Azərbaycan Universitetində son iki ildə həyata
keçirilən tədbirlər bu məqsədin
reallaşdırılmasına istiqamətlənib
Hər bir ölkənin mədəni, iqtisadi inkişaf
səviyyəsi, milli təhlükəsizliyinin təminatı
təhsilin məzmunundan və inkişaf səviyyəsindən
birbaşa asılıdır. Buna görə də müasir dünyada
hərbi, maliyyə, iqtisadi, ideologiya və
informasiya gücü ilə yanaşı, elm və təhsil də
dövlətin, millətin gücünü ifadə edən, onun
təhlükəsizliyini təmin edən əsas amillərdən
sayılır. Bu baxımdan ali təhsilin cəmiyyətdə
rolu xüsusilə yüksəkdir. Bu gün ali məktəblər
istər elmin, innovasiyaların inkişafında və
yayılmasında, istərsə də demokratik dəyərlərin
yayılmasında, maariflənmə səviyyəsinin
artmasında cəmiyyətin aparıcı mərkəzi qüvvəsinə
çevrilirlər.
Məlumdur ki, cəmiyyətin elm və təhsil
ehtiyaclarını ödəmək, həm ali təhsilli
mütəxəssislərin hazırlanması, həm də yaşlıların
davamlı savadlandırılmaları üçün külli miqdarda
vəsait lazımdır. Bu vəsaitin xeyli hissəsi büdcə
hesabına ödənilir. Lakin böyük kapital tutumlu
və bütün dövrlərdə ən prioritet istiqamətlərdən
biri olan elm və təhsilin təminatını təkcə
dövlətin üzərinə qoymaq mümkün deyil. Hətta ən
inkişaf etmiş "rifah dövlətləri" də onu təmin
edə bilməz. Ona görə də ali təhsilli kadr
hazırlığının kütləviləşdirilməsi, onun
keyfiyyətinin artırılması və ali təhsilə, elmi
araşdırmalara çəkilən xərclərin ödənilməsi
prosesində cəmiyyətin bütün təbəqələri - dövlət
və özəl qurumlar, ictimai birliklər və hətta
dini qurumlar yaxından iştirak etməlidir.
Dünyanın aparıcı ölkələrində biznesin elm və
təhsil sektoru ilə əlaqəsi çox yüksək səviyyədə
qurulub. Xeyriyyə təşkilatları, QHT-lər, fondlar
elmin müxtəlif sahələrinin inkişafı, təhsilin
əlçatan olması, yəni aztəminatlı insanlar üçün
təhsilalma mühitinin, imkanlarının yaradılması
istiqamətində müxtəlif layihələr həyata keçirir.
Avropa ölkələrində də elm və təhsilin
inkişafında özəl sektorun çəkisi çox yüksəkdir
və bu proses get-gedə daha geniş miqyas alır. Bu
istiqamətdə ölkəmizdə də müstəqillik əldə
olunduqdan sonra mühüm addımlar atılmış, özəl
universitetlər yaranaraq fəaliyyətə başlamışdır.
Belə özəl ali təhsil ocaqlarımızdan biri hazırda
özünün tərəqqi dövrünü yaşayan, yeni
rəhbərliyinin təşəbbüsləri və səyləri ilə yaxın
gələcəkdə dünyanın ən nüfuzlu universitetləri
sırasına çıxmağı hədəf götürmüş Azərbaycan
Universitetidir.
Azərbaycanın ilk özəl ali məktəbi
Azərbaycan Universiteti ölkəmizdə rəsmi
fəaliyyətə başlayan ilk özəl universitetdir.
1991-ci ildə təsis olunan universitet Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 04 mart
1995-ci il tarixli qərarı ilə Nazirlər Kabineti
yanında Dövlət Ali Ekspert Komissiyasının rəyinə
əsasən, tərkibində orta ixtisas kolleci və
ingilis dilli gimnaziya olmaqla, dövlət
qeydiyyatına alınıb. Təhsil Nazirliyi
Akkreditasiya Komissiyasının qərarına və
nazirliyin 24 fevral 2009-cu il tarixli, 213
nömrəli əmrinə əsasən ali təhsil müəssisəsi kimi
təkrar akkreditə olunub. Universitet həmin əmrdə
göstərilən istiqamətlər, ixtisaslar üzrə öz
məzunlarına diplom vermək və dövlət ali
məktəblərinə şamil edilən bütün güzəştlərə, o
cümlədən hərbi xidmətdən möhlət hüququna
malikdir.
