· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Kurrikulum islahatları dövrün tələbidir

Azərbaycanın ümumi təhsil sistemində 1999-cu ildən etibarən başlanan və artıq 10 ilə yaxın bir müddətdir ki, dönməz xarakter alıb dinamik prosesə çevrilən islahatlar ölkəmizdə dövlət müstəqilliyinin bərpası nəticəsində mümkün olmuşdur. Konseptual əsası və ideya istiqaməti ulu öndər Heydər Əliyevin Sərəncamı ilə təsdiq edilmiş xüsusi dövlət proqramı olan bu genişmiqyaslı islahatlar təhsilin məzmununu, idarəolunmasını, pedaqoji kadr hazırlığını, maliyyələşdirilməsini, şagird nailiyyətlərinin qiymətləndirilməsini əhatə etməklə bir-birini məntiqi cəhətdən tamamlayan bütöv və düşünülmüş dövlət siyasəti olaraq meydana çıxır.

 

Ən vacib və əhəmiyyətli cəhətlərdən biri ondan ibarətdir ki, həyata keçirilən islahatlar cəmiyyətdə təhsilin roluna münasibəti əsaslı şəkildə dəyişmiş, insanlarda, xüsusən də pedaqoji ictimaiyyətdə təhsil sahəsində aktual sayılan məsələlərə yeni baxış və yanaşmalar formalaşdırmışdır. Bunun nəticəsidir ki, hazırda təhsil, sadəcə olaraq, ayrı-ayrı sahələr üzrə bilik və məlumatlar almaq mənbəyi kimi deyil, eyni zamanda və ən başlıcası, hər bir şəxsə həyati bacarıqlar aşılayan dəyərlər sistemi kimi qəbul olunur. Beləliklə də, təhsilli insan dedikdə, ilk öncə, cəmiyyətdə müstəqil fəaliyyət, rəqabətədavamlılıq, dəyişikliklərə və problemləri həll etməyə hazır olmaq, sərbəst qərarlar qəbul etmək, əməkdaşlıq edə bilmək və digər bu kimi mənəvi və iradi bacarıqları özündə ehtiva edən dəyərlərə malik şəxs nəzərdə tutulur.

Bu mənada ümumi təhsil sistemində hazırda reallaşdırılmaqda olan məzmun islahatları xüsusi aktuallıq  kəsb edir. Mübaliğəsiz demək olar ki, "Təhsil əsri" elan edilən XXI əsrdə ümumtəhsil məktəblərimizin səviyyə və nüfuz etibarı ilə müasir dövrün tələblərinə cavab verməsi, şagirdlərimizin və məzunlarımızın təhsil nəticələrinin beynəlxalq miqyasda müsbət qiymətləndirilib qəbul olunması bu gün apardığımız islahatların keyfiyyətindən və səmərəliliyindən bilavasitə asılıdır.

ötən illərə nəzər saldıqda "Kurrikulum islahatı" adı ilə başlanan ümumi təhsilin məzmununun yeniləşdirilməsi üzrə islahatyönümlü tədbirlərin həyata keçirilməsi sahəsində heç də az iş görülməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2006-cı ildə Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurrikulum) sənədinin təsdiq olunması, həmin sənədin tələblərinə əsasən fənn kurrikulumları layihələrinin hazırlanması və 2007-ci ildə I-IV siniflər üçün fənn kurrikulumlarının təsdiq edilməsi, bu kurrikulumların səmərəli tətbiqi ilə əlaqədar ibtidai sinif müəllimlərinin öyrədici təlim kurslarından keçirilməsi, 2008-2009-cu dərs ilindən etibarən ölkəmizin bütün ümumtəhsil məktəblərinin I siniflərində yeni fənn kurrikulumları ilə tədrisə başlanması, şübhəsiz ki, ciddi uğurlardır.

Bununla belə etiraf etmək lazımdır ki, bu gün çoxlarına adi görünən bu nailiyyətlər uzun axtarış və təhlillərin, tədqiqatların, qabaqcıl ölkələrdə öyrənilən təcrübələrin, beynəlxalq məsləhətçi xidmətlərinin və ən nəhayət, ölkəmizin elmi-pedaqoji potensialının gərgin əmək və zəhməti sayəsində əldə olunmuşdur.

İndiyədək keçdiyimiz dövrün xronikasına diqqət yetirsək, kurrikulum islahatı prosesi Azərbaycan hökuməti ilə Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış ilk Kredit Sazişi əsasında reallaşdırılan layihə ilə başlanmışdır. 1999-cu ildən həyata keçirilən bu layihə öyrədici xarakter daşıyırdı. Həmin mərhələdə gələcək islahatların istiqamətləri müəyyənləşdirilir, nəzəri ideyalar pilot müəssisələrində sınaqdan keçirilir, ilk kurrikulum nümunələri tərtib edilməklə pedaqoji kollektivlərə bu sənədlərlə işləməyin texnologiyası öyrədilirdi. Eyni zamanda nəzərdə tutulan islahat tədbirlərinin yerinə yetirilməsinə cavabdehlik daşıyan baza formalaşdırılmasına zəmin yaradılır, bütün pilot müəssisələri zəruri inventar və texnoloji avadanlıqlarla təmin edilirdi. Bunlardan əlavə, xarici mütəxəssislər tərəfindən Azərbaycanın ümumi təhsil sisteminin mövcud vəziyyəti ətraflı təhlil olunur, digər ölkələrlə müqayisə edilir, mənfi və müsbət xüsusiyyətlər müəyyən olunmaqla yeni təkliflər hazırlanırdı. Həmin mərhələnin ən vacib  məqamı Dünya Bankının rəhbərliyində Azərbaycan tərəfinin islahatları dəstəkləməsinə, ölkədə islahatları reallaşdıran potensial qüvvənin olmasına inam yaradılması idi. Əks halda Dünya Bankı gələcək islahat tədbirlərini maliyyələşdirməkdən imtina da edə bilərdi. Lakin qürur duyulası cəhətdir ki, ilk layihə çərçivəsində görülən işlər, pedaqoji ictimaiyyətin, təhsil mütəxəssislərinin islahatlara hazır olması, Azərbaycan dövləti və hökumətinin islahatları hərtərəfli dəstəkləməsi Dünya Bankının növbəti layihənin hazırlanması təklifi ilə nəticələndi.

Təhsil Sektorunun İnkişafı Layihəsi adlanan ikinci layihə  5 komponentdən  ibarət müəyyənləşdirilmişdi. "ümumi orta təhsilin keyfiyyətləri və onun real tələbatlara uyğunluğu" adlı birinci komponentin tərkibinə 3 alt-komponent- "Kurrikulum islahatı", "Müəllim hazırlığı", "Dərsliklər və oxu materialları" alt-komponentləri daxil idi. Bu alt-komponentlər, göründüyü kimi, üzvi şəkildə bir-biri ilə bağlıdır, çünki həmin 3 istiqamətdən biri islahat prosesindən kənarda qalarsa, orta təhsilin keyfiyyətinin təmin olunması sahəsində istənilən nəticəni əldə etmək mümkün deyildir. Ola bilməz ki, məzmun dəyişsin, dərsliklər əvvəlki kimi qalsın, yaxud bunların hər ikisi yeniləşsin, müəllim hazırlığı isə mövcud ənənəvi qaydada aparılsın və s.

Bununla belə, həmin alt-komponent üzrə işlər, ilk növbədə, təbii olaraq kurrikulum islahatlarından başlanmışdır. Ona görə ki, konseptual xarakterli sənəd olan kurrikulumlar özündə həm təhsilin məzmununu, yəni təlim nəticələrini və məzmun standartlarını, həm də ümumi təhsilin hər pilləsində tədris olunan fənləri, təlim strategiyalarını, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsipləri və digər zəruri parametrləri birləşdirir. Şübhəsiz ki, bunları müəyyənləşdirmədən müəllim hazırlığı və dərslik islahatlarını həyata keçirmək mümkün olmazdı.

Kurrikulum üzrə sənədlər hazırlanmazdan əvvəl Dünya Bankının proseduruna görə yerinə yetirilməsi nəzərdə tutulan islahatyönümlü tədbirləri əhatə edən texniki yardım şərtləri tərtib olunmalı və Dünya Bankı ilə razılaşdırılmalı idi. Forma və məzmunca mürəkkəb olan bu sənəddə Azərbaycan tərəfinin maraq göstərdiyi islahat istiqamətlərinin qeyd edilməsi, onların mahiyyətinin açıqlanması və hər bir tədbirin əsaslandırılması, bu tədbirlərin həyata keçirilməsi üçün nə kimi məsləhətçi xidmətlərinə ehtiyac duyulduğunun təsviri, tədbirlərin əlaqələndirilməsi və ardıcıllığının gözlənilməsi, eləcə də ehtimal edilən risklərin qabaqcadan müəyyənləşdirilməsi tələb olunurdu. Məhz texniki yardım şərtlərinə Dünya Bankında baxılıb bəyənildikdən sonra Hollandiyanın nüfuzlu "CİTO groep" təşkilatı müsabiqə əsasında 2005-ci ilin əvvəlində "Kurrikulum islahatı" alt-komponentinin beynəlxalq məsləhətçi şirkəti seçildi.

Etiraf olunmalıdır ki, istər Milli Kurrikulum konseptual sənədinin, eləcə də fənn kurrikulumları layihələrinin ərsəyə gətirilməsində istiqamətvericilik və dünya təcrübəsinin nəzərə alınması baxımından həmin şirkətin mütəxəssislərinin mühüm rolu olmuşdur. 2005-2007-ci illər ərzində Azərbaycana səfərləri zamanı şirkətin nümayəndələri kurrikulum hazırlığına cəlb edilən yerli mütəxəssislərə öyrədici treninq və seminarlar keçirmiş, layihələrə rəy bildirməklə onların təkmilləşdirilməsi üçün əməli təkliflər vermiş, hər bir səfərin nəticələrinə dair  müfəssəl hesabat hazırlamışlar.

Oxucuların diqqətinə onu da çatdırmaq istərdik ki, Milli Kurrikulum sənədinin, eləcə də fənn kurrikulumlarının hazırlanmasında yüzlərlə təhsil işçisinin böyük əməyi olmuşdur. Təkcə onu göstərmək kifayətdir ki, ümumtəhsil məktəbləri üçün fənn kurrikulumları layihələrinin hazırlanması məqsədilə yaradılmış 23 işçi qrupuna 400 nəfərdən artıq təhsil mütəxəssisi (alimlər, metodistlər, məktəb rəhbərləri, müəllimlər) daxil edilmiş, Dünya Bankının  prosedurları əsasında  95 nəfər milli məsləhətçi seçilmişdir. İşçi qruplarına respublikanın görkəmli alimlərindən  AMEA-nın həqiqi üzvləri - Bəkir Nəbiyev (ədəbiyyat), Vasim Məmmədəliyev (ərəb dili), Telman Əliyev (informatika), Urxan Ələkbərov (biologiya), AMEA-nın müxbir üzvləri Nizami Cəfərov (Azərbaycan dili), Vaqif Abbasov (kimya), professorlar - Səməd Seyidov (ingilis dili), Fəxrəddin  Veysəlov (alman dili), Yaqub Mahmudov (tarix), Mirzəli Murquzov (fizika), Sabir Mirzəyev (riyaziyyat), Müseyib Müseyibov (coğrafiya), Ağacan Əbiyev (fiziki tərbiyə) və digər tanınmış alimlər rəhbərlik etmişlər. Kurrikulum layihələri hazırlandıqca işçi qruplarında dəfələrlə müzakirə olunmuş, təkliflər əsasında vahid bir fikrə gəlinməsi üçün gərgin əmək sərf edilmişdir.

Təsdiq olunmuş icra planına əsasən Milli Kurrikulum sənədinin və ibtidai siniflər üçün fənn kurrikulumlarının layihələri pedaqoji mətbuatda dərc edilmiş və yerlərdə müzakirədən sonra Təhsil Nazirliyinə pedaqoji kollektivlərdən, ayrı-ayrı təhsil işçilərindən xeyli sayda rəy və təkliflər daxil olmuşdur. Bütün bunlar ətraflı təhlil edilərək səmərəli və zəruri sayılan  təkliflər həmin sənədlərdə nəzərə alınmışdır.

Qeyd edilənlərdən aydın görünür ki, kurrikulum sənədlərinin hazırlanması uzun bir mərhələ keçmiş, bunların yekun variantları milli məsləhətçilərin iştirakı ilə müəyyən mütəxəssislər tərəfindən işlənib təkmilləşdirilsə də, hazırlanma prosesində böyük bir tərkib iştirak etmişdir. Beləliklə də, bu kurrikulumlar ayrı-ayrı fərdlərin deyil, kollektiv əməyin məhsulu kimi meydana çıxmışdır.

Bu gün haqlı olaraq iftixar hissi keçiririk ki, həm Milli Kurrikulum sənədi, eləcə də I-IV siniflər üçün fənn kurrikulumları tanınmış xarici ekspertlər tərəfindən yüksək qiymətləndirilmiş və onların tədris prosesində tətbiqinə başlanmışdır. Bu sənədlər Azərbaycan təhsilinin müstəqillik illərində ən böyük uğurlarından biridir və heç şübhəsiz, ümumi təhsilin inkişafında, onun müasir tələblər əsasında qurulmasında əhəmiyyətli rol oynayacaqdır.

...Bu yazını elə bu məqamdaca bitirmək olardı. Lakin xeyli müddətdən bəri mətbuat səhifələrində dərc edilən Ə.Osmanlının silsilə yazılarındakı bəzi fikirlər yazının davamını zəruri etdi.

Məqaləsinin birində Ə.Osmanlı "Riyaziyyat" fənn kurrikulumunun standartlar hissəsini hazırladığını, sonradan isə guya kurrikulumun alayarımçıq olduğunu görüb bu işdən imtina etdiyini bildirir (Yeri gəlmişkən, əgər Təhsil Nazirliyinin Ə.Osmanlıya münasibəti pis olsaydı, o, kurrikulum hazırlanmasına cəlb edilməzdi).

Əvvəla, Ə.Osmanlı kurrikulumun standartlar hissəsini tək hazırlamayıb, bu işdə digər mütəxəssislər də yaxından iştirak edib. Eyni zamanda əgər kurrikulum alayarımçıq idisə, nə üçün belə kurrikulum əsasında dərslik komplekti hazırlayırdı?!

Başqa bir məqaləsində isə Ə.Osmanlı Azərbaycan hökumətinin qərarı ilə təsdiq olunmuş konseptual sənədin tələbləri əsasında hazırlanmış və  gərgin əmək bahasına başa gəlmiş fənn kurrikulumlarını "ayaqaltı kurrikulumlar" adlandırır. Hansı səbəbdən belə bir nəticəyə gəlməsi Ə.Osmanlının şəxsi işidir, lakin hesab edirik ki, bu fikri səsləndirməklə Azərbaycan təhsilində qazanılmış uğura kölgə salmağa çalışmışdır. Əgər Ə.Osmanlının dərslik komplekti müsabiqədən keçməmişsə, kurrikulumların nə günahı vardır?! Həm də Ə.Osmanlı yeni fənn kurrikulumlarının hazırlanması prosesində və işlə bağlı şəxsi görüşlərdə aparılan məzmun islahatlarını dəfələrlə təhsil tariximizdə əlamətdar hadisə kimi qiymətləndirmişdir.

Kimin və ya kimlərin hansı fikrə düşməsindən, tutduğu mövqedən asılı olmayaraq, həqiqət bundan ibarətdir ki, ölkəmizin ümumi təhsil sistemində aparılan islahatların real nümunəsi kimi kurrikulumlar artıq pedaqoji aləmdə vətəndaşlıq hüququ qazanmışdır və dövlətçilik mənafeyini müdafiə edən hər bir təhsil işçisi onların tətbiqi işinə öz töhfəsini verməlidir.

 

Aydın ƏHMƏDOV,

Təhsil Nazirliyinin şöbə

müdiri,"Kurrikulum islahatı"

alt-komponentinin koordinatoru, 

Ənvər ABBASOV,

Kurrikulum Mərkəzinin

direktoru