· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Türkiyədə peşə təhsili

Müasir cəmiyyətdə baş verən sürətli dəyişikliklər bir daha sübut edir ki, təbii ehtiyatlara tələbat qeyri-stabil olsa da, insan kapitalına olan tələbat həmişə yüksək dəyərləndirilir. Son zamanlar qloballaşan dünyada baş verən böhran ölkələri təbii ehtiyatlardan daha səmərəli istifadə etməyə və daha çevik iqtisadi münasibətlərin formalaşmasına sövq edir. Bu proses bir daha bilik iqtisadiyyatının əhəmiyyətini artırır. Son illər Türkiyə Respublikasının sosial-iqtisadi həyatında baş verən yüksəlişlərin səbəbləri təhlil edilərkən zəngin təbii resurslara malik olmayan bir ölkənin ixracat potensialının artması iqtisadçıları çox maraqlandırır. Təhlilin nəticəsi kimi, bir faktor daha çox büruzə verir ki, ölkə bilik iqtisadiyyatının formalaşmasında böyük irəliləyişlər əldə etmişdir. Belə ki, ixracatın böyük hissəsini məhz yüksək bilik tələb edən texnologiya, maşınqayırma və cihazqayırma sahəsi təşkil edir. Şübhəsiz ki, bilik iqtisadiyyatının formalaşmasında təhsil sistemi aparıcı bir qüvvəyə çevrilir. Məhz bunu nəzərə alaraq qardaş ölkənin təhsil sistemində, xüsusən ölkənin rəqabət qabiliyyətliliyinin artırılmasında böyük rol oynayan peşə təhsilinin özəllikləri barədə bir neçə söz demək istərdik.

 

Türkiyə Respublikası Konstitusiyasının (Anayasası) 42-ci maddəsinə əsasən hər kəs təhsil almaq hüququna malikdir. Təhsil prosesi dövlətin nəzarəti və müşahidəsi altında həyata keçirilir və təhsil siyasətinin aparılmasına məsul qurum Türkiyə Milli Təhsil Nazirliyidir. 

Türkiyə milli təhsil sistemi ümumi təhsil və məktəbdənkənar təhsil olmaqla 2 əsas hissədən ibarətdir. ümumi təhsil - məktəbəqədər təhsil, ibtidai, orta təhsil və ali təhsil pillələrini, məktəbdənkənar təhsil isə müxtəlif dərnəklər, peşə təhsili və xalq təhsili mərkəzlərini əhatə edir.

 Bu mərkəzlərdə məktəbdənkənar və yaxud da məktəb dövründən vətəndaşlar öz maraq dairələrinə əsasən müxtəlif peşə və sənət öyrənirlər.

Türkiyə Milli Təhsil Qanununa əsasən təhsilin məqsədi vətəndaşların türk dövlətinin dəyərlərini mənimsəməsinə, ölkəsi qarşısında vəzifə və məsuliyyətini bilməsi və öz davranışlarında bunlara riayət etməsinə, müasir texnologiyadan istifadə bacarığının formalaşmasına, insan haqlarına hörmətlə yanaşmasına və demokratik vətəndaş kimi yetişməsinə yardım etməkdir. Vətəndaşları gələcəyə hazırlamaq, özlərinin və cəmiyyətin xöşbəxtliyinə səbəb ola biləcək bir peşəyə yiyələnmələrinə yardım etmək əsas məqsədlərdəndir.  

Türkiyə təhsil sisteminin strukturu aşağıdakı kimidir:

- Məktəbəqədər təhsil;

- İbtidai təhsil (8 il);

- Orta təhsil (4 il);

- Ali təhsil (2, 4, 6 il)

- Diplomdansonrakı təhsil

Türkiyədə ibtidai təhsilin müddəti 8 ildir, bu dövr 6-14 yaşlı uşaqların tədris və təlimini əhatə edir. Bu təhsil davamlı tədris prosesini təmin etməklə məzunlara ibtidai təhsil diplomu verir. Türkiyə Respublikasının Təhsil Qanununa əsasən ibtidai təhsil icbaridir və pulsuzdur.

Dövlət ibtidai məktəbləri ilə yanaşı, həmçinin özəl ibtidai məktəblər də fəaliyyət göstərir. İbtidai təhsilin məqsədi şagirdlərin vətənpərvər bir vətəndaş olmaları üçün vacib sayılan minimum bilik, bacarıq, davranış və vərdişlər qazanmalarına, maraq və bacarıqları əsasında daha yüksək təhsil əldə olunmasına kömək etməkdir. İbtidai məktəbin son dərs ilinin ikinci yarısından başlayaraq şagirdlərin orta məktəbdə oxuyacaqları proqram və peşə ixtisasları barədə təhsil müəssisələri tərəfindən məlumatlandırılma aparılır.

İbtidai təhsil pilləsini bitirən şəxslər təhsillərini orta təhsil səviyyəsində davam etmək imkanı qazanırlar. Orta təhsilin müddəti 4 il olmaqla ümumi, texniki və peşə təhsili müəssisələri şəbəkəsindən ibarətdir. Orta təhsilin məqsədi şagirdlərə minimum səviyyədə davranış qaydaları barədə məlumat verməyə, onların demokratik cəmiyyət üçün məsuliyyət daşımağa hazır olmalarına, insan hüquqlarına hörmətlə, ölkənin sosial-iqtisadi və mədəni inkişafına yardım edəcək səviyyədə bilikli, bacarıqlı və istedadlı şəxs kimi yetişməsinə yardım göstərməkdir.  Orta təhsil zamanı şagirdlər bilik, bacarıq və qabiliyyətlərinə müvafiq tədris proqramı olan təhsil müəssisələrinə istiqamətləndirilərək təhsil alırlar.

1. ümumi orta təhsil

2. Anadolu liseyləri

3. Fənn liseyləri

4. Anadolu gözəl sənətlər liseyləri

5. Müəllim liseyləri

6. Axşam liseyləri

7. özəl liseylər

olmaqla 7 müxtəlif

istiqamətli məktəbləri əhatə edir.

Liseylərin belə bölünməsinin bir sıra səbəbləri vardır. Belə ki, bu, şagirdlərə öz bilik və maraq dairələrinə uyğun olaraq məktəb seçmək hüququ qazandırır və gələcəkdə işləmək istədiyi sahə üzrə əvvəlcədən müəyyən hazırlıq keçmək imkanı yaradır. Bunu ixtisaslaşma kimi də qəbul etmək olar.

Bu proses peşə təhsili müəssisələrində də davam etdirilir. Belə ki, texniki və peşə məktəbləri qız peşə məktəbləri, oğlan texniki məktəbləri, ticarət və turizm məktəbləri, dini məktəblər və tibb məktəbləri olmaqla 5 qrupa bölünürlər. Texniki və peşə orta təhsilin əsas məqsədi şagirdləri ali təhsilə hazırlamaqla bərabər, sərbəst həyata qədəm qoymaları üçün tələb olunan minimum bilik və bacarıqların aşılanması, həmçinin ali məktəbə qəbulun məhdudluğunu nəzərə alaraq iş və peşə sektorları üçün ixtisaslı kadrlar hazırlamaqdır.

Həm orta təhsildə, həm də texniki və peşə təhsilində ixtisaslaşmanın daha bir özəlliyi ondan ibarətdir ki, bu məktəblərin məzunları ixtisaslaşdıqları sahələr üzrə ali məktəblərə qəbul zamanı bir sıra üstünlüklərə sahib olurlar. Misal üçün, texniki məktəblərin məzunları universitetlərin texniki və yaxud da mühəndislik fakültələrinə qəbul zamanı hesablanan balların əmsalı humanitar təmayüllü liseylərdən gələn məzunların ballarından yüksək olur. Bu, həm ali məktəblərə təsadüfən düşən tələbələrin sayının azalmasına yardım edir, həm də ali məktəbdə oxumaq şəraitini asanlaşdırır. Belə ki, orta, texniki və peşə məktəbində ixtisaslaşmış şagirdlər artıq bu sahə üzrə müəyyən bilik və bacarıqlara malik olurlar və bu da  təhsillərini ali təhsil pilləsində davam etdirmələrinə  yardım göstərir.

Ali təhsil (yüksəköyrətim) orta təhsildən sonra ən azı 2 il ali təhsil verən yüksək peşə təhsili diplomu, diplom və diplomdansonrakı (bakalavr, magistratura və doktorantura) pillələrini əhatə edir. Ali təhsil sahəsi universitet, institut, ali məktəb, konservatoriya, ali peşə məktəbləri və tətbiqi-elmi araşdırmalar mərkəzlərindən ibarətdir. Ali təhsilin ödənişli olmasına baxmayaraq, burada müvəffəqiyyət səviyyəsi və istedadlı tələbələr üçün dövlət, özəl sektor və fiziki şəxslər tərəfindən müəyyən edilmiş təqaüdlərin verilməsi təcrübəsi də geniş yayılmışdır.

Universitetlərə bağlı fakültələrə və ali məktəblərə qəbul ildə bir dəfə Ali Təhsil Qurumuna daxil olan Tələbələrin Seçilməsi və Yerləşdirilməsi Mərkəzi tərəfindən aparılan test imtahanı nəticəsində müəyyənləşdirilir. Xarici tələbələrin Türkiyədə oxuması da, bu mərkəz tərəfindən ildə bir dəfə təşkil edilən imtahanların nəticələrinə uyğun aparılır. Xarici tələbələr üçün təşkil edilən imtahanlar türk və ingilis dillərində olduğundan onların türk dilini bilməsi vacib şərt deyildir.

Qeyd etməliyik ki, Türkiyədə texniki və peşə məktəblərinin məzunları ixtisaslaşdıqları sahələr üzrə yüksək peşə məktəblərinə daxil olan zaman imtahansız qəbul olunmaq imkanı qazanırlar. Bu isə texniki və peşə təhsilini daha cəlbedici edir və təhsilin davamlılığına təminat verir.

Türkiyədə bütün universitetlər və ali məktəblər Yüksək öyrətim Kurumuna (YöK - Ali Təhsil İdarəsi) tabedir. YöK Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən müstəqil idarə olmaqla ali məktəblərin fəaliyyətini, onların ehtiyaclarını, inkişaf etdirilməsi planını hazırlayır, müxtəlif ixtisaslar üzrə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə tələbə və müəllimlərin ölkədaxili, eləcə də ölkə xaricində təlimini təşkil edir və tənzimləyir. Bundan əlavə, ali məktəblər arasında əlaqələri koordinasiya edir. YöK-ün tərkibində ali təhsil müfəttişliyi, dəqiq planlama, araşdırma, inkişaf etdirmə, dəyərləndirmə, büdcə, investisiya və koordinasiya funksiyasını daşıyan şöbələr daxildir.

Savadsızlığın aradan qaldırılması və işsizlik probleminin həllində məktəbdənkənar müəssisələrin böyük rolu vardır. ümumtəhsil məktəbləri ilə yanaşı, Türkiyədə çoxlu sayda peşə təhsili və xalq təhsili mərkəzləri fəaliyyət göstərir. Peşə təhsili mərkəzlərində ibtidai təhsili başa vuran, lakin sonradan təhsillərini davam etdirməyən şəxslər üçün peşə təlimi keçirilir. Bu mərkəzlərin peşə məktəblərindən əsas fərqi ondan ibarətdir ki, burada yalnız peşə öyrədilir və daha çox istehsalat təcrübəsinə vaxt ayrılır. Belə ki, peşə mərkəzlərinin dinləyiciləri həftənin bir günü mərkəzdə nəzəri biliklər əldə edirlər, dörd gün isə müəssisələrdə təcrübə keçirlər. Belə mərkəzlərin məzunlarına usta yardımçısı və usta diplomları təqdim olunur, onlara iş açmaq və işə düzəlmək imkanı yaradılır. Xalq sənət mərkəzlərinə isə daha çox incəsənət, xalq milli adət-ənənələrinə xas olan qədim peşələrin öyrədilməsi və müxtəlif dərnəklər aid edilir.

Türkiyə cəmiyyətinin inkişafında peşə təhsili sistemi çox böyük rol oynayır. Rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşması üçün lazım olan əsas faktorlardan biri də ölkənin ixtisaslı kadrlara malik olmasıdır. Türkiyə bu istiqamətdə xeyli nailiyyətlər əldə etmişdir. Bu, ölkənin Avropaya inteqrasiyasını gücləndirmək baxımından da peşə təhsili sisteminin təkmilləşdirilməsi vacib amildir. Məhz bu baxımdan son illər qardaş ölkədə peşə təhsili sahəsinə ayrılan dövlət və qeyri-dövlət maliyyəsinin həcmi artmışdır.

2007-2008-ci ilin statistik göstəricilərinə əsasən, Türkiyədə fəaliyyət göstərən 4450 peşə təhsili müəssisələrində 1.264870 nəfər şagird təhsil almışdır. Onların təlim tərbiyəsi ilə isə 84771 nəfər pedaqoji heyət məşğul olmuşdur. Təsadüfi deyildir ki, son 6 ildə inşa edilən 4245 yeni məktəbdən 988-i peşə təhsili müəssisələri olmuşdur.

Avropa Birliyinə qəbul olunması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər bu ölkənin peşə təhsili sisteminin də rəqabətqabiliyyətliliyini artırmışdır. Belə ki, son illər bu sahədə aparılan məqsədyönlü islahatlar ölkə daxilində peşə təhsili müəssisələrində hazırlanan kadrların səviyyəsinin Avropa Birliyi ölkələrinin standartlarına uyğun olması, onların əldə etdikləri diplomların Avropada tanınmasına səbəb olmuşdur. Son 40 ildə ilk dəfə olaraq tədris proqramları yeniləşmiş, peşə təlimində modul sisteminə keçilmişdir. Bundan əlavə, digər nazirliklərin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Bu qərar bütün təhsil müəssisələrinin vahid mərkəzdən idarəedilməsinə gətirib çıxarmış, həmçinin proqramların təkrarlanmamasına şərait yaratmışdır.

Türkiyə Təhsil Nazirliyinin bu sahədə apardığı siyasət əsasən aşağıdakı istiqamətlərə yönəlmişdir:

 

* Müxtəlif inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi;

* Mühəndis-pedaqoji heyət üçün həm ölkə daxilində, həm də ölkə xaricində təlim kurslarının təşkil edilməsi;

* İşçilərin peşə təliminə cəlb olunması mexanizminin yaradılması;

* Məktəblərin emalatxana və laboratoriyalarının müasir avadanlıqlarla təchiz edilməsi;

* Büdcədənkənar vəsaitlərin əldə edilməsi imkanlarının genişləndirilməsi.

 

Avropa Birliyinin standartlarına uyğun səviyyədə peşə təhsili sisteminin yaradılması istiqamətində atılan addımlardan biri də 4 iyul 2000-ci ildə Türkiyə Respublikası hökuməti ilə Avropa Birliyi arasında "Peşə Təhsili və Təlimi Sisteminin Təkmilləşdirilməsi Layihəsi (MEGEP) haqqında" müqavilənin imzalanması olmuşdur.

Layihənin ümumi büdcəsi 58.2 milyon avro olan Peşə Təhsili və Təlimi Sisteminin Təkmilləşdirilməsi Layihəsi Türkiyədə peşə təhsili sisteminin inkişaf etməsində böyük rol oynamışdır. Məhz layihənin həyata keçirilməsi nəticəsində ənənəvi peşə tədris proqramları modul proqramları ilə əvəz olundu, peşə və təhsil standartları işəgötürən təşkilatların prosesə fəal cəlb olunması nəticəsində yeniləşdirildi, yeni akkreditasiya və qiymətləndirmə mexanizmləri yaradıldı. Peşə təhsili müəssisələrinin təmiri, yenilərinin tikilməsi və müasir avadanlıqlarla təchizi ilə yanaşı, onların fəaliyyətinin inkişafı üçün qanunverici bazanın dəyişdirilməsi, maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsi, daha çox büdcədənkənar vəsaitlərin cəlb edilməsi imkanlarının yaradılması həyata keçirilmişdir. Bu gün Türkiyədə fəaliyyət göstərən peşə təhsili müəssisələrinin bir hissəsi büdcədənkənar vəsaitlərin cəlb edilməsində böyük təcrübə qazanmışdır və onların özünün maliyyələşdirilməsinə yardım etməkdədir.

Peşə təhsilinin keyfiyyət göstəricilərinin yüksəldilməsi məqsədilə işəgötürən sahibkarlarla sıx əlaqələr yaradılmışdır. Peşə və təhsil standartları sektor nümayəndələri ilə birlikdə yeniləşmişdir. Həmçinin, ömürboyu peşə təhsili sistemi inkişaf etdirilmişdir.

Peşə təhsili müəssisələrinin fəaliyyətində daha bir cəlbedici məqam onların maliyyələşdirilməsində büdcədənkənar gəlirlərin böyük pay almasıdır. Belə ki, bir çox peşə təhsili müəssisələrinin nəzdində istehsalat emalatxanaları, otellər, kafelər fəaliyyət göstərərək, əldə etdikləri gəlirləri məktəbin inkişafına yönəltməklə bir sıra problemlərin həll olunmasına nail olurlar. Qeyd etməliyik ki, bu müəssisələr heç də böyük güzəştlərlə işləmir və digər istehsalat və xidmət müəssisələri ilə eyni imtiyaz və hüquqlara malik olurlar. Lakin özəl müəssisələrdən fərqli olaraq, bu strukturlarda istehsal olunan məhsul və təqdim edilən xidmət daha ucuz qiymətə başa gəlir və keyfiyyət göstəricilərinə görə də geri qalmır. Dövlət müəssisələrinin bir qismi bəzi sifarişləri məhz peşə təhsili müəssisələrində fəaliyyət göstərən istehsalat müəssisələrinə verirlər. Bu da peşə təhsili müəssisələrinin əlavə gəlir əldə etmək imkanını yüksəldir.

Türkiyədə fəaliyyət göstərən peşə təhsili müəssisələri büdcənin formalaşdırılmasında və xərclənməsində daha çox sərbəstliyə malik olurlar. Qeyd etməliyik ki, gəlirlərin formalaşması və xərclənməsi prosesində məktəbin himayəçilik şurasının üzvləri də fəal iştirak edirlər və onlar gəlirlərin səmərəli xərclənməsinə çox ciddi nəzarət edirlər.

Türkiyənin ali məktəblərində texniki və peşə məktəbləri üçün mühəndis-pedaqoji heyətin hazırlanması ilə əlaqədar xüsusi fakültələrin olması da bu istiqamətdə problemlərin aradan qaldırılmasına imkan yaradır. Fikrimizcə, bu gün respublikamızda da müxtəlif universitetlərin nəzdində belə fakültələrin yaradılması peşə təhsili müəssisələrimizdə mövcud olan ixtisaslı kadrlara tələbatın aradan qaldırılmasına köməklik göstərərdi.

Türkiyə peşə təhsili sisteminin bir başqa diqqətçəkən məqamı ilkin, yəni peşə və texniki liseylərin məzunlarının imtahan vermədən növbəti təhsil pilləsində bilik almaq imkanları əldə etmələridir. Yəni, bu məzunlar ixtisaslarına uyğun olaraq kollec və yüksək peşə təhsili məktəblərində təhsillərini imtahan vermədən davam etdirə bilirlər. Eyni zamanda peşə təhsili müəssisələrinin məzunlarına ustalıq sertifikatı təqdim edilərək, onlara yeni iş yerləri açmaq imkanlarının verilməsi, işə götürülərkən peşə təhsili sənədinə malik olması vacibliyi də önəmli faktordur. Bu isə peşə təhsili müəssisələrinin məzunlarına tələbat yaradır və onun ictimai statusunun yüksəlməsinə kömək edir. Son nəticədə əmək bazarında ixtisaslı kadrların bolluğu işəgötürənlərin fəaliyyətinə müsbət təsirlə bərabər, işçilər arasında rəqabətliyi də artırır.

Bununla yanaşı, qardaş ölkədə qeyri-formal peşə təhsili də sürətlə inkişaf etməkdədir. Bu gün "Avropa İxtisaslaşma çərçivəsi" sənədinə qoşulan Türkiyədə peşə və təhsil standartları yeniləşmişdir, bunun əsasında yeni qiymətləndirmə mexanizmi yaradılmışdır. Qeyd etməliyik ki, peşə ixtisas səviyyəsinin qiymətləndirilməsi məqsədilə Türkiyədə müstəqil bir qurum yaradılmış və bu qurumun əsas məqsədi işəgötürənlərlə birlikdə peşə təhsili müəssisələrinin məzunlarının əmək bazarının tələblərinə uyğun olaraq bilik və bacarıq əldə etmələrini qiymətləndirməkdir. Məhz bu qiymətləndirmə prosesindən keçdikdən sonra əldə edilən diplom həm Türkiyədə, həm də Avropada tanınır. Bu isə vətəndaşlara sərbəst olaraq ölkə daxilində və ölkə xaricində iş axtarmaq imkanı verir.

Son illərdə isə Türkiyə Təhsil Nazirliyi ilə Avropa Birliyi üzvləri, eləcə də Yaponiya, Koreya və s. ölkələrlə geniş əlaqələr yaradılmışdır. Hazırda müxtəlif sahələrdə birgə layihələr həyata keçirilməkdədir. Qeyd etmək istərdik ki, Türkiyə biznesinin "nəhəngləri" də peşə təhsilinin inkişafında fəal iştirak etməkdədir. Belə ki, "Koç", "Sabançı Holdinq", "Mersedes" və s. şirkətlərin özlərinin tabeliyində fəaliyyət göstərən peşə mərkəzləri mövcuddur. Bundan əlavə, böyük şirkətlər peşə təhsili müəssisələrinin şagirdləri üçün təqaüdlər müəyyən edərək, onların arasından bacarıqlı və bilikli kadrları seçib öz müəssisələrinə cəlb edirlər. Bu, şirkətlərin ixtisaslı kadrlara olan tələbatını ödəyir, həmçinin peşə təhsili müəssisələrinə müraciət edənlərin sayını artırır. Peşə təhsili müəssisələri məzunlarının iş tapmaq imkanlarının geniş olması buraya müraciət edən şəxslər üçün bir stimul rolunu oynayır. Bu da peşə təhsilinin ictimai statusunun yüksəlməsinə  köməklik göstərir.

Sonda onu qeyd etmək istərdik ki, hər bir ölkənin inkişafında onun təhsil sistemi çox böyük rol oynayır. Peşə təhsili də bu sistemin bir tərkib hissəsidir və onun inkişafı da ümumilikdə təhsil sisteminin inkişafı ilə paralel getməlidir. Peşə təhsili həmçinin ölkənin sosial-iqtisadi təhlükəsizliyinin təmin edilməsində mühüm bir vasitədir və bu vasitədən səmərəli istifadə edən ölkələr sürətli inkişafa nail olurlar. Bununla əlaqədar 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)" sərəncam respublikamızda da bu sahənin sürətlə inkişaf etməsinə təkan verəcək. Şübhəsiz, bu proqramın icrası zamanı Türkiyə təcrübəsindən istifadə böyük əhəmiyyət kəsb edəcəkdir.

 

Halis KOYUNCUOĞLU,

Türkiyə Respublikası

səfirliyinin

təhsil müşaviri,

 

Namiq MƏMMƏDOV,

Təhsil Nazirliyinin Texniki

peşə təhsili şöbəsinin müdiri