|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
ümumtəhsil müəssisələrində mədəniyyətlərarası və dinlərarası dialoqun tədrisi Azərbaycan çoxmillətli ölkədir,
bura 15-dən artıq müxtəlif millətlər və
xalqların qarşılıqlı anlaşma şəraitində
yaşadığı və fəaliyyət göstərdiyi
bir məkandır. Azərbaycan şərqdən-qərbə,
şimaldan-cənuba gedən yolların qovşağında,
Böyük İpək yolunun üstündə yerləşir.
Azərbaycan xalqı həmişə dünyanın digər
xalqları ilə mədəni və iqtisadi
əlaqələr saxlamağa, əməkdaşlıq
etməyə, mehriban qonşuluq, sülh və əmin-amanlıq
şəraitində yaşamağa çalışmışdır.
Müstəqil Azərbaycan dövləti və onun yaradıcısı
ümummilli liderimiz Heydər Əliyev daim ölkəmizdə yaşayan
milli azlıqların, azsaylı xalqların və etnik
qrupların dilinə, mədəniyyətinə,
adət-ənənələrinə, dini etiqadlarına
diqqətlə yanaşmış, qayğı göstərmişdir. Avropa Şurasının tamhüquqlu üzvü olan
Azərbaycan Respublikası həmin təşkilatın
"Regional dillərin və ya azsaylı xalqların
dillərinin Avropa xartiyası"nın və "Milli
azlıqların müdafiəsi haqqında" çərçivə
Konvensiyasının prinsiplərini daim diqqət
mərkəzində saxlayır, həyata keçirmək üçün
əməli tədbirlər görür. SSRİ-nin süqutundan sonra müstəqilliyini
elan edən Azərbaycan Respublikasının qəbul etdiyi
ilk sənədlərdən biri "Azərbaycan Respublikasında
yaşayan milli azlıqların və etnik qrupların hüquq
və azadlıqlarının, onların dilləri və
mədəniyyətlərinin qorunması və himayə
edilməsi haqqında" Prezident fərmanı olmuşdur
(1992). Fərman bir sıra istiqamətlərdə dövlət
himayəsinin və müvafiq dövlət siyasətinin
həyata keçirilməsini nəzərdə tutur: - milli azlıqların və etnik qrupların
mədəniyyətinin, dilinin və dininin müdafiə
edilməsi, qorunması və inkişafının
təmin edilməsi; - etnik qrupların tarixi və mədəni
abidələrinin qorunması; - təbii ehtiyatlarının, parklarının
və digər obyektlərinin müdafiə edilməsi və
qorunması və s. Müstəqil Azərbaycanın Konstitusiyasındakı
"Bərabərlik hüququ" (Maddə 25) müddəasının
tələblərinə, Təhsil Qanununa görə
irqindən, dilindən, milli və dini
mənsubiyyətindən asılı olmayaraq,
vətəndaşların təhsil hüququna təminat
verilmişdir. Respublikamızda yaşayan milli azlıq,
azsaylı xalqların və etnik qrupların hüquq və
azadlıqlarının qorunması, dil və
mədəniyyətlərinin inkişafı üçün dövlət
yardımı haqqında Prezident fərmanına uyğun
olaraq onların dillərinin ümumtəhsil
məktəblərində tədrisi ilə bağlı
lazımi şərait yaradılmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 21-ci
maddəsinin II bəndinə müvafiq olaraq ölkəmizdə
yaşayan əhalinin danışdığı başqa
dillərin sərbəst işlədilməsini və inkişafını
təmin etmək başlıca vəzifə kimi qarşıya
qoyulmuşdur. Həmçinin Konstitusiyanın 45-ci
maddəsində göstərildiyi kimi, hər kəsin ana
dilindən istifadə etmək, istədiyi dildə
tərbiyə və təhsil almaq, yaradıcılıqla
məşğul olmaq hüququndan istifadə etməsi
diqqət mərkəzində saxlanılır. ölkəmizin əhalisinin 90,6 faizi
azərbaycanlılardan, 9,4 faizi isə digər
millətlər və xalqlardan ibarətdir. Respublikamızın
məktəbəqədər müəssisələrində
və ümumtəhsil məktəblərində təlim 3
dildə - Azərbaycan, rus və gürcü dillərində
aparılır. Burada aydınlıq üçün bir
məsələni qeyd etməliyəm ki, 1989-90-cı
dərs ilinə qədər təlim 4 dildə, o cümlədən
erməni dilində də aparılırdı. Hazırda müvəqqəti
işğal altında olan Dağlıq Qarabağ
ərazisində tədris erməni dilində aparılır. Əgər belə sual qoyulsa ki, ölkəmizin
təhsil sistemində milli müxtəliflik necə əks
olunur? Güman edirəm
ki, bu suala düzgün cavab belə olmalıdır: - məktəbəqədər müəssisələrdə
təlimin, ümumtəhsil məktəblərində
təhsilin ana dilində və ya uşağın, onun
valideyninin arzu etdiyi (istədiyi) dildə almaq imkanının
olması ilə; - təlim-tərbiyənin məzmununda -
tədris planlarında, proqramlarında,
dərsliklərdə və tədris
vəsaitlərində müxtəlif millətlərə
məxsus və ümumbəşəri dəyərlərin
əks etdirilməsi ilə; - pedaqoji kadrların tərkibinin milli müxtəlifliyi
ilə; - bir sıra təhsil müəssisələrində
tədrisin iki və ya üç dildə- bölmələrdə
(sektorlarda) aparılması ilə və s. Etnik qrupların kompakt şəkildə
məskunlaşdıqları bölgələrdə isə
məktəbəqədər tərbiyə müəssisələrində
uşaqlar öz ana dillərində danışırlar. ümumtəhsil
məktəblərində isə azsaylı xalqların
və etnik qrupların uşaqları dillərini ana dili
kimi öyrənirlər. Hazırda ölkəmizin təhsil
sistemində fəaliyyət göstərən
1695 məktəbəqədər müəssisəsindən
1451-də təlim Azərbaycan dilində, 11-də rus
dilində, 6-da gürcü dilində, 225-də Azərbaycan-rus,
2-də Azərbaycan-gürcü dillərində aparılır. Respublikadakı 4545 ümumtəhsil
məktəbinin 4180-də təlim Azərbaycan dilində,
18-də rus dilində, 6-da gürcü dilində, 335-də
Azərbaycan-rus, 5-də Azərbaycan-gürcü, 1-də isə
Azərbaycan-rus və gürcü dilində aparılır.
Beləliklə, 1375401 şagirdimiz Azərbaycan dilində,
105356-sı rus, 1764-ü gürcü dilində təhsil alır. Bakıda fəaliyyət göstərən
"Xabad Or-Avner" Tədris Kompleksində təlim rus
dilində aparılır, Azərbaycan, ivrit və ingilis
dilləri öyrədilir, İsrail tarixi və
mədəniyyəti, Azərbaycan tarixi və coğrafiyası
keçilir. Hesab edirəm
ki, bu fakt mədəniyyətlərarası dialoqun yaradılması
baxımından çox müsbət nümunədir. Mədəniyyətlərarası dialoq
sosial, iqtisadi və siyasi həyatın bütün
sahələrinə nüfuz edən demokratik
cəmiyyətimizin ən mühüm prioritetlərindəndir.
Mədəniyyətlərarası dialoq fərdlər,
qruplar, müxtəlif təşkilatlar və ölkələr
arasında bütün səviyyələrdə müvəffəqiyyətli
əməkdaşlıq üçün vacib şərtdir və çoxmədəniyyətli
cəmiyyətimizdə sosial birliyin əsas dayaqlarından
biridir. Bu proses bizim sülh, əmin-amanlıq və insan hüquqlarına
hörmət şəraitində birlikdə yaşaya
biləcəyimiz cəmiyyət qurmaq üçün
əlimizdən gələni etməyi tələb edir.
Respublikamızın təhsil sistemində həm təhsil
alanlar, həm də təhsil verənlər müxtəlif
millətlərə, mədəniyyətlərə və
dinlərə mənsub insanlardır. Məktəbəqədər müəssisələrdə
və ümumtəhsil məktəblərində ölkəmizdə
yaşayan bütün millətlərin və xalqların nümayəndələrindən
ibarət olan 180 mindən çox pedaqoji işçi qarşılıqlı
anlaşma, qarşılıqlı hörmət, bir-birinə
dəstək və tolerantlıq şəraitində çalışır.
Bu müəssisələrdə 1,6 milyondan çox uşaq və
məktəbli təhsil alır. Bəşəriyyətin tarixi təcrübəsi
çoxdan sübut etmişdir ki, milli, mədəni, dini müxtəliflik
insan cəmiyyətini daha da zənginləşdirir, insan
cəmiyyətinin istehsal sahəsində, ictimai və
mənəvi həyatda əldə etdiyi
nailiyyətlərin məcmusu olan mədəniyyətin
inkişafına təkan verir.
Mədəniyyətlərarası dialoq müxtəlif
millətləri və xalqları bir-birinə yaxınlaşdırır,
mövcud maneələri aradan qaldırır,
əlaqələri möhkəmləndirir. Mədəniyyətlərarası dialoq
və dini müxtəliflik məktəblərdə ayrıca
fənn kimi tədris olunmur. Fikrimizcə, bu
məsələ, ilk növbədə, tərbiyə
məsələsidir ki, bu da müxtəlif fənlərin, xüsusilə
humanitar fənlərin məzmununa inteqrasiya edilmişdir. ümumtəhsil müəssisələrində uşaqlar
və şagirdlər müxtəlif fənlərin tədrisi
prosesində ölkəmizdə, regionda və dünyada yaşayan
xalqların və millətlərin dili, ədəbiyyatı,
mədəniyyəti, tarixi, coğrafiyası, flora və
faunası, milli mənəvi dəyərləri, inancları
- dinləri ilə tanış olurlar. Bu tanışlıq
uşaqların (şagirdlərin) digər xalqlar haqqında
təsəvvürlərini genişləndirir, sanki onlara yaxınlaşdırır.
Məktəbəqədər müəssisələr
üçün təlim-tərbiyə proqramında və tədris
materiallarında Azərbaycan
folkloru nümunələri, yazıçı və şairlərin
uşaqlar üçün əsərləri ilə yanaşı,
digər xalqların şifahi xalq ədəbiyyatından,
yazılı ədəbiyyatdan nümunələrinə
də geniş yer verilir. Uşaq bağçalarında 3-6 yaş
arasında olan uşaqlar Azərbaycan nağılları
ilə bərabər rus, Ukrayna, Belarus, gürcü, tatar, latış,
litov, eston, macar, özbək, qırğız, tacik, Vyetnam
və s. xalq nağıllarını, L.Tolstoyun, İ.Krılovun,
K.Uşinskinin, Aqniya Bartonun və digərlərinin uşaqlar
üçün yazdıqları şeir və hekayələri
sevə-sevə öyrənirlər. Uşaqlar bu nağıllar
və əsərlər vasitəsilə digər xalqlar,
onların mədəni-mənəvi dəyərləri
haqqında ilkin təsəvvürlər əldə
edirlər. Musiqi məşğələlərində uşaqlar
başqa xalqların rəqslərini oynayır, mahnılarını
oxuyur, melodiyalarını dinləyirlər. Uşaqlar
"Ləzginka" rəqsini ifa etməyi, "Suliko"
gürcü xalq mahnısını oxumağı, V.A.Motsartın
"Zınqırovlar səslənir" əsərini
dinləməyi çox sevirlər. Musiqi məşğələlərində
uşaqlar yaxın və uzaq ölkələrin xalq mahnıları,
rəqsləri, bəstəkarların uşaqlar üçün yazdıqları
musiqi əsərləri ilə
tanış edilirlər. Xalq melodiyaları nümunələri
və bəstəkar əsərləri ifa edilərkən
həmin mahnının, rəqsin, yaxud bəstəkarın
hansı xalqa mənsub olduğu uşaqlara çatdırılır,
o xalq və ölkə barədə uşaqlara, onların yaş
xüsusiyyəti nəzərə alınmaqla məlumat
verilir. Beləliklə, uşaqlar uşaq bağçasında
təlim dövründə nağıllar, hekayələr, şeirlər,
mahnılar, rəqslər, melodiyalar və s. vasitəsi
ilə regionun, qitənin və dünya xalqlarının milli
mənəvi dəyərləri, görkəmli
sənətkarları ilə tanış olur, onlara hüsnrəğbət
göstərməyə başlayırlar. Uşaqların digər xalqların
ədəbiyyatı və mədəniyyəti
vasitəsilə onların ölkələri, əhalisi, milli
mənəvi dəyərləri ilə tanış
edilməsi məktəb təlimi dövründə daha da genişləndirilir
və dərinləşdirilir. İbtidai - I-IV
siniflərdə şagirdlər oxu dərslərində
regionun, Avropanın və dünya xalqlarının 30-a yaxın
nağıl, hekayə, şeirlərini öyrənir, musiqi
məşğələlərində 30-dan çox xalq mahnısı,
rəqsi, bəstəkar əsərləri ilə tanış
olurlar. A.Puşkinin "Balıqçı və balıq nağılı"
vasitəsi ilə rus ədəbiyyatı, "Ovçu və
maral" rəvayəti vasitəsi ilə çex folkloru, Qrimm
qardaşlarının "Qoca baba və nəvə"
