|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Aktual
söhbət Qabaqcıl
müəllimlərin təcrübəsindən istifadə
ediləcək
On ildən çoxdur ki, Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının
nəzdində qəbul imtahanlarına düşən bütün
fənlər üzrə elmi-metodik seminarlar fəaliyyət göstərir.
İmtahanların məzmununa aid materialların
qəbul proqramları, imtahan sualları, test topluları,
metodik tövsiyələr və vəsaitlərin işlənib
hazırlanması bilavasitə bu seminarların və
TQDK-dan onların işini tənzimləyən Orta
təhsil üzrə yoxlama-ölçmə materialları sektorunun
fəaliyyətinin nəticəsidir.
Əməkdaşımız sektorun müdiri
Afiqə Batıyeva ilə bu istiqamətdə görülən
işlər və
nəzərdə tutulan tədbirlər barədə söhbət
etmişdir. - Afiqə xanım, əvvəlcə
oxucularımıza fənn seminarları və
rəhbərlik etdiyiniz sektor barədə ümumi məlumat
verməyinizi xahiş edirik. - Sektorun fəaliyyətinin əsas
istiqamətini imtahanın məzmunu ilə bağlı
məsələlər təşkil edir. Buraya qəbul
proqramlarının hazırlanması, testlər bankının
zənginləşdirilməsi üçün yeni testlərin
qəbulu, müzakirəsi və
ekspertizasının təşkili, metodik
ədəbiyyatın hazırlanması daxildir. Bu işlərin
həyata keçirilməsi bilavasitə komissiyanın
nəzdində fəaliyyət göstərən 14 fənn üzrə
elmi-metodik seminarların fəaliyyəti ilə bağlıdır. Seminarlar Dövlət Komissiyasında 1994-cü
ildən təşkil edilib. ötən
illər ərzində elmi-metodik seminarların işi
xeyli təkmilləşib, fəaliyyət dairəsi genişlənib.
Onların işində iştirak edən mütəxəssislərin
sayı artıb. Hazırda seminarlarda 1500-dək orta və
ali məktəb müəllimi, tanınmış alimlər,
Milli Elmlər Akademiyası institutlarının
əməkdaşları və metodistlər iştirak
edirlər. Abituriyentlərə qəbul imtahanına
hazırlaşmaqda kömək üçün seminarlarda
müxtəlif metodik
materiallar hazırlanır. Bu materiallar müntəzəm
olaraq "Abituriyent"
jurnalında və onun xüsusi buraxılışlarında
dərc olunur. Seminarların
gündəlik işi barədə məlumatlar TQDK-nın
İnternet saytında yerləşdirilir. - Elmi-metodik seminarlarda hazırda
hansı işlər görülür? - Fənn seminarlarının
fəaliyyəti çoxşaxəlidir. Burada bir neçə
istiqamətdə iş aparılır. Seminarlarda ayrı-ayrı fənlər üzrə
qəbul proqramları, imtahanlara hazırlığın
optimal yollarına dair metodik tövsiyələr,
dərsliklərdə səthi və natamam verilən mövzulara,
yaxud məktəb proqramlarında olub
dərsliklərdə şərhini tapmayan
məsələlərə dair məqalələr,
fənn proqramlarının çətin mövzularını
əhatə edən mütəxəssis şərhləri,
siniflər üzrə test topluları, model testlər və
s. hazırlanır.
Son aylarda
fənn seminarlarında bu ilin
qəbul imtahanları üçün proqramların müzakirəsi
aparılmış və proqramlar respublikanın
orta ümumtəhsil məktəblərində qüvvədə
olan tədris proqramları və dərslikləri
əsasında hazırlanmışdır. Bu dərs
ilində fənlər üzrə
orta məktəb proqramlarında dəyişiklik
olmadığından, qəbul proqramlarında
əsasən redaktə xarakterli düzəlişlər
edilib. Qeyd edim ki, müvafiq seminardakı müzakirələr
nəticəsində yalnız
III və IV ixtisas qruplarında riyaziyyat fənni üzrə
qəbul proqramında müəyyən
əlavələr olunub. Seminarlarda 2007-ci
ildə ali məktəblərə qəbul imtahanlarında
bütün ixtisas qruplarında ayrı-ayrı
fənlərdən istifadə edilmiş test tapşırıqlarının
elmi-metodik və statistik təhlili aparılmış
və bunun nəticəsində 2008-ci il qəbul imtahanları
üçün yeni test modelləri hazırlanmışdır. Yeni
test modellərində daha çox məntiqi düşüncəyə
və nəzəri biliklərin tətbiqinə
əsaslanan, mövzulararası əlaqəyə dair ümumiləşmə
və izahat tipli tapşırıqlara üstünlük verilmişdir.
Ayrı-ayrı fənlər üzrə qəbul proqramları
və yeni test modelləri "Abituriyent" jurnalının
birinci sayında çapa təqdim olunub. Elmi-metodik və statistik təhlil
nəticəsində abituriyentlərin qəbul imtahanında
zəif cavab verdikləri test tapşırıqları
müəyyənləşdirilmiş və onların
izahına dair metodik tövsiyələr
hazırlanmışdır. Bu tövsiyələr
"Abituriyent" jurnalının ikinci
sayında dərc olunacaq. Seminar iclaslarında orta məktəb
kursunda çətin mənimsənilən mövzuların
elmi-metodik baxımdan təhlili aparılır. Eyni zamanda
ayrı-ayrı fənlər üzrə
orta məktəb dərslikləri və qəbul
proqramları əsasında hazırlanmış test
toplularının, vəsaitlərin təkmilləşdirilməsi
işi həyata keçirilir. Seminarlarda
test tərtibi ilə bağlı mühazirələr də aparılır. - Qeyd etdiniz ki, test tərtibi ilə bağlı
mühazirələr aparılır. Bununla bağlı nə
deyə bilərsiniz? - Hər il seminarların tərkibi yeni mütəxəssis
və müəllimlərin hesabına yeniləşir. Bununla
əlaqədar olaraq seminara yeni gələn mütəxəssislər
üçün test tərtibinin elmi-metodik prinsipləri və onlara
verilən tələblər barədə, yəni onların
mürəkkəblik dərəcəsi
və qabiliyyət göstəriciləri ilə bağlı
mühazirələr aparılır. Test nümunələri
əsasında izahlar verilir. - TQDK-nın İnternet saytında ölkənin
bütün şəhər və rayonlarının qabaqcıl
müəllimlərini test tapşırıqları tərtib
etməyə dəvət edən elanlar yerləşdirilib.
ümumiyyətlə, rayon müəllimlərinin test tərtibi
işinə cəlb edilməsi nə
dərəcədə məqsədəuyğundur? - Qeyd edim ki, seminarlarda iştirak edən müəllimlərin
əksəriyyətini Bakı və Sumqayıt şəhərlərinin
təhsil müəssisələri və elmi-metodik
mərkəzlərinin əməkdaşları təşkil
edirlər. İndiyədək rayonlardan tək-tək müəllimlər
seminarlara gəlib və test tərtibi ilə məşğul
olublar. Ancaq bizim əlimizdə olan elmi-metodik və
statistik araşdırmalar təsdiq edir ki, şəhər
və rayonlarımızda kifayət qədər qabaqcıl,
təcrübəli fənn müəllimləri var. Buna nümunə
olaraq 2007-ci ildə
qəbul imtahanlarında məzunları yüksək
nəticələr göstərmiş İmişli rayonundan
dil-ədəbiyyat, Şəki və Neftçala rayonlarından
kimya, Salyan rayonundan fizika, Mingəçevirdən və Şəki
rayonundan biologiya, Əli Bayramlı şəhəri və
Şəki rayonundan tarix müəllimlərini göstərmək olar.
Bunları nəzərə alaraq, biz istəyirik ki, ölkənin
ayrı-ayrı rayonlarından olan qabaqcıl müəllimlər
qəbul imtahanı üçün test tərtibində iştirak
etsinlər. Onların Bakı
şəhərinə gəlib-getməsinə ehtiyac
yoxdur. Bunu İnternet vasitəsilə həyata keçirmək
mümkündür. Bunun üçün
www.tqdk.gov.az saytına daxil olaraq orada yerləşdirilmiş "Müəllifin
şəxsi vərəqi" və "Müqavilə"ni
doldurmaq, sonra "TQDK-2008. Test tapşırığı
vərəqi"ndə fənnin
və mövzunun adı göstərilməklə test tapşırığının
mətnini, cavabları və şərhini yazmaq lazımdır.
İnternet saytında ayrı-ayrı fənlərdən
test tapşırıqlarının tərtibinə
verilən tələblər və nümunələr də
yerləşdirilmişdir. Test tapşırıqları
elektron poçt vasitəsilə qəbul edilir, TQDK
nəzdində fəaliyyət göstərən ekspert qrupları
tərəfindən ekspertizadan keçirilir. Test bankına
qəbul edilən test tapşırıqlarının
hər biri üçün müəllifə əməkhaqqı ödənilməsi
nəzərdə tutulur. Söhbəti qələmə aldı: Ş.ELNUR |