|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Təhsil Nazirliyinin kollegiya iclasında Noyabrın 7-də Təhsil
Nazirliyində keçirilən kollegiya iclasında
"2007-2008-ci tədris ilində XI siniflərdə buraxılış
imtahanlarının yekunları və cari dərs ilində
qarşıda duran vəzifələr" mövzusunda
məsələ müzakirə olundu. Kollegiya üzvləri
ilə yanaşı, nazirliyin məsul işçilərinin, müvafiq
struktur bölmələri və şöbələrinin,
təhsil müəssisələri, imtahan və bina
rəhbərlərinin iştirak etdiyi tədbiri açan
Azərbaycan Respublikasının təhsil naziri Misir
Mərdanov giriş sözü ilə çıxış etdi. Buraxılış
imtahanlarının mərkəzləşdirilmiş
qaydada aparılmasının əhəmiyyətindən
bəhs edən nazir 1999-2000-ci dərs ilindən
etibarən buraxılış imtahanlarının test
sualları vasitəsilə aparılmasının
irəliyə doğru bir addım olduğunu qeyd etdi.
Şagirdlər test sualları vasitəsilə imtahan
vermək vərdişləri əldə etdilər ki, bu
da məzunların ali məktəblərə qəbul
imtahanlarında testlərlə bacarıqla işləmə
vərdişlərini formalaşdırdı. Lakin bir neçə
il ərzində aparılan təhlillər göstərdi ki,
bəzi mütərəqqi xüsusiyyətləri
olsa da, bu formanın tətbiqi ilə obyektiv
nəticələrin əldə olunması qeyri-mümkündür. Məktəbdaxili qiymətləndirmənin
ən vacib komponenti olan buraxılış imtahanlarının
mərkəzləşdirilmiş formada keçirilməsinin
bir sıra üstünlükləri ilə fərqləndiyini söyləyən
Misir Mərdanov onlardan bəzilərini tədbir iştirakçılarının
diqqətinə çatdırdı. 1.Mərkəzləşdirilmiş imtahan
testləri beynəlxalq qiymətləndirmədə
tətbiq olunan tələblər nəzərə alınmaqla
elmi-metodik və psixoloji cəhətdən daha təkmil
hazırlanır, onların tərtibində müxtəlif çətinlik
dərəcələri və standartlara uyğunluq ciddi
şəkildə gözlənilir. 2.
Mərkəzləşdirilmiş imtahanlarda subyektivlik
halları tam aradan qaldırılır. Belə ki, şagird
öz məktəbində, öz müəlliminə deyil, neytral
mərkəzlərdə imtahan verir, nəticələr müəllim
tərəfindən yox, texniki vasitələrlə yoxlanılır.
Bu isə təhsil orqanlarının, məktəb
rəhbərlərinin, müəllimlərin, şagird və
valideynlərin məsuliyyətini artıran vacib amil kimi
meydana çıxır, şagirdlərin və valideynlərin
təhsilə münasibətinin dəyişməsinə,
cəmiyyətdə məktəbin nüfuzunun yüksəlməsinə
səbəb olur, keyfiyyətin idarə olunmasına
zəmin yaradır. 3.Əvvəlki sistemdə imtahanlar iki
həftə ərzində keçirilirdi. İndi isə bir gündə
3 saat ərzində aparılır və
nəticələr qısa müddətdə elan olunur. Bu,
şagirdlərdə psixoloji gərginliyin aradan qaldırılmasına,
baş verə biləcək neqativ halların qarşısının
alınmasına, qiymətləndirmədə obyektivliyin
təmin olunmasına real zəmin yaradır. 4.Mərkəzləşdirilmiş imtahanların
nəticələrinin təhlili ayrı-ayrı
fənlər üzrə dövlət
standartlarının yeniləşdirilməsinə,
onların daha da təkmilləşdirilməsinə, müasir
tələblərə uyğun səviyyədə formlaşdırılmasına
imkan yaradır. 5.Mərkəzləşdirilmiş
imtahanlarda tətbiq olunan nailiyyətlərin
qiymətləndirilməsi sistemi (düsturun tətbiqi)
tədris prosesində cari qiymətləndirmə formalarının
da təkmilləşdirilməsini, mövcud mexanizmlərin
aradan qaldırılmasını zəruri edir. 6. Buraxılış imtahanlarının
yekununda şagirdin nailiyyətinə verilən yekun
qiymət bilavasitə məktəbin,
müəllimin fəaliyyətinə, valideynin
məsuliyyətinə verilən qiymət kimi qəbul
olunur. Misir Mərdanovun çıxışında
daha sonra ötən dərs ilində keçirilən buraxılış
imtahanlarından bəhs olundu. Nazir qeyd etdi ki, 2007-2008-ci
tədris ilində Bakı, Sumqayıt, Gəncə,
Mingəçevir, Şirvan şəhərləri, İmişli,
Abşeron, Ucar, İsmayıllı rayonlarının, bu bölgələrdə
yerləşən məcburi köçkün
məktəblərinin, eləcə də peşə
liseylərinin 52 minədək XI sinif şagirdi
əhatə olunmaqla nazirlik tərəfindən
mərkəzləşdirilmiş buraxılış
imtahanları keçirilmişdir. Respublikanın digər bölgələrində