əsəri vasitəsi ilə alman ədəbiyyatı, P.çaykovskinin
"Şelkunçik" baletindən marşla rus, İ.S.Baxın
"Orqan fuqası" əsəri ilə alman,
"Oxuyun, mənim qardaşlarım" xalq mahnısı
vasitəsilə Ukrayna musiqisi və o xalqların böyük
sənətkarları ilə tanış olurlar. Belə
misalları başqa xalqlarla da bağlı gətirmək
olar. Şagirdlərə digər xalqların
mədəniyyətinin, incəsənətinin, elminin nümayəndələrinin,
görkəmli insanların yaradıcılığını
öyrətməklə onları o xalqların yaşam
tərzi, sosial-mədəni inkişafı ilə tanış
etməkdə orta məktəbdə tədris olunan
ədəbiyyat, xarici dillər, tarix, coğrafiya, insan
və cəmiyyət, hətta təbiət-riyaziyyat
fənləri də böyük imkanlara malikdir. Mədəniyyətlərarası dialoqun
yaradılmasında xarici dillərin tədris
prosesindəki yeri və
rolu xüsusi əhəmiyyət kəsb edir. ölkəmizin ümumtəhsil
məktəblərində 6 xarici dil - ingilis, fransız,
alman, rus, ərəb, fars dilləri tədris olunur. Bu
vəziyyət digər əcnəbi dilin (dillərin)
tədrisini qadağan etmir. Hər hansı bir
məktəbdə əgər müvafiq kadr potensialı,
tədris-maddi baza olarsa və şagirdlər və
valideynlər başqa xarici dili seçərlərsə,
həmin dilin tədrisi mümkündür. Müstəqil Azərbaycan dövlətinin
Avropaya, dünyaya inteqrasiyasında, beynəlxalq münasibətlərinin
genişləndirilməsi və möhkəmləndirilməsində,
müxtəlif dövlətlərlə mədəni, iqtisadi,
siyasi və s. əlaqələrin yaradılmasında
xarici dillərin əhəmiyyəti danılmazdır.
Xarici dilləri bilmək o dillər vasitəsilə
digər xalqlarla ünsiyyət qurmağa imkan verir, bu da
insanları bir-birinə yaxınlaşdırır,
mədəniyyətlərarası dialoqun qurulmasına, başqa
sözlə, digər xalqları yaxından tanımağa, ölkəmizi
və xalqımızı başqa xalqlara tanıtdırmağa
şərait yaradır. Son 15 ildə ABŞ-ın ACCELS
təşkilatının xətti ilə 1000-ə yaxın
Azərbaycan məktəblisi bir il müddətinə Amerika
məktəblərində təhsil alıblar, 300-ə yaxın
şagirdimiz dünya və beynəlxalq fənn olimpiadalarında
iştirak etmiş, dünyanın 70 ölkəsində olmuşlar,
3000-dən çox azərbaycanlı gənc dünyanın ən
nüfuzlu universitetlərində təhsil alırlar və s. Ədəbiyyatın V-XI siniflərdə
tədrisi zamanı şagirdlər qədim yunan əsatiri
"Prometey"i keçərkən qədim Yunanıstan
və yunanlar, onların inancları haqqında müəyyən
məlumat əldə edir, Prometeydən xeyirxahlıq,
cəsarət və
fədakarlıq öyrənirlər, "Əhməd və
Şah" özbək nağılından haqsızlığa,
ədalətsizliyə qarşı mübarizə ideyasını
əxz edirlər. Fransız yazıçısı Viktor Hüqonun
"Səfillər" əsərindən
"Kozetta" hissəsini keçərkən yoxsulluq və
səfalət içərisində
keçən uşaq taleyi, Amerika yazıçısı Mark Tvenin
"Tom Soyerin macəraları" əsərindən
"Tomun sərgüzəştləri" parçasını
keçərkən uşaq aləmindəki mürəkkəblik
və ziddiyyətlərlə tanış edilir, onlarda
xeyirxahlıq, mərhəmətlilik, haqsızlığa
qarşı dözümsüzlük tərbiyə olunur. Yunan əsatirləri "Nerney şiri",
"Erit öküzü" vasitəsi ilə Heraklın
qəhrəmanlıqları, ən çətin
vəziyyətdən çıxış yolu tapmaq bacarığı,
"Min bir gecə" ərəb nağıllarından
"Dəniz Səyyahı Sindibadın nağılı"ndan
dünyanı öyrənmək, dərk etmək həvəsi,
ingilis yazıçısı Daniel Defonun "Robinzon
Kruzo"sundan insan həyatının mövcudluğu üçün
əməyin başlıca şərt olması
həqiqətini, rus yazıçısı Mixail Şoloxovun
"İnsanın taleyi"ndəki Andrey Sokolovdan
cəsarətliliyi, xeyirxahlığı əxz edir, qırğız
yazıçısı çingiz Aytmatovun "Əsrdən uzun gün"
romanından "Manqurt" hissəsini keçərkən
manqurtlaşmış bir insanın, bir xalqın
faciəsi ilə şagirdlər tanış edilir, onlarda
insanlara qarşı mərhəmət hissi aşılanır. Amerika yazıçısı Fenimor Kuperin
"Sonuncu mogikan" əsərindən
"Cəngəllik kralı" parçasını, rus yazıçısı
Lev Tolstoyun "Hacı Murad" əsərini keçərkən
yerli xalqların yadelli işğalçılara qarşı mübarizəsi
ilə tanış olan şagirdlərdə işğalçılara
nifrət, öz yurdunu əzmlə qoruyan insanlara
məhəbbət hissi formalaşır və s. Güman edirəm ki, ədəbiyyatdan
gətirilən misallar region və dünya xalqlarının
ədəbi nümunələri ilə tanışlıqla
yaranan dialoqun geniş miqyasını təsəvvür
etməyə imkan yaradır. ölkədə, regionda və dünyada
yaşayan xalqların tarixi, ərazisi, əhalisi,
təsərrüfatı, mədəniyyəti, inkişaf
tendensiyası ilə şagirdlərin tanış
edilməsində, müəyyən biliklərə
yiyələnməsində və əsl insan kimi yetişməsində
şübhəsiz tarix və coğrafiya fənlərinin
tədrisinin böyük əhəmiyyəti vardır. Şagirdlər dünyanın fiziki coğrafiyası
vasitəsilə Yer kürəsinin təbiəti, iqlimi, flora
və faunası, çayları, gölləri, dənizləri,
materikləri, qitələri, okeanları ilə tanış
olur, obrazlı desək, dünyanın ən aşağı
çökəkliyindən - ölü dənizin sahillərindən dünyanın
ən uca nöqtəsi Comolonquma (Everest) zirvəsinə qalxır,
Yer kürəsində yaşayan müxtəlif ölkələr,
xalqlar haqqında məlumat alırlar. Dünyanın sosial və iqtisadi coğrafiyasından
dünya əhalisinin irqi, etnik, milli və dini fərqləri
ilə yanaşı, ayrı-ayrı ölkələrin
əhalisi, məşğuliyyəti, təsərrüfatı
və s. tanış olur, müəyyən informasiya
əldə edirlər. Şagirdlər VI sinifdən başlayaraq ölkəmizin
tarixi ilə yanaşı, ümumi tarix vasitəsi ilə
bəşər tarixinin inkişaf
mərhələlərini - qədim dövr, orta
əsrlər və yeni tarix dövrləri üzrə öyrənirlər. Tarixin tədrisi prosesində şagirdlər
qədim dövrdən bugünədək bəşəriyyətin
keçdiyi tarixi inkişaf yolu haqqında biliklərə
yiyələnir, onlarda tarixi təhlil, müqayisə və ümumiləşdirmə
aparmaq, ölkəmizin tarixi üzrə baza biliklərini
digər xalqların tarixi ilə
əlaqələndirmək bacarığı formalaşdırılır,
tarixə inam və hörmət hissi aşılanır,
humanizm ideyalarına, insan hüquqlarına, demokratik
dəyərlərə hörmət,
vətənpərvərlik və xalqlar arasında qarşılıqlı
anlaşma kimi yüksək mənəvi-əxlaqi
keyfiyyətlər tərbiyə edilir, xalqların
dilinə, dininə, mədəniyyətinə, tarixi inkişafın
müxtəlif məqamlarına maraq yaradır, öz ölkəsinin
və bütün bəşəriyyətin
mədəniyyətini qorumağa və yaşatmağa çalışmaq
hissini aşılayır. Şagirdlər bu fənn vasitəsi ilə
mağaradan çıxıb ətrafa göz gəzdirdikdən
sonra Misir ehramları yanından keçib Böyük çin səddini
aşaraq Kosmosa, Aya, Marsa qədər yüksələn insanın
keçdiyi tarixi inkişaf yolu ilə tanış olurlar. Təbiət-riyaziyyat elmlərinin
əsaslarının tədrisi prosesində də müxtəlif
mövzuların imkanlarından istifadə edərək
mədəniyyətlərarası dialoq yaratmaq mümkündür.
Məsələn, VII sinifdə fizikadan
"Hərəkət və qüvvə" fəslini keçərkən
bir neçə mövzuda Nyuton qanunlarını öyrənirlər.
Müəllim bu mövzuları keçərkən XVII əsrin II
yarısı və XVIII əsrin I yarısında yaşayıb-yaratmış
ingilis fiziki, riyaziyyatçısı, mexaniki, astronomu, klassik
mexanikanın yaradıcısı İ.Nyuton haqqında,
eyni zamanda o dövrdə İngiltərədə, ümumən
Avropada elm və texnikanın inkişafı barədə
şagirdlərə, onların yaş xüsusiyyətini
nəzərə almaqla məlumat verir. İ.Nyutonun çoxcəhətli
istedadı uşaqları heyran edir, onlarda bu alimi bəşəriyyətə
bəxş edən xalqa qarşı rəğbət hissi
oyadır. X sinifdə "Dinamikanın əsasları"
mövzusunu keçərkən İ.Nyuton, Nyuton qanunları,
Nyutonun kəşflərinin dünya elminə verdiyi töhfələr
haqqında daha geniş və ətraflı məlumat
verilir. Müəllim proqram və dərsliyin verdiyi bu imkandan
istifadə edərək, fəndaxili əlaqə yaratmaqla
(VII sinif), elmi-metodik və elmi-kütləvi məlumatları
cəlb etməklə daha geniş miqyasda
mədəniyyətlərarası dialoqu qura bilər. ümumtəhsil müəssisələrində
fənlərin tədrisi zamanı dinlərarası dialoqu
necə yaratmaq, dinin bəşər sivilizasiyasının
bir növü, onun güclü hərəkətverici qüvvə olduğunu
şagirdlərə hansı vasitələrlə aşılamaq
lazımdır? Bir sıra din xadimləri, ictimai təşkilatların
nümayəndələri məktəblərdə dinin
tədrisinin vacibliyini irəli sürürlər. Hazırkı şəraitdə, ölkəmizin
bazar iqtisadiyyatına keçid dövrünü yaşadığı
bir zamanda ümumtəhsil məktəblərində dinin
tədrisi mümkündürmü? Mənim fikrimcə yox, mümkün deyildir. Birincisi, ona görə ki, bütövlükdə
nə Azərbaycan cəmiyyəti, nə də təhsil
sistemi hələlik bu problemin həllinə hazır deyil.
İkincisi, dövlətimizin Əsas Qanununda təsbit edilmişdir
ki, Azərbaycan dövləti dünyəvi respublikadır.
(maddə - 7), "Azərbaycan Respublikasında din dövlətdən
ayrıdır". "Dövlət təhsil sistemi dünyəvi
xarakter daşıyır". (maddə - 18)
Bu müddəalarla bağlı "Dini etiqad azadlığı
haqqında Azərbaycan Respublikasının qanununda
oxuyuruq: "Azərbaycan
Respublikasında din və dini qurumlar dövlətdən ayrıdır".
(maddə - 5) "Azərbaycan Respublikasında dövlət
təhsil sistemi dindən ayrıdır". (maddə - 6)
Azərbaycan Respublikasının mövcud Təhsil Qanunu ölkəmizdə
"təhsilin elmi-dünyəvi xarakter daşıması"nı
(maddə - 2) təsbit etməklə elan edir ki, "Dünyəvi
təhsil ocaqları ilə bərabər, ümumi orta
təhsili başa çatdıranlar üçün dini təhsil müəssisələri
də fəaliyyət göstərə bilər".
(maddə - 5). ümumi təhsili başa vuranlar dini təhsil
almaq arzusunda olsalar, dövlətimizin yaratdığı
imkandan istifadə edərək, Bakı Dövlət
Universitetinin İlahiyyat fakültəsində, Bakı İslam
Universitetində və digər dini təhsil ocaqlarında
təhsillərini davam etdirə bilərlər. ümumtəhsil məktəblərində
şagirdlərə elmlərin əsasları öyrədilir.
Tədris müvafiq pedaqoji və psixoloji prinsiplərə uyğun aparılır, müəyyən
sistem üzərində qurulur. Beləliklə, sistemləşdirilmiş
bilik, bacarıq və vərdişlərin
mənimsənilməsi prosesi və nəticəsi olan
"təhsil" formalaşır. Təhsil həm dini, həm də dünyəvi
ola bilər. ölkəmizdə təhsil dünyəvidir. Lakin
bu heç də dini, xüsusən dini dəyərləri inkar
etmək demək deyildir. ümumtəhsil məktəbləri üçün
proqram və dərslik yaradıcılığı işində
müəlliflər ümumi təhsilin məzmununun
zənginləşdirilməsində, onun
tərbiyəedici rolunu gücləndirməkdə dini
dəyərlərdən geniş istifadə edirlər. Əvvəllər ancaq "Qədim dünya
tarixi" və "Orta əsrlər tarixi"
dərsliklərində dinlərin meydana gəlmə tarixi
ilə bağlı bir neçə mövzu olardı ki, onların
da şərhinə, şagirdlərə təqdim
edilməsinə kommunist ideologiyası tələbləri
baxımından yanaşılır, ateist mövqedən
qiymət verilirdi. Mövcud dərsliklərimizdə -
"Oxu", "Həyat bilgisi", "Ədəbiyyat",
"Azərbaycan tarixi", "ümumi tarix",
"Azərbaycan Respublikasının Konstitusiyası",
"İnsan və cəmiyyət"
dərsliklərində dinlərin tarixi haqqında
verilən məlumatlarla yanaşı,
dini dəyərlər müvafiq mövzuların
məzmununa hopdurularaq, inteqrasiya edilmiş halda, elmi
əsaslarla şagirdlərə çatdırılır.
Şagirdlərin ilk dəfə III sinifdə həyat
bilgisi fənni üzrə dinlər-iudaizm, xristianlıq,
islam, buddizm haqqında, Musa peyğəmbər, İsa peyğəmbər,
Məhəmməd peyğəmbər, müqəddəs
kitablar - Tövrat, İncil və Quran barədə ilkin
məlumat alırlar. "Azərbaycan tarixi" və
"Qədim dünya tarixi" dərslikləri
vasitəsilə qədim dövrlərdə Azərbaycan
ərazisində yaşayan insanların, eyni zamanda Afrika,
Asiya və Avropa ölkələri xalqlarının ilk dini
təsəvvürləri, inancları ilə tanış
edilir, bütpərəstlik, zərdüştlük, konfutsiçilik,
buddizm, tanrıçılıq, iudaizm, çoxallahlılıq
(Yunanıstanda) və nəhayət Xristian dininin və
İslamın meydana gəlməsi səbəbləri
və təşəkkülü tarixi ilə tanış
olurlar. Müvafiq mövzularda istifadə edilən dini
dəyərlər əsasında şagirdlərin
mənəviyyatı daha da saflaşdırılır,
zənginləşdirilir. Yuxarı siniflərdə fənlərin
tədrisi prosesində müvafiq mövzular öyrənilərkən
dini dəyərlərdən geniş istifadə edilir. İnsan və cəmiyyət
fənnindən "Dini dözümlülük" mövzusunu keçərkən
şagirdlər "Dini etiqad", "İnsanın
etiqad etməsinin səbəbləri", "Etiqadsız
yaşamaq mümkündürmü?", "Qurani-Kərim İslamın
müqəddəs kitabıdır", "İslam müasir dünyada",
"Yəhudilər hansı dinə inanırlar?",
"Xristianlıq", "Müasir dünyada dini dözümlülük"
məsələləri ilə ətraflı tanış
olur, dinlər və dini dəyərlər haqqında
digər fənlər vasitəsilə aldıqları
biliklər daha da dərinləşdirilir və inteqrasiya
əsasında ümumiləşdirilir, şagirdlərin dini
dəyərlərə inamını artırır, onlara
gözəl insani keyfiyyətlər aşılayırlar. IX sinifdə Azərbaycan Respublikası
Konstitusiyasının əsasları fənninin tədrisi
prosesində din və dövlət münasibətləri,
vətəndaşların əsas azadlıqları haqqında
konstitusiya müddəaları geniş şərh edilir,
"Vicdan azadlığı" maddəsinin (48) və
"Dini etiqad azadlığı haqqında"
Azərbaycan Respublikasının qanununun müddəalarının
mahiyyəti açılır, şagirdlər dini etiqadla bağlı
hüquq və vəzifələrini dərk edirlər. Eyni
zamanda anlayırlar ki, hər bir şəxsin dinə münasibətini
müəyyənləşdirməsində, dinə etiqadında,
ibadətlərdə, dini ayin və mərasimlərin icrasında
iştirak etməsində, dini öyrənməsi yolunda
hər hansı maneçiliyə yol verilmir. "Dini etiqadların, dini həyat
tərzinin və ibadətlərin zor işlədilməklə
və ya insanlar arasında nifaq salmaq məqsədi ilə
təbliği, dini etiqada məcbur etmək qadağandır"
(Qanun, maddə - 1). Onu da öyrənirlər ki, "Dini
etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır".
(Konstitusiya-maddə-48). Şagirdlərin müxtəlif fənlərin
tədrisi prosesində dinlərin tarixi barədə, dini
dəyərlər haqqında aldıqları biliklər XI
sinfin "İnsan və cəmiyyət"
dərsliyində fəlsəfi-psixoloji aspektdə ümumiləşdirilir,
onlarda bu baxımdan yetkin fikir, əqidə formalaşdırılır.
Şagirdlər yəqin edirlər ki, ümumiyyətlə,
dinlər bəşər sivilizasiyası sisteminin çox mühüm
ünsürlərindən biridir. Dinin, fəlsəfə və
elmin hər birinin bu sistemdə öz yeri, tarixi təfəkkürümüzün
formalaşmasında rolu, özünün obyekti və spesifik xüsusiyyətləri
vardır. Müəllimlərimiz bilməlidir ki, din güclü
hərəkətverici qüvvəyə malikdir. Onun dünyaya
təsiri, ilk növbədə, onun insanlara hansı
hissləri aşılamasından, hansı
hərəkətlərə, fəaliyyətə ruhlandırmasından
çox asılıdır. ölkələr və xalqlar arasında
sülh yalnız dinlərin və
mədəniyyətlərin dialoqu, barışığı
yolu ilə əldə edilə bilər. Ona görə də
hər bir müəllim öz ixtisası üzrə fənlərin
tədrisi prosesində
uyğun mövzuların imkanları daxilində
mədəniyyətlərarası və dinlərarası
dialoqun yaradılmasını həyata keçirməlidir. Artıq onuncu ildir ki, ölkəmizdə
təhsil sahəsində islahatlar aparılır. ümumi
təhsilin məzmunu- tədris planları, fənn
proqramları, dərsliklər və dərs
vəsaitləri, elmi-metodik, elmi-kütləvi ədəbiyyat
yeniləşdirilir, milli, ümumbəşəri və dini
dəyərlərlə zənginləşdirilir. Azərbaycan hökuməti 30.10.2006-cı il
tarixli qərarı ilə "Azərbaycanda ümumi
təhsilin konsepsiyası (Milli Kurrikulumu)"nı
təsdiq etmişdir. Hazırda bütün fənlər üzrə
kurrikulumlar işlənilir. Müəllim hazırlayan ali
məktəblərimiz və Təhsil Problemləri İnstitutu
mədəniyyətlərarası və dinlərarası
dialoqun fənn kurrikulumlarında, dərsliklərdə
və dərs vəsaitlərində əks etdirilməsi
prinsiplərini və tədrisi metodikasını hazırlayıb
müəllimlərin, məktəb rəhbərlərinin
istifadəsinə vermələri ümumi təhsilin
məzmununun daha dolğun olmasına kömək edərdi. Tədris prosesində
mədəniyyətlərarası və dinlərarası
dialoqun yaradılması metodikasına dair ali
məktəblərdə ilkin müəllim hazırlığı
dövründə tələbələr üçün xüsusi kursların,
fakültativlərin, ixtisasartırma institutlarında isə müəllimlər
üçün tematik kursların təşkili məqsədəuyğun
olardı. Müxtəlif xalqların
mədəniyyətləri və dinləri haqqında
gənclərə müvafiq biliklərin verilməsi onların
gələcəkdə qloballaşan dünyada digər
millətlərin nümayəndələri ilə ünsiyyət
və əməkdaşlıq yaratmaq, vətənimizin
davamlı inkişafını təmin etmək baxımından
fəaliyyət göstərmələri üçün çox vacibdir.
Arif MURADOV, Təhsil Nazirliyinin şöbə müdiri, respublikanın əməkdar müəllimi
|