· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Moskvada Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq

Bakı Slavyan Universitetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Beynəlxalq Mətbuat Mərkəzində BSU ilə Moskva Dövlət Linqvistika Universiteti (MDLU) arasında "Biz bir-birimizi daha yaxşı anlamalıyıq: Azərbaycanda rus dilinin və Rusiyada Azərbaycan dilinin öyrənilməsi" mövzusunda telekörpü keçirilmişdir.

Bakı Slavyan Universiteti və Moskva Dövlət Linqvistika Universiteti arasında sıx əlaqələr yaradılmışdır. Rusiyanın bu ali məktəbində artıq azərbaycanşünaslıq tədris olunur. Telekörpüdə iştirak edən BSU-nun rektoru, professor Kamal Abdullayev xarici ölkələrin ali məktəblərində azərbaycanşünaslığın tədrisi ilə bağlı BSU-nun layihəsini dəstəklədiklərinə görə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya, Rusiyanın Azərbaycandakı və ölkəmizin Rusiya Federasiyasındakı səfirliklərinə təşəkkürünü bildirdi. K.Abdullayev Moskva Dövlət Linqvistika Universitetində Azərbaycan Mədəniyyəti Mərkəzinin açılması təşəbbüsünü irəli sürərək qeyd etdi ki, BSU-da Rusiya Mədəniyyət Mərkəzi və Moskva auditoriyası fəaliyyət göstərir. MDLU-nun rektoru İrina Xaleyeva bu təklifi dəstəklədiyini bildirdi. ölkəmizin Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova səfirliyin bu məsələ ilə bağlı hərtərəfli kömək göstərəcəyini dedi.

BSU-nun rektoru Moskvada Azərbaycan jurnallarının və dərsliklərinin nəşr olunmasını da təklif etdi.

 

 

 

Təhlükəsiz İnternetin tədrisi kampaniyasına start verildi

Kompüterlə işləyən uşaqlar İnternetdən istifadəyə böyük maraq göstərirlər. İnternet uşaqlar üçün gözəl resurs ola bilər. Klaviaturada işləmək bacarığına malik olan hər bir uşaq onu maraqlandıran məsələlərlə bağlı məlumatlar, həmçinin müəyyən bilgilər əldə etmək imkanına malikdir. Qeyd etmək lazımdır ki, İnternetin faydası ilə yanaşı, müəyyən mənfi tərəfləri də var. İnternetdən əyləncə və əlaqə məqsədi ilə istifadə edən təcrübəsiz insanlar əksər hallarda təhlükəli məqamlarla rastlaşırlar. İnternet "dələduzların" "virtual savadsız" və həyat təcrübələri az olan istifadəçilərin xəbərləri olmadan onların şəxsi məlumat, maddi imkan, sosial statusları haqqında məlumat əldə edərək zərərli planlarının qurbanlarına çevirmələri və s. buna misal ola bilər. Bu cür hallar çox vaxt insanların bir-birilə virtual ünsiyyəti zamanı bir tərəfin qarşı tərəfə öz şəxsi həyatı və yaxud digər məsələlər haqqında məlumat verməsi nəticəsində baş verir.

"NUR" uşaq və gənclərin ictimai birliyi bütün bunları, xüsusən də uşaqların belə problemlərlə üzləşdiyini nəzərə alaraq bu günlərdə "İnternetlə dost olaq!" kampaniyasına start verib. Kampaniya çərçivəsində Bakı şəhərindəki 157 və 47 nömrəli orta məktəblərin 500 şagirdi üçün maarifləndirici təlimlər təşkil edilib. Təlimlər zamanı mütəxəssislər tərəfindən uşaqlara interaktiv şəkildə İnternetdə təhlükəsizlik qaydaları və davranış  barədə ətraflı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Onu da qeyd edək ki, kampaniyanın ilkin mərhələsində 5000 şagirdin, 300 məktəb rəhbərinin, müəllim və valideynin maarifləndirilməsi nəzərdə tutulub.

 

S.KƏRİMOVA  

 

 

 

Bu il 400-ə yaxın məktəb İnternetə qoşulacaq

Sentyabrın 15-nə kimi Bakı, Sumqayıt, Abşeron məktəbləri  yüksək sürətli İnternet şəbəkəsinə qoşulacaq.  Bunu Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov dedi. Onun sözlərinə görə,  təhsil sisteminin beynəlxalq şəbəkəyə qoşulması istiqamətində 2008-2012-ci illəri əhatə edən Dövlət Proqramı bu günlərdə təsdiq olunmalıdır: "Proqram  çərçivəsində görüləcək işlərdən ən əsası orta umumtəhsil məktəblərinin  İnternetə qoşulmasıdır. Bakı, Sumqayıt şəhərlərinin, Abşeron rayonunun 400-ə yaxın məktəbi vahid (data) mərkəzdən beynəlxalq şəbəkəyə  qoşulacaq.  Mərkəzin yer məsələsi hələ müəyyən olunmayıb. Yaxın günlərdə vahid (data) mərkəzinin yerləşəcəyi yer bilinəcək. Vahid (data) mərkəzdən məktəblər idarə olunacaq və bir neçə arzuolunmayan əyləncəli saytların istifadəyə buraxılmasına qadağa qoyulacaq. Həmçinin beynəlxalq şəbəkəyə qoşulduqdan sonra məktəblər bir-birləri ilə canlı ünsiyyət yarada biləcəklər. Eyni zamanda məktəbdə keçirilən təhsillə bağlı mühüm tədbirləri canlı şəkildə izləmək olacaq".

RƏŞAD

 

Yeni dərs ili üçün hansı dərsliklər çap olunacaq?

Son illər respublikamızda islahatların tələblərinə cavab olaraq dərsliklərin məzmunu və tərtibatı müasirliyi ilə seçilir. Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı 2008-2009-cu tədris ilində neçə adda dərslik çap olunacağı barədə məlumat verərək bildirdi ki, respublikamızın bütün ümumtəhsil məktəblərinin I siniflərində yeni tədris ilində təlim prosesinə kurrikulum əsasında hazırlanacaq dərsliklərlə başlanılacaqdır.

Bu, 13 adda dərslik və 21 adda isə müəllim üçün vəsait deməkdir. III-XI siniflər üçün isə 68 adda dərslik nəşr olunacaqdır. Hazırda həmin dərsliklər Təhsil Nazirliyinin yaratdığı işçi qrupları tərəfindən oxunur və redaktə edilir.

2008-2009-cu tədris ili üçün 102 adda dərsliyin, müəllimlər üçün müvafiq dərs vəsaitlərinin nəşr olunması nəzərdə tutulub.

Azərbaycan bölməsi üçün 62 adda, rus bölməsi üçün isə 40 adda dərslik nəşr olunacaqdır.

Son illərdə olduğu kimi, bu il də qeyd olunan bütün dərslik və müəllim üçün vəsaitlər dövlət hesabına çap olunaraq məktəblərə paylanacaq. 

S.SƏFƏROVA