|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Muğam
festivalı ilk dəfə Bakıda keçiriləcək Son illərdə Şərq xalqlarının
ənənəvi musiqisinin özünəməxsus janrlarının,
o cümlədən Azərbaycan muğamının qorunması
və inkişafı ümumdünya miqyasında diqqət
mərkəzindədir. YUNESKO-nun bəşəriyyətin
şifahi və qeyri-maddi irsinə dair şah
əsərlərindən ibarət dünya siyahısına
Azərbaycan muğamının daxil edilməsi bədii
dəyərə malik olduğunu sübut edir. Heydər Əliyev Fondu,
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan
Bəstəkarlar İttifaqının təşkilatçılığı
ilə Bakıda keçiriləcək "Muğam
aləmi" Beynəlxalq musiqi festivalı - 2009"-a
Azərbaycan Mədəniyyətinin Dostları Fondu və
Təhsil Nazirliyi dəstək verir. Bakıda həmçinin
festivalda iştirak hüququ verən 1-ci Respublika muğam müsabiqəsi
keçirilib. Bu məqsədlə martın 7-də Təhsil
Nazirliyində təşkil olunmuş mətbuat konfransında
təhsil naziri Misir Mərdanov bildirdi ki, ölkəmizdə
son dövrlərdə muğama, xalq sənətinə, milli
adət-ənənələrə böyük diqqət
yetirilir. Bu, əsasən YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyevanın
adı ilə bağlıdır. Heydər Əliyev
Fondunun bütün sahələrdə gördüyü işlərin
sorağı təkcə ölkəmizdə deyil, dünyanın
müxtəlif ölkələrindən gəlir. Heydər Əliyev
Fondunun dəstəyi ilə keçirilən 1-ci Respublika muğam
müsabiqəsinə 20-35 yaşlı ifaçılardan
ibarət 104 nəfər müraciət edib. 1-ci turda iştirak edən 27 nəfər
ifaçıdan 10-u 2-ci tura qatılıb. 2-ci turun 3
nəfər qalibi isə Beynəlxalq musiqi festivalında iştirak
etmək hüququ qazanmışdır. Qaliblərə müvafiq
olaraq 5000, 4000 və 3000 manat məbləğində pul mükafatı
verilmişdir. Sonra Milli Konservatoriyanın rektoru Səyavuş
Kərimi keçiriləcək festivalın təşkili
və şərtləri barədə geniş məlumat
verdi. 18-25 mart tarixlərində keçiriləcək festivalda
dünyanın 40-dək ölkəsindən ifaçı,
tədqiqatçı, sənət adamları və musiqiçilər
iştirak edəcəklər. Beynəlxalq münsiflər
heyətində 3 azərbaycanlı təmsil olunacaq.
Konsertlər isə müxtəlif mədəniyyət
mərkəzlərində muğamsevərlərə
təqdim ediləcək. Dünyada ilk dəfə təşkil
olunan bu festival hər 2 ildən bir ayrı-ayrı ölkələrdə
keçiriləcəkdir. Beynəlxalq musiqi festivalının 4 qalibi
yüksək məbləğdə pul mükafatına laiyq görüləcəkdir.
Sonda jurnalistləri maraqlandıran suallara
cavablar verildi. Fazil İDRİSOĞLU |