Son illər qəbul olunan tələbələrin sayı iki dəfə
artıb
Azərbaycan Universitetində beş ixtisas qrupu
(təhsil, humanitar, iqtisadiyyat və idarəetmə,
səhiyyə, rifah və xidmət ixtisasları qrupları),
17 ixtisas üzrə mütəxəssis hazırlığı aparılır.
Son illər universitetə maraq artıb, buna adekvat
olaraq qəbul olunan tələbələrin sayı iki dəfə
çoxalıb. Hazırda burada 923 tələbə təhsil alır.
Universitetdə 2 fakültə, 7 kafedra fəaliyyət
göstərir, 148 müəllim çalışır. Kifayət qədər
yüksək səviyyəyə malik olan elmi-pedaqoji
heyətdən 1 nəfəri AMEA-nın həqiqi üzvü; 2 nəfəri
müxbir üzvü; 17 nəfəri elmlər doktoru,
professor; 40 nəfəri elmlər namizədi, dosent; 10
nəfəri elmlər namizədi baş müəllim; 39 nəfəri
baş müəllim; 40 nəfəri isə müəllimdir.
2008-ci ildən Azərbaycan Universitetinə tanınmış
alim və təhsil təşkilatçısı, AMEA-nın müxbir
üzvü, professor Akif Fərhad oğlu Musayev
rəhbərlik edir. Rektor A.Musayevin bilavasitə
təşəbbüsləri və yüksək təşkilatçılıq bacarığı
sayəsində son iki ildə universitetdə böyük işlər
görülmüş, bir sıra inkişafyönümlü layihələrin
əsası qoyulmuşdur. Azərbaycan Universitetinin
gerbi, bayrağı, loqosu, himni, reklam
strategiyası hazırlanaraq qəbul olunub.
İnternetdə veb saytı açılıb, illik kataloqu çap
edilib. İxtisasların beynəlxalq standartlara
cavab verən kurikulumları, yeni fənn proqramları
(sillabüslər), tərəfdaş universitetlərlə birgə
BBA və MBA proqramları hazırlanıb, müasir fənn
dərsliklərinin hazırlanması, təcrüməsi üçün
zəruri texniki və metodik vasitələrlə təmin
olunub, tələbələr və müəllimlər üçün məlumatlar,
qaydalar və prosedurlar topluları hazırlanıb.
Universitetdə tədris və idarəetmənin informasiya
bazasının avtomatlaşdırılması üçün proqram
təminatı yaradılıb. Bu baza inzibati qurumlar
arasında hesabatların elektron ötürülməsinə
imkan verəcək. Bu isə, öz növbəsində, səmərəli
iş bölgüsü aparmağa şərait yaradacaq,
tələbələrin qiymət vərəqlərini və
transkriptlərinin qısa müddətdə hazırlanması,
imtahan nəticələri ilə tanış olmaq üçün rahat
şərait yaradacaqdır. Universitetdə müasir
tələblərə cavab verən elmi-tədqiqat işləri
aparılır; universitet biznes ixtisasları
istiqamətində ixtisaslaşır. Universitetin
strateji inkişaf planı hazırlanıb, ictimaiyyət
və biznes qurumları ilə müəyyən əlaqələr
yaradılıb.
Azərbaycan Universitetində təhsil Azərbaycan,
rus və ingilis dillərində aparılır; BBA
proqramının tələbələrinə isə öz seçimləri ilə
ingilis dilindən başqa ikinci xarici dil -
alman, fransız dilləri öyrədilir. Respublikada
ilk hüquq klinikası yaradan universitetlərdən
olan Azərbaycan Universiteti 2006-cı ildə
Avrasiya Hüquqşünaslar Assosiasiyası tərəfindən
hüquq sahəsində təhsildə əldə etdiyi
nailiyyətlərə görə "ilin universiteti" elan
edilib. Respublikada ilk ingilis dilli gimnaziya
təsis edən universitet olan Azərbaycan
Universiteti 1998-ci ildə Keyfiyyət və Xidmət
üzrə "Amerika Qran Pri"sinin qalibi olub.
