Dekabrın 15-də "Excelsior" otelində "Azərbaycan
Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi
(de-institutlaşdırma) və alternativ qayğı Dövlət
Proqramı (2006-2015-ci illər)" çərçivəsində
"2009-cu ilin yekunları və qarşıda duran
vəzifələr" mövzusunda beynəlxalq konfrans
keçirildi. Tədbiri təhsil naziri Misir Mərdanov
açaraq qeyd etdi ki, ümummilli liderimiz Heydər
Əliyevin uşaqların müdafiəsi sahəsində qoyduğu
ənənələr bu gün Azərbaycan Prezidenti İlham
Əliyev və Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban xanım Əliyeva
tərəfindən uğurla davam etdirilir.
Son illərdə ölkə iqtisadiyyatının dinamik
inkişafı, sosial sahələrə diqqətin artırılması,
regionların inkişafı, yoxsulluq səviyyəsinin
minimuma enməsi hər bir ailənin sosial rifahının
yaxşılaşmasına, uşaqların hüquqlarının
qorunmasına yönəlmiş proqramların həyata
keçirilməsinə əlverişli şərait yaratmışdır.
Nazirin açılış nitqindən sonra konfrans
iştirakçılarına görülən işləri özündə əks
etdirən "Sevinciniz uğurumuzdur" filmi təqdim
olundu.
"2009-cu ilin yekunları və qarşıda duran
vəzifələr" mövzusunda geniş məruzə edən təhsil
naziri Misir Mərdanov uşaqların müdafiəsi
sahəsində ən vacib proqramlardan biri olan
"Azərbaycan Respublikasında dövlət uşaq
müəssisələrindən uşaqların ailələrə verilməsi
(de-institutlaşdırma) və alternativ qayğı Dövlət
Proqramı (2006-2015-ci illər)"nın vacibliyindən
söz açdı. Qeyd olundu ki, Dövlət Proqramının
icrası ilə əlaqədar Təhsil Nazirliyi digər
qurumlarla birlikdə ölkəmizdə uşaqların
rifahının yüksəldilməsi, hüquqlarının qorunması,
onlara təhsil və səhiyyə xidmətlərinin
göstərilməsi, valideyn himayəsindən məhrum olmuş
uşaqların ailə mühitində yaşamaq hüququnun təmin
edilməsi ilə bağlı tədbirləri həyata keçirmək
məqsədilə bir sıra işlər görür. Təhsil
Nazirliyi YUNİSEF-in ekspertləri, Əmək və
Əhalinin Sosial Müdafiəsi və Səhiyyə
nazirliklərinin əməkdaşları ilə birlikdə 55
dövlət uşaq müəssisəsində keçirilmiş
qiymətləndirmə nəticəsində hazırlanmış dövlət
uşaq müəssisələrinin transformasiyası üzrə Baş
Plan cari ilin aprelində Azərbaycan hökuməti
tərəfindən təsdiq edilib.
Baş plan haqqında ətraflı bəhs edən nazir
bildirdi ki, artıq planın icrası istiqamətində
bir sıra tədbirlər həyata keçirilib. 9 uşaq
müəssisəsi ümumtəhsil məktəbinə çevrilib. Bu tip
müəssisələrin sayı 55-dən 46-ya enib. Hazırda
dövlət uşaq müəssisələrində 10054 uşaq
təlim-tərbiyə alır.
Baş plana əsasən valideyn himayəsindən məhrum
uşaqların ailədə yaşamaq hüququnu təmin etmək
məqsədilə onlar üçün ailəni əvəz edən alternativ
xidmətlərin yaradılması işinə başlanılıb. Bu
məqsədlə işçi qrupu qeyd olunan sahədə böyük
təcrübəsi olan Avstriyanın "Hilfsverq" təşkilatı
ilə birgə layihə hazırlamış və layihə Avropa
Komissiyası tərəfindən qəbul edilib. Layihənin
məqsədi Azərbaycanda alternativ qayğı növü olan
himayədar ailə (foster) sisteminin
yaradılmasıdır.
Nazir Misir Mərdanov məruzəsində qeyd etdi ki,
hazırda övladlarına sərbəst şəkildə qayğı
göstərə bilməyən ailələrin və onların
uşaqlarının rifahının yaxşılaşdırılması
məqsədilə yerlərdə müxtəlif tədbirlər həyata
keçirilməkdədir. Təhsil Nazirliyi yerli və
beynəlxalq qeyri-hökumət təşkilatları ilə sıx
əməkdaşlıq edir, sağlamlıq imkanları məhdud və
sosial cəhətdən çətin vəziyyətdə olan ailələrin
uşaqlarının rifahının yaxşılaşdırılmasına,
onların cəmiyyətə inteqrasiyasına, təhsilə cəlb
edilməsinə və asudə vaxtlarının səmərəli
təşkilinə yönəldilən tədbirlər yerinə yetirir.
