· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Onbirincilər ikinci sınaq imtahanını verdilər

Fevralın 24-də ölkəmizin 20-dən çox şəhər və rayonunda yerləşən ümumtəhsil məktəblərinin onbirinci sinif şagirdləri arasında mərkəzləşdirilmiş qaydada test üsulu ilə ikinci yoxlama imtahanı keçirildi. Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən Bakıda və bölgələrdə 89 imtahan mərkəzi yaradılmışdı. Onlardan 53-ü paytaxtda, 10-u Sumqayıtda, 5-i Gəncədə, 4-ü Mingəçevirdə, 2-si Əli Bayramlıda, 4-ü Ucar rayonunda, 4-ü İsmayıllıda, 5-i İmişlidə, 2-si Abşeronda fəaliyyət göstərirdi. Hər bir mərkəzə həm imtahan, həm də bina rəhbəri təyin olunmuşdu.

 

 893 orta məktəbi əhatə edən imtahanlarda 52 minədək şagird iştirak edirdi. Yoxlama imtahanlarının obyektiv və şəffaf keçirilməsi üçün mərkəzlərdə lazımi şərait yaradılmışdı.

Təhsil Nazirliyi İctimaiyyətlə əlaqə şöbəsinin təşəbbüsü ilə elektron KİV əməkdaşlarından təşkil olunmuş qrupun tərkibində paytaxtda fəaliyyət göstərən bir neçə mərkəzdə olub, imtahanların təşkili və gedişini müşahidə etdik. Qrupumuz yolunu öncə 82 nömrəli pilot məktəbdə yaradılmış mərkəzə saldı. Biz mərkəzə gələndə imtahanlar hələ başlamamışdı, lakin onbirincilər artıq siyahı üzrə imtahan verəcəkləri otaqlarda yerləşdirilmişdi. Hər kəs imtahana buraxılış vərəqində qeyd olunmuş otaq və sırada yerini tutmuşdu. İmtahan rəhbəri, Təhsil Nazirliyinin baş məsləhətçisi İlyar Vahabovla imtahan aparılacaq otaqlardan bir neçəsinə baş çəkdik. Vəziyyət normal idi. Bəzilərində bir-iki şagird gəlməmişdi. İ.Vahabov şagirdlərə imtahan barədə zəruri izahat verərək onun nəticələrinin yekun qiymətləndirmədə nəzərə alınacağını, əvvəlki yoxlamadan fərqli olaraq bu sınaqda şagirdlərin bir fənni seçməmək hüququnun ləğv olunduğunu, buna görə də bütün fənlər üzrə sualları cavablandırmaq lazım gəldiyini bildirdi, onbirincilərə tələsməməyi, cavab kartına kodlarını və cavabları qeyd edərkən diqqətli olmağı tövsiyə etdi. Nəzarətçilər də öz növbəsində şagirdləri cavab kartının doldurulması qaydaları ilə tanış etdilər, onlara bir-birlərinə mane olmamağı məsləhət gördülər.

İ.Vahabovdan öyrəndik ki, bu mərkəzdə 650 şagird imtahan verir. Onlar rayonda yerləşən digər məktəblərin şagirdləridir. 82 nömrəli pilot məktəbində təhsil alan onbirincilər isə başqa məktəblərdə imtahan verirlər.

Yoxlamaların aparıldığı bütün otaqlarda zəruri şərait yaradılıb. Hər otaqda 2 nəzarətçi var. Onların hamısı paytaxtın müxtəlif təhsil ocaqlarından cəlb olnmuş qeyri-ixtisas fənn müəllimləridir. İmtahanın təşkilati hissəsi normal keçib, heç bir problemlə qarşılaşmayıblar.

Baş çəkdiyimiz növbəti mərkəz Dilqəm Nəbiyev adına 178 nömrəli məktəb oldu. Burada bina rəhbəri məktəbin direktoru Yusif Məmmədov, imtahan rəhbəri isə Təhsil Nazirliyinin baş məsləhətçisi Esmira Şıxəliyeva idi. E.Şıxəliyeva jurnalistlərə məlumat verdi ki, bu mərkəzdə 22 otaqda 660 onbirinci sinif şagirdi yoxlama imtahanı verir. Təşkilati hissə başa çatmaqdadır. İmtahan materialları olan zərflər açılıb, cavab kartları şagirdlərə paylanıb. Onun doldurulması qaydaları izah olunub. Nəzarətçilərin hamısı iş başındadır. Budəfəki yoxlama imtahanına əvvəlkindən daha yaxşı hazırlıq aparıldığından hələlik heç bir problemlə üzləşməyiblər.

