· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Əsl müəllim necə olmalıdır?

 

Müəllim sözü Azərbaycan dilinin izahlı lüğətində 3 anlamda verilib. Ərəb sözü olan "müəllim" ilk anlamında hər hansı bir fəndən dərs deyən adam kimi başa düşülür. İkinci anlamı hörmət əlaməti olaraq adlara qoşulub işlənməsidr. üçüncü anlamda isə o, hər hansı bir sahədə nüfuz sahibi olan, başqalarına müsbət mənada təsir edən, məktəb yarada bilən adam kimi xarakterizə edilir.

 

Bu günün müəllimi (mənim düşüncəmə görə) hər üç anlamı özündə eyni bir vaxtda daşımalıdır. Yəni həm şagirdə bilik verməlidir, adının qarşısında o adı hörmətlə daşımalıdır, həm də öz nüfuzu, metodu, vətənpərvərliyi, şəxsi nümunəsi ilə yol göstərməlidir. Belə müəllimlərimiz çox olub və indi də var.

Artıq neçə ildir ki, YUNESKO XXI əsri "Təhsil əsri" adlandırıb. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da təhsil sisteminin başlıca məqsədi şəxsiyyətin formalaşması, təhsil müəssisələrinin intellekt məktəbinə çevrilməsidir. Müasir elmi texnologiyaların mənimsənilməsi təhsil sisteminin keyfiyyətcə yaxşılaşmasına, məzmunca müasirləşməsinə gətirib çıxarır. Respublikamızda bir çox məktəblər var ki, onlarda bu günün tələbinə cavab verən innovativ təhsil üsullarını inkişaf etdirmək üçün müasir təhsil mühiti formalaşmışdır. Məncə bu, hələ işin hamısı deyil.

Mən bir müəllim kimi hansı bir sahədə olursa-olsun, elm və texnikanın inkişafını alqışlayıram. Kompüterlərin bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əhəmiyyətinin böyük olduğunu qiymətləndirirəm. Ancaq mənim belə bir qənaətim var ki, hansı dövr, hansı əsr, hansı inkişaf səviyyəsi olursa-olsun, müəllimin nüfuzu, şəxsi nümunəsi əsasdır. Kompüterlə, texniki avadanlıqla müəllim şagirdə ətraflı məlumat verə, vərdişlər aşılaya bilər, onların istifadə qaydalarını öyrədər. Şagirdin daxili aləminin inkişafına, əsl vətəndaş kimi yetişməsinə, şəxsiyyət kimi formalaşmasına isə müəllimin Vətən üçün, millət üçün, həmin şagirdin özü üçün yanan ürəyi lazımdır.

Təhsil naziri Misir Mərdanov bu yaxınlarda televiziyada çıxış edərkən vaxtı çatmış bir məsələni ictimaiyyətə çatdırdı. Nazirlikdə komissiya yaradılıb. Müəllim işə götürülərkən həmin komissiyadan keçəcək. Bu gün bir çox nazirlik, idarə və şirkətlərdə xüsusi testlər hazırlanır və işə götürmək istədikləri mütəxəssisi, işçini testdən keçirirlər.

Dünyada qəbul və tətbiq olunan bu üsuldan ölkəmizdə istifadə olunması təqdirəlayiq haldır. Ancaq müəllim olmaq istəyənləri bu testdən diplomu aldıqdan sonra yox, qəbul imtahanı verərkən keçirməyin əhəmiyyəti daha böyük olar.

Mən ü.Hacıbəyovun həyat və yaradıcılığını tədqiq edən, öyrənən ziyalılarımızın bildiyi bir faktı burada xatırlatmaq istəyirəm. XX əsrin əvvəllərində Azərbaycan dilinin tədrisi və tədqiqi sahəsində xüsusi əməyi olan tanınmış müəllimlərdən ibarət komissiya yaradılıb. 1911-ci  ilin sentyabrında S.M.Qənizadənin sədrliyi ilə keçən iclasda M.Mahmudbəyov, İsa bəy Aşurbəyli, Əli Ağa Həsənzadə, Əli İsgəndər Cəfərov və Əli Cabbar Orucəliyev kimi ziyalılar Qori Müəllimlər Seminariyasının məzunu, adlı-sanlı pedaqoq, "İrşad", "Tərəqqi", "Həqiqət" qəzetlərində 6 il əməkdaşlıq edən, publisist, dramaturq ü.Hacıbəyova Azərbaycan dili müəllimi olmaq hüququ vermək üçün müzakirə aparmışlar.

Xalqımızın ümummilli lideri Heydər Əliyev müəllim peşəsinə yüksək qiymət verərək demişdir:

"Mən dünyada müəllimdən yüksək ad tanımıram..."

Müəllim özünü yox, xalqını, Vətənini düşünsə, onun yetişdirdiyi şagirdlər daha çox tanınar, cəmiyyətdə özünə mövqe qazanar, əsl şəxsiyyət kimi formalaşar.

Böyük pedaqoqların dediyi kimi, dərsdə üç şəxs iştirak edir: müəllim, şagird, müəllim vicdanı. Məncə, müəllim  tədris prosesində vicdanı qarşısında borclu qalmamalıdır.

Azərbaycanın görkəmli müəllimləri hesab olunan dahilərin  həyatına, dedikləri fikirlərə istinad etmək istəyirəm: hər iki şəxs bütün gövrlər üçün əsl müəllim kimi qalacaqlar. çünki onlar müəllim sözünün hər üç anlamını yaradıcılıqları boyu qoruyublar, öz məktəblərini yaradıblar. Bu şəxslər Mirzə Fətəli Axundov və Həsən bəy Zərdabidir. Onların dedikləri fikirlər, arzular bir-birini dəqiq tamamlayır. Səbəbi də odur ki,  bu dahilər əqidəsinə görə əsl vətəndaş, əsl müəllim kimi özlərindən sonra bir iz qoyub gediblər.

Əsl vətəndaş mövqeyi göstərmək üçün ən yaxşı peşə müəllimlikdir. Bu istəyi, arzunu həyata keçirmək üçün ölkəmizdə geniş imkanlar var. Möhtərəm Prezidentimiz İlham Əliyevin müdrikcəsinə dediyi bu fikir biz təhsil işçilərinin gündəlik fəaliyyət proqramına çevrilib: "Təhsil hər bir ölkənin gələcəyini müəyyən edir".

Rəfiqə NƏCƏFOVA,

Laçın rayon 35 nömrəli

orta məktəbin müəllimi