· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Heydər Əliyev Fondu Azərbaycan-Pakistan münasibətlərinə töhfə verir

 

Fondun "Təhsilə dəstək" layihəsi çərçivəsində Pakistanda tikilən qızlar məktəbi istifadəyə verildi

 

AzərTAc-ın müxbirinin xəbər verdiyi kimi, Pakistanın Müzəffərabad şəhərinin Rara ərazisində Heydər Əliyev Fondunun inşa etdirdiyi qızlar üçün orta məktəb binası istifadəyə verilmişdir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə inşa olunmuş yeni bina 2005-ci ilin oktyabrında baş verən güclü zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəbin yenisi ilə əvəzlənməsinə imkan yaratmışdır.

Zəlzələ nəticəsində tamamilə yararsız vəziyyətə düşmüş məktəbin şagirdləri dərsləri çadırlarda və açıq səma altında keçmək məcburiyyətində qalmışdılar.

Bunu nəzərə alan Heydər Əliyev Fondu Rara ərazisində məktəbin inşası üçün Pakistanın Zəlzələdən Zərər çəkmiş Ərazilərin Yenidən Qurulması və Bərpası İdarəsi ilə danışıqlara başlamışdır. Pakistan tərəfi təklif etmişdi ki, məktəb yüngül konstruksiyadan ibarət olsun. çünki idarə binanın 2009-cu ildən tez tikilməsini başa çatdırmaq imkanında deyildi. Lakin Mehriban xanımın tapşırığı və Azərbaycanın Pakistandakı səfirliyinin köməyi ilə binanın ağır konstruksiyadan inşası üçün tender elan olunmuşdur. Heydər Əliyev Fondu tikinti işlərinin maliyyələşdirilməsi üçün xüsusi hesab açdırmışdır.

Heydər Əliyev Fondunun Pakistanda məktəb tikmək təşəbbüsünü yüksək qiymətləndirən YUNESKO layihəyə dəstək vermişdir.

Dəyəri 750 min ABŞ dolları olan layihə çərçivəsində qısa müddətdə inşa edilən yeni təhsil ocağında müasir tələblərə cavab verən 10 xüsusi sinif otağı, laboratoriyalar, fənn kabinetləri, kitabxana, kompüter otağı, idman meydançası vardır. Məktəbin ümumi sahəsi 2 min kvadratmetrə yaxındır.

çətin dağlıq relyefdə yerləşən təhsil ocağı yüksək səviyyəli tədrisə imkan yaradan avadanlıqla təmin olunmuşdur. Məktəbdə 500-dən artıq şagird təhsil alacaqdır. Heydər Əliyev Fondu məktəbi əyani vəsaitlərlə, o cümlədən Azərbaycan haqqında nəşrlərlə təmin etmişdir.

Təhsil sahəsinin inkişafına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondunun Pakistanda inşa etdirdiyi yeni məktəb binası Fondun "Təhsilə dəstək" layihəsi çərçivəsində xarici ölkədə tikdirdiyi ilk təhsil ocağıdır.

Məktəbin açılış mərasimində iştirak etmək üçün Milli Məclisin Azərbaycan-Pakistan dostluq qrupunun rəhbəri Eldar İbrahimov, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycanın Pakistandakı səfiri Eynulla Mədətli, Fondun və səfirliyin əməkdaşlarından, jurnalistlərdən ibarət nümayəndə heyəti fevralın 9-da Rara bölgəsinə gəlmişdir. Bölgənin rəhbərliyi və ictimaiyyəti, məktəbin müəllimləri, şagirdlər Azərbaycan nümayəndə heyətini böyük sevinc hissi və gül-çiçək dəstələri ilə qarşıladılar.

Azərbaycan Respublikasının, Heydər Əliyev Fondunun və YUNESKO-nun bayraqları ilə bəzədilmiş məktəb binasında Azərbaycan, ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev, Heydər Əliyev Fondu və onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva haqqında məlumatların və şəkillərin olduğu guşə də düzəldilmişdir.

Açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Mehriban xanım Əliyevanın salamlarını çatdırmış, onun təbrik məktubunu oxumuşdur. Məktubda ölkələrimiz arasında tarixi və mədəni əlaqələrdən söz açılmış, bildirilmişdir ki, Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində tikilmiş bu məktəb xalqlarımız arasında dostluq münasibətlərinə Heydər Əliyev Fondunun töhfəsidir.

Pakistanın Azad Qamu və Kəşmir vilayətinin əmək, rabitə, yenidənqurma və bərpa naziri Məhəmməd Nazim Xan, vilayətin təhsil nazirinin müavini Hafiz Azed Pakistan hökuməti və bölgə əhalisi adından Rara ərazisində uşaqların təhsil probleminin həllinə göstərdiyi böyük dəstəyə görə təşəkkürlərini bildirmiş, bu addımın Azərbaycan-Pakistan münasibətlərində xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırmışlar.

Tikinti işlərini həyata keçirmiş Türkiyənin "Turcon" şirkətinin rəhbəri Əli İrvalı inşaat prosesi haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, obyektin tikintisində ən son avadanlıqdan istifadə olunmuşdur. Milli Məclisin Azərbaycan-Pakistan dostluq qrupunun rəhbəri Eldar İbrahimov 2005-ci ilin oktyabrında baş vermiş zəlzələdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi dəstəyi yada salmış, ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan-Pakistan dostluq və qardaşlıq münasibətlərinin hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini demişdir. E.İbrahimov Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ölkəmizə göstərdiyi dəstəyə görə minnətdarlıq etmiş, xalqlarımız arasında dostluq əlaqələrinin daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.

Məktəbin direktoru xanım Firdövs Şahin təhsil ocağının kollektivi adından bu xoş niyyətinə görə başda Azərbaycan Prezidenti İlham Əliyev, Mehriban xanım Əliyeva olmaqla dost Azərbaycan xalqına dərin minnətdarlığını bildirmişdir.Məktəbin açılışını bildirən lent kəsildikdən sonra mərasim iştirakçıları fənn kabinetlərində, kitabxanada və digər otaqlarda yaradılmış şəraitlə tanış olmuş, dərs prosesini müşahidə etmişlər.

Məktəblə bağlı sənədləri Pakistan tərəfinə təqdim edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov əmin olduğunu bildirmişdir ki, Fondun Pakistanla bağlı layihələri davam edəcəkdir.

***

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Pakistanın Zəlzələdən Zərər çəkmiş Ərazilərin Yenidən Qurulması və Bərpası İdarəsinin rəhbəri Altaf Səlim ilə görüşmüşdür.

A.Səlim xüsusi vurğulamışdır ki, zəlzələdən sonra ölkə ərazisində 5400-dən çox məktəb binası tikilmişdir. Heydər Əliyev Fondunun tikdirdiyi bina bunların içində ən yaxşısıdır. Pakistan hökumətinin bunu dost Azərbaycanın ölkələrimiz arasında münasibətlərin inkişafına böyük töhfəsi kimi qəbul etdiyini söyləyən A.Səlim xoş niyyətinə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya təşəkkür etmişdir.

Heydər Əliyev Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında məlumat verən Anar Ələkbərov demişdir ki, Müzəffərabad şəhərinin Rara ərazisində tikilən məktəb Fondun dost Pakistan xalqına töhfəsidir.

***

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun Pakistanın Haşu Fondunun sədri xanım Sara Haşvani ilə görüşündə əməkdaşlıq imkanları müzakirə olunmuşdur.

Xanım Sara Haşvaninin Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən iyunda Bakıda keçiriləcək sivilizasiyaların dialoqunda qadınların roluna həsr olunmuş beynəlxalq konfransa dəvət olunduğunu bildirən A.Ələkbərov Fondun fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat vermişdir.

Heydər Əliyev Fondunun bir neçə ölkədə nümayəndəliyinin fəaliyyət göstərdiyini diqqətə çatdıran Anar Ələkbərov Fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın sonuncu uğurlu layihələrindən danışmışdır.

Görüşdə Heydər Əliyev Fondunun xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı layihələri, habelə kor və görmə qabiliyyəti zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin olunması məsələsi müzakirə edilmişdir. Sara Haşvani bu layihə haqqında xarici mətbuatdan və Heydər Əliyev Fondunun saytından xeyli məlumat topladığını bildirərək xahiş etdi ki, gələcəkdə bu sahədə təcrübə mübadiləsi aparılsın.

Anar Ələkbərov Fondun talassemiyalı uşaqlarla bağlı layihəsi haqqında məlumat verərək dedi ki, bu məqsədlə Bakıda talassemiya mərkəzi inşa olunur, beynəlxalq ekspertlərdən ibarət şura yaradılıb. Xanım Sara Haşvani şuranın üzvləri ilə əlaqə yaradılmasında Heydər Əliyev Fondunun kömək göstərməsini xahiş etmişdir.

Sonda xanım Sara Haşvaninin Bakıya səfəri zamanı Heydər Əliyev Fondu ilə Haşu Fondu arasında əməkdaşlığa dair sənəd imzalanması barədə razılıq əldə olundu.