· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər  Əliyev adına Akademiyasının şəxsi heyətinə

Hörmətli Milli Təhlükəsizlik Akademiyasının əməkdaşları, kursantları və dinləyiciləri, Sizi Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının yaradılmasının 10-cu ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycanda dövlət quruculuğunun əsaslarını qoyan ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında mühüm dövlətçilik təsisatlarından biri olan təhlükəsizlik orqanları yenidən qurulmuşdur. Eyni zamanda ümummilli lider milli təhlükəsizlik orqanlarının kadr potensialının möhkəmləndirilməsinə xüsusi diqqət göstərmiş, müasir dövrün çağırışlarına effektiv cavab vermək iqtidarında olan yüksək ixtisaslı peşəkarların hazırlanmasını həyata keçirən Milli Təhlükəsizlik Akademiyasını təsis etmişdir.

Hər zaman xalqımızın milli maraqlarına sədaqətlə xidmət etmiş və ömür yolunun 25 ilini xüsusi xidmət orqanlarına həsr etmiş ümummilli lider Heydər Əliyev təhlükəsizlik orqanlarının milliləşdirilməsinə və vətənpərvər kadrlarla formalaşdırılmasına nail olmuşdur.

Müstəqillik bərpa edildikdən sonra ümummilli lider təhlükəsizlik orqanlarının fəaliyyətinin yeni təməl prinsiplərini və istiqamətlərini müəyyən etmişdir. Milli təhlükəsizlik orqanlarının xalqa, vətənə sadiq bir quruma çevrilməsi ümummilli liderin gündəlik qayğısı nəticəsində mümkün olmuşdur. Təhlükəsizlik orqanlarının milli əsaslar üzərində qurulmasında və inkişaf etdirilməsində ulu öndərin əvəzolunmaz rolunu, zəngin irsinin qorunub saxlanması və yeni nəsil zabitlərinə çatdırılması zəruriliyini nəzərə alaraq, 2005-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına Heydər Əliyevin adı verilmişdir.

Hazırda xüsusi xidmət orqanları qarşısında Azərbaycanın dövlət müstəqilliyini və milli maraqlarını qorumaq, təhlükəsizliyi və davamlı ictimai-siyasi sabitliyi təmin etmək, xüsusilə kəşfiyyat-pozuculuq fəaliyyətinə, terrorçuluğa, separatizmə və ekstremizmə qarşı mübarizəni gücləndirmək, iqtisadiyyatımız üçün strateji əhəmiyyət kəsb edən kommunikasiyaların mühafizəsində iştirak etmək kimi mühüm vəzifələr durur. Bu isə öz növbəsində milli təhlükəsizlik orqanlarının müasir tələblərə cavab verən yüksək nəzəri və peşə hazırlıqlı gənc kadrlarla təmin olunmasını zəruri edir. Əminəm ki, böyük iftixarla Heydər Əliyev ənənələrini yaşadan Milli Təhlükəsizlik Akademiyasının əməkdaşları və yetirmələri onların üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, Azərbaycana sədaqətlə xidmət edəcək, vətənpərvərlik, şəxsi cəsarət, dönməzlik və saf mənəviyyat nümayiş etdirəcəklər.

Sizi Milli Təhlükəsizlik Akademiyasının 10-cu ildönümü münasibətilə bir daha təbrik edir, dövlətimizin təhlükəsizliyinin təmin olunmasında uğurlar arzulayıram.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 dekabr 2008-ci il