ümumiyyətlə, universitet fəaliyyət göstərdiyi 18
il ərzində dürüst və şəffaf təhsili əsas prinsip
kimi qəbul etməklə cəmiyyətdə müsbət imic
qazanıb.
Zəngin baza, yüksək təlim mühiti
Azərbaycan Universiteti dərsliklər, dərs
vəsaitləri, kitablar, tədris proqramları və
tələbələr üçün zəruri materialları, araşdırma
işləri çap edən ən müasir mətbəəyə malikdir.
Universitetin öz nəşriyyatı, "İpək Yolu" adlı
çoxprofilli aylıq elmi jurnalı, müntəzəm nəşr
olunan aylıq "Azərbaycan Universiteti" adlı
qəzeti var. Jurnalın redaksiya heyətinə dünyada
tanınan alimlər cəlb olunub. Jurnalda xarici
ölkələrdən məqalələr də dərc olunur. ölkəmizdə
ilk dəfə olaraq Azərbaycan Universitetində super
interaktiv tədris imkanına malik olan "ağıllı
lövhə"lərdən istifadə olunur. Dərslərin
əksəriyyəti proyektorların köməyi ilə interaktiv
aparılır.
55 tədris, 20 inzibati kompüterə, 8 proyektora
malik Azərbaycan Universiteti bütün tələbələrin
və müəllimlərin istifadə etdiyi sürətli İnternet
şəbəkəsi ilə təmin olunub, hər bir auditoriyada
müasir proyektorlardan istifadə üçün imkan
yaradılıb.
Maddi-texniki bazanın yaxşılaşdırılması
istiqamətində də addımlar atılıb.
Yaxın gələcəkdə ən müasir kampusa malik olacaq
universitet üçün şəhər kənarında 10 hektar
torpaq sahəsi ayrılıb, tikinti planlaşdırılır.
Artıq iş gedir. Amma hazırkı binada da yüksək
təhsil şəraiti mövcuddur. Bütün otaqlar
vibrokabellə təmin olunub. Hər otaqda
kondisioner var. Qızdırıcı sistem normal
işləyir. Elmin bütün sahələrini əhatə edən
zəngin kitabxanaya malik olan universitetdə elmi
araşdırma mərkəzləri, karyera mərkəzi, tələbə
klubları fəaliyyət göstərir.
Fəal tələbələrə iki adlı təqaüd verilir, ən
yüksək balla universitetə qəbul olanlara
güzəştlər edilir
Azərbaycan Universiteti qəbul zamanı 600 və
yuxarı bal toplayan tələbələr üçün ödənişsiz
təhsil təmin edir, qəbul zamanı 550-600 bal
toplayan tələbələrə təhsil haqqı ödənişlərində
50 faiz, 500-550 bal toplayan tələbələrə isə 25
faiz güzəşt edilir.
Əla qiymətlərlə oxumaqla yanaşı, universitetin
ictimai işlərində fəal iştirak edən tələbələrə
fakültə dekanının təqdimatı və Elmi Şuranın
qərarı əsasında Heydər Əliyev və Aida
İmanquliyeva adına təqaüd, eyni zamanda adi
əlaçılıq təqaüdü verilir.
Azərbaycan Universiteti dünyanın tanınmış 16
universiteti ilə əməkdaşlıq edir. Lakin bu ali
təhsil ocağının ABŞ-ın Corciya ştatının Corciya
Universiteti və Gürcüstanda fəaliyyət göstərən
Qafqaz Universiteti ilə daha sıx əməkdaşlıq
əlaqələri mövcuddur. Bu əlaqələrin
yaradılmasında hazırda Azərbaycan
Universitetinin məsləhətçisi olan əslən cənubi
azərbaycanlı alim, Corciya Universitetinin
professoru Bijan Fəzlullahinin böyük xidmətləri
olub. 1992-ci ildən Fulbrayt proqramı üzrə
Azərbaycana gəlib "Xəzər", "Odlar Yurdu"
universitetləri, Neft Akademiyası ilə əlaqələr
quran B.Fəzlullahi 1994-cü ildə udduğu 200 min
dollarlıq təhsil qrantı hesabına Azərbaycan
Universitetindən 5 azərbaycanlı gənci xaricə
apararaq orada pulsuz təhsil almalarını təşkil
edib.
