|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Konstitusion islahatlar zəruridir Naxçıvan Dövlət Universitetində 18
martda keçiriləcək referenduma hazırlıq və qarşıda
duran vəzifələrlə bağlı tədbir keçirilmişdir.
Tədbirdə universitetin rektoru, akademik İsa
Həbibbəyli Naxçıvan MR Ali Məclisi sədrinin
referenduma hazırlıqla bağlı tədbirlər planı
tərtib etdiyini və regionda ümumxalq səsverməsinin
şəffaf və demokratik keçirilməsi üçün
əhəmiyyətli işlər görüldüyünü vurğulamışdır.
Millət vəkili ölkədə konstitusion islahatların
aparılmasının daha ciddi və demokratik Konstitusiyanın
yaradılması baxımından zəruri olduğunu qeyd
etmişdir. Rektor Konstitusiyada vətəndaşların
sosial-hüquqi azadlıqları ilə bağlı
yenilikləri təhlil etmiş, bir şəxsin iki
dəfədən artıq prezident seçilməsinə qoyulan
məhdudiyyətin aradan qaldırılması ilə bağlı
101-ci maddəyə edilən düzəlişi hər bir
şəxsin seçmək və seçilmək hüquqlarını
təmin edəcək mühüm demokratik addım kimi
dəyərləndirmişdir. Naxçıvan MR Mərkəzi Seçki Komissiyası
sədrinin müavini Səbuhi Sadiqov ümumxalq
səsverməsinin mütəşəkkil təşkil
olunması məqsədi ilə əhali arasında
maarifləndirmə işi aparıldığını
bildirmiş, seçicilərin siyahıya alınmasından,
səsvermə ilə bağlı aparılan hazırlıq
prosesindən danışmışdır. Universitetin tərbiyə işləri üzrə
prorektoru, fəlsəfə elmləri doktoru Məmməd
Rzayev, universitetin ilk müəllimlərindən olan tarix
elmləri namizədi İbrahim Hüseynov referendumla bağlı
təşviqat kampaniyası çərçivəsində muxtar
respublikada həyata keçirilən tədbirlərdən söz
açmış, ümumxalq səsverməsində xalqın
iradəsinin qalib gələcəyinə
əminliklərini bildirmişlər. Mehriban SULTAN, NDU-nun mətbuat şöbəsinin müdiri
BDU-nun rektoru Avrasiya Universitetlər Assosiasiyasının XI qurultayında iştirak edib Martın 10-da Qazaxıstanın paytaxtı
Astanada Lev Qumilyov adına Avrasiya Milli Universitetində dünyanın
98 ali təhsil ocağının rektorlarının,
digər rəhbər işçilərin və professor-müəllimin
iştirak etdikləri Avrasiya Universitetlər Assosiasiyasının
XI qurultayı keçirildi. Qurultayı Avrasiya Universitetlər
Assosiasiyasının prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin rektoru Viktor Sadovniçi açdı. Plenar iclasda cəmi 4 çıxış
dinlənildi. İlk çıxış edən Qazaxıstan
Respublikasının Prezidenti Nursultan Nazarbayev Avrasiya
məkanına daxil olan universitet rektorlarının, məşhur
alim və müəllimlərin bir araya gəlməsini böyük
hadisə adlandıraraq yaradıcılıq və axtarış
imkanlarını genişləndirmək üçün elmi
ictimaiyyətə kömək etməyin, elmin birgə inkişafına
nail olmağın vacibliyini vurğuladı. Eyni zamanda,
nanotexnologiyalar, kosmos, texniki informasiya sahəsində
tədqiqatların aparılması üçün proqram yaradılmasını
təklif etdi. Sonra AMA-nın prezidenti, M.V.Lomonosov adına
Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçinin
hesabatı dinlənildi. P.Lumumba adına Rusiya Xalqlar Dostluğu
Universitetinin rektoru M.V.Filipov isə tədbirin
əhəmiyyətindən söz açaraq, belə görüşlərin
və dialoqların tədrisin və təhsilin inkişafına
səmərə verəcəyini bildirdi. Bu mötəbər tədbirdə çıxış
edən Bakı Dövlət Universitetinin rektoru, millət
vəkili, akademik Abel Məhərrəmov Azərbaycanda
həyata keçirilən təhsil islahatlarından, Prezident
İlham Əliyevin ölkədə təhsil sahəsində
həyata keçirdiyi uğurlu layihələrdən və
yeniliklərdən danışaraq qeyd etdi: "Məlum
olduğu kimi, hər bir ölkənin universiteti dövlətin
siyasi, iqtisadi və mədəniyyət səviyyəsinin
barometridir. Azərbaycanda dövlətin bu sahəyə xüsusi
qayğısı uzun illərdir ənənə halını
almışdır. Buna görə də Bakı Dövlət
Universiteti hazırda öz texniki bazası və elmi potensialı
ilə bölgədə analoqu olmayan bir elmi-təhsil
strukturudur. Əldə olunan nailiyyətlər beynəlxalq
elm və təhsil sisteminə inteqrasiyaya yönəldilmiş
islahatlar nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycanda təhsil sisteminin inkişafı,
müasir texnologiyaların tətbiq edilməsi, dünya təcrübəsindən
istifadə edilməsi və dünya təhsil məkanına
inteqrasiya məsələsində müəyyən addımlar
atılır. Hazırda ali təhsil sahəsində
keyfiyyətli idarə, müştərək akademik proqramlar,
universitetlərin sənaye zolaqları və yerli icmalarla
əməkdaşlıq, inkişaf etdirilmiş tədris,
texnologiyaların öyrənilməsi və texnoparkların
yaradılması kimi aktual problemlər gündəmdədir.
Xaricdə təhsil alan gənc kadrların tədrisə
cəlb olunması məsələsinə xüsusi diqqət
yetirilir. Bu, Azərbaycan Respublikasının təhsil
siyasətinə də uyğundur. Baxmayaraq ki, Azərbaycan
müharibə şəraitindədir, ölkəmizin iqtisadiyyatı
yüksək templə inkişaf edir. Prezidentimiz İlham
Əliyev ölkənin elm adamları qarşısına
iqtisadi potensialımızı intellekt kapitalına çevirmək
vəzifəsini qoymuşdur. Qabaqcıl dünya standartlarına
nail olmaq üçün dövlətimizdə mümkün olan bütün
vasitələrdən istifadə edilir". Bu istiqamətlərin hər biri ilə bağlı
fikir və mülahizələrini bildirən, Avrasiya məkanında
elmin, alimlərin inteqrasiyasının
əhəmiyyətini və əməkdaşlığın
səmərəsini xüsusi vurğulayan akademik Abel
Məhərrəmov sonda qurultay iştirakçılarını
Bakı Dövlət Universitetinin 90 illik yubileyində iştirak
etməyə dəvət etdi. Qeyd edək ki, həmin
ərəfədə Bakı Dövlət Universitetinin
rektoru, akademik Abel Məhərrəmov ilə Avrasiya Milli
Universitetinin rektoru Baxitjan Abdraimov "Qarşılıqlı
anlaşma və əməkdaşlıq haqqında"
Memorandum imzaladılar.
BDU-nun mətbuat və informasiya şöbəsi
Azərbaycan Dillər Universitetində Milli TEMPUS Məlumat Günü qeyd olundu Martın 6-da Azərbaycan Dillər
Universitetində Milli TEMPUS Məlumat Gününə həsr
olunmuş beynəlxalq konfrans keçirildi. Konfransda ADU-da
keyfiyyətin təminatı ilə yanaşı, 2008-ci
ildə TEMPUS IV proqramı üzrə təkliflərin
nəticələri, 2009-cu ildə TEMPUS IV çərçivəsində
təkliflərin verilməsinə dair II dəvət,
Azərbaycanda ən keyfiyyətli TEMPUS layihələri,
"Erazmus Mundus Xarici əməkdaşlıq təşəbbüsü"
proqramında Azərbaycan universitetləri üçün imkanlar
və ölkəmizdə TEMPUS və Milli TEMPUS Ofisinin rolu müzakirə
olundu. Tədbiri giriş sözü ilə ADU-nun
rektoru, millət vəkili, professor Səməd Seyidov açaraq
qeyd etdi ki, bu konfrans dövlətimiz və universitetlər
üçün çox əlamətdar hadisədir. O, TEMPUS
layihəsinin təkcə müəllim mübadiləsi kimi
deyil, Azərbaycanda təhsil islahatlarının göstəricisi
kimi dəyərləndirdi. Təhsil nazirinin müavini Elmar Qasımov
konfransın bu il daha geniş və yüksək
səviyyədə təşkil edildiyini vurğulayaraq
universitetlər arasında Azərbaycan Dillər
Universitetinin TEMPUS proqramı çərçivəsində,
həmçinin təhsil sahəsində beynəlxalq
əməkdaşlıq prosesində ən üstün yer tutduğunu
bildirdi. AB-nin Bakıda xüsusi nümayəndəsi
və ofisinin rəhbəri, səfir Alan Vaddams Avropa
Birliyinin əməkdaşlıq etdiyi bütün ölkələrdə
hər bir sahədə inkişafı qarşısına
məqsəd qoyduğunu və əsas diqqəti təhsil
sahəsinə yönəltdiyini qeyd etdi. "Avropa Komissiyası
əməkdaşımız olan bütün ölkələrə,
o cümlədən də Azərbaycana təhsil
sahəsində qarşısına çıxan
problemlərinin həlli üçün lazım olan dəstək
verəcək". TEMPUS proqramı
üzrə məsul şəxs, Təhsil və
Mədəniyyət üzrə Baş direktorluğunun
rəsmisi xanım Helen Skikos TEMPUS proqramı çərçivəsində
həyata keçirilmiş layihələrə nəzər
salaraq bildirdi ki, istənilən düzgün əsaslandırılmış
layihə Avropa Komissiyası tərəfindən
maliyyələşə bilər. "Layihələrin
təklifində keyfiyyətin təmin olunması çox vacib
məsələdir". Böyük ədibin yubileyi qeyd edildi Naxçıvan özəl Universitetində görkəmli
yazıçı Cəlil Məmmədquluzadənin 140 illik
yubileyi ilə bağlı tədbir keçirildi. Tədbiri
giriş sözü ilə universitetin rektoru, professor İsmayıl
Əliyev açaraq qeyd etdi ki, Azərbaycan Prezidenti İlham
Əliyevin "Cəlil Məmmədquluzadənin 140 illik
yubileyi haqqında" 6 fevral 2009-cu il
tarixli sərəncamının icrası ilə
əlaqədar Naxçıvan özəl Universitetində də
böyük ədibin həyat və yaradıcılığının
təbliği istiqamətində müxtəlif
tədbirlər keçirilir. O, böyük ədib
C.Məmmədquluzadənin həyat və yaradıcılığı
barədə məlumat verdi. Sonra ədəbiyyat kafedrasının baş
müəllimi Rafiq Babayev çıxış edərək qeyd
etdi ki, C.Məmmədquluzadə Azərbaycan
ədəbiyyatı tarixinə böyük demokrat ədib, milli
yazıçı, publisist, "Molla Nəsrəddin"
ədəbi məktəbinin yaradıcısı və kiçik
hekayənin böyük ustadı kimi daxil olmuşdur. "çay
dəstgahı" pyesi ilə ədəbiyyatımıza
mənzum alleqorik pyes janrını gətirmişdir. Onun
bədii nəsri ədəbiyyatımızda yeni hadisə
idi. C.Məmmədquluzadənin "Poçt qutusu",
"Usta Zeynal" kimi nəsr əsərləri, "ölülər",
"Danabaş kəndinin məktəbi" kimi dram
əsərləri Azərbaycan dramaturgiyasının inkişafında
yeni mərhələ təşkil edir. Sonda tələbələr "Poçt
qutusu" əsərindən səhnəciklər göstərdilər. Mina QASIMOVA, Naxçıvan özəl Universiteti mətbuat xidmətinin rəhbəri Qaxda yeni məktəb binaları inşa olunur Son
illərdə dövlət vəsaiti hesabına Qax rayonunun Qaşqaçay
kəndində 360 şagird yerlik, Şıxlar
kəndində 80 şagird yerlik, Heydər Əliyev Fondu
hesabına şəhər 1 nömrəli orta məktəbi
üçün 240 şagird yerlik, Turaclı kəndində 240 şagird
yerlik, Yaponiya hökumətinin qrantı hesabına Güllük
və İbaxlı kəndlərinin hər birində 240
şagird yerlik, Qazmalar və Amanlı
kəndlərində yerli vəsait hesabına 60 şagird
yerlik məktəb binaları inşa edilmişdir. Dövlət
vəsaiti hesabına Qaxbaş kənd 2 nömrəli,
Zərnə kənd orta məktəblərinin hər biri
üçün 80 şagird yerlik, Qaxbaş kənd 1 nömrəli orta
məktəb üçün yerli vəsait hesabına 80 yerlik
əlavə sinif otaqları tikilib istifadəyə verilmişdir.
2008-ci ildə dövlət proqramına uyğun olaraq şəhər
2 nömrəli orta məktəbin binası əsaslı
təmir edilmiş, şəhər 4 və 5 nömrəli
orta məktəb binalarında istilik sistemləri
yenidən qurulmuşdur. Baydarlı kəndində 360 yerlik, Almalı
kəndində 480 şagird yerlik orta məktəb binalarının
inşasına başlanılmışdır. Baydarlı
kənd orta məktəb binasında artıq son tamamlama işləri
aparılır. Almalı kəndində isə tikinti işləri
bu ilin may ayında başa çatacaqdır. M.NOVRUZOV "Gəlin, planetimizi qoruyaq!" Bakıdakı 8 nömrəli orta
məktəbdə "Gəlin, planetimizi qoruyaq!"
ekoloji tərbiyə mövzusunda tədbir keçirildi.
Məktəbin təlim-tərbiyə işləri üzrə
direktor müavini Sevinc Əliyeva günümüzün aktual mövzusu olan
ekoloji problemlərin həllində ekoloji tərbiyənin
elə orta məktəbdən aşılanmasının
vacibliyini qeyd etdi. Şagirdlərin ifasında "Meşə
sakinlərinin həyəcan təbili", "çəmənlik
çiçəklərinin hekayələri", "Dərman
bitkiləri haqda bədiyələr"
və başqa səhnəciklər göstərildi. "Gəlin, planetimizi qoruyaq!" ekoloji
tərbiyə mövzusunda göstərilən
səhnəciklərdə əsas məqsəd insanların
təbiətə sevgisini artırmaq, onları
təbiətə qarşı etdikləri haqsızlıqlardan
çəkindirməkdir. Səhnəciklərdə
məktəblilər hamıya tanış olan nağıl
qəhrəmanlarımızın simasında müasir dövrümüzdə
təbiətə vurulan zərbələrdən, heyvanat
və bitki aləminin "harayından" söhbət açdılar. Sonda məktəbin direktoru Aytən Baxşıyeva
bu maraqlı tədbiri hazırlayan müəllim və şagirdlərə
təşəkkürünü bildirdi. Şakir CƏFƏROV
|