|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Kurrikulum sadəcə tədris proqramı deyil, bütöv bir təhsil prosesidir Ulu öndər Heydər Əliyev
tərəfindən ölkəmizin inkişafının yeni
dövründə dövlətin təhsil siyasətinin əsas
istiqamətləri müəyyən olunmuş və bu
istiqamətlər "Azərbaycan Respublikasının
təhsil sahəsində İslahat Proqramı"nda
təsbit edilmişdir. Proqramın təsdiq
edilməsindən keçən dövr ərzində ölkə
təhsilinin inkişaf etdirilməsi ilə bağlı bir
sıra tədbirlər planı həyata keçirilmişdir. "Azərbaycan Respublikasında ümumi
təhsilin Konsepsiyası" (Milli Kurrikulumu), ibtidai
təhsil pilləsi üçün fənn kurrikulumlarının hazırlanıb
təsdiq olunması və onların əsasında I
siniflər üçün hər bir fənn üzrə təlim
kompleksinin (şagirdlər üçün dərslik və iş
dəftəri, müəllimlər üçün metodik vəsait)
yaradılması və nəhayət, bu il I
siniflərdə dərs deyən müəllimlərin hazırlıq
kurslarından keçməsi, onların elmi-metodik və
psixoloji hazırlığının təmin olunması
istiqamətində görülən səmərəli işlər
məhz bu inkişafın göstəriciləridir. Milli Kurrikulumda şagirdin bir şəxsiyyət
kimi formalaşması üçün lazım olan təlim şəraitinin
yaradılması əsas məsələ qoyulur. Şagirdin
formalaşmasına yönəlmiş təlim proqramının
prinsiplərindən biri təlim prosesinin fərdiləşdirilməsidir.
Təlim prosesinin fərdiləşdirilməsi şagirddə
intellektual, emosional, yaradıcı sferaları harmonik inkişaf
etdirməyə imkan yaradır. Milli Kurrikulumda ibtidai təhsil pilləsi qarşısında
qoyulan əsas məqsədlərdən biri şagirdlərdə
məntiqi və yaradıcı təfəkkür
elementlərini formalaşdırmaq, istedadlı uşaqların
erkən yaşdan üzə çıxarılmasını
və inkişafını təmin etməkdir. Kurrikulum sadəcə tədris proqramı
deyil, o, bütöv bir təhsil prosesidir. Onun əhatə etdiyi
pesurslar çoxdur. Bu resurslardan biri də dərsliklərdir. 2008-2009-cu dərs ilindən ibtidai
siniflərin I siniflərində yeni kurrikulumlar əsasında
hazırlanmış dərsliklər ilə işləməyə
başlamışıq. Bu iş prosesi biz müəllimlərdən
yeni bilik, bacarıq, yeni iş tərzi tələb edir, müəllimlərə
yaradıcı, həssas olmağı tövsiyə edir. Bəs yeni dərsliklər əvvəlki
dərsliklərimizdən nə ilə fərqlənir?
Əvvəlki dərsliklərimizdə mümkün qədər
çox məlumatların yadda saxlanılmasına üstünlük
verilirdi. Mövzuların əksəriyyətində uşaqların
təfəkkür və düşüncə tərzi,
qabiliyyətini inkişaf etdirən məzmun yox idi. Yeni
dərsliklər şagirdlərin müstəqil tədqiqat
aparmasına, düşünməsinə zəmin yaradır. Bu
dərsliklərin məzmunu şagirdləri
fəaliyyətə sövq edir, düşündürücü, yönəldici
tədqiqatçılığa və yaradıcılığa
istiqamətləndirir. Necə deyərlər,
"Hafizə məktəbi" - "Təfəkkür
məktəbi"nə çevrilir. Bu komplektlərə daxil olan iş
dəftərləri istər "Ana dili",
"Riyaziyyat", istərsə də "Həyat
bilgisi" dərsliklərindəki materialları tamamlayır.
