· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Magistr  hazırlığı  hansı  səviyyədə  aparılır

ölkəmizdə çoxpilləli təhsil sisteminin mühüm tərkib hissələrindən biri olan magistratura 1997-ci ildən tətbiq olunur. ötən illər ərzində təhsilimiz üçün yeni olan bu pillənin inkişafı istiqamətində nə kimi işlər görülüb? Magistratura təhsili bu gün hansı səviyyədədir? Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Kamil Məcidov həmin məsələ ilə bağlı aşağıdakı məlumatları verdi:

 

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Magistr hazırlığı haqqında" müvafiq qərarına əsasən 1997-1998-ci tədris ilindən respublikamızda ali təhsilin ikinci - magistr pilləsinə keçilib. Bu qərarla əlaqədar olaraq 1997-1999-cu illərdə müvafiq normativ - hüquqi baza yaradılıb, respublikada magistr hazırlığını həyata keçirmək məqsədilə lazımi sənədlər hazırlanıb və təsdiq olunub. Həmin sənədlər Azərbaycan Respublikasında çoxpilləli təhsil sistemində magistr hazırlığı (magistratura), magistr dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları, magistrlik dissertasiyasının müdafiəsi üçün İxtisaslaşdırılmış Elmi Şuralar, magistr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu, ali təhsilin magistratura pilləsində professor-müəllim heyətinin tədris işi üçün vaxt normasının müəyyənləşdirilməsi, elmi-tədqiqat, elmi-metodik və digər işlərin əsas növləri haqqında əsasnamələri əhatə edir.

Əsasnamədə öz əksini tapmış məzmuna görə magistratura ali təhsilin ikinci pilləsi olub, müəyyən ixtisas üzrə sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlanması məqsədini güdür. Həmçinin magistratura təhsil proqramı, mütəxəssisin gələcək fəaliyyətində elmi-tədqiqat və layihə-sınaq səciyyəli işləri yerinə yetirəcəyini nəzərə almaqla, bakalavr ixtisas təhsili proqramının sonrakı inkişafı və diferensiasiyası yolu ilə qüvvədə olan "Ali təhsil istiqamətləri və ixtisaslarının siyahısı"na uyğun olaraq tərtib edilir.

Magistr hazırlığı yüksək ixtisaslı elmi-pedaqoji kadrları, müasir tədris və elmi-tədqiqat laboratoriyaları, tədris və fənn kabinetləri, zəngin elmi kitabxanası, tədris-təcrübə və istehsalat sahələri, elmi-tədqiqat institutları olan ali təhsil müəssisələrində ali təhsilin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan təhsil istiqaməti və ixtisasları üzrə açılır.

Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq ali təhsil müəssisələrində magistraturaların açılmasına razılıq Təhsil Nazirliyinin təqdimatı ilə Nazirlər Kabineti tərəfindən, müəyyən istiqamət və ixtisaslar üzrə magistr hazırlığına icazə isə təhsil müəssisəsinin təqdimatı əsasında Təhsil Nazirliyi tərəfindən verilir.

Bunlarla əlaqədar magistr hazırlığı aparılan bütün istiqamətlər (ixtisaslaşmalar) üzrə magistr təhsil proqramları və tədris planları təsdiq edilib və müvafiq ali məktəblərdə müvəffəqiyyətlə tətbiq olunur.

Hazırda respublikanın 39 ali məktəbində fəaliyyət göstərən magistratura pilləsində 10000 nəfərə yaxın tələbə təhsil alır.

Magistraturaya qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır. Həmin pillədə təhsil əyani və qiyabi formalarda həyata keçirilir. Magistr təhsilinin normativ müddəti magistr təhsil proqramları ilə müəyyən edilir və ixtisasdan asılı olaraq 1,5-2 (qiyabidə 2,5) il müəyyənləşdirilir.

Magistraturanın sonuncu semestrində tələbələr İxtisaslaşdırılmış Elmi Şura qarşısında magistrlik dissertasiyası müdafiə edirlər. Magistr proqramı üzrə fərdi planı yerinə yetirən və magistrlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən şəxslərə "magistr" ixtisas və elmi dərəcəsi, vahid formada dövlət nümunəli magistr diplomu verilir.

 

Nizami MİRZƏ