Bu mərkəzdə də imtahan rəhbərinin müşayiəti ilə bir neçə otaqda olduq. Hər yerdə sakitlik, səliqə-sahman hökm sürürdü. Şagirdlər cavab kartlarına zəruri məlumatları yazmaqla məşğul idilər. 

Daha sonra 200 nömrəli orta məktəbdə yerləşən mərkəzdə qısa müşahidələr apardıq. Burada 22 otaqda imtahan gedirdi. 660 nəfər onbirinci sinif şagirdi özünü sınayırdı. İmtahan rəhbəri Təhsil Nazirliyinin əməkdaşı Rüxsarə Əliyevanın verdiyi məlumatdan aydın oldu ki, proses normal gedir. Heç bir problem qeydə alınmayıb, narazı qalan yoxdur. Şagirdlər artıq cavab kartları üzərində ilkin qeydlərini aparıblar. İndi test tapşırıqları üzərində işləyirlər. Onunla birlikdə imtahan gedən 4, 5, 6, 8 və 9 nömrəli otaqlara baş çəkdik. Nəzarətçilər bildirdilər ki, Təhsil Nazirliyindən gətirilmiş imtahan materialları vaxtında açılaraq şagirdlərə paylanıb, yenilik haqqında müvafiq izahat verilib, şagirdləri maraqlandıran bu və ya digər məsələyə aydınlıq gətirilib. Hiss olunur ki, onlar növbəti sınağa əvvəlkindən daha məsuliyyətlə hazırlaşıblar. 4 və 5-ci otaqlarda 1, 8 və 9 nömrəli otaqlarda isə 2 şagird imtahanda iştirak etmirdi.

Şagirdlər bir-birinə mane olmadan test kitabçalarının üzərində işləyir, orada qoyulmuş suallara cavablar yazırdılar. Testlərə salınmış sualların asan-çətinliyi ilə maraqlandıq. Rəyini soruşduğumuz şagirdlər sualların proqrama  uyğun olduğunu bildirdilər.

Həmin gün sonuncu baş çəkdiyimiz mərkəz 20 nömrəli məktəb-lisey oldu. Biz liseyə gələndə artıq imtahanın başlanmasından 1 saat keçirdi. Məktəbin direktoru, imtahan keçirilən binanın rəhbəri Əkbər Qocayev, imtahan rəhbəri Adilə Mahmudova siyahıda adları olan şagirdlərin təxminən 99 faizinin yoxlamada iştirak etdiyini bildirdilər. A.Mahmudova imtahanın təşkilati hissəsinin normal keçdiyini, 22 otaqda 660 nəfərə qədər onbirinci sinif şagirdinin imtahan verdiyini söylədi.

Müşahidələrimiz bizdə həqiqətən də ikinci yoxlama imtahanının əvvəlkindən mütəşəkkil keçdiyi qənaəti doğurdu. Sınağın uğurlu keçməsi üçün istər Təhsil Nazirliyi, istərsə də məktəblərin pedaqoji kollektivləri tərəfindən xeyli iş görülmüş, birinci yoxlama imtahanında qeydə alınmış qüsurların aradan qaldırılması istiqamətində zəruri  tədbirlər həyata keçirilmiş, bir sıra yeniliklər edilmişdir. Həmin işlər və yeniliklər barədə jurnalistlərə reydin sonunda Təhsil Nazirliyi Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsi müdirinin müavini Təranə Hacıyeva məlumat verdi. Məlumatdan aydın oldu ki, ötən imtahanda qeydə alınmış texniki qüsurlar tamamilə aradan qaldırılıb. Bu imtahanların nəticələri yekun qiymətində 8 faiz nəzərə alınacaq. Test kitabçalarına əvvəlki imtahanda olduğu kimi 2 xarici dildən (ingilis və alman dilləri) deyil, orta məktəblərdə tədris olunan bütün xarici dillər üzrə tapşırıqlar daxil edilib. Nəzarətçilərin, şagirdlərin təlimatlandılması, məlumatlandırılması üçün sistemli iş aparılıb, onlar üçün xüsusi təlimatlar, yaddaşlar çap edilərək yerlərə çatdırılıb. Təlimat və yaddaşlarda nəzarətçilərə görəcəkləri bütün işlər, şagirdlərə bilməli və gözləməli olacaqları bütün qaydalar barədə müvafiq açıqlamalar verilib. T.Hacıyeva hər bir şagirdin öz imtahan nəticələrini İnternet vasitəsi ilə öyrənə bilməsini bu sahədə edilmiş ən mühüm yeniliklərdən biri kimi dəyərləndirdi və imtahanların təşkili ilə bağlı jurnalistləri maraqlandıran bir sıra məsələlərə də aydınlıq gətirdi.

 

Yusif ƏLİYEV