İş dəftərlərində həmin materiallara aid
müxtəlif suallar, çalışmalar, sxem və testlər,
tapşırıqlar şagirdlərin praktik
fəaliyyətini təmin edir. çalışma və tapşırıqlarda
olan istiqamətləndirici suallar həm anlayışların
mənimsənilməsinə xidmət göstərməklə
yanaşı, həm də şagirdlərdə məntiqi
təfəkkürün, yaradıcı təfəkkürün yaradılmasına
imkan yaradır, qazandıqları bacarıqları möhkəmləndirir.
İş dəftərlərindəki şəkillər,
sxemlər, cədvəllər məzmunu tam əhatə
edir, nəzəri materiallar təsviri materiallarla, praktik
materiallarla tamamlanır. Müəllim üçün vəsaitlər
istiqamətləndirici rol oynayır. Mövzuların
tədrisi texnologiyasını əhatə edir. Bu
vəsaitlərdə çoxlu yardımçı materiallar, sxem
və cədvəllər, inteqrasiyaya aid tövsiyələr
var. Müəllim üçün metodik vəsaitlərdə həmçinin
fəal təlim metodları ilə təşkil olunmuş
dərs nümunələri də verilmişdir. Fəal təlim müasir tədrisin başlıca
vəzifələrindən biri olan öyrənməyi öyrətmək
prinsipinə yönələrək bilikləri müstəqil
əldə etməyə imkan yaradır. Fəal təlimin
nəticəsində biliklər şagirdlər
tərəfindən daha müstəqil, sərbəst qavranılır
və mənimsənilir. Onlarda məntiqi, tənqidi və
yaradıcı təfəkkür, habelə problemlərin
həlli və qərar qəbul edilməsi, nəzəri
və praktik məsələlərin əlaqəli qavrayışı
üzrə vərdişlər, elmi-tədqiqat vərdişləri
və geniş dünyagörüşü formalaşdırılır,
qarşılıqlı hörmət hissi və əməkdaşlıq
vərdişləri aşılanır. Fəal təlimin üstünlüklərinə
baxmayaraq, müəllim ənənəvi metodların
istifadəsindən tam imtina etməməlidir. Təlimin
məqsədindən, məzmunundan, şagirdlərin hazırlığından
asılı olaraq müəllim öz seçimini etməlidir.
Məsələn, müəllim
bacarıq və vərdişlərin formalaşması
məqsədini qoyursa, o, daha çox reproduktiv (təkrarlama)
metodunu üstün tuta bilər. Əgər təlimin məzmunu
çox mürəkkəbdirsə, çoxlu sayda yeni anlayış
və məlumatları bilməyi tələb edirsə, bu
zaman ənənəvi metod (izahedici) daha çox
səmərə verə bilər. Lakin dünya təcrübəsi göstərir ki,
fəal təlim metodu dərsin keyfiyyətini artırmaqda
güclü vasitədir. Fəal təlim metodunun tədris
prosesinə daxil edilməsi şagirdlərin passivliyinin
aradan qaldırılmasına, lazım olan təfəkkür
xüsusiyyətlərinin, yaradıcılığın
formalaşdırılması və təlim
keyfiyyətinin yüksəldilməsinə şərait
yaradaraq "Azərbaycan Respublikasının təhsil
sahəsində İslahat Proqramı"nda göstərilən
demokratikləşdirmə, humanistləşdirmə,
diferensiallaşdırma, fərdiləşdirmə,
inteqrasiya və humanitarlaşdırma prinsiplərini
həyata keçirməyə imkan verir. 2008-2009-cu tədris ili Azərbaycan
təhsilinin tarixində ölkəmizdəki müsbət
təcrübəni və eləcə də dünyanın inkişaf
etmiş ölkələrindəki mütərəqqi təhsil
təcrübələrini, yanaşmaları özündə
əks etdirən yeni kurrikulumlarla tədrisn başlanması
ili kimi qalacaqdır. Biz inanırıq ki,
nəticələr sevindirici olacaqdır. Nigar HƏSƏNOVA, Mehriban QOCAYEVA, Bakıdakı M.Müşfiq adına 18 nömrəli məktəbin ibtidai sinif müəllimləri |