· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

Prezident İlham Əliyev Ankaradakı Heydər Əliyev adına ibtidai məktəbdə olub

Noyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev Ankaranın Batıkənd məhəlləsində Heydər Əliyev adına ibtidai məktəbdə olmuşdur.

Məktəbin binasının həyətində şagirdlər, valideynlər, məhəllə sakinləri Prezident İlham Əliyevi, xanımı Mehriban Əliyevanı böyük səmimiyyətlə qarşıladılar.

Məktəblilərin ifasında Azərbaycanın və Türkiyənin milli rəqsləri, xalq mahnıları böyük maraq doğurdu.

Azərbaycan Prezidenti məktəblə tanış oldu. Şagirdlər məktəbin himnini oxudular, ulu öndər Heydər Əliyevə olan məhəbbətlərini bir daha bildirdilər.

Dövlətimizin başçısı və xanımı məktəblilərin əl işlərinə baxdılar, sinif otaqlarında dərs prosesini izlədilər, uşaqların təhsili ilə maraqlandılar.

Məlumat verildi ki, Ankaranın bu hissəsində sakinlərin sayının sürətlə artması nəticəsində ibtidai təhsil yaşındakı uşaqların da sayı çoxalmışdır və 2 ibtidai məktəb azlıq edirdi. Bunu nəzərə alaraq 10 sinifdən ibarət yeni məktəb tikilmiş, sonradan siniflərin sayı 27-yə çatdırılmışdı.

Ankara valiliyi ilə Azərbaycan Respublikasının Türkiyədəki səfirliyi arasında imzalanmış protokola uyğun olaraq "Qardaş qurum" layihəsi çərçivəsində 2006-cı il yanvarın 17-dən məktəbə ulu öndər Heydər Əliyevin adı verilmişdir. Hazırda məktəbdə 1440 şagird təhsil alır.

Prezident İlham Əliyev şagirdlərə ölkənin layiqli vətəndaşları olmaları üçün yaxşı təhsil almalarını tövsiyə etdi.

Dövlətimizin başçısı məktəblə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazdı:

"Heydər Əliyev məktəbinin öyrəncilərinə yaxşı oxumaq arzulayıram. Məktəbin müəllimlərinə uğurlar diləyirəm. Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı!

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

6 noyabr 2008-ci il".

Dövlətimizin başçısı və xanımına xatirə hədiyyələri təqdim olundu.

Məktəblilər Azərbaycan Prezidentini və xanımını böyük hərarətlə yola saldılar.

AzərTAc  

 

 

 

 

Azərbaycan Prezidenti İlham Əliyev dünya şöhrətli alim, həmyerlimiz Lütfi Zadəni qəbul edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da "Bakutel-2008" XIV Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan dünya şöhrətli alim, həmyerlimiz Lütfi Zadəni qəbul etmişdir.

Cənab Lütfi Zadə Bakıya səfərindən və Prezident İlham Əliyevlə görüşündən məmnunluğunu bildirdi. İlk dəfə 1965-ci ildə Bakıda birgünlük səfərdə olduğunu xatırladan alim budəfəki səfərin onda böyük təəssürat yaratdığını söylədi. O, ötən dövr ərzində ölkəmizin xeyli dəyişdiyini, Bakıda böyük abadlıq və quruculuq işləri ilə yanaşı, elmin və mədəniyyətin inkişafının da yüksək səviyyədə olduğunu vurğuladı. Lütfi Zadə əldə olunan bütün bu nailiyyətləri Azərbaycan Prezidenti İlham Əliyevin elmə və mədəniyyətə göstərdiyi qayğı və diqqətin nəticəsi kimi dəyərləndirdi.

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan hazırkı imkanlarından istifadə etməklə elmin, təhsilin və mədəniyyətin müxtəlif sahələrini inkişaf etdirməyi, ən müasir texnologiyaların tətbiqini qarşıya məqsəd qoymuşdur. Prezident İlham Əliyev dedi ki, indi ölkə üçün başlıca prioritet məsələ qeyri-neft sektorunun inkişaf etdirilməsidir.

"Bakutel-2008" XIV Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinin əhəmiyyətindən danışan dövlətimizin başçısı informasiya texnologiyaları sahəsində ölkəmizin dünyanın qabaqcıl şirkətləri ilə sıx əməkdaşlıq etdiyini və Azərbaycanın yaxın gələcəkdə bu sahədə regionun mərkəzinə çevrilməsi üçün yaxşı imkanlarının olduğunu vurğuladı.

AzərTAc