Bununla bağlı verilən məlumatdan aydın oldu ki,
risk qrupuna daxil olan sağlamlıq imkanları
məhdud uşaqlar üçün Bərdə şəhərindəki internat
məktəbinin,Bakının Sabunçu rayonundakı 11
nömrəli xüsusi internat məktəbinin və Suraxanı
rayonu 2 nömrəli uşaq evinin nəzdində günərzi
qayğı, Əzizbəyov rayonundakı valideyn
himayəsindən məhrum uşaqlar üçün respublika
yardımçı internat məktəbinin nəzdində isə
reabilitasiya-inkişaf mərkəzi yaradılıb.
Nazir yaxın vaxtlarda Göyçay şəhəri və Qaradağ
rayon ərazisində yerləşən internat məktəblərinin
nəzdində də bu tip mərkəzlərin açılmasının
nəzərdə tutulduğunu dedi. Təhsil naziri qeyd
etdi ki, qarşıda duran vəzifələrin səmərəli
icrasını təmin etmək məqsədilə "Müəssisədə
yaşayan uşaqların ailələrə verilməsi və
alternativ qayğıya cəlb edilməsi" pilot layihəsi
hazırlanıb. Təhsil , Əmək və Əhalinin Sosial
Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi və YUNİSEF
tərəfindən layihənin birgə həyata keçirilməsi
üçün razılaşma əldə edilib. Adıçəkilən layihənin
məqsədi, bununla bağlı görülən işlər barədə
konfrans iştirakçılarına ətraflı məlumat verən
nazir Misir Mərdanov çıxışının sonunda Dövlət
Proqramının qarşıya qoyduğu digər əsas
vəzifələrə də toxundu.
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri
Hadi Rəcəbli çıxış edərək "Azərbaycan
Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi
(de-institutlaşdırma) və alternativ qayğı Dövlət
Proqramı (2006-2015-ci illər)"nın əhəmiyyətindən
söz açdı, Təhsil Nazirliyinin bu sahədə gördüyü
işləri yüksək qiymətləndirdi.
YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Mark Herevard Dövlət Proqramının ölkəmiz
üçün mühüm əhəmiyyət kəsb etdiyini söylədi. Qeyd
etdi ki, YUNİSEF Dövlət Proqramının həyata
keçirilməsində yaxından iştirak edir. Dövlət
Proqramının icrası və bununla bağlı həyata
keçirilən tədbirlərdən danışan cənab Mark
Herevard görülən işləri müsbət dəyərləndirdi.
Təmsil etdiyi təşkilatla Təhsil Nazirliyi
arasındakı işgüzar əməkdaşlığın davam
etdiriləcəyini dedi.
Türkiyə Respublikasının Ankara şəhər sosial
xidmətlər müdiri Neriman Koca "Uşaqların
ailələrə dönüşü layihəsi ilə bağlı Türkiyənin
təcrübəsi", YUNİSEF-in beynəlxalq eksperti Devid
Larter "Maliyyənin səmərəli xərclənməsi:
islahatlara doğru", Birləşmiş Krallıq Avropa
Sosial şəbəkəsinin siyasət və inkişaf üzrə
mütəxəssisi Dorota Tomalak
"De-institusionalizasiya və icma əsaslı
alternativ xidmətlər: Avropa təcrübəsi",
YUNİSEF-in Uşaqların müdafiəsi proqramının
rəhbəri Munir Məmmədzadə "Dövlət uşaq
müəssisələrinin transformasiyası üzrə Baş Planın
yerlərdə icrası", YUNİSEF-in milli məsləhətçisi
Aytəkin Hüseynli "Uşaq müdafiəsi sahəsində
sosial işçilərin rolu" mövzularında təqdimatlar
etdilər.
Sonra təqdimatlarla bağlı müzakirələr aparıldı.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
şöbə müdiri Natiq Qasımov, Bakı Şəhəri üzrə Baş
Səhiyyə İdarəsinin müdiri Leyla Seyidbəyli,
Maliyyə Nazirliyinin şöbə müdirinin müavini
Vüqar Məcidli, Ədliyyə Nazirliyinin idarə rəisi
Faiq Qurbanov, Daxili İşlər Nazirliyinin şöbə
rəisi Kamal İmamverdiyev, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri
Sənubər Əlizadə və başqaları çıxış edərək öz
fikir və təkliflərini bildirdilər. çıxışçılar
Təhsil Nazirliyinin Dövlət Proqramının
idarəolunması üzrə işçi qrupunun səmərəli
fəaliyyətindən razılıq etdilər.
Konfransı nazir Misir Mərdanov yekunlaşdıraraq
Dövlət Proqramının həyata keçirilməsində
YUNİSEF-in Təhsil Nazirliyi ilə birgə
fəaliyyətindən məmnunluq hissi ilə danışdı.
Nazir həmçinin onlarla birlikdə yaxından
əməkdaşlıq edən nazirliklərə, dövlət
qurumlarına, qeyri-hökumət və beynəlxalq
təşkilatlara da minnətdarlıq etdi, hamıya
fəaliyyətlərində uğurlar arzuladı.
Samirə KƏRİMOVA |