1998-ci ildə Gürcüstana getmiş B.Fəzlullahi
burada hazırda Azərbaycan Universitetinin
tərəfdaşı olan Qafqaz Biznes Universitetini
yaratmışdır. İndi bu təhsil ocağı tam Amerika
standartları ilə təhsil verən bir özəl
universitetdir. Təxminən 900 tələbəsi olan
universitet artıq ikili diplom verilməsinə
keçib. Belə ki, burada oxuyan tələbələr Qafqaz
Biznes Universitetinin diplomu ilə bərabər, onun
tərəfdaşı olan Corciya Dövlət Universitetinin də
diplomunu alırlar. Təhsil haqqının çox yüksək
(5-12 min avro) olmasına baxmayaraq,
universitetə hər il böyük müsabiqə olur.
İkili diploma keçid üçün səylər
2008-ci ildən Azərbaycan Universiteti ilə
əməkdaşlığa cəlb edilərək burada Corciya Dövlət
Universiteti ilə Azərbaycan Universitetinin
Əməkdaşlıq Proqramı rəhbəri kimi çalışan
professor Bijan Fəzlullahinin köməyi ilə AU ilə
Corciya Universiteti arasında əlaqələr daha da
inkişaf etməkdədir.
Müqaviləyə görə professor B.Fəzlullahi
Azərbaycan Universitetində tələbələrin bütün
fəaliyyətinə, topladıqları ballara, qaiblərinə,
aralıq və yekun imtahanlara nəzarət edir. Onun
köməyi ilə Corciya Universitetində Azərbaycan
Universiteti ilə bağlı xüsusi sayt yaradılıb.
Universitetin bütün fəaliyyəti orada öz əksini
tapır. Bu yolla fəaliyyətə nəzarət edilir.
Yaxın gələcəkdə ilk mərhələdə tələbələrə
Azərbaycan Universitetinin diplomu ilə yanaşı,
Corciya Universitetinin sertifikatının, daha
sonra isə diplomlarının verilməsinə keçilməsi
nəzərdə tutulur.
Bu iki ali məktəbdən başqa, Azərbaycan
Universiteti Türkiyə, Qazaxıstan, Şimali Kipr
Türk Cümhuriyyəti, Almaniya, Latviya, ABŞ-ın
nüfuzlu universitetləri ilə də sıx əməkdaşlıq
edir, birgə təhsil layihələri həyata keçirir.
Azərbaycan Universiteti 6 beynəlxalq təşkilatın
(Planlaşdırma üzrə Avropa Məktəblər
Assosiasiyası - 1999; Universitet
Prezidentlərinin Beynəlxalq Assosiasiyası -
1996; Universitetlərin Beynəlxalq Assosiasiyası-
1997, Demokratiya üzrə Universitetlər Alyansı -
1997; Avropa Ali Təhsil Cəmiyyəti - 2000;
İnstitusional Araşdırmalar üzrə Avropa
Assosiasiyası - 2000) üzvüdür.
2008-2009-cu tədris ilindən etibarən Azərbaycan
Universitetində Corciya Dövlət Universiteti
(CDU-ABŞ) və Qafqaz Biznes Universiteti (QBU -
Gürcüstan) ilə birgə Biznes İnzibatçılığı üzrə
bakalavr (Bachelor ov Business Administration --
BBA) və magistr (Master of Business
Administration - MBA) proqramları tətbiq edilir.
Proqramın özəl xüsusiyyətlərindən biri də budur
ki, burada təhsil alan bakalavr tələbələrinə
həftədə 16 saat ingilis dili, seçmə fənn
qismində isə alman və fransız dilləri tədris
edilir. Bunun da nəticəsində I kursdan sonra
tələbələr ingilis dilində mühazirəyə qulaq
asırlar. BBA ixtisası üzrə təhsil alan tələbələr
proqramı bitirdikdən sonra Azərbaycan
Universitetinin diplomu ilə yanaşı, Corciya
Dövlət Universitetinin (ABŞ - Atlanta)
sertifikatını da alacaqlar. Proqram sonrakı
illərdə ikili (dual) diplom verən proqram
olacaq. MBA proqramı üzrə əgər keçən il
Azərbaycan Universitetində magistraturaya 7
nəfər 70 balla daxil olmuşdursa, bu il onların
sayı 32 nəfərdir. Daxil olan həmin tələbələr
arasında 133 bal toplayanlar da vardır. 150
mümkün baldan 133 bal isə kifayət qədər yüksək
göstəricidir.
