|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Azərbaycan Dillər Universitetində İnformasiya resurs kompleksi açıldı Azərbaycan
Dillər Universitetində ölkəmizdə analoqu olmayan
İnformasiya resurs kompleksi yaradılmışdır.
Dekabrın 5-də kompleksin rəsmi açılışı
olmuşdur. Bu münasibətlə düzənlənən
mərasimdə bir sıra nazirliklərin, ali
məktəblərin, ölkəmizdə fəaliyyət göstərən
xarici dövlətlərin səfirliklərinin və
beynəlxalq qurumların nümayəndələri, millət
vəkilləri, ziyalılar, KİV əməkdaşları
iştirak edirdilər. Universitetin əsas binasında yerləşən
İnformasiya resurs kompleksinin rəmzi açılışını
bildirən qırmızı lent kəsildikdən sonra
kompleksin məlumat-sorğu mərkəzində açılış
mərasimi keçirildi. Tədbir iştirakçılarını
salamlayan Azərbaycan Dillər Universitetinin rektoru,
millət vəkili, Milli Məclisin AŞPA-dakı nümayəndə
heyətinin rəhbəri, professor Səməd Seyidov İnformasiya
resurs kompleksinin açılışını
universitetləri üçün tarixi əhəmiyyətli hadisə
kimi dəyərləndirib kollektivlərinin bundan hədsiz
sevinc hissi duyduğunu söylədi. Rektor kompleksin yaradılmasına
mənəvi və maddi dəstək vermiş
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevə ADU-nun professor-müəllim və
tələbə heyəti adından təşəkkür
etdi, ölkə başçısının göstərdiyi
diqqət və qayğı sayəsində son bir neçə
il ərzində universitetlərində köklü dəyişikliklərin
baş verdiyini diqqətə çatdırdı. Səməd Seyidov açılışına
toplaşdıqları mərkəzin istər kitablarının,
elektron materiallarının sayı, istərsə də
kompüterlərin miqdarı və müasirliyi baxımından
dünyanın aparıcı universitetlərindəki
mərkəzlərdən heç də əskik olmadığını
vurğulayaraq onun ölkəmizin təhsil sistemində aparılan
məqsədyönlü islahatların nəticəsi olaraq
meydana gəldiyini söylədi. Qeyd etdi ki, İnformasiya
resurs kompleksinin yaradılmasında xarici partnyorları, xüsusən
də ABŞ səfirliyi və Britaniya Şurası onlara
yaxından kömək göstərib. ABŞ səfirliyi
kompleksə daxil olan Amerika mərkəzinin yaradılması
və müasir avadanlıqla, İKT ilə təchizi üçün
qrant ayırıb, Britaniya Şurası isə özünün
İçərişəhərdə yerləşən
zəngin kitabxanasını ADU-ya köçürməklə
mərkəzin xarici dillərdə olan ədəbiyyat
fondunu və elektron resurslarını daha da zənginləşdirib.
Bütün bunlara görə rektor hər iki qurumun ünvanına xüsusi
minnətdarlığını ifadə etdi. Rektor çıxışında bir fikri də
vurğuladı ki, yaradılmasının ali
məqsədi Azərbaycanın inkişafına,
azərbaycançılıq ideyasının dünyada yayılmasına
xidmət etmək olan mərkəzdən təkcə
Dillər Universitetinin müəllim və
tələbələri deyil, digər universitetlərin
əməkdaşları və tələbələri,
elmlə məşğul olanlar, bu istiqamətdə inkişaf
etmək istəyənlər də istifadə edə
biləcəklər. Rektor çıxışının sonunda
kompleksin açılışı münasibəti ilə
rəhbərlik etdiyi ali məktəbin professor-müəllim
və tələbə heyətini təbrik etdi. Mərasimdə çıxış edən
Azərbaycan Respublikasının rabitə və informasiya
texnologiyaları naziri, akademik Əli Abbasov mərkəzin
açılmasını Azərbaycan təhsil sisteminin inkişafı
yolunda yeni bir hadisə adlandırdı. Nazir ölkə başçısı
İlham Əliyevin Azərbaycanın hərtərəfli
inkişafına böyük diqqət yetirdiyini, yeni
cəmiyyət quruculuğunda təhsilin və yeni
texnologiyaların prioritet istiqamətlər elan olunduğunu,
hər iki sahənin inkişafına xüsusi önəm
verildiyini diqqətə çatdırdı. Qeyd etdi ki,
Azərbaycanın gələcək inkişafı, ölkəmizin
bütün dünyada tutduğu yer, rəqabət qabiliyyətliliyi
və bir çox digər vacib göstəricilər
gələcək cəmiyyətimizin nə qədər
intellektual potensiala malik və iqtisadiyyatımızın
nə səviyyədə innovasiyalı, texnologiyayönümlü
olmasından asılıdır. Əli Abbasov informasiya
texnologiyalarının təhsilin keyfiyyətinin yüksəldilməsində
də mühüm amillərdən biri hesab olunduğunu, məhz
buna görə də ölkəmizin ümumtəhsil
məktəblərinin kompüterləşdirilməsi
istiqamətində iki böyük Dövlət Proqramının
həyata keçirildiyini, bütün ali
məktəblərdə İKT-nin tətbiq olunduğunu
bildirdi. İnformasiya resurslarının yaradılmasının,
informasiyaya kütləvi çıxışın təmin
edilməsinin çox vacib məsələlər sayıldığını
deyən nazir Azərbaycanda son illər bu
istiqamətlərdə də müsbət addımlar atıldığını,
ADU-da İnformasiya resurs kompleksinin açılmasını bu
baxımdan sevindirici hal saydığını söylədi
və toplaşanları bu münasibətlə təbrik etdi.
Açılış mərasimində iştirak
edən təhsil nazirinin müavini Elmar Qasımov təbrik sözü
söylədi. Təhsil naziri və nazirlik adından İnformasiya
resurs kompleksinin açılışı münasibəti ilə
tədbirə toplaşanları təbrik edən nazir müavini
öncə resurs kompleksinin açılışını yüksək
qiymətləndirib onun təkcə Dillər Universitetinin
kollektivi üçün deyil, ümumilikdə ölkənin bütün
təhsil sistemi üçün əhəmiyyətli hadisə hesab
etdiyini bildirdi. İnformasiya resurs kompleksinin ali
məktəblərimizin dünya universitetləri şəbəkəsinə
çıxması yolunda dəyərli bir vasitə sayan E.Qasımov
burada quraşdırılmış avadanlığın
İKT-nin son nailiyyətlərini əks etdirdiyini
diqqətə çatdırdı. İnformasiya resurs
kompleksinin tələbələr qarşısında açdığı
imkanlara toxunan E.Qasımov bildirdi ki, ölkə Prezidenti
cənab İlham Əliyevin xüsusi sərəncamı
ilə təsdiq olunmuş "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı"nın uğurla
həyata keçirilməsi üçün tələbələrimizin
dünyanın ən nüfuzlu universitetlərinə qəbulu
prosesinin sürətləndirilməsi vacibdir. Bunun üçünsə,
ilk növbədə, bizim tələbələrimiz həmin
universitetlərlə əlaqə yaratmalıdırlar.
