· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimi

Bakı Dövlət Universitetində (BDU) xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri düzmüşlər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı da ziyarət olunmuşdur. Tanınmış alimlərin, təhsil işçilərinin, tələbələrin iştirak etdikləri mərasimdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov dahi rəhbərimiz Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında, inkişafında və beynəlxalq aləmdə tanınmasında tarixi xidmətlərindən danışmış, ulu öndərin ideyalarının əbədi yaşayacağını vurğulamışdır.

Akademiklər Fuad Qasımzadə, Vasim Məmmədəliyev və digər alimlər də ümummilli lider, qüdrətli şəxsiyyət Heydər Əliyevin zəngin siyasi irsinin və dövlət idarəçilik təcrübəsinin əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyev həm də azərbaycançılıq ideologiyasının əsasını qoymuşdur. Dahi rəhbərimizin zəngin siyasi irsi nəsillərə ən layiqli örnəkdir.

Universitetdə ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş dərslər keçirilmişdir.

   

 

 

İnstitutda Heydər Əliyevin anım günü

Dekabrın 11-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş mərasim keçirilib. Mərasimi giriş sözü ilə açan institutun rektoru, professor Asəf Zamanov toplantının məramını yığıncaq iştirakçılarına elan edəndən sonra ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

çıxışına davam edən natiq təkrarsız dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edərək onun dünyada tanınmış siyasətçilər arasında xüsusi yeri olduğunu, hakimiyyətdə olduğu dövrlərdə elmin, təhsilin inkişafına xüsusi diqqət yetirdiyini, elm və incəsənət xadimlərinin qayğısını çəkdiyini, 90-cı illərdə burulğanlar arasında məhvə doğru gedən ölkəni xilas edərək bugünkü müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu kimi Vətənə, xalqa misilsiz xidmətlərini qeyd edib.

Hələ sovet dönəmində azərbaycanlı gənclərin xarici ölkələrin tanınmış ali məktəblərində oxuması üçün şərait yaradan və hər vəchlə onların qayğısına qalan Heydər Əliyevin tez-tez həmin məktəblərə gedib orada təhsil alan azərbaycanlı tələbələrlə görüşdüyündən söz açan A.Zamanov bildirdi ki, Moskvada təhsil alarkən həmin görüşlərin birində mən də iştirak etmişəm. Həmin günü hər dəfə xatırlayanda sanki yenidən Heydər Əliyevlə üz-üzə dayanır, onun səmimiliyini, mehribançılığını görür və dahiliyinin bir daha şahidi oluram.

Mərasimdə çıxış edən institutun müəllimi Bəybala Abbasov, pedaqogika kafedrasının müdiri Fikrət Əliyev, institutun psixoloqu Bəşir Şərifov, ixtisasartırma fakültəsinin dekanı Polad Mədədov və başqaları ümummilli lider Heydər Əliyevin sonsuz xidmətlərindən, bugünkü xoşbəxt günümüzə görə hamımızın ona borclu olduğundan və nə qədər Azərbaycan və Azərbaycan xalqı var, Heydər Əliyevin hər zaman dərin hörmətlə anılacağından danışıblar.

Sonda Asəf Zamanov bir daha vurğulayıb ki, dünya siyasətinin nəhəngi, ömrünü Vətənin çiçəklənməsinə, xalqının tərəqqisinə həsr etmiş tarixi şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin bugünkü uğurlu fəaliyyəti xalqı sabaha daha da ruhlandırır və ulu öndərin xatirəsinin daim yaşayacağına inam ifadə edir.

 

Nizami MİRZƏ

 

 

 

Əbədiyaşar liderə böyük ehtiram

Naxçıvan Dövlət Universitetinin Heydər Əliyev lektoriyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.

İlk öncə dahi öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri açıq elan edən universitetin rektoru, akademik İsa Həbibbəyli bu günlə bağlı ölkəmizin hər yerində, bütün müəssisə və təşkilatlarda silsilə tədbirlərin təşkil olunduğunu, Naxçıvanda isə Naxçıvan MR Ali Məclisinin sədri tərəfindən  tədbirlər planının hazırlandığını vurğulamışdır. Rektor bununla əlaqədar Naxçıvan Dövlət Universitetinin də müxtəlif fakültələrində tədbirlər keçirildiyini qeyd etmişdir.

Natiq, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin ölkəmizin bütün sahələrində uğurlu islahatlar apardığını vurğulamış və bugünkü inkişafını məhz bu dahi şəxsiyyətin yorulmaz, məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsi kimi dəyərləndirmişdir.

Universitetin magistratura üzrə dekanı, tarix elmləri namizədi Elbrus İsayev "Müstəqil Azərbaycan dövlətinin memarı", xarici tələbələrlə iş üzrə fakültənin dekanı, filologiya elmləri namizədi, dosent Xanəli Kərimli "Elimizin və dilimizin xilaskarı", gömrük  işinin təşkili və beynəlxalq münasibətlər kafedrasının dosenti, iqtisad elmləri namizədi Müslüm Cabbarzadə isə "İqtisadi strategiyamızın banisi" mövzularındakı çıxışlarında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən və xilaskarlıq missiyasından geniş bəhs etmişlər.

Sonda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunmuşdur.

***

Silsilə tədbirlərin davamı olaraq NDU-nun böyük akt zalında universitetin beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin ulu öndərin xatirə gününə həsr olunmuş elmi-praktik konfransı keçirilmişdir.

Tədbiri giriş sözü ilə beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, Naxçıvan MR əməkdar müəllimi Qurban Qurbanlı açmış, dahi şəxsiyyətin keçdiyi çətin, lakin şərəfli həyat yolundan, xalqın qarşısındakı əvəzsiz xidmətlərindən danışmışdır.

Daha sonra fakültə müəllimlərinin ingilis, rus, fransız və ərəb dillərində məruzələri dinlənilmişdir.

 

Nərmin CƏFƏROVA,

NDU-nun mətbuat

xidmətinin əməkdaşı