· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Ənənələri yaşadan direktor

Bəzən həyatda elə insanlara rast gəlirsən ki, onların təşkilatçılıq bacarığı, xeyirxahlığı, səmimiliyi, dünyagörüşü, mənəvi zənginliyi, könül toxluğu, Vətəninə, torpağına, millətinə, dininə, dilinə ürəkdən bağlılığı, haqqa inamı, dövlətə, dövlətçiliyə sədaqətlə xidmət etməsi adamı valeh edir. Onlar özlərindən çox başqaları haqqında düşünməyi, vətəndaşlıq, vəzifə və insanlıq borcunu layiqincə yerinə yetirməyi bir an da olsun belə unutmurlar. Belə insanlardan biri də Şahbuz rayonundakı Kükü kənd forta məktəbinin direktoru Hacı Mirnaqim Mirheydər oğlu Seyidovdur.

1934-cü ildə Şahbuz rayonunun axarlı-baxarlı Kükü kəndində doğulan Mirnaqim Seyidov 1952-ci ildə Kükü kənd orta məktəbinin ilk məzunlarından biri olmuşdur. (Kənddə orta məktəb həmin il yaradılmışdır). Həmin il Naxçıvan Müəllimlər İnstitutunun tarix fakültəsinə daxil olmuş, 1954-cü ildə institutu bitirib doğma məktəbinə tarix müəllimi təyin edilmişdir.

Kükü kənd orta məktəbi fəaliyyətə başladığı gündən öz ənənələri ilə tanınan təhsil ocağıdır. Mirnaqim müəllim ona dərs deyən Azərbaycanın əməkdar müəllimi Xudayar Quliyev, Allahqulu Quliyev, "Şərəf Nişanı" ordenli Adil Seyidov, Abbas Cabbarovla birlikdə işləməyə başlayır. 1958-1962-ci illərdə APİ-də təhsilini artırır, ali təhsil alır. Əməksevərliyi ilə seçilən Mirnaqim müəllimi məktəbdə fəaliyyət göstərən şagird istehsalat briqadasına tərbiyəçi-müəllim təyin edirlər. 1974-1987-ci illərdə briqadaya başçılıq edən Mirnaqim müəllimin iş təcrübəsi, uğurları respublikaya səs salır.

1978-ci ildə "Qabaqcıl maarif xadimi" döş nişanı, 1981-ci ildə "Şərəf Nişanı" ordeni ilə təltif olunur, 1985-ci ildə Naxçıvan Muxtar Respublikasında iş təcrübəsi yayılır, "baş müəllim" adına layiq görülür.

Məktəb direktoru məktəbdə əsas simadır. ömrünün 54 ilini məktəbimizə, gənc nəslin təlim-tərbiyəsinə həsr edən Mirnaqim müəllim rəhbərlik edir. 1988-ci ilin mayında məktəbdə direktor seçkisi keçirilərkən pedaqoji kollektivin üzvləri möhkəm intizamı, işgüzarlığı, mehribançılığı, pedaqoji ustalığı, yüksək biliyə malik olması, ən başlıcası şəxsi keyfiyyətlərinə görə onu direktor seçdilər.

Mirnaqim müəllim seçildiyi gündən bu təhsil ocağına müvəffəqiyyətlə rəhbərlik edir. Məktəb kollektivi daxilində möhkəm intizam, sağlam mühit yaratmışdır. O, nəsillərin varislik ənənəsini yaşadan qayğıkeş məktəb direktorudur. Gənc müəllimlərə qayğı və tələbkarlıqla yanaşır, onların pedaqoji ustalığının artmasına nail olur. Şagirdlərə atalıq qayğısı göstərir.

"Yaxşı müəllimi olan xalq xoşbəxtdir" demiş atalarımız. Mirnaqim Seyidov müəllimlərin hazırlıq səviyyəsini həmişə diqqət mərkəzində saxlayır, şəxsi hazırlıqlarını daim izləyir. O, müəllimləri "ələkdən" keçirir, yaxşıları seçir, onlara güvənir. Müəllimlərdən hər bir şagirdin biliyini obyektiv, real qiymətləndirməyi tələb edir. Yaxşı yadımdadır, 1998-ci ildə məktəbimizin məzunlarından 8 nəfərinə fərqlənmə attestatı verildi. Həmin il bu məzunların hamısı ali məktəblərə daxil oldu.

ümummilli liderimiz Heydər Əliyevin "Təhsil millətin gələcəyidir", Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Təhsil Azərbaycanın inkişafının əsas amillərindən biridir" müdrik kəlamlarını əldə rəhbər tutan Mirnaqim müəllim bütün biliyini, zəkasını, enerjisini müstəqil Azərbaycanın gələcək vətəndaşları olan gənc nəslə keyfiyyətli bilik verməsinə sərf edir.

Təcrübəli pedaqoq təhsilin keyfiyyətinin yüksəldilməsi üçün valideynlərlə əlaqəli işləyir. Bu işə fənn müəllimlərini, sinif rəhbərlərini cəlb edir. Məktəbdənkənar, sinifdənxaric tədbirlərin yüksək səviyyədə, milli dəyərlərə söykənərək keçirilməsinə çalışır və istəyinə nail olur.

Mirnaqim müəllimin pedaqoji fəaliyyəti və rəhbərlik üsulu təkcə Naxçıvan Muxtar Respublikasında deyil, bütövlükdə ölkəmizdə nümunə götürülə bilər. Bu fikrimizi yaxın keçmişdə və hazırkı dövrdə məktəbi bitirən məzunlarımızın uğurları ilə bir daha göstərə bilərik. Keçən tədris ilində məktəbimizi bitirən 3 nəfər şagirdimiz fənn olimpiadasının respublika turunda qalib olmuş, 2-ci və 3-cü yerləri tutmuşdur. Məktəbin məzunlarından Türkanə Qurbanova 650 balla ATU-ya, Afaq Hüseynli 536 balla NDU-ya daxil olmuşdur.

Mirnaqim müəllimin direktor işlədiyi dövrdə məktəbin məzunlarından 2 nəfəri elmlər doktoru, 7 nəfəri elmlər namizədi alimlik dərəcəsini almış, onlarca gənc ali məktəblərdə oxuyur, 6 nəfəri isə magistr pilləsində təhsilini davam etdirir. Səriştəli direktor yeni dərs ilində uğurları artırmaq üçün səylə çalışır. Məqsəd 700 bal toplayacaq şagirdlər yetişdirməkdir.

Mirnaqim Seyidov 4 dəfə müəllimlər qurultayının nümayəndəsi olmuş, dəfələrlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Naxçıvan MR Təhsil Nazirliyinin Fəxri fərmanlarını almışdır.

2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Mirnaqim Seyidov "Tərəqqi" medalına layiq görülmüşdür.

Mirnaqim müəllim gözəl ailə başçısı, əsl vətəndaş, el ağsaqqalı, məktəbimizin ənənələrini yaşadan maarif fədaisidir.

İsa RƏCƏBOV,

Şahbuz rayonundakı Kükü kənd orta məktəbinin

Azərbaycan dili və ədəbiyyat müəllimi