· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Aspirantların və gənc tədqiqatçıların XIII Respublika elmi konfransı

Martın 6-da Azərbaycan Dövlət İqtisad Universitetində aspirantların və gənc tədqiqatçıların XIII Respublika elmi konfransı keçirildi.

Konfransın təntənəli açılış mərasiminin iştirakçılarını salamlayan Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov ölkəmiz müstəqillik əldə etdikdən sonra artıq on üçüncü dəfə təşkil edilən bu tədbirin gənclərin elmi-tədqiqat işinə maraqlarının artırılmasında, onların elmi araşdırmalarının nəticələrinin müzakirə edilməsində çox böyük əhəmiyyət kəsb etdiyini bildirdi.

Təhsil naziri elmi konfransda 20 ali məktəbin 300-dək gənc alim və tədqiqatçısının iştirak etdiyini diqqətə çatdırdı və ölkənin 50 ali təhsil müəssisəsinin bir çoxunun bu vacib tədbirdə təmsil olunmadığını təəssüf hissi ilə qeyd etdi.

Mərasimdəki çıxışında Misir Mərdanov hazırda ölkəmizdə gənclərin həm təhsili, həm də elmi-tədqiqatçılıq fəaliyyətləri üçün hər cür şərait yaradılmasından bəhs edərək bu istiqamətdə həyata keçirilən tədbirlər, xüsusən ölkə Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində görülən işlər haqqında danışdı. Möhtərəm Prezidentin diqqət və qayğısını qeyd edərək məsuliyyəti daha da artırmağın, elm və təhsilin inkişaf tempini, tədrisin keyfiyyətini yüksəltməyin vacibliyi haqqında danışan nazir bildirdi ki, sovet dövründə hər kafedrada bir neçə elmi seminar keçirilirdi. Gənclər bu işdə həvəslə iştirak edirdilər və onlara müəyyən tapşırıqlar verilirdi. Sovet elminin inkişafında bu amilin çox böyük rol oynadığını deyən Misir Mərdanov həmin ənənənin bərpa olunmasını tövsiyə etdi. Respublikamızda elmi işlə məşğul olanların əksəriyyətinin yaşlılar olduğunu deyən nazir öz qabiliyyətlərini göstərmək üçün gənclərə də vaxtında imkan yaratmağın zəruriliyini vurğuladı. Təhsil naziri Misir Mərdanov çıxışının sonunda tədbirin təşkil edilməsində əməyi olan hər kəsə və ev sahibliyini öhdəsinə götürmüş Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyinə təşəkkürünü bildirərək aspirantların və gənc tədqiqatçıların XIII Respublika elmi konfransını açıq elan etdi və iştirakçılara uğurlar arzuladı. Ən yaxşı işlərin rəğbətləndiriləcəyini diqqətə çatdıran nazir bildirdi ki, 19 bölmənin hər birində I yeri tutanların mükafatlandırılması, ən yaxşı nəticəni göstərən 3 tədqiqatçıya isə noutbuk hədiyyə edilməsi nəzərdə tutulub.

Mərasimdə çıxış edən millət vəkilləri, ADİU-nun rektoru Şəmsəddin Hacıyev və BDU-nun rektoru Abel Məhərrəmov universitetlərdə elmi istiqamətin inkişaf etdirilməsi, tələbə və gənclərin beynəlxalq layihələrdə iştirakı, yalnız ən istedadlı və layiqli tədqiqatçıların elmi dərəcə ala bilmələri məqsədilə müəyyən tədbirlərin həyata keçirilməsi və s. məsələlərdən söz açdılar.

Konfrans iştirakçıları adından çıxış edənlər gənclərə yaradılan bu şəraitə görə təşəkkürlərini bildirdilər.

Təhsil nazirinin müavini İradə Hüseynova təşkilati məsələlərlə bağlı məlumat verdi.

Plenar iclas başa çatdıqdan sonra konfrans öz işini bölmələrdə davam etdirdi. Qeyd edək ki, aspirant və gənc tədqiqatçıların XIII Respublika elmi konfransında 19 bölmə üzrə 300-dək məruzənin dinlənilməsi nəzərdə tutulmuşdu.

 

Hicran ƏKBƏROVA