Azərbaycanda ilk dəfə Azərbaycan Universitetində
İdarəedicilər üçün Biznes İdarəçiliyi üzrə
Magistr proqramının tətbiqi üçün nəzəri hazırlıq
başa çatdırılıb. Xaricdə kadrların
təkmilləşdirilməsi və yenidən hazırlanması
istiqamətində ilk addımlar atılıb. Tərəfdaş
təhsil müəssisələri ilə mübadilə proqramları
vasitəsilə Azərbaycan Universitetinin bütün
tələbələrinin beynəlxalq təcrübəyə yiyələnmək
imkanları var. Mübadilə proqramlarında iştirak
etmək hüququ olan tələbələr bir semestr ərzində
tərəfdaş təhsil müəssisələrinə gedir və təhsil
proqramına uyğun fənlər keçirlər. Həmin təhsil
müəssisələrində semestri başa vurduqdan sonra
kreditlər Azərbaycan Universitetinə transfer
olunur.
Kredit sistemi üzrə pilot ali məktəb
Azərbaycan Universiteti tam şəkildə Boloniya
prosesinə qoşulmuşdur. Burada tədrisin təşkili,
tələbələrin qiymətləndirilməsi Avropa Kredit
Transfer Sisteminin tələblərinə uyğunlaşdırılıb.
Universitetə kredit - çoxballı sistemin tətbiqi
üzrə Təhsil Nazirliyi tərəfindən pilot ali
məktəb elan edilib. Burada Boloniya prosesinin
bütün prinsiplərinə dəqiq əməl olunur. Bizimlə
söhbətində rektor Akif Musayev buna misal
gətirərək bildirdi ki, həmin şərtlərə görə 30
faiz qaibi olan tələbələr imtahana
buraxılmırlar. Bu tələb əsas götürülərək
universitetin 30 faizdən artıq qaibi olan 120
tələbəsi rektorun xüsusi əmri ilə imtahanlara
buraxılmayıb. Boloniya prosesinin mühüm
prinsiplərindən olan müəllimlərin mobilliyi,
müəllim tələbə mübadiləsi də universitetdə
problem deyil. 1 nəfər ABŞ-a göndərilmiş, orada
1 il təhsil alaraq geri qayıtmışdır.
Universitetin 1 magistri isə hazırda ŞKTC-nin
Yaxın Doğru Universitetinin magistraturasında
oxuyur. Müəllimlər universitetin hesabına xarici
ölkələrin nüfuzlu ali məktəblərinə 3-4 aylıq
təkmilləşmə kurslarına göndərilir. Onların bütün
xərcləri, hətta telefon danışıqlarının haqqı da
universitet tərəfindən ödənilir.
Elmi-pedaqoji kadrlar hazırlığının 3 istiqaməti
Azərbaycan Universitetində elmi-pedaqoji
kadrların hazırlanması üç istiqamətdə gedir.
Birinci istiqamət, xaricdəki nüfuzlu
universitetlərdə magistr və Ph.D dərəcələri alan
məzunların Azərbaycan Universitetinə cəlb
edilməsidir. İndiyədək universitetə 20-yə yaxın
bu cür kadr cəlb edilib və onlar tədris
fəaliyyəti ilə yanaşı, elmi araşdırma
qruplarında çalışır, müxtəlif sahələr üzrə
tədqiqatlar aparır, eyni zamanda tədqiqat
işlərinə rəhbərlik edirlər. Cari tədris ilində
10 nəfər əlavə mütəxəssisin universitetə cəlb
olunması planlaşdırılıb.
İkinci istiqamət, müəllimlər heyətinin xaricdəki
tərəfdaş universitetlərdə təkmilləşmələridir.
2008-2009-cu tədris ilində 5 nəfər universitet
müəllimi, hər biri 3 fənn üzrə xaricdəki
tərəfdaş təhsil müəssisələrində Azərbaycan
Universitetinin maliyyəsi hesabına təkmilləşmə
kursları keçib. Yaxın zamanlarda bu proses ABŞ,
Türkiyə, ŞKTC, Latviyadakı tərəfdaş
universitetlərlə də davam etdiriləcək.