Kompleks bu işdə onlara geniş imkanlar açır. İnformasiya resurs kompleksi habelə
həyata keçirilməsi bilavasitə İKT-nin
tətbiqindən asılı olan distant təhsilin reallaşdırılmasına
da əlverişli şərait yaradır. Mərkəz,
eyni zamanda Azərbaycan Dillər Universitetində təhsil
alan 400-dən çox əcnəbi tələbənin öz ölkələri,
ailələri ilə tez-tez əlaqə yaratması üçün
də çox yaxşı vasitədir. E.Qasımov qeyd etdi ki, İnformasiya resurs
kompleksi təkcə informasiya mübadiləsi mərkəzi
olmayıb, həm də maarifləndirici, təhsilverici bir
mərkəzdir. Burada toplanmış zəngin kitab fondu
və elektron resurslar mərkəzə bu funksiyasını
da yüksək səviyyədə yerinə yetirməyə
imkan verəcək. Elmar Qasımov çıxışında
Boloniya prosesinə ilkin qoşulmuş ali
məktəblərdən olan ADU-da bu sahədə toplanmış
təcrübədən, treninqlərin təşkili zamanı
həmin təcrübədən istifadə edildiyindən,
gələcəkdə belə kursların
mərkəzdə təşkilinin məqsədəuyğunluğundan,
son 4 ildə ölkəmizin təhsil sisteminə İKT-nin
tətbiqi yönündə görülmüş işlər və onların
uğurlu nəticələrindən də söz açdı. Tədbirdə Britaniya Şurasının
ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye çıxış
edib təmsil etdiyi qurum və onun fəaliyyəti,
gələn ildən fəaliyyət istiqamətlərini
dəyişəcəkləri barədə məlumat
verdi, təbriklərə qoşulduğunu bildirdi. Sonra İnformasiya resurs kompleksi haqqında
təqdimatla onun direktoru Şəhla Xudiyeva çıxış
etdi. Məlumatdan aydın oldu ki, İnformasiya resurs
kompleksi Azərbaycan Respublikası ali təhsil müəssisələrinin
Avropa təhsil sisteminə inteqrasiyasına yardım
etmək, öz imkanları vasitəsi ilə Azərbaycan
təhsil sistemini inkişaf etdirmək məqsədi
ilə yaradılıb. Buradan irəli gələn strateji
vəzifələrə milli səviyyədə qlobal
informasiya cəmiyyəti quruculuğuna
yardımçı olan elm və mədəniyyətin
informasiyalaşdırılması proseslərini himayə
etmək və bu sahədə maarifləndirici
fəaliyyət göstərmək, elm, təhsil və
mədəniyyətin informasiyalaşdırılması,
Azərbaycanın gələcəyi üçün yüksək
səviyyəli mütəxəssis korpusunun yetişdirilməsinə
kömək, Azərbaycanın ali məktəblərinin müəllim
və tələbələrinin elmi tədqiqat işlərini
himayə edən tədbirlər həyata keçirmək,
Azərbaycanın elm, təhsil və
mədəniyyətinin təbliği,
mədəniyyətlərarası dialoq, mədəni irsin
mühafizəsi, informasiya mədəniyyətinin inkişafı
və fasiləsiz təhsil və s. daxildir. İki
mərtəbədən ibarət böyük kompleksin
tərkibinə 120-dən artıq İnternet şəbəkəli
kompüter, geniş çeşidli kitabxana, 10 resurs mərkəzi
daxildir. Burada habelə Britaniya Şurasının
3000-ə qədər məlumat kolleksiyası, Amerikaya
dair 4000 nəşr, amerikaşünaslığa dair 7500 adda
və başqa elm sahələrinə dair tam mətnli
elektron bazalar var. Kompleksin elektron kitabxanasında dünyanın
nüfuzlu elmi jurnallarının tam mətnli bazası ilə
tanış olmaq və istifadə etmək mümkündür.
Kompleksdə müasir avadanlıq və yeni texnologiyalar
vasitəsi ilə video-konfranslar keçirmək üçün imkan
yaradılıb. Şəhla Xudiyeva kompleksə daxil olan
Amerika mərkəzi, innovasiya mərkəzi, iki folklor
mərkəzi, elektron resurs mərkəzi, məlumat-sorğu
mərkəzi, informasiya və kommunikasiya texnologiyaları
mərkəzi, onların fəaliyyət
istiqamətləri haqqında da qısa məlumat verdi. Açılış mərasimi başa çatdıqdan
sonra tədbir iştirakçıları kompleksi gəzib onun
mərkəzlərinə baxdılar,
deyilənlərlə əyani surətdə tanış
oldular. Sonda ABŞ-ın İndiana Universiteti
ilə elektron bağlantı oldu. Yusif ƏLİYEV, foto Fazil İDRİSOĞLUNUNDUR
|