verir.

Tədbirin sonunda digər rayonlarda da redaksiya  ilə  birgə  belə  görüş və  "dəyirmi  masa"ların  keçirilməsi  məqsədəmüvafiq  sayılıb.

 

Y.ƏLİYEV

 

Gədəbəydə "Əlifba" bayramı

Aprelin 21-də Gədəbəy rayonunun Ağamalı kənd orta məktəbində şagirdlər, müəllim və valideynlər açıq havada keçirilən "Əlifba" bayramına toplaşmışdılar.

Tədbir birincilərin Dövlət himnini oxumaları ilə başladı. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məmməd Mustafayev mərasim iştirakçılarını, qonaqları salamlayıb "Əlifba" bayramı münasibəti ilə birinciləri təbrik etdi. Sonra söz aparıcılara - V sinif şagirdləri Nigar Kazımova və Aişə Məmmədliyə verildi. Onlar da birinciləri əlifbanı başa vurmaları münasibəti ilə təbrik etdilər. Növbə ilə çıxış edən birincilər Vətənə, anaya, müəllimə həsr olunmuş şeirlər, tapmacalar söylədilər. Hamı birlikdə şən musiqi sədaları altında rəqs etdi. Birincilərin hazırladıqları yumorlu səhnəciklər də mərasim iştirakçılarının xoşuna gəldi.

Sonra birincilər "ƏLİFBA"nı (Bənövşə Quliyevanı) səslədilər. O, biliklərin açarını "Oxu"ya (Eltac Qəfərliyə) verdi. Estafetin ötürülməsi mərasimini və Sevinc Vəliyevanın söylədiyi "Kukla" şeirini hamı alqışladı. Onbirincilərin birincilərə gül-çiçək, müxtəlif hədiyyələr təqdim etməsi də tədbir iştirakçılarında xoş ovqat yaratdı.

Sonda bayram tədbirində iştirak edən Gədəbəy RTŞ-ın müdiri Ramiz Məmmədov və məktəbin direktoru İsak Məmmədov birinciləri, onların müəllimi Zahidə Quliyevanı, valideynləri təbrik etdilər və məktəbin bütün şagirdlərinə gələcək təhsillərində uğurlar dilədilər.

YUSİF,

ƏDALƏT