|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Təhsil
Nazirliyinin kollegiyasında
Yeni
qiymətləndirmə sistemi, nəticələr,
problemlər və qarşıda duran vəzifələr
geniş müzakirə olundu Fevralın
9-da Azərbaycan Respublikası Təhsil Nazirliyi kollegiyasının
növbəti iclası keçirildi. "Yeni
qiymətləndirmə sistemi: nailiyyətlər,
problemlər və qarşıda duran
vəzifələr" mövzusunda məsələnin müzakirə
olunduğu geniş iclasda kollegiya üzvləri ilə yanaşı,
millət vəkilləri, nazirliyin şöbə müdirləri
və struktur bölmələri rəhbərləri, Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin
məsul işçiləri, sınaq imtahanları keçirilən
məktəblərin direktorları və imtahan
rəhbərləri, KİV nümayəndələri iştirak
edirdilər. Təhsil naziri, kollegiyanın sədri Misir
Mərdanov müzakirə olunan məsələ barədə
geniş məruzə etdi. Ekranda slaydların nümayişi
vasitəsi ilə təqdim olunan məruzəsində nazir
diqqəti öncə məsələnin vacibliyinə, aktuallığına
yönəldərək bildirdi ki, uzun illər
təhsilimizdə məqsədyönlü
qiymətləndirmə siyasəti aparılmayıb. Yalnız
qiymətləndirmə sistemi mövcud olub. Halbuki təhsil
alanların nailiyyətlərinin düzgün
qiymətləndirilməsi təhsilin keyfiyyətini
təmin edən əsas amillərdəndir və bu işdə
o, heç də təhsilin məzmunundan, müəllim
amilindən az əhəmiyyət kəsb etmir. Nazir son illərdə aparılan təhsil
islahatlarında yeni qiymətləndirmə sisteminin
tətbiqi istiqamətində xeyli iş görüldüyünü
bildirdi, bütün bunları müzakirə etməyə ehtiyac
duyulduğunu və bu məqsədlə də həmin
məsələnin kollegiyaya çıxarıldığını
söylədi. Mövcud qiymətləndirmə sisteminin geniş
təhlilini verən nazir qeyd etdi ki, bu sistem müəllimin
subyektiv mülahizələrinə əsaslanır, şagirdi
bir qayda olaraq, əzbərçiliyə və qiymət almaq
xatirinə oxumağa təhrik edir; onun inkişafını
sistemli şəkildə izləməyə imkan vermir;
şagirdin təlim nəticələri lazımi
səviyyədə əsaslandırılmır, o, daha artıq
nailiyyətlər əldə etməyə
həvəsləndirilmir. Təlim prosesində yalnız
formal biliklər qiymətləndirilir, böyük
əhəmiyyəti olan tətbiqi bacarıqlar və
nailiyyətlər isə qiymətləndirmədən
kənarda qalır. Mövcud qiymətləndirmə inkişaf
və təkmilləşdirməyə zəmin yaratmır,
mexaniki qiymət yazmaqla məhdudlaşır,
nəticələr təhlil olunmur, təhsilalanın
biliyinin ona verilən qiymətə nə
dərəcədə uyğun olub-olmamasını müəyyənləşdirmək
mümkün olmur. Bütün təhsil pillələrində (ümumi
orta, texniki peşə, orta ixtisas, ali) imtahanlar, bir qayda
olaraq, formal keçirilir, mövcud standartlara uyğun bilik və
bacarıqlara
yiyələnib-yiyələnməməsindən asılı
olmayaraq, hamıya təhsil haqqında sənəd verilir.
Məhz bütün bunlara görə də Misir Mərdanov son
illər aparılan təhsil islahatlarında yeni
qiymətləndirmə sisteminin yaradılmasına xüsusi
önəm verildiyini, bu məqsədlə "Azərbaycan
Respublikasında ümumi təhsilin milli
qiymətləndirmə Konsepsiyası"nın hazırlanaraq
təsdiq üçün hökumətə təqdim olunduğunu söylədi.
Bildirdi ki, həmin konsepsiyada məktəbdaxili, milli və
beynəlxalq qiymətləndirmə sistemlərinin hazırlanması
üzrə əsas prinsiplər, hər birinin
məqsədləri, komponentləri göstərilməklə
tətbiq mexanizmləri təqdim edilmiş, zəruri
fəaliyyətlər təsvir olunmuş, gözlənilən
nəticələr proqnozlaşdırılmışdır. Sonra təhsil naziri yeni
qiymətləndirmə sisteminin modeli ilə kollegiya iştirakçılarını
tanış etdi, bu sistemin üç mühüm istiqaməti olan
məktəbdaxili qiymətləndirmə, milli
qiymətləndirmə və beynəlxalq
qiymətləndirmə barədə geniş məlumat
verdi. Qeyd etdi ki, yeni sistemdə şagird
nailiyyətlərinə kompleks yanaşma, müasir
qiymətləndirmə üsul və vasitələrinin,
imtahan modellərinin tətbiqi nəzərdə tutulur. Məruzə-təqdimatda hər üç
istiqamətin mahiyyəti, məzmunu barədə də
məlumat verildi. Qeyd olundu ki, məktəbdaxili
qiymətləndirmə 3 komponentdən ibarətdir. Onların
birincisi olan şagird irəliləyişlərinin
monitorinqi müntəzəm, davamlı aparılan təsviri
qiymətləndirməni (indiki cari
qiymətləndirmədən fərqli olaraq, bu zaman şagirdin
nailiyyətləri təhlil olunur, ona daha yaxşı
nailiyyətlər əldə etməyin yolları göstərilir),
bəhs və bölmələr üzrə test vasitəsilə
qiymətləndirməni və test vasitəsilə yarımillik
qiymətləndirməni əhatə edir. Şagird irəliləyişlərinin
monitorinqi məktəb səviyyəsində müəllimlər
tərəfindən həyata keçirilir. Bu
mərhələdə şagirdlərin
nailiyyətləri formativ (müntəzəm, davamlı),
mikrosummativ (bəhs və bölmələr üzrə) və
makrosummativ (yarımilliklər üzrə) formada
qiymətləndirilir. İkinci komponent olan kurrikulum üzrə
qiymətləndirmə şagirdin təlim
nəticələrinin müvafiq məzmun standartlarına uyğunluğunu
müəyyənləşdirmək üçün aparılır.
Nəzərdə tutulur ki, I siniflərdə yeni kurrikulum
tətbiq edildikdən sonra dərs ilinin sonunda
qiymətləndirmə aparılacaq və zəruri olarsa,
kurrikulumda təkmilləşdirilməli sahələr müəyyənləşdiriləcək. Məktəbdaxili qiymətləndirmənin
üçüncü komponenti olan təhsil pillələri üzrə
buraxılış imtahanları isə mərkəzləşmiş
qaydada aparılan imtahanlar formasında həyata keçirilir, müvafiq
təhsil sənədi verilməsi ilə başa çatır. Misir Mərdanov hər üç komponent üzrə
son illər görülmüş işlər, aparılmış
eksperimentlər və əldə olunmuş uğurlar
barədə də kollegiya iştirakçılarına geniş
məlumat verdi. Bildirdi ki, yaxın gələcəkdə
məktəbdaxili qiymətləndirmənin köklü şəkildə
dəyişdirilməsi, mövcud gündəlik
qiymətləndirmənin aradan qaldırılması
zəruri vəzifə kimi qarşıya qoyulub. Bununla
əlaqədar, 2006-2007-ci dərs ilində şagird
nailiyyətlərinin tədris vahidləri (bəhs və bölmələr)
üzrə test yoxlamaları əsasında
qiymətləndirilməsi 4 pilot məktəbində
("İntellekt" liseyi, Elitar gimnaziya, Sumqayıt şəhər
18 nömrəli məktəb və Abşeron rayonu Novxanı
kənd məktəbi) tətbiq edilmişdir. Bu proses V
və VIII siniflərdə ana dili və riyaziyyat
fənlərini əhatə etmiş həmin
siniflərdə dərs deyən fənn müəllimləri
treninqlərdən keçirilmiş, xüsusi formada sinif jurnalları
hazırlanmışdır. Lakin ötən müddət
ərzində eksperimentin gedişinin izlənilmədiyini,
nəticələrin təhlil edilmədiyini,
məktəblərə lazımi kömək göstərilmədiyini
deyən Misir Mərdanov nazirliyin müvafiq şöbələrinə
eksperimentin tətbiqi vəziyyətini ciddi araşdırmağı,
təhlil etməyi və təkliflər hazırlamağı
tapşırdı. Milli qiymətləndirmə barədə
danışan nazir dedi ki, o, təhsil prosesinin təşkili,
planlaşdırılması, aparıldığı
şərait haqqında toplanmış məlumatlar
vasitəsilə kurrikulumun keyfiyyətini və təhsil
sistemində baş verən dəyişiklikləri
dəyərləndirmək məqsədilə ümumi orta
təhsilin bir pilləsindən digərinə keçid
mərhələsində, 4-5 ildən bir həyata keçirilir. Milli qiymətləndirmə sahəsində
təcrübə əldə etmək və təşkilati
prosedurları sınaqdan keçirmək məqsədilə
2006-cı ilin aprel-may aylarında ana dili və riyaziyyat
fənləri üzrə ölkənin 170 ümumtəhsil
məktəbinin 8000 nəfər IV və IX sinif şagirdini
əhatə edən qiymətləndirmə aparılmış,
nəticələr yeni kurrikulum hazırlığında
nəzərə alınmışdır. Nəzərdə tutulur ki, yeni kurrikulum
tətbiq edildikdən sonra 2012-ci ildə ölkənin bütün
məktəblərinin IV və IX siniflərində milli
qiymətləndirmə aparılsın. Məruzə-təqdimatda qeyd olundu ki, ölkəni
təmsil edən şagirdlərin təlim göstəriciləri
əsasında təhsilin vəziyyəti barədə
təsəvvür əldə etmək, müvafiq məlumatları
təhlil etməklə problemləri aşkara çıxarmaq,
onların həlli yollarını müəyyənləşdirmək,
perspektiv inkişaf istiqamətlərini proqnozlaşdırmaq
və vəziyyəti digər ölkələrlə müqayisə
etmək məqsədilə beynəlxalq
qiymətləndirmə aparılır. Belə bir
qiymətləndirmə 2006-cı ildə beynəlxalq PİSA
təşkilatı tərəfindən ana dili, riyaziyyat
və təbiət fənləri üzrə aparılmış
və o 72 ümumtəhsil məktəbinin 15 yaşlı 6500
şagirdini əhatə etmişdir. Riyaziyyatdan
nəzəri qabiliyyətlər üzrə reytinq
cədvəlində Azərbaycan şagirdləri iştirakçı
57 ölkə arasında 4-cü, tətbiqi
qabiliyyətlərə görə isə 32-ci yeri tutmuşdur.
Oxu və təbiət fənləri üzrə qabiliyyət
göstəricilərinə görə ölkəmiz müvafiq olaraq
54 və 55-ci olmuşdur. Hazırda
qiymətləndirmənin nəticələri təhlil
olunur. Təhlil əsasında Təhsil Nazirliyi, ehtiyac
yaranarsa, kurrikulumların tətbiqi, müəllim hazırlığı
və təlim texnologiyaları sahəsində dəyişikliklər
etməyi planlaşdırır. Nazir kollegiyada orta təhsil kursu üzrə
mərkəzləşdirilmiş şəkildə keçirilən
buraxılış imtahanlarından da danışdı,
XI siniflərdə tətbiq olunan bu yeniliyi
məktəbdaxili qiymətləndirmənin təkmilləşdirilməsi
istiqamətində atılmış ən mühüm addım
adlandırdı. Bildirdi ki, 2005-2006-cı dərs ilində
İmişli və Bakı şəhərinin Xətai
rayonlarının ümumtəhsil məktəblərində
tətbiq olunmaqla başlanan bu eksperimentə 2006-2007-ci
dərs ilində nazirliyin tabeliyində olan lisey və
gimnaziyalar, Bakı şəhərinin Xətai və
Səbail rayonlarının, Sumqayıt şəhərinin,
İmişli rayonunun ümumtəhsil məktəbləri
də qoşulmuşdur. Sonra ötən tədris ilində
mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış
imtahanlarının ümumi nəticələrini əks
etdirən cədvəl iclas iştirakçılarının
diqqətinə çatdırıldı. Nazir imtahanlarda iştirak
edən 11866 XI sinif şagirdindən 10865-nin, yəni 91,56
faizinin uğurlu nəticələr əldə etməsini
müsbət qiymətləndirsə də 634 nəfər
imtahana buraxılmayan, 1001 nəfər isə imtahandan
"2" qiymət alan olmaqla bütövlükdə 1635 şagirdin
attestat ala bilməməsini ciddi mənfi hal hesab etdi. Orta təhsil kursu
üzrə mərkəzləşdirilmiş buraxılış
imtahanlarının üstünlüklərindən danışan
Misir Mərdanov bu sahədə atılmış addımların
təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına,
təhsilə münasibətdə şagirdlərin və müəllimlərin,
məktəb rəhbərlərinin, eləcə də
valideynlərin məsuliyyətinin artırılmasına,
habelə neqativ halların aradan qaldırılmasına
xidmət etdiyini, mərkəzləşdirilmiş
imtahanların ictimaiyyətin, ilk növbədə,
valideynlərin məktəbə münasibətini dəyişdiyini,
məktəbin, müəllimin nüfuzunun yüksəlməsinə
səbəb olduğunu vurğuladı. Bildirdi ki, dünya
təcrübəsində imtahanlar təhsilalanların dövlət
standartları səviyyəsində bilik və bacarıqlara
yiyələnməsi barədə etibarlı mənbə
rolunu oynayır, təhsil sistemində aparılacaq dəyişiklikləri
əsaslandırır və bu səbəbdən yüksək
statusa malikdir. Beynəlxalq təcrübədə təhsilin
hər bir pilləsinin nəticələri digər
pilləyə keçiddə, o cümlədən ali təhsil
pilləsinə qəbulda əsas amil kimi nəzərə
alınır. Təhlil göstərir ki, ümumi orta təhsilin
nəticələrinin nəzərə alınmaması bu
pillədə təhsilin keyfiyyətinə mənfi
təsir göstərir, məktəbin və müəllimin
statusunun aşağı düşməsinə səbəb
olur, şagirdlərin və müəllimlərin
keyfiyyətli təhsilə stimullaşdırılmasına
mane olur. Dünyada ali məktəblərə
qəbulun əsas parametrinin məhz orta məktəbin
nəticələri olduğunu deyən nazir ABŞ-da ali
məktəbə qəbul imtahanı zamanı toplanan balın
ümumi balın yalnız 30 faizini təşkil etdiyini,
digər 70 faizinin isə məhz məktəbin
nəticələri, yəni şagirdin orta məktəb göstəriciləri,
məktəbin şagird haqqında rəyi, şagirdin
maraq və qabiliyyəti və sair nəzərə alınmaqla
formalaşdığını söylədi. Nazir dedi: - Bir çoxlarının düşündüyü
kimi, orta təhsil pilləsinin nəticələrinin ali
məktəblərə qəbulda nəzərə alınması
heç də neqativ hallara gətirib çıxarmır,
əksinə, bu nəticələr təhlillərin aparılmasına,
problemlərin aşkara çıxarılmasına və
təhsilin inkişafına yönəlmiş
tədbirlərin həyata keçirilməsinə imkan yaradır. Bu nəticələr həmçinin
təhsilin inkişafında xüsusi əhəmiyyət
kəsb edən aşağıdakı amilləri
əhatə edir: - məzunların mövcud təhsil
standartları üzrə hazırlıq səviyyəsi müəyyən
olunur; - imtahanın nəticələri orta
təhsilin məzmununda dəyişiklik aparılması
üçün etibarlı mənbə rolunu oynayır; - dərsliklərin məzmun baxımından
təkmilləşdirilməsi üçün tutarlı əsas
verir; - təlim strategiyalarının
mahiyyətcə yeniləşdirilməsinə şərait
yaradır; - növbəti illərdə şagird
nailiyyətlərinin monitorinqinin istiqamətlərinin müəyyənləşdirilməsini
şərtləndirir; - müəllim əməyinin
qiymətləndirilməsi üçün indikator rolunu oynayır; - müəllim hazırlığının
yaxın və uzaq perspektivlərinin müəyyənləşdirilməsinə
zəmin yaradır. Məruzə-təqdimatında təhsil
naziri cari dərs ilində orta təhsil kursu üzrə
mərkəzləşdirilmiş buraxılış
imtahanlarının daha geniş miqyasda - nazirliyin
tabeliyindəki lisey və gimnaziyaları, Bakı,
Gəncə, Sumqayıt, Əli Bayramlı, Mingəçevir
şəhərlərinin, Abşeron, İmişli, Ucar,
İsmayıllı rayonlarının, həmin
ərazilərdə yerləşən məcburi köçkün
rayonlarının ümumtəhsil məktəblərini; bu bölgələrdə
fəaliyyət göstərən peşə liseylərini
əhatə etməklə keçiriləcəyini
diqqətə çatdırıb, yekun qiymətin hesablanması
qaydasındakı yenilik barədə məlumat verdi.
Bildirdi ki, şagirdin yekun qiyməti hesablanarkən buraxılış
imtahanının nəticələri ilə
bərabər, onun X və XI siniflərdə aldığı
illik qiymətlər və il ərzində keçirilən sınaq
imtahanlarının nəticələri də
nəzərə alınacaqdır. Daha sonra Misir Mərdanov ötən il noyabrın
25-də orta təhsil kursu üzrə mərkəzləşdirilmiş
qaydada keçirilmiş ilk yoxlama imtahanlarının
nəticələri ilə kollegiya iştirakçılarını
tanış etdi. Verilən məlumatdan aydın oldu ki,
yoxlama imtahanları rayon və şəhərlərdə
yaradılmış 90 mərkəzdə keçirilməklə
52096 şagirdi və 893 məktəbi əhatə
etmişdir. 90 nəfər imtahan rəhbəri, 90
nəfər də bina rəhbəri təyin edilmiş,
1827 otaqda 4000-dək çox nəzarətçi imtahan
prosesində iştirak etmişdir. Yoxlama imtahanlarında 11 məktəb 80-100,
118 məktəb 50-80, 281 məktəb 30-50, 361
məktəb 10-30, 75 məktəb 0-10 faiz arasında
nəticə göstərib.47 məktəbin göstəricisi
isə 0 olub. Nəticələrin müxtəlif yönlərdən
aparılmış statistik təhlillərini
əks etdirən cədvəllər, o cümlədən
imtahanların nəticələri üzrə tərtib edilmiş
reytinq cədvəlində ilk 50 və son 100 yeri tutan
məktəblərin siyahısı kollegiya iştirakçılarının
diqqətinə çatdırıldı. Aydın oldu ki,
yoxlama imtahanlarını verməli olan 52096 şagirddən
48682-i, yəni 93,4 faizi onlarda iştirak edib. 10.009 (20,6%)
şagird 1 fəndən, 7114 (14,6 %) şagird 2
fəndən 14815 (30,4%) nəfər 3 və daha çox
fəndən "2" qiymət alıb. Yoxlama imtahanlarında
cəmi 16744 şagird müvəffəq qiymət alıb ki,
bu da imtahan verənlərin 34,4 faizini təşkil edir. Rayonlar (şəhərlər) üzrə
imtahan nəticələrinə əsasən tərtib
edilmiş reytinq cədvəlində ilk sırada ali
məktəblərin nəzdindəki ümumtəhsil
məktəbləri yer alıb. Onların müvəffəqiyyət
faizi 65,2-dir. Təhsil Nazirliyinin tabeliyində olan lisey
və gimnaziyalar 57,6 faizlə ikinci, Sumqayıt
məktəbləri isə üçüncü (44,8%) nəticə göstəriblər.
Reytinq cədvəlində sonuncu yerdə peşə
liseyləri qərar tutublar. Onların orta göstəricisi
8,95 faizdir. Nəticələrin aşağı olmasının
əsas səbəbini yoxlama imtahanlarının ilk
dəfə keçirilməsi ilə
əlaqələndirən nazir fevralın sonlarında keçiriləcək
ikinci yoxlama imtahanında onların yaxşı olacağına
ümid etdiklərini bildirdi. Bununla belə, Misir Mərdanov
100-dən çox məktəbin sınaq imtahanlarında çox aşağı
(0-10 faiz arasında) nəticə göstərməsini, 47
məktəbdən isə bir şagirdin belə müvəffəq
qiymət ala bilməməsini çox ciddi nöqsan hesab etdi. Rayon
təhsil şöbələrinin rəhbərlərinə
belə məktəblərlə bağlı ciddi
tədbirlər görməyi tapşırdı. Sınaq imtahanlarının
nəticələrinə əsasən tərtib olunmuş
rayonlar üzrə reytinq cədvəli də kollegiya iştirakçılarına
təqdim olundu. 32 şəhər və rayonu əhatə
edən reytinq cədvəlində də ilk sırada ali
məktəblərin nəzdindəki ümumtəhsil
məktəbləri yer alıb. Bakının Səbail
rayonu 59,3 faiz nəticə ilə ikinci, Təhsil
Nazirliyinin tabeliyindəki lisey və gimnaziyalar isə 57,6
faizlə üçüncü yerdə qərar tutublar. Bu reytinq
cədvəlində də peşə liseyləri sonuncu
yerdədir. Peşə liseylərinin
nəticələrinin çox pis olduğunu deyən nazir
belə davam edərsə, onlardan orta təhsilin götürülməsi
barədə fikirləşmək məcburiyyəti qarşısında
qalacaqlarını bildirdi. Sonra təhsil naziri reytinq
cədvəlində ilk 50 yeri tutan məktəblərin
nəticələri ilə kollegiya iştirakçılarını
tanış etdi. Məlum oldu ki, onların hamısı 60
faizdən yüksək nəticə göstərib. Siyahıda
ilk yerlərdə isə Sumqayıt Təbiət Texniki
Elmləri liseyi və Cəbrayıl rayonundakı
Xələfli kənd orta məktəbinin adıdır.
Hər iki təhsil müəssisəsinin XI sinif şagirdləri
bütün fənlərdən müsbət qiymətlər alaraq
100 faizlik nəticə göstərmişlər. Kollegiya iştirakçıları reytinq
cədvəlində son 100 yeri tutmuş
məktəblərin göstəriciləri ilə də tanış
oldular. Bu sırada Bakı şəhərinin bəzi
məktəblərinin də yer alması mənfi
qiymətləndirildi. Nazir rayon təhsil şöbələrinin
və məktəblərin rəhbərlərinin bütün
bunlardan nəticə çıxarmalı olduqlarını vurğuladı. İclasda nümayiş etdirilən başqa
bir cədvəldə diqqət yoxlama imtahanlarında iştirak
etməyən və siyahılardan əlavə
gələn şagirdlərin sayına cəlb edildi.
Məlum oldu ki, məktəblərin verdikləri siyahılarda
adı olan 2462 şagird imtahanda iştirak etməyib. İmtahanlarda
iştirak edən 268 şagirdin adı isə nazirliyə
göndərilmiş siyahılara düşməyib. Nazir bunu da
xoşagəlməz hal adlandırdı. Bəzi
məktəb direktorlarını şagirdlərinin sayını
dəqiq bilməməkdə günahlandırdı. Məruzə-təqdimatda yoxlama imtahanlarında
qeydə alınmış ciddi problemlərdən də söz
açıldı. Bildirildi ki, ayrı-ayrı imtahan
mərkəzlərində nəzarətçilərin öz işinə
etinasız yanaşması üzündən şagirdlərin
bir-birinə kömək etməyə cəhd göstərməsi,
cavab kartlarında ağ ştrixlə düzəlişlərin
aparılması, adları siyahıda olmayan şagirdlərin
yoxlama imtahanında iştirakının təmin
edilməsi, sual kitabçalarının şagirdlərə
siyahıdakı variantlar üzrə paylanmaması, imtahan
materiallarının az verilməsi, otaqda 30 yer olduğu
halda, 60 şagirdə həmin otağın nömrəsinin
verilməsi, siyahılarda variantın rəqəmlə göstərilməsi,
bəzi şagirdlərdə hazır cavabların aşkar
edilməsi, bir sıra otaqlarda imtahanların 1
nəzarətçi ilə keçirilməsi və s. kimi çatışmazlıqlar,
problemlər aşkar olunmuşdur. Bütün bunlarla yanaşı,
nazir yoxlama imtahanlarında bir sıra ümumi problemlərin
də müşahidə olunduğunu dedi. Buna misal kimi siyahılarda
şagirdlərin adlarında, yerləşdirilməsində,
kodlaşdırılmasında xeyli sayda
qeyri-dəqiqliklər və səhvlərin olmasını,
268 şagirdin adının ümumiyyətlə siyahıya
salınmamasını, xeyli sayda nəzarətçi müəllimlərin
təyin olunduqları mərkəzlərə
gəlməməsi və gecikməsini, bəzi
nəzarətçilərin yaşlı olmaları və
səhhəti ilə əlaqədar öz funksiyalarını
yerinə yetirə bilməməsini, bir sıra
nəzarətçilərin imtahanların keçirilməsi
qaydalarına dair lazımi biliklərə malik olmamasını,
öz vəzifə funksiyalarını yerinə
yetirməməsini, mərkəzlər üzrə imtahan
materiallarının qablaşdırılmasında nöqsanlara
yol verilməsini, lazım olandan az sayda test kitabçalarının
göndərilməsini, bəzi mərkəzlərə xarici
dil üçün əlavələrin ümumiyyətlə
verilməməsini, cavab kartlarının doldurulmasında
xeyli sayda şagirdlərin səhvlərə yol
verməsini, əksər nəzarətçilərin cavab
kartlarının düzgün doldurulmasına nəzarət
etməməsini, nəticədə çoxlu sayda cavab kartının
korlanmasını, variantlar üzrə sual kitabçalarının
şagirdlərə düzgün paylanmamasını, bəzi
nəzarətçilərin bu işə məsuliyyətsiz
yanaşmasını, bir sıra mərkəzlərdə
şagird sayının çox olmasını, imtahan otaqlarının
bir neçə mərtəbədə yerləşməsi
səbəbindən imtahan rəhbərlərinin
nəzarət imkanlarının zəif olmasını, bir
sıra məktəb rəhbərlərinin üzərlərinə
düşən vəzifələri yerinə
yetirməməsi səbəbindən ümumilikdə 2462
şagirdin yoxlama imtahanında iştirak etməməsini,
mərkəzləşdirilmiş imtahanlara hazırlıq
və imtahanın keçirilməsi qaydaları barədə
şagirdlərin təlimatlandırılması, cavab
kartlarının düzgün doldurulması, yer və kodların
düzgün verilməsi ilə bağlı məktəb
rəhbərləri tərəfindən lazımi
tədbirlərin həyata keçirilməməsini qeyd etdi. Təhsil naziri məruzə-təqdimatında
yanvarın 27-də Təhsil Nazirliyi tabeliyindəki lisey
və gimnaziyaların IX siniflərində keçirilən
mərkəzləşdirilmiş sınaq imtahanını
da müsbət qiymətləndirib onun nəticələri
ilə iclas iştirakçılarını tanış etdi.
Nazir bu işi gələcəkdə də davam
etdirəcəklərini vurğuladı. Məruzə-təqdimatın sonunda hazırlanmış
qərar layihəsi ilə kollegiya iştirakçıları
tanış edildi. Nazir imtahanların təşkili və
keçirilməsi prosesində iştirak edən bütün
təhsil işçilərinə, xüsusən də
məktəb rəhbərlərinə
deyilənlərdən nəticə çıxarıb öz işlərinə
daha məsuliyyətlə yanaşmağı, fevralın
24-də keçirilməsi nəzərdə tutulan növbəti
yoxlama imtahanına daha ciddi hazırlaşmalarını tövsiyə
etdi. Belə yoxlama imtahanlarının ali
məktəblərdə də aparılmasını
məqsədəuyğun sayan nazir bu təşəbbüsdə
olmaq istəyənlərə Təhsil Nazirliyi
tərəfindən müvafiq kömək göstəriləcəyini
söylədi. Kollegiyada məruzə-təqdimatdakı
bəzi məqamlara aydınlıq gətirilməsi üçün
təhsil nazirinə suallar ünvanlandı, çıxışlar
oldu. çıxış üçün söz alan Gəncə Şəhər
Təhsil İdarəsinin müdiri Mahal
Əliyev, BDU-nun rektoru, millət vəkili, akademik
Abel Məhərrəmov, Milli Məclisin üzvü, BDU-nun
kafedra müdiri Bəxtiyar Əliyev, Bakıdakı 20 nömrəli
məktəb-liseyin direktoru Əkbər Qocayev, Abşeron
Rayon Təhsil Şöbəsinin müdiri Nadir Ağayev,
Beynəlxalq Təhsil Kompleksinin baş direktoru Sara Xanlarova
və başqaları müzakirə olunan
məsələyə tam aydınlıq gətirən,
geniş təhlilə əsaslanan məruzəni yüksək
qiymətləndirərək bəzi
məsələlərlə bağlı öz fikir və mülahizələrini
bildirdilər, təkliflər irəli sürdülər. Yusif ƏLİYEV |