|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Ali məktəblərdə müəllim və tələbələr Boloniya prosesi ilə bağlı nə bilirlər? Azərbaycan Boloniya prosesinə 2005-ci
ilin mayında qoşulub. Hazırda 26 ali
məktəbdə (21-i dövlət, 5-i özəl) ayrı-ayrı
ixtisaslar üzrə kredit sistemi tətbiq olunur. Bununla bağlı
normativ-hüquqi sənədlər qəbul olunub. 2010-cu
ilədək ölkənin bütün ali təhsil müəssisələrində
bu sistemin bütövlükdə tətbiqi nəzərdə
tutulur. Bəs ali məktəblərimizdə dərs
deyən müəllimlər, təhsil alan
tələbələr Boloniya prosesi haqqında nə
bilirlər? Kredit sisteminin mahiyyətini necə başa düşürlər?
Bu məsələlərə aydınlıq
gətirmək məqsədi ilə redaksiyamızın
əməkdaşları paytaxtda fəaliyyət göstərən
iki ali təhsil müəssisəsinə reyd keçirmiş, müəllim
və tələbələrlə söhbət aparmışlar.
Reydlərin nəticələri ilə oxucuları da tanış
edirik. Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi tədris etdiyi fəndən tələbənin neçə kredit almalı olduğunu bilmədi Reydə
Azərbaycan Dövlət İqtisad Universitetindən başladıq.
Bu ali məktəbin əsas korpusunun qapısı önündə
yarım saat "viza" gözlədikdən sonra
nəhayət, binaya daxil olmağımıza izn verildi.
İlk müsahiblərimiz bu korpusda yerləşən
Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin dekanı,
müəllim və tələbələri oldular. Təbii ki, suallarımızı öncə
dekan Müzəffər Məmmədova ünvanladıq. İqtisad
Universitetinin 5 il öncə Boloniya prosesinə qoşulduğunu,
fakültələrinin isə bu ildən kredit sisteminə keçdiyini
deyən Müzəffər müəllim həmin prosesin və
sistemin mahiyyəti, nə kimi üstünlüklərinin olması
barədə suallaramızı kifayət qədər doğru-dürüst
cavablandırdı və bu barədə müəllimlərlə,
tələbələrlə də geniş
maarifləndirmə işləri apardıqlarını,
onların demək olar ki, hamısının, yenilik
barədə lazımi qədər bilgisi olduğunu vurğuladı.
Bu "bilgi" elə növbəti müsahibimizin cavabında
özünü göstərdi. Riyaziyyat kafedrasının müdiri,
professor Nazim Musayev "Boloniya prosesi nədir" sualımızı
belə cavablandırdı: - Boloniya prosesi, mən biləni, səhv
etmirəmsə, İtaliyanın Boloniya şəhərində
yaranmış bir qurumdur. Ona girmək istəyən
universitetlərin bəzilərini qəbul edirlər,
bəzilərini yox. - Prosesin mahiyyəti nədir? Nəyə görə
yaranıb Boloniya prosesi? - Nəyə görə yaranıb, onu mən
deyə bilmərəm. Riyaziyyatçı professorun yaddaşını
yoxlamaq üçün sadə bir sual da verdik: - ölkəmiz Boloniya prosesinə nə vaxt qoşulub? Aldığımız cavab gözlənilməz
oldu: - Onu nazirliyin işçisisiniz, siz
bilməlisiniz. Professor yüngül kinayəsi ilə
xətrimizə dəysə də, sual-cavabımızı
davam etdirdik: - Universitetiniz bu prosesə nə vaxt qoşulub? - Əli müəllimin (keçmiