|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Mikayıl
Müşfiqin yubileyi qeyd edildi
Fevralın 13-də Bakıdakı 147 nömrəli
texniki-humanitar liseyin akt zalında Azərbaycanın görkəmli
şairi Mikayıl Müşfiqin anadan olmasının 100
illik yubileyi qeyd edildi. Mərasimdə
professor Nizami Cəfərov, yazıçı, professor Gülhüseyn
Hüseynoğlu, Xətai Rayon İcra Hakimiyyətinin
məsul işçisi Qüdrət Səfərov, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin böyük
məsləhətçisi Firudin Abbasov, professor Məlikbaxış
Babayev, məktəbin pedaqoji kollektivi, şagirdlər
və digər qonaqlar iştirak edirdilər. Toplantını giriş sözü ilə açan
liseyin direktoru Həlimə Mehdiyeva yığıncaq iştirakçılarını
salamlayaraq şairin qısa, lakin şərəfli ömür
yolu keçdiyini, bu gün də xatirələrdə yaşadığını,
qədirbilən xalqımız tərəfindən
həmişə hörmətlə anıldığını
qeyd etdi. Mərasimdə öncə meydan liseyin şagirdlərinə
verildi. Onlar M.Müşfiqin sözlərinə yazılmış
mahnılar ifa etdilər, şeirlərindən nümunələr
söylədilər. Şagirdlərin təqdim etdiyi bədii
kompozisiya iştirakçılar tərəfindən alqışlarla
qarşılandı. M.Müşfiq poeziyasının araşdırıcısı
və bilicisi, yazıçı Gülhüseyn Hüseynoğlu şairin
həyat və yaradıcılığından kövrək
duyğularla söz açdı. Vətəninin, xalqının
xoşbəxtliyi uğrunda mübarizə apardığına
görə 29 yaşında güllələnən Müşfiqin
cəmi 12 il yaradıcılıqla məşğul olduğunu
və milləti üçün misilsiz sənət inciləri qoyduğunu
deyən G.Hüseynoğlu həmçinin M.Müşfiq haqqında
aşıq Şəmşirdən və Mehdixan
Vəkilovdan eşitdiyi xatirələri də mərasim iştirakçılarının
diqqətinə çatdırdı. AMEA-nın müxbir üzvü, Milli Məclisin
Mədəniyyət məsələləri daimi komissiyasının
sədri, Azərbaycan Atatürk Mərkəzinin
rəhbəri, professor Nizami Cəfərov çıxış
edərək dedi: - M.Müşfiq 12 il yaradıcılıq
yolu keçsə də, bu az zaman ərzində əsrə
bərabər, bu gün də aktuallığı ilə seçilən
bədii-poetik əsərlər yaratmışdır. Dövrünün
inqilabçı, mübariz şairi kimi tanınan Müşfiq bu gün
belə dillərdən düşməyən bir sıra lirik
şeirlərin, uşaq poemalarının müəllifi kimi
sevilməkdədir. 1937-ci ildə həbs edilən M.Müşfiq
30 yaşı tamam olmamış "günah"larına görə
güllələndi. Müşfiqin "günahı"
Vətənini sevməsi, millətin tərəqqisi üçün
çalışması, dövrünün eybəcərliklərini
qorxmadan, mübariz şair kimi qələmə alması idi. Mənim könlüm deyir ki, Hələ bunlar nədir ki, Böyük günlər, şanlı günlər,
şən günlər, Yoluna düşən günlər Hələ qarşımızdadır! - deyən şair məhz bu günü -
Azərbaycanımızın müstəqilliyini, xalqımızın
tərəqqisini görmək arzularıyla yaşayırdı. Digər çıxış edənlər
də M.Müşfiqin xalqın nəğməkar oğlu
kimi sevildiyini, şeirlərinin dillər əzbəri olduğunu,
millətin vətənpərvər oğlu kimi daim
qəlblərdə yaşayacağını vurğuladılar. Sonda liseyin direktoru Həlimə Mehdiyeva bu
təhsil ocağında şair və mütəfəkkirlərin
yubileylərinin keçirilməsinin ənənə halını
aldığını söylədi, tədbirdə iştirak
edən qonaqlara minnətdarlığını bildirdi. Nizami MİRZƏ
|