· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

Təlimdə inteqrasiya ətraf aləm haqqında

biliklərin sistemli qavranılmasına kömək edir

Milli Kurikulum təhsildə fəndaxili və fənlərarası inteqrasiyaya xüsusi önəm verir. Müxtəlif sahələr üzrə biliklərin inteqrasiyası şagird təfəkküründə ətraf aləm haqqında vahid, sistemli dünyagörüşünün formalaşmasına kömək edir. Riyaziyyatda fəndaxili inteqrasiya bu fənn üzrə müxtəlif məzmun xətlərinin və tədrisin müxtəlif mərhələlərində (siniflərində) qazanılmış bilik və bacarıqların əlaqələndirilməsini nəzərdə tutur, üfüqi və şaquli olmaqla iki yerə ayrılır.

üfüqi inteqrasiya bir mövzu (material) daxilində müxtəlif məzmun standartlarının əlaqəsi deməkdir. Şaquli inteqrasiya isə standantların siniflər üzrə əlaqəsini əhatə  edir    bəzən  siniflərarası  inteqrasiya  da  adlandırılır.

Fənlərarası inteqrasiya bir neçə fənnin əhatə etdiyi ortaq bilik və bacarıqların sintezi olmaqla, bir fənnə aid anlayışların və metodların digər bir fənnin tədrisində istifadəsini nəzərdə tutur. Bu inteqrasiya müxtəlif fənlər arasında məntiqi əlaqələrin qurulmasına xidmət edir. Bu proses eyni bir bacarığın ayrı-ayrı fənlər vasitəsilə daha da təkmilləşdirilməsini təmin etməklə təlim prosesinin səmərəliliyinin artırılmasına şərait yaradır. Məsələn, riyaziyyatın tədrisi zamanı şifahi nitqdə riyazi termin və ifadələrdən düzgün və səlis istifadə etmək bacarığı dialoq və diskussiyalarda şagirdin aktiv iştirakını təmin etməklə yanaşı, ana dili fənninin əsas məzmun xətlərindən biri olan şifahi nitqin ("Dinləmə" və "Danışma"nın) inkişafına kömək edir. Riyazi işarələri və terminləri düzgün ifadə etmək ümumi dil bacarığının tərkib hissəsidir. Oxuma, danışma, dinləmə, təqdimetmə, yazma, şəkli sözlə təsviretmə (şəkli oxuma) və təqdimetmə kimi nitq bacarıqlarının riyazi anlayışların dərk olunmasında rolu çox böyükdür.

Başqa bir misal. Nizam və ardıcıllıqlar riyaziyyat fənninin əsas konseptual məzmun xətlərindən biridir. Ornament və naxışlar çəkmək rəsm dərsində şagirdlərin sevdiyi bir fəaliyyətdir. Həndəsi fiqurlar üzərində qurulmuş ornament və şəkillər həm rəsm bacarıqlarının, həm də riyaziyyat üzrə müvafiq mövzunun mənimsənilməsinə şərait yaradır. Sayma məşğələlərini ritmik musiqi üzərində qurduqda, bunun üçün müxtəlif zərb alətlərindən istifadə etdikdə şagirdlər sayma fəaliyyətində daha həvəslə iştirak edirlər. Sayma, toplama və çıxma kimi fəaliyyətləri qrup halında açıq havada və ya sinifdə (sinif şəraiti imkan verirsə) keçirməklə uzunluğa tullanma, yerində tullanma və s. kimi fiziki tərbiyə məşğələləri ilə müşayiət etmək olar.

 

Yaqut ƏZİMZADƏ,

Azərbaycan Milli Konser-

vatoriyasının tərkibində

İncəsənət Gimnaziyasının

ibtidai sinif müəllimi