buraxılış imtahanları Təhsil Nazirliyində
hazırlanmış materiallar əsasında rayon
təhsil şöbələri tərəfindən
mərkəzləşdirilmiş qaydada təşkil edilmiş,
lakin cavab kartı tətbiq edilməmişdir. Cavab kartı
tətbiq edilməklə keçirilmiş mərkəzləşdirilmiş
buraxılış imtahanlarında iştirak edən 50
minədək şagirdin 46571 nəfəri, yəni 91, 75
faizi attestat almışdır. Cavab kartı tətbiq
edilmədən keçirilmiş imtahanların
nəticələrinin təhlili göstərmişdir ki, ayrı-ayrı
bölgələrdə imtahan verən şagirdlərin 15-25
faizi attestat ala bilməmişdir. Nazir iki formada aparılan imtahanların
nəticələrinin bir-birindən fərqli olmasının
səbəbini mütəşəkkil qaydada keçirilmiş sınaq
yoxlama imtahanlarının şagirdlərin və müəllimlərin
məsuliyyətini artırması, təlim
nəticələrinə müsbət təsir etməsi, eyni
zamanda həmin bölgələrin böyük
əksəriyyətində mərkəzləşdirilmiş
qaydada buraxılış imtahanlarının keçirilməsi
sahəsində qazanılmış təcrübə ilə
izah etdi. Buraxılış imtahanlarının
mərkəzləşdirilmiş qaydada aparılmasına
hər bir təhsil işçisinin böyük
məsuliyyətlə yanaşmasının zəruri olduğunu
vurğulayan Misir Mərdanov təəssüf hissi ilə bunu
heç də hamının yetərincə dərk
etmədiyini dedi. O bildirdi ki, cavab kartı tətbiq
edilməklə keçirilən imtahanların
nəticələrinə əsasən şagirdlərin
yalnız 8 faizinin attestat almamasına baxmayaraq, bir sıra
səriştəsiz və aparılan təhsil
siyasətinə qarşı çıxan məktəb
rəhbərlərinin dırnaqarası səyi
nəticəsində müəyyən problemlər yaradılmış,
əldə edilən uğurlara kölgə salmaq
cəhdləri edilmiş, imtahan prosesində öz işinə
səhlənkar, ya da məqsədli şəkildə
qeyri-ciddi yanaşan bir sıra nəzarətçilər
və bina rəhbərləri tərəfindən ciddi
pozuntulara və saxtakarlıq hallarına yol verilmişdir.
Təhsil naziri bununla bağlı bəzi faktları
tədbir iştirakçılarının diqqətinə çatdırdı.
1.Bakı şəhəri 285 nömrəli
məktəbdə yerləşən imtahan
mərkəzinin 10-cu otağında imtahan verən 104 nömrəli
məktəbin şagirdi Məmmədov İsmayıl
Qərib oğlu imtahandan bir gün sonra nazirliyə gəlmiş
və ona verilən test kitabçasının eynivariantlı
digər kitabçalardan fərqləndiyini bildirmişdir. Araşdırmadan
sonra məlum olmuşdur ki, həmin otaqda nəzarətçi
olan 272 nömrəli məktəbin müəllimi Həqiqət
çələbiyeva və 264 nömrəli məktəbin müəllimi
Maisə Abdullayevanın gözü qarşısında imtahan başladıqdan
sonra otağa bir nəfər kənar şəxs daxil olmuş,
şagirdlər üçün nəzərdə tutulmuş və
hələ paylanmamış testləri götürərək
otaqdan çıxmışdır. 15-20 dəqiqə keçdikdən
sonra test kitabçalarını otağa qaytarmış, şagirdlərə
payladıqdan sonra hələ onların üzərində işləməmələrini
tapşırmışdır. Testlər geri qaytarıldıqdan sonra 104 nömrəli
məktəbin şagirdi İsmayıl Məmmədova test
çatmamış, sonradan ona variantına uyğun olan test
kitabçası təqdim edilmişdir. Nazirlikdə aparılmış
araşdırma göstərmişdir ki, şagirdə buraxılış
imtahanı üçün çap olunmuş test kitabçası deyil,
birinci sınaq yoxlama imtahanı üçün hazırlanmış
test kitabçası verilmiş, nəticədə yaxşı
oxuyan şagird imtahan fənlərindən qeyri-müvəffəq
qiymətlər almışdır. Əlbəttə,
imtahana məsul şəxslərin məsuliyyətsizliyi
üzündən yaranmış bu anlaşılmazlıq
apelyasiya zamanı aradan qaldırılmışdır. Bu
məsələ ilə bağlı 285 nömrəli
məktəbin direktoru Rahib Köçərlinin də bina
rəhbəri kimi ciddi nöqsanları olmuşdur. 2.Buna bənzər digər bir hal Bakı
şəhəri 183 nömrəli məktəbdə baş
vermişdir. İmtahan rəhbəri, nazirliyin
əməkdaşı Yavər Məmmədov imtahan
prosesinə nəzarət edərkən bağlı kimi
təqdim edilmiş otaqda imtahanla əlaqəsi olmayan bir
qrup müəllimin imtahan testləri üzərində işlədiyinin
şahidi olmuşdur. İmtahan rəhbərinin operativ müdaxiləsindən
sonra müəllimlər dərhal binadan kənarlaşdırılmışdır.
Bu məsələ ilə bağlı bina rəhbəri,
183 nömrəli məktəbin direktoru Büllurə Ələkbərova
ciddi cəzalandırılmalıdır. 3.Təəssüflə qeyd etmək lazımdır
ki, vəzifəsindən və
səlahiyyətlərindən sui-istifadə edənlər
sırasında imtahan rəhbərləri də olmuşdur.
Bakı şəhəri 202 nömrəli məktəbdə
yerləşən mərkəzə imtahan rəhbəri
təyin edilmiş Bakı Pedaqoji Kadrların İxtisasartırma
və Yenidənhazırlanma İnstitutunun əməkdaşı
Aidə Səfərova cavabların hazırlanıb şagirdlərə
ötürülməsi məqsədilə imtahanın başlanmasına
bir saat qalmış, yəni saat 9.00-da hər variantdan olan
test kitabçalarının xüsusi adamlar və nəqliyyat
vasitəsi cəlb etməklə binadan çıxarılmasını
təşkil etmişdir. Lakin nazirliyin Monitorinq və
qiymətləndirmə şöbəsinin əməkdaşlarının
vaxtında müdaxiləsi sayəsində test kitabçaları
geri qaytarılmış və imtahan rəhbəri
dəyişdirilmişdir. Aidə Səfərova isə işdən
azad edilmişdir. Narahatlıq doğuran haldır ki, bina
rəhbəri, 202 nömrəli məktəbin direktoru Qasım
Qasımov bu prosesdə seyrçi mövqe tutmuşdur. 4.Bununla yanaşı, imtahan prosesinə
xələl gətirən nöqsanlara yol vermiş
məktəb rəhbərləri də olmuşdur. Bakı
şəhəri 8, 28, 36, 62, 73, 101, 146, 165, 304, 257 nömrəli,
Mingəçevir şəhər 4, 11, 12 nömrəli,
Gəncə şəhər 2, 6 nömrəli
məktəblərin direktorları imtahanlara dair
məlumatları həm şagirdlərə, həm də
Təhsil Nazirliyinə dəqiq çatdırmamışlar. 5. İmtahan rəhbərlərinin hesabatlarından
aydın olmuşdur ki, bəzi nəzarətçilər
imtahan prosesində təlimati tələblərə
riayət etməmişlər. Belə ki, Bakı şəhəri
39 nömrəli məktəbin müəllimi Qumru Orucova, 201 nömrəli
məktəbin müəllimləri Şəkər
Məmmədova, Rəhilə Məmmədova, 248 nömrəli
məktəbin müəllimi Vasil İsmayılov, 61 nömrəli
məktəbin müəllimi Səfurə İsakova, 25 nömrəli
məktəbin müəllimləri Sevinc Əkbərova, Aynur
Məmmədova, Fidan Bərxudarova, 216 nömrəli
məktəbin müəllimi Gülgəz Tanrıverdiyeva, 282 nömrəli
məktəbin müəllimi (hazırda 318 nömrəli
məktəbdə işləyir) Milyana Nağıyeva, 241
nömrəli məktəbin müəllimi Səidə
Cəfərova, 177 nömrəli məktəbin müəllimləri
Gülnarə Əsgərova və Bilqeyis Mustafayeva, 275 nömrəli
məktəbin müəllimi Ayişə Məmmədova, 205
nömrəli məktəbin müəllimi ülkər Kərimova,
151 nömrəli məktəbin müəllimləri Hicran Sadıqova,
Flora Süleymanova, 217 nömrəli məktəbin müəllimi Vüsalə
Mustafayeva imtahan prosesində nöqsanlara yol vermişlər.
Belə hallar digər rayon məktəblərində
də müşahidə olunmuşdur. Şirvan şəhər
10 nömrəli məktəbdə 40 nəzarətçidən
24-nün fəaliyyəti qeyri-qənaətbəxş olmuşdur. Buraxılış imtahanlarının gedişində
ciddi nöqsanlara yol vermiş, vəzifə funksiyalarını
yerinə yetirməmiş bina rəhbərləri və
nəzarətçilər, eləcə də məktəb
direktorları barədə ciddi intizam tənbehi görülməsinin
vacib olduğunu bildirən təhsil naziri Monitorinq və
qiymətləndirmə şöbəsinə bu barədə
tezliklə təkliflərini təqdim etmələri haqqında
göstəriş verdi. Bununla yanaşı, əksər imtahan
və bina rəhbərlərinin, nəzarətçilərin
işlərinə məsuliyyətlə yanaşması,
vəzifələrinin öhdəsindən layiqincə
gəlmələri qeyd olundu. Belə ki, Bakı şəhəri
Beynəlxalq Təhsil Kompleksinin, 220, 276, 88, 115, 211
nömrəli məktəblərin
direktorları Sara Xanlarova, Almaz Əsgərova, Bəhram
Şiriyev, Həcər Rəhimova, Tanrıverdi Orucov, Vaqif
Babayev, Sumqayıt şəhər 11, Gəncə şəhəri
17 və 28, Abşeron rayonu 9, İsmayıllı rayonu 3,
Ucar rayonu 5, Şirvan şəhər 11 nömrəli
məktəblərin direktorları bina rəhbəri kimi
öz vəzifələrini yüksək səviyyədə
yerinə yetirmişlər. Bakı şəhəri 129 nömrəli
məktəbin direktoru Əlibala Paşayev, Bakı şəhəri
32, 47, 52, 57, 70, Mingəçevir şəhər 14 nömrəli
məktəblərin müəllimləri İndira
Kərimova, Xalidə Aslanova, Aydan Məmmədova,
Sahibə Musayeva, Mehriban Əliyeva və Mirvarı Yusifova
nəzarətçi kimi öz vəzifə funksiyalarına daha
məsuliyyətlə yanaşmışlar. Təhsil naziri
adları çəkilən bina rəhbərləri və
nəzarətçilərə kollegiyanın qərarı
ilə təşəkkür elan olunmasını təklif
etdi. çıxışının sonunda ölkə
rəhbərliyinin razılığı ilə cari
dərs ilindən respublikanın bütün
məktəblərinin XI siniflərində
mərkəzləşdirilmiş imtahanların keçiriləcəyini
və təxminən 120 min şagirdi əhatə
edəcək imtahanlara hazırlıq məqsədilə
mart-aprel ayları ərzində müəyyənləşdirilmiş
vaxtlarda bölgələr üzrə bir dəfə sınaq
yoxlama imtahanları aparılacağını deyən
Misir Mərdanov bütün təhsil işçilərinin, şagird
və valideynlərin bu işə böyük
məsuliyyətlə yanaşmasını tövsiyə etdi.
Təhsil nazirinin giriş sözündən sonra Monitorinq və
qiymətləndirmə şöbəsinin müdir əvəzi
Təranə Hacıyeva müzakirə olunan məsələ
ilə bağlı "2007-2008-ci tədris ilində XI
siniflərdə buraxılış imtahanlarının
yekunları və cari dərs ilində qarşıda duran
vəzifələr" mövzusunda
məruzə-təqdimatla çıxış etdi. Ekranda slaydların nümayişi
vasitəsilə təqdim olunan məruzədə ötən
tədris ilində keçirilmiş buraxılış
imtahanlarının nəticələri müxtəlif
parametrlərdən təhlil olundu, II və III yoxlama
imtahanları ilə müqayisələr aparıldı, ayrı-ayrı
məsələlərlə bağlı reytinq
cədvəlləri nümayiş etdirildi, eləcə də
cari dərs ilində buraxılış imtahanlarının
yüksək səviyyədə təşkili və keçirilməsi
istiqamətində qarşıda duran vəzifələr
diqqətə çatdırıldı. Təranə Hacıyeva qeyd etdi ki,
6.VI.2008-ci il tarixində mərkəzləşdirilmiş
qaydada 133 mərkəzdə keçirilən buraxılış
imtahanlarına 50761 şagird cəlb edilmişdir. Həmçinin
ötən tədris ilində müəyyən
fənlərdən biliyi qeyri-kafi
qiymətləndirilərək attestat almayan 1400-ə yaxın
şagird imtahanlara cəlb edilmiş, bu şagirdlər
2007-2008-ci dərs ilinin məzunları ilə bir yerdə
deyil, onlar üçün yaradılmış 4 mərkəzdə
imtahan vermişlər. Şöbədə iki istiqamətdə
proqram təminatı hazırlanmış, ikinci il imtahanda
iştirak edən şagirdlərin cavab kartlarını
oxumaq və qiymətləndirmək üçün fərqli proqram
təminatından istifadə edilmişdir. Sonra tədbir iştirakçılarına II,
III yoxlama və buraxılış imtahanlarının göstəricilərini
əks etdirən rayonlar üzrə reytinq cədvəli
təqdim olundu. Cədvəldə göstərildiyinə görə,
Bakı şəhərinin rayonları arasında
ən yaxşı nəticə Nəsimi rayonuna aiddir:
95,03 faiz. Əzizbəyov rayonu isə 67,09 faizlə ən
aşağı pillədə yer tutub. Nazirlik
tabeliyindəki təhsil müəssisələrinin müvəffəqiyyət
göstəricisi ümumilikdə 91,61 faiz kimi qeydə alınıb. Reytinq cədvəlindən aydın oldu ki,
Bakı şəhərinin 11 rayonu müəyyən
faizlə bir-birindən fərqlənsə də, burada bir
qanunauyğunluq gözlənilir. Yəni yoxlama imtahanları
ilə buraxılış imtahanının
nəticələri arasında bir neçə pillə
fərq nəzərə çarpır. Suraxanı rayonu
isə istisna təşkil edir. II yoxlamada bu rayon 51 faiz, III
yoxlamada 38 faiz nəticə ilə yalnız Qaradağ,
Sabunçu və Əzizbəyov rayonlarından yüksək
pillələrdə yer alıb. Buraxılış imtahanında
isə 85 faizlə əvvəllər yüksək
pillələrdə olan Yasamal rayonunu da
ötüb. Rayonların göstəriciləri dəyişən
xətt üzrə getsə də, bu qanunauyğunluq müəyyən
mənada gözlənilmir. Sonra 2007-2008-ci tədris ilində
mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış
imtahanlarının nəticələrinə görə
attestat alan şagirdlər haqqında məlumatın
əks olunduğu slayd nümayiş etdirildi. Buraxılış
imtahanlarının nəticələri ilə buradakı
faiz fərqini şərh edən T.Hacıyeva qeyd etdi ki, müxtəlif
parametrlərdən ibarət düstur tətbiq olunduqdan sonra
qeyri-müvəffəq qiymət almış 8 min şagirddən
4 mini attestat almaq hüququ qazandı. Təkrar imtahanda isə
yalnız mindən çox şagird attestat ala bildi. Şans
verilsə də, biliyi zəif olanların öz arzusuna çatmaması
isə təbii sonluqdur. Bu fikrin sübutu kimi növbəti 2
slayd - Bakının Nizami rayonu və İmişli rayonunda
2007-2008-ci dərs ilində mərkəzləşdirilmiş
qaydada keçirilən test imtahanından "2" qiymət
almış şagirdlər haqqında məlumat
diqqətə çatdırıldı. Attestat almayan şagirdlərin
V sinifdən təhsili başa vuranadək aldığı
qiymətlərin reytinq cədvəlindən aydın oldu
ki, onlar əksər hallarda "3", aşağı
siniflərdə isə bəzən "4"
qiymətlə oxumuşlar. Bu qanunauyğunluq olimpiada qaliblərinin II və III yoxlama imtahanında göstərdikləri
nəticələrin verildiyi cədvəldə də bir
daha öz təsdiqini tapdı. Biologiya fənni üzrə
olimpiada qalibi olan T.İsmayılov adına "İntellekt"
məktəb-liseyin şagirdi Müjgan Onk Ahu II yoxlama imtahanında
bütün fənlərdən "5" almışdır.
Riyaziyyat üzrə olimpiadanın qalibi, Fizika-riyaziyyat və
informatika təmayüllü liseyin şagirdi Araz Yaqubov II yoxlama
imtahanında biologiyadan "4", qalan
fənlərdən "5" almışdır. Ana dili
fənni üzrə olimpiada qalibi olan Binəqədi rayonundakı
83 nömrəli məktəb-liseyin şagirdi Fidan Qasımlı
II yoxlamada bütün fənlərdən "5", yalnız
kimyadan "3" qiymət almışdır. Kimya
fənni üzrə olimpiadanın qalibi, 160 nömrəli klassik
gimnaziyanın şagirdi Sadiq Ağazadə isə II
yoxlamada kimyadan "5", ana dilindən "3" almışdır.
Bunun üzərində xüsusi dayanan məruzəçi qeyd etdi
ki, dəqiq elmlərə meyili olan şagirdlər
bəzən qrammatikada çətinlik çəkirlər. ümummilli lider Heydər Əliyevin 85 illik
yubileyinə həsr olunmuş inşa müsabiqəsinin
qalibləri haqqında məlumatın əks olunduğu
cədvəldə də eyni vəziyyət müşahidə
olundu. Müqayisələr vasitəsilə fikrini əsaslandıran
T.Hacıyeva bunun imtahanda alınan qiymətlərin şagirdlərin
nailiyyətlərini düzgün əks etdirdiyinin sübutu olduğunu
vurğuladı. Daha sonra təqdimatda fənlər üzrə
statistik hesablamalar diqqətə çatdırıldı.
Fənlər üzrə reytinq cədvəlindən göründüyü
kimi, ən yaxşı nəticələr ana dili və
Azərbaycan tarixi fənlərinə aiddir. Reytinq
cədvəlinə əsasən, ən aşağı
nəticə fizika fənni üzrə qeydə alınıb.
Onbirincilərin 6,3 faizi bu fəndən "2"
qiymət alıb. Azərbaycan tarixi fənni üzrə
isə bu göstərici cəmi 2 faizdir. Bu faktın obyektiv səbəblərini izah
elən Təranə Hacıyeva qeyd etdi ki, şagirdlər
xronoloji ardıcıllığa, hafizəyə
əsaslanan suallara asanlıqla cavab verirlər.
Azərbaycan tarixi fənni üzrə göstəricinin yüksək
olması da bununla bağlıdır. Lakin elə həmin
fəndən düşündürücü, tətbiqi suallara cavab
verməyə isə çətinlik çəkirlər. Bu vəziyyət fizikaya aid növbəti
slaydda da müşahidə olundu. "Elektrik cərəyanının
işi hansı cihazla ölçülür" sualının cavabını
hər bir evdar qadın bilsə də, buna şagirdlərin
41, 38 faizi səhv cavab verib. Səbəbi sualın
tətbiqi olmasıdır. Bundan daha çətin olan "Cismin kütləsi
ilə onun sürəti hasilinə bərabər olan vektarial
kəmiyyətə nə deyilir" sualına şagirdlərin
74,07 faizi düz cavab verib. Səbəb dərslikdə qırmızı
hərflərlə verilmiş bu nəzəri tərifi müəllimin
kütləvi şəkildə əksər şagirdlərdən
soruşması və bunun nəticəsində mexaniki
olaraq əzbərlənməsidir. Bəs şagirdlərin tətbiqi suallara
cavab verməkdə çətinlik çəkməsinin
səbəbi nədir? İşçi-ekspert qrupunun apardığı
araşdırmalardan sonra məlum olub ki,
məktəbdə fizika fənni üzrə X-XI
siniflərdə həftədə bir saat dərs keçilir
və orada laborator-praktik məşğələlərə
yer ayrılmır. Ona görə də şagirdlər praktik
suallara cavab verməkdə çətinlik çəkirlər.
Belə hal digər təbiət elmlərinə də
aiddir. Deməli, tədris planlarına yenidən baxılmalıdır. Kollegiya iştirakçılarının
diqqətinə çatdırılan bu faktları təhlil
edən məruzəçi vurğuladı ki, buraxılış
imtahanlarının aparılmasında məqsəd çoxlarının
yanlış düşündüyü kimi, şagirdlərə
attestatın verilib-verilməməsi deyil, bu işin
həyata keçirilməsi təhsildəki problemlər haqqında
düzgün məlumat əldə etməklə onların aradan
qaldırılması yollarını müəyyən
etmək üçün zəruridir. Bu baxımdan hazırda təhsildə aparılan
islahatların çox düzgün və vaxtında baş verən
bir proses olduğunu deyən Təranə Hacıyeva qeyd
etdi ki, bunlardan biri olan Milli Kurrikulum çərçivə
sənədinin əsas ideyası məhz hafizəyə
əsaslanan təhsilalmadan məntiqi təfəkkürə
əsaslanan təhsilalmaya keçilməsidir. Monitorinq və qiymətləndirmə şöbəsinin
bu istiqamətdə nə kimi tədbirlər həyata keçirməsi
haqqında kollegiya iştirakçılarına ətraflı
məlumat verən məruzəçi bildirdi ki, beynəlxalq
qiymətləndirmə sahəsində də müəyyən
işlər görülür. Daha sonra məruzə - təqdimatda 2006-cı
ildə keçirilmiş beynəlxalq
qiymətləndirmədə iştirak etmiş şagirdlərin
buraxılış imtahanlarında göstərdikləri
nəticələrə aid cədvəl nümayiş
etdirildi və 2 təhsil müəssisəsi - Beynəlxalq
Təhsil Kompleksi və
Xarici dillər təmayüllü gimnaziyanın nümunəsində
bu nəticələr təhlil olundu. Kollegiya iştirakçılarının
diqqətinə çatdırıldı ki, beynəlxalq
qiymətləndirmədə təbiət elmləri adlı
bloka daxil olan 4 fənn -
fizika, coğrafiya, kimya və biologiya üzrə suallara cavab
vermiş şagirdlərin heç biri buraxılış
imtahanında qeyri-müvəffəq qiymət almayıb. Xüsusən
fizika fənni üzrə nəticələr daha yüksəkdir.
Cədvələ əsasən müvafiq təhlillər
aparan T.Hacıyeva şagirdlərin həm humanitar, həm
də təbiət fənləri üzrə göstəricilərinin
eyni səviyyədə olduğunu bildirdi. Deməli,
beynəlxalq qiymətləndirmə tətbiqi və düşündürücü
sualların cavablandırılmasında
əhəmiyyətli rol oynayır. 15 yaşlı şagird
fikirləşir ki, IX, X, XI siniflərdə hansı
suallara cavab verməli olacaq. Başqa
sözlə, belə sualların mövcud olması haqqında
məlumatlı olur. Daha sonra Təhsil Nazirliyinə tabe olan
məktəblərin qəbul imtahanlarında göstərdikləri
nəticələrə aid slayd nümayiş etdirildi. Reytinq
cədvəlindən aydın oldu ki, Bakı Avropa Liseyi
və T.İsmayılov adına "İntellekt"
məktəb-lisey 100 faiz nəticə göstərmişdir.
Ən aşağı göstərici isə Makarenko adına
respublika humanitar fənlər təmayüllü gimnaziyaya aiddir. Monitorinq və qiymətləndirmə şöbəsinin
müdir əvəzi Təranə Hacıyeva növbəti
slaydda buraxılış imtahanlarının yüksək
səviyyədə təşkili
və aparılması ilə bağlı qarşıda
duran vəzifələri kollegiya iştirakçılarının
diqqətinə çatdırdı. 1.Mart-aprel aylarında sınaq
məqsədilə yoxlama imtahanlarının keçirilməsi. 2.Mərkəzləşdirilmiş qaydada bu
il birinci dəfə imtahan verəcək bölgələrdəki
məktəblərlə, şagirdlərlə,
valideynlərlə mütəmadi təlimati iclasların aparılması. 3. Ayrı-ayrı fənlər üzrə
yaradılmış işçi ekspert qruplarının genişləndirilməsi. 4.Test bankının genişləndirilməsi,
təkmilləşdirilərək respublikanın bütün
orta məktəblərinə çatdırılması. 5.İmtahan suallarının sayının
mövcud tədris planına uyğunlaşdırılması. 6.Qiymətləndirmə vasitələrinin
çoxvariantlılığının təmin edilməsi. 7.İmtahanda iştirak edəcək
nəzarətçi müəllimlərin siyahısının
yaradılması. 8. Respublikanın bütün ümumtəhsil
məktəblərində oxuyan XI sinif şagirdlərinin
məlumatlar bazasının yerlərə göndərilərək
dəqiqləşdirilməsi. 9. İmtahan mərkəzlərinin müəyyənləşdirilməsi. 10. Növbəti tədris illərində
dərsliklərin hazırlanmasında beynəlxalq
qiymətləndirmənin testlərindən istifadə
edilməsini təmin etmək. Sonra məruzə-təqdimat ətrafında
çıxışlar başlandı. çıxışlarda müzakirə
olunan məsələ ilə bağlı müxtəlif
fikirlər səsləndi, iradlar diqqətə çatdırıldı
və qarşıya çıxan problemlərin aradan qaldırılması
məqsədilə təkliflər verildi. Təhsil naziri Misir Mərdanov kollegiya iclasında
deyilənlərin bölgələrə çatdırılmasının,
problemlərlə bağlı səslənən iradların,
əhəmiyyətli təkliflərin nəzərə alınmasının
zəruriliyini vurğuladı və bununla bağlı
səriştəli adamlardan ibarət işçi qrupu yaradılmasının
vacib olduğunu bildirdi. Bununla da kollegiya öz işini başa
çatdırdı. Kollegiya iclasında Nazirlər Kabineti şöbə
müdirinin müavini Qurban Əmirov iştirak edirdi. Hicran ƏKBƏROVA
İki
ölkənin ali təhsil sahəsindəki əməkdaşlığı
daha da inkişaf edəcək
Noyabrın
13-də təhsil naziri Misir Mərdanov ölkəmizdə
səfərdə olan Türkiyə Respublikasının
ali təhsil naziri, professor, doktor Yusuf Ziya özcanın başçılıq
etdiyi nümayəndə heyəti ilə görüşüb. Məlumat
üçün bildirək ki, ölkəmiz müstəqillik əldə
etdikdən sonra Türkiyə Respublikasının ali
təhsil nazirinin Azərbaycana bu, ilk rəsmi
səfəridir. Yüksək öyrətim Kurulu (Ali Təhsil
Nazirliyi) Türkiyədə ali təhsilə cavabdeh olan
və ali məktəblərin işini koordinasiya edən
bir dövlət qurumudur. Qurum Türkiyə Respublikası
Prezidenti tərəfindən təsdiq edilən başqan
(sədr), onun müavini və bir neçə daimi üzvdən
ibarətdir. Qurumun iclaslarında ali məktəb rektorlarının
iştirakı ilə ali təhsilin mühüm
məsələlərinə aid müzakirələr aparılır.
YöK (Yüksək öyrətim Kurulu-Ali Təhsil Şurası)
dövlət xətti ilə türkiyəli
tələbələrin xarici ölkələrdə,
digər ölkə vətəndaşlarının isə Türkiyə
Respublikasında təhsil almalarını, eləcə
də öyrənci Seçmə Yerləşdirmə
Mərkəzi (öYSM) ilə birgə Türkiyənin ali
məktəblərinə mərkəzləşdirilmiş
qəbul imtahanlarının keçirilməsini koordinasiya edir.
Eyni zamanda adıçəkilən qurum xarici ölkələrdə
alınan ali təhsil haqqında sənədlərin ölkə
daxilində tanınmasını həyata keçirir. Görüşdən əvvəl qonaqlar
Fəxri xiyabana gələrək ümummilli lider Heydər
Əliyevin xatirəsini ehtiramla yad etdilər, məzarı
önünə əklil qoydular. Nümayəndə heyəti görkəmli
oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın
da məzarını ziyarət etdi. Qonaqlar Şəhidlər
xiyabanına gedərək Azərbaycanın müstəqilliyi
və ərazi bütövlüyü uğrunda şəhid olanların
xatirəsini andılar, məzarları üzərinə
qərənfillər düzdülər, daha sonra türk şəhidlərinin
əziz xatirəsinə ucaldılmış
abidənin qarşısına gələrək üzərinə
əklil qoydular. Təhsil Nazirliyində keçirilən görüşü
nazir Misir Mərdanov açaraq Türkiyənin ali təhsil naziri,
professor, doktor Yusuf Ziya özcanı və onun rəhbərlik
etdiyi nümayəndə heyətini Azərbaycanda görməkdən
məmnunluq hissi duyduğunu söylədi. Nazir qonaqlara iki ölkə
arasında mövcud əlaqələrin genişləndirilməsi
istiqamətində görülən işlər haqqında
ətraflı məlumat verdi. ölkələrimizin təhsil
sahəsindəki əməkdaşlığını yüksək
qiymətləndirən təhsil naziri əldə olunan
nailiyyətlərdən danışdı. Nazir onu da xüsusi
vurğuladı ki, hər iki ölkənin dövlət başçılarının
mehriban münasibətləri, dostluğu xalqlarımızı
bir-birinə doğmalaşdırıb və bu, artıq
qardaşlığa çevrilib. Türkiyənin Azərbaycanı
hər zaman dəstəklədiyini deyən nazir Misir
Mərdanov bunu yüksək dəyərləndirdi. Onu da qeyd
etdi ki, Azərbaycanla Türkiyənin təhsil
əlaqələri müsbət istiqamətdə inkişaf
edir. Xarici ölkələrin nüfuzlu ali
məktəblərinə təhsil almağa gedən
tələbələrimizin sayı gündən-günə
artmaqdadır. Digər xarici ölkələrin
universitetləri ilə müqayisədə Türkiyədə
ali təhsil alan tələbələrimizin sayı daha çoxdur.
Respublikamızın müxtəlif ali
məktəblərində təhsil alan türkiyəli
tələbələrin də sayı ilbəil artmaqdadır.
Nazir ölkə başçısı cənab
İlham Əliyev tərəfindən təhsilə göstərilən
diqqət və qayğıdan danışaraq, son illər
respublikamızın təhsil sahəsində əldə
etdiyi uğurlara ətraflı toxundu. Bu gün kifayət
qədər gəncimizin dünyanın inkişaf etmiş ölkələrinin
ən nüfuzlu universitetlərində təhsil aldığını
və ya təhsilini davam etdirdiyini qeyd edən
nazir dövlət başçısı cənab İlham
Əliyev tərəfindən təsdiq olunmuş
"2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı" haqqında da
qonaqlara məlumat verdi. Həmin proqramın bir çox istedadlı,
yüksək biliyə malik olan gənclərimizin xaricdə
təhsil almalarına geniş imkan və şərait
yaratdığını bildirdi. Təhsil naziri ölkəmizdə "çağ"
öyrətim İşlətmələri Şirkətinin
Azərbaycan Türk özəl liseylərinin, Qafqaz Universitetinin
uğurlu fəaliyyətindən söz açaraq onların nümunəvi
təhsil ocaqları kimi tanındığını söylədi.
Bu təhsil ocaqlarının Azərbaycanla Türkiyə arasında
körpü olduğunu dedi. Hər iki ölkənin müvafiq nazirlikləri,
həmçinin Yüksək öyrətim Kurulu (Ali Təhsil
Nazirliyi) arasında səmimi dostluq münasibətlərinin mövcudluğunu
qeyd edən nazir Misir Mərdanov bunun
gələcəkdə də davam etdirilməsinin
zəruriliyini vurğuladı. Sonra təhsil naziri ölkələrimiz
arasında ali təhsil sahəsində olan
əməkdaşlığın inkişafına dair bir sıra
məsələləri Türkiyənin ali təhsil naziri Yusuf Ziya özcanın
diqqətinə çatdırdı. Türkiyədə təhsil
alan tələbələrimizin digər ixtisaslarla yanaşı,
universitetlərdə tibb
ixtisası üzrə təhsil almağa maraq göstərdiyini
deyən təhsil naziri bu gün onların yüksək ixtisaslı
həkim kimi Vətənə dönərək, klinikalarımızda
uğurla fəaliyyət göstərmələrini yüksək
qiymətləndirdi. Nazir ali təhsil sahəsində mövcud
olan bir sıra problemlərə də toxunaraq onun həlli
yolları barədə də müəyyən
təkliflərlə çıxış etdi. Türkiyənin ali təhsil naziri, professor,
doktor Yusuf Ziya özcan belə səmimi
qarşılanmaya və qonaqpərvərliyə görə
özünün və rəhbərlik etdiyi nümayəndə
heyətinin adından təhsil naziri Misir Mərdanova
təşəkkürünü bildirdi. Azərbaycanın inkişafının
göz qabağında olduğunu deyən qonaq bundan qürur
duyduğunu söylədi. ölkələrimizin mehriban dostluq
və qardaşlıq əlaqələrindən söz açan
Yusuf Ziya özcan ali təhsil sahəsində əməkdaşlığın
genişləndirilməsinin vacibliyini vurğuladı. Qonaq
görüşdə müzakirə olunan məsələlərin,
bir sıra problemlərin uğurla həll olunacağına
və bu birgə fəaliyyətin hər iki ölkənin
təhsilinin inkişafına öz müsbət töhfəsini
verəcəyinə ümidvar olduğunu söylədi. Qarşılıqlı anlaşma şəraitində
keçən görüşdə həmçinin universitetlərarası
əlaqələr, birgə elmi işlərin aparılması,
beynəlxalq konfrans və seminarların keçirilməsi,
tələbə mübadiləsinin daha da artırılması
və ali təhsillə bağlı digər
məsələlər ətrafında da fikir mübadiləsi
aparıldı. Sonda təhsil naziri Misir Mərdanov və Türkiyənin
ali təhsil naziri Yusuf Ziya özcan görüşdə iştirak
edən KİV nümayəndələrinin çoxsaylı suallarını
cavablandırdılar. Samirə KƏRİMOVA, foto Fazil İDRİSOĞLUNUNDUR
|