üçüncü istiqamət, Azərbaycan Universitetinin
mövcud potensialından və xaricdəki tərəfdaş
universitetlərin elmi-metodiki yardımlarından
(Corciya Dövlət Universitetinin, Misirin
İskəndəriyyə Universiteti ilə müəllimlərin
inkişafı istiqamətində əməkdaşlıq planına
müvafiq) bəhrələnərək universitetdaxili
seminarların, treninqlərin təşkilidir. Bu sahə
ilə Azərbaycan Universitetində fəaliyyət
göstərən İslahatlar Mərkəzi və İnteraktiv Tədris
Mərkəzi məşğul olur. Bu mərkəzlər zərurət
yarandıqda seminar və treninqlərə kənar
mütəxəssislər də dəvət edir. 2010-cu ilin
yayında isə Corciya Dövlət Universitetinin
mütəxəssisi Azərbaycan Universitetinin 20 nəfər
müəlliminə təkmilləşmə kursu keçəcək.
Azərbaycan Universitetində rektor A.Musayevin
ümumi rəhbərliyi ilə iki istiqamətdə fəaliyyət
göstərən elmi araşdırma qrupu formalaşdırılıb.
İqtisadiyyat elmləri qrupu "Xoşbəxtlik və
rifah", humanitar elmlər qrupu "Postmodernizm və
sinergetika: azərbaycanlı düşüncəsinə və
davranışına təsir edən determinantlar"
mövzularında 15 gündən bir keçirilən
seminarlarda "dəyirmi masa" ətrafnıda elmi
müzakirələr aparılır. Başlıca hədəflərdən biri
də elmi-tədqiqat işlərinin nəticəsi olan elmi
əsərlərin və xaricdəki indeksli elmi jurnallarda
məqalələrin dərcinə nail olunmasıdır. Xarici
jurnallarda məqalələrin dərci universiteti
dünyada tanıdan amil olmasının burada
fərqindədirlər.
2009-cu ilin sentyabrından başlayaraq Azərbaycan
Universitetində rektor, professor A.Musayev,
müəllimlər Ph.D. V.Əhmədov, dosent A.Əlizadə
ABŞ-ın Kaliforniya Universiteti, Berkli və Soft
Kompytinq üzrə Berkli İnisiativi (BİSC) ilə
birgə professor Lütfü A.Zadənin ümumi rəhbərliyi
ilə "Qeyri-dəqiq informasyia əsasında qərar
qəbuletmə nəzəriyyəsi" mövzusunda elmi-tədqiqat
işi aparır.
Yaxın 3 ilin planları
Universitetin nüfuzunun ölkəmizdə və beynəlxalq
aləmdə artırılması üçün yaxın üç il ərzində bir
sıra tədbirlərin həyata keçirilməsi
planlaşdırılır. Müasir tələblərə uyğun müəllim
heyətinin cəlb edilməsi, mütəmadi treninqlərin
təşkili və tədricən tam ştatlı müəllim heyətinə
keçid; keyfiyyətli yerli və xarici tələbə
qəbuluna nail olmaq və onların bilik
səviyyəsinin artırılması; tədrisdə yeni
texnologiyaların tətbiqi; universitetin
profilinə uyğun tədqiqat işlərinin təşkili və
tədqiqatların tədrisdə uzlaşdırılması; aparıcı
xarici universitetlərlə əlaqələrin
genişləndirilməsi; idarəetmənin tədricən
təkmilləşdirilməsi; ictimaiyyətlə əlaqələrin
genişləndirilməsi və universitetin nüfuzunun
artırılması; müasir tələblərə cavab verən
sertifikat proqramlarının tətbiqi; müasir
tədrisin tələblərinə uyğun infrastrukturun
yaradılması həyata keçiriləcək tədbirlər
arasındadır. İnfrastrukturun, ilk növbədə,
müasir avadanlıqla təchiz olunmuş auditoriya,
tədris və tədqiqat laboratoriyaları, kompüter
mərkəzləri, kitabxana və idman komplekslərini
əhatə etməsi, yaradılan infrastrukturun
beynəlxalq standartlara uyğun müasir iş
şəraitini təmin etməsi nəzərdə tutulur.
Yusif ƏLİYEV |