Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

18 Dekabr 2009 - ¹49

 

Şirməmməd Hüseynov - 85

Azərbaycan jurnalistikasının canlı korifeyi

 

Hər yerdə və hər şəraitdə danışıqla işin, sözlə əməlin vəhdəti, zəruri, qırılmaz əlaqəsi barəsində belə bir kəlam var:

- Ya olduğun kimi görün, ya göründüyün kimi ol.

ümumi mənada bu fikrin doğruluğuna, böyük bir mətləb və mənanı, həyat həqiqətini əks etdirməsinə şübhə edən, təbii ki, tapılmaz. Bəs ona layiqincə əməl edənlər necə, belələri həyatda istənilən, arzu edilən qədərdimi? Təəssüf ki, həmin suala müsbət cavab vermək mümkün deyil. çünki ülvi keyfiyyətləri yalnız istək və arzu ilə, ötəri təşəbbüslə əxz etmək, özündə formalaşdırmaq imkan xaricindədir. İstisnasız olaraq hamı yaxşı görünməyə, ətrafındakılara xoş təsir bağışlamağa çalışır. Lakin bunun üçün istək, həvəs azdır, onu doğuran, əsaslandıran əlamət, əməl də olmalıdır. Obrazlı ifadə ilə demiş olsaq, binanın davamlılığı, möhkəmliyi bünövrədən, təməl daşlarından asılı olduğu kimi, insanın da yüksək mənəvi-əxlaqi keyfiyyətləri ana südündən, ata öyüdündən, ailədə, bağçada, məktəbdə aldığı tərbiyədən başlayır. Bəli, gələcək layiqli vətəndaşı məhz bu kimi amillər formalaşdırır, mətinləşdirir, ölkəsinə, xalqına, mənsub olduğu cəmiyyətə xidmət ruhunda tərbiyələndirir.

Bu əlamətlər Şirməmməd Hüseynov üçün son dərəcə səciyyəvidir. Ancaq onu fərqləndirən başqa keyfiyyətlər də var. Hər şeydən əvvəl, sabitliyi sevən adamdır. Elələri var ki, işini, əmək sahəsini, sənət və ya peşəsini tez-tez dəyişməyi özünə adət edib, bir və ya bir neçə il eyni yerdə, eyni kollektivdə çalışmaq ona darıxdırıcı, yorucu görünür, nəticədə iş yerlərinin sadalanmasına bir əmək kitabçası da bəs  etmir. Şirməmməd müəllim isə ilk gənclik dövründə "Şəki fəhləsi" qəzetində əmək fəaliyyətinə başladığı jurnalist peşəsinə sədaqəti ilə seçilib. Sonralar fizika-riyaziyyat ixtisası üzrə Şəki Şəhər İkiillik Müəllimlər İnstitutunu bitirsə də, jurnalistika sahəsi yenə onu özünə ahənrüba kimi cəlb edib və bu minvalla "Niyyətin hara, mənzilin ora" prinsipini əldə rəhbər tutaraq indiki Bakı Dövlət Universitetində jurnalist ixtisası üzrə təhsil alıb, oranın  həmin ixtisas üzrə ilk məzunlarından olub. Sonra Moskva Dövlət Universitetinin aspiranturasında həmin ixtisas üzrə təhsilini davam etdirib, müdafiə etdikdən sonra yenidən doğma universitetimizə qayıdıb. O zamandan keçən illər, on illər səmərəsiz ötüşməyib, hər birisi xəyalda, xatirədə naxış qoyub, iz salıb.

Şirməmməd müəllim bütün enerjisini, qüvvə və bacarığını kütləvi informasiya vasitələri üçün qabiliyyətli, işgüzar kadrların yetişdirilməsinə, Azərbaycan jurnalistikası tarixinin dərinliyi ilə, mükəmməl şəkildə öyrənilməsinə sərf edib və etməkdədir. Bizim kimi yüzlərlə, minlərlə keçmiş, həmçinin indiki tələbələrinə narahat, məsuliyyətli peşənin sirlərini öyrədib, Vətənə, xalqa sədaqətlə xidmət etməyin yollarını göstərib. Həm də sözlə yox, işlə, əməllə.

Onu tanıyanlar yaxşı bilirlər ki, dostunun, tanışının xahişini nəzərə almaya bilər, amma ürəkdən inandığı haqq, ədalət yolundan əsla dönməz.

Bayramla bağlı bağışlanacağıma bel bağlayıb deməliyəm ki, onun həddindən artıq mənəvi təmizlik və tələbkarlığının bəzən ziyanını da çəkməli oluruq. Məsələn, imtahan günlərində, xüsusən buraxılış, dissertasiya işlərinin müdafiəsi zamanı masa üstünə nəinki mer-meyvənin, hətta, mineral suyun belə qoyulmasına imkan vermir, bu minvalla sorğu-sualla taleyi müəyyənləşdiriləcək tələbələr kimi bizim də boğazımızı saatlarla qurutmuş olur...

Qürurunu qoruması, nəfsinin toxluğu ən böyük məziyyətlərindəndir. Uzun illərdən bəri bu keyfiyyətlərdən bizə də pay düşüb. Bu gün bir yerdə çiyin-çiyinə çalışsaq da, yenə də özümüzü tələbə kimi hiss edir, hərəkətlərimizi özlüyümüzdə götür-qoy edir, hər hansı məsələyə onun mövqeyindən qiymət verməyə çalışırıq.

Şirməmməd müəllimin xalqı, Vətəni, oxucuları... qarşısında xidməti isə daha böyük, daha əzəmətlidir. Onun gündəlik tədqiqatları sayəsində Azərbaycan jurnalistikası tarixi get-gedə bir az da zənginləşir, qaranlıq mətləblərə aydınlıq gətirilir. Biz bu barədə, ilk növbədə, mətbuatdan xəbər tutur, qəzet və jurnallarda imzasına tez-tez rast gəlirik.

Yaşadığımız günlərin təzadlı mənzərələrindən biri də elə məhz mətbuatın özüdür: sayı artdıqca ona maraq azalıb. Xüsusən keçmişini görən yaşlı nəslin əksər nümayəndələri indi yazmağa çətinlik çəkirlər. Bu, təkcə qonorar sisteminin, az qala, bütünlüklə ləğvi ilə deyil, həm də bir sıra mənəvi amillərlə bağlıdır. Keçmişdə çoxminli oxucuların göz önünə gətirilməsi məsuliyyət hissini artırır, bizi yazmağa, həm də qələm məhsullarımız üzərində dönə-dönə işləməyə vadar edirdi. İndi isə arada bir boşluq yaranıb.

Ancaq həmin məsələlərin Şirməmməd müəllimə sanki heç bir aidiyyəti yoxdur, yenə də əvvəlki gənclik şövqü və həvəsi ilə yazıb-yaradır, mətbuatla sıx əlaqə saxlayır. Şirməmməd müəllimin imzasına dövri mətbuatda tez-tez rast gəlirik. Hamımız növbəti məqaləsində hansı məsələdən bəhs edəcəyini, hansı problemlərdən söz açacağını gözləyirik. Məqalələrin  isə nə sayı var, nə hesabı. Həmçinin bu da maraqlıdır ki, onlar "bir günlük" ömrü olan qəzetlərdən sonra ayrı-ayrı kitablarında daha uzun ömür, bəlkə də əbədi yaşamaq haqqı qazanır. Məsələn, "Mənəvi irsimiz və gerçəkliyimiz" adlı 500 səhifəyə yaxın kitabına yalnız 2001-2004-cü illərdə "Günay" qəzetində çap etdirdiyi materialları daxil edilib. Həmçinin "Mətbu irsimizdən səhifələr", "Müstəqilliyin çətin yolu"E kimi kitablarında da mətbu materiallarına xeyli yer ayrılıb.

Bütün bunlar müəllifin şəxsi istək və arzusundan daha çox həmin yazıların məzmun və məna dəyərindən, mövzuların aktuallıq və əhəmiyyətindən irəli gəlir.

Həmçinin diqqəti cəlb edən başqa bir əlamət də var. Bu, müəllifin öz imkanları daxilində humanizmi, xeyirxahlığı ilə bağlıdır: kitablarının əksəriyyətini mütəxəssislərə, bu işin xiridarlarına pulsuz paylayır.

Şirməmməd müəllimin tədqiqatlarının xeyli hissəsi Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun yaradıcısı Məmməd Əmin Rəsulzadə irsinin, o zamankı mətbuat orqanlarının tədqiqinə həsr olunub. Təsadüfi deyil ki, bu məsələlərdən söz düşəndə Şirməmməd Hüseynov, onun bu barədəki dəyərli araşdırmaları dərhal yada salınır.

Tədqiqatçının fəaliyyəti bütünlüklə jurnalistikamızın yaranması, təşəkkülü, inkişaf dövrünün bütün mərhələlərini əhatə edir. Bu mənada onun əməyi ayrı-ayrı dahi yaradıcı şəxsiyyətlərin mədəni irsinin  layiqincə öyrənilməsi sahəsində də xüsusi əhəmiyyət kəsb edir, vaxtilə hakim ideologiyanın marağı, dövrün tələbləri nəticəsində gizlədilmiş  həqiqətlərin  üstündən  pərdəni  qaldırır.

Uzun müddət bizə elə gəlib ki, dahi üzeyir Hacıbəyovun yazıb-yaratdıqları bütünlüklə ortaya çıxarılıb, oxucuların, tamaşaçıların mühakiməsinə verilib. Lakin bu günlərdə Şirməmməd müəllim onun diqqətdən yayındırılmış, kənara qoyulmuş qələm məhsullarından ibarət yeni bir kitabı nəşr etdirib. Nəticədə böyük mütəfəkkirin Azərbaycan xalqı qarşısında xidməti, dövrünün təzadlı, antihumanist meyil və maraqları ilə barışmazlığı daha aydın görünüb. Odur ki, bu istiqamətdə çox maraqlı, həddindən ziyadə tədqiqatların aparılması və tapıntıların kitab şəklində nəşri, az qala, üzeyir Hacıbəyovun yenidən heykəlinin qoyulmasına bərabərdir...

Şirməmməd müəllimin ömrü-günü çox zaman arxivlərdə, kitabxanalarda, Əlyazmalar İnstitutunda keçir. Əgər sabit adam olmasının bir əlaməti tələbələrin nəzərində ən yaxşı metodist müəllim kimi qalmasıdırsa, başqa bir əlaməti, irəlidə xatırlatdığımız kimi, ömrünün bu çağında da şövq və həvəslə işləməsidir.

Elm təşnəsi olan mötəbər alim etimad göstərdiyi adamların da fikrinə yazı prosesində istinad etməz. O, ancaq gözü ilə gördüklərinə, oxuduqlarına inanır. Yəqin elə bu səbəbdəndir ki, fikir və mühakimələri heç yerdə ikimənalı şəkildə başa düşülmür, labüd həqiqət kimi qəbul olunur. Doğrusu, hərdən adamın ağlına elə gəlir ki, xələf haradasa sələflərini də üstələyib. Bir-birindən qiymətli, ciddi ictimai dəyərə malik faktları Salman Mümtaz şövqü və həvəsi, Əziz Şərif əzmkarlığı, Qulam Məmmədli səyi, inadı ilə ortaya çıxarması belə bir qənaətin hasilə gəlməsinə səbəb olur. Bu qədər zəngin faktları tapıb aşkarlaması, kağıza, yazıya, bir çoxunu, hətta yaddaşına həkk etməsi, söhbət, mükalimə əsasında onlardan təkzibolunmaz həqiqət kimi yerli-yerində istifadə etməsi, həqiqətən də, heyrətamizdir.

Bir, hətta yarım səhifədə olan mətnin üzünü köçürməyə güclə hövsələm çatır, az qala, təngnəfəs oluram. Şirməmməd müəllimin isə saysız-hesabsız qovluqları arasındakı materialların heç də hamısı müxtəlif sənədlərin kserokopiya edilmiş surətləri deyil. Yüzlərlə, bəlkə də, kim bilir, minlərlə vərəqə müvafiq materialları əli ilə, səliqə-sahmanla köçürmüş və yenə köçürməkdədir. özü canlı ensiklopediya, fəaliyyəti, sözün əsl mənasında, fenomen hadisə, inanılmaz həqiqət, möcüzə sayıla bilər. Həm də yaxşı ki, meydanda tək deyil, tədqiqatçılıq sahəsində, az da olsa, yetirmələri, ardıcılları var. Lakin elə buradaca qeyd edək ki, sayca bu azlığın hələlik çoxluğa çevrilməməsi qətiyyən Şirməmməd müəllimin səyinin, təşəbbüsünün, qayğısının guya kifayət qədər olmaması mənasında başa düşülə bilməz. Əksinə, o, bu işə, necə deyərlər, can qoyur, bütün həyatını verir. Deməli, bu azlığın səbəbini sahənin ağırlığında, tədqiqat işinin çox məsuliyyətli, son dərəcə ciddi, vaxt aparan iş olmasında görmək lazım gəlir.

Şirməmməd müəllimi son dərəcə gərəkli, məsuliyyətli tədqiqatçılıq fəaliyyətinin müasir şəraitdə bayraqdarı hesab etmək olar. Həmçinin haqqında yazılmış məqalələrdə onu Azərbaycan jurnalistikasının ağsaqqalı, canlı korifeyi, patriarxıE adlandırıblar. Bunların hamısının ürəkdən söylənilməsi və həqiqəti əks etdirməsi heç kimdə şübhə doğurmur.  

Mahmud MAHMUDOV,
Bakı Dövlət Universiteti
Jurnalistikanın nəzəriyyəsi və
təcrübəsi kafedrasının dosenti

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
18 Dekabr 2009 - ¹49
Bakı Xoreoqrafiya Məktəbinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakı Xoreoqrafiya Məktəbinin əməkdaşlarına "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
V.M.Fərzəliyevə "Əməkdar elm xadimi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
A.Ş.Mehdiyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinin məlumatı
 
Təhsil müəssisələrində metodik işin təkmilləşdirilməsi məsələsi müzakirə olundu
 
Təhsil Nazirliyində müşavirə
 
Təhsil naziri Fransanın ölkəmizdəki səfiri ilə görüşüb
 
Dövlət Proqramının icrası ilə bağlı beynəlxalq konfrans
 
Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi  konfransı keçirilib
 
Dünyanın ən nüfuzlu universitetləri sırasına çıxmağı hədəfə almış ali məktəb
 
Azərbaycan jurnalistikasının canlı korifeyi
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov