· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Kurikulumlarla  işləyən  müəllimlərin  hazırlığı  üçün  nəzərdə  tutulan  təlim  kursunun  materialları  təqdim  olundu

Martın 10-da təhsil naziri Misir Mərdanovun iştirakı ilə kurikulumların tətbiq edildiyi ibtidai siniflərdə işləyən müəllimlərin nəzəri, eləcə də praktik cəhətdən hazırlıq səviyyələrinin artırılması ilə bağlı məsələyə həsr olunan iclas keçirildi. Tədbirdə təhsil  nazirinin müavinləri, müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri, Təhsil Problemləri İnstitutunun məsul əməkdaşları, alim və mütəxəssislər, paytaxtın bir sıra məktəblərinin direktorları, ibtidai sinif müəllimləri və b. iştirak edirdilər.

 İclası təhsil naziri Misir Mərdanov açaraq müzakirə olunan məsələnin  mühüm və aktual olduğunu dedi. Kurikulum üzrə maarifləndirmə tədbirlərinə 2006-cı ildən başlanıldığını söyləyən nazir 2007-2008-ci ildən artıq sistemli kursların keçirildiyini bildirdi. Məlumat üçün qeyd etdi ki, bu müddət ərzində yerli metodkabinetlərin metodistləri, hazırda I siniflərdə işləyən ibtidai sinif müəllimləri üçün təlim kursları təşkil olunmuş, yerli müəllimlərdən təlimçilər hazırlanmış və digər öyrədici xarakterli tədbirlər həyata keçirilmişdir. Bütün bunlar, təbii ki, müəllimlərin, eyni zamanda məktəb rəhbərlərinin kurikulum, müasir qiymətləndirmə, fəal təlim üsulları barədə məlumatlanmasına əhəmiyyətli təsir göstərmişdir. Artıq məktəblərimizdə məzmun və qiymətləndirmə standartlarının mahiyyətini hərtərəfli dərk edən, müasir təlim strategiyalarını praktik cəhətdən mənimsəyən, yeni dərsliklərlə səmərəli  işləməyi bacaran  xeyli müəllim vardır və onların sayı getdikcə artmaqdadır.

Təhsil naziri bu istiqamətdə hələ çox işlərin görülməsinin vacibliyini diqqətə çatdıraraq qeyd etdi ki, öyrədici tədbirlər  daha çox inkişafetdirici mahiyyət daşımalı, müntəzəm xarakter almalıdır. Bu səpgidə tədbirlərin davamlı  olaraq respublikanın bütün bölgələrində, kənd və şəhərlərində keçirilməsi  müsbət nəticələrin əldə olunmasına imkan və şərait yaradar. Nazir bildirdi ki, bu gün çox sürətlə dəyişən cəmiyyətimizin müəllimi də müasir dövrün tələblərinə uyğun dəyişməli, yüksək hazırlığa, biliyə, bacarığa və hərtərəfli  dünyagörüşünə malik olmalıdır. Təhsil naziri bununla bağlı  müəyyən fikir və mülahizələrini söylədi.

Təlim kurslarının həyata keçirilməsində YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirən nazir Misir Mərdanov birgə fəaliyyətin gələcək perspektivlərindən, görülməsi nəzərdə tutulan tədbirlərdən söz açdı.

Sonra nazir "2009-2010-cu dərs ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərində dərs deyəcək müəllimlər üçün təlim kursunun materialları" mövzusunda məruzə-təqdimat etmək üçün sözü Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin müdiri, "Kurikulum islahatının davam etdirilməsi və kurikulum islahatına dəstək" alt-komponentinin koordinatoru Aydın Əhmədova verdi.

Məruzə-təqdimatında 2009-2010-cu dərs ilində ümumtəhsil məktəblərinin I siniflərində  işləyəcək müəllimlər üçün bütün zəruri məsələlərin öz əksini  tapdığını deyən şöbə müdiri bu haqda iclas iştirakçılarına ətraflı məlumat verdi. Məruzəçi "2009-2010-cu dərs ilində ümumtəhsil məktəblərinin I siniflərində işləyəcək müəllimlər üçün öyrədici təlim kursunun təşkili haqqında" Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun əmrinə müvafiq olaraq bir sıra işlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu deyərək, təlim kursunun materialları barədə söz açdı. Məruzə-təqdimatda ilk öncə 2009-2010-cu dərs ilində I siniflərdə çalışacaq müəllimlər  üçün yeni fənn kurikulumlarının tətbiqi üzrə təlim kursunun proqramı diqqətə çatdırıldı.Daha sonra  fənn kurikulumlarının strukturu və məzmunu; müasir kurikulumlar və yeni təlim strategiyaları; fənn kurikulumları əsasında təlimin planlaşdırılması; ümumi təhsil sistemində yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi; yeni dərsliklərlə işin xüsusiyyətləri mövzularının hər biri haqqında ayrı-ayrılıqda geniş danışıldı. Burada öz əksini tapan kurikulumun mahiyyətindən, əsas pedaqoji anlayışlardan, fənn kurikulumunun strukturu və məzmunundan, orada əhatə olunan məsələlərdən, kurikulum islahatını  zəruri edən səbəblərdən, Milli Kurikulumdan fənn kurikulumuna keçid və bunlar arasındakı fərqlərdən, ümumi təhsilin pillələri üzrə təlim nəticələrindən, fənn kurikulumunun strukturundan, qiymətləndirmə sxemlərinin mahiyyətindən, təlimin təşkilinə verilən əsas tələblərdən, planlaşdırmanın növlərindən, perspektiv planlaşdırma aparmaq məqsədilə müəllim üçün zəruri hesab edilən bacarıqlardan, təlim məqsədi baxımından dərslik  komplektinin qarşılıqlı əlaqələndirilməsindən və digər məsələlərdən söz açıldı.

Şöbə müdiri A.Əhmədov məruzə-təqdimatda həmçinin söylənilən məsələlərlə bağlı nümunələr gətirdi, xüsusi hazırlanmış şəkillərin vasitəsilə deyilənlərin ətraflı şərhini verdi. Məruzəçi onu da qeyd etdi, təlim kursunun proqramındakı mövzuların daha çox praktik şəkildə mənimsədilməsi nəzərdə tutulmuşdur. Ona görə də proqrama daxil edilmiş Milli Kurikulum, fənn kurikulumları, təlim strategiyaları, təlimin planlaşdırılması, qiymətləndirmə mexanizmləri ilə əlaqədar mövzular məhz həmin məqsədə xidmət edir.

İclası təhsil naziri Misir Mərdanov yekunlaşdıraraq məruzə-təqdimatda görüləcək işlərin olduqca əhatəli və geniş şəkildə öz əksini tapdığını söylədi. Nazir təqdimatda deyilənlərin təhsil işçiləri üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirərək onun kitabça və eyni zamanda elektron variantının hazırlanıb məktəblərə, müəllimlərə çatdırılmasını məqsədəuyğun hesab etdi.

ölkənin təhsil sistemində həyata keçirilən tədbirlərin, tətbiq edilən yeniliklərin son nəticədə təhsilimizin inkişafına xidmət etdiyini deyən nazir Misir Mərdanov təhsil müəssisələrinin rəhbərlərinə, xüsusilə Təhsil Nazirliyinin bilavasitə tabeliyində olan məktəblərin direktorlarına, həmçinin alim və mütəxəssislərə bir sıra tövsiyələr verdi.

 

Samirə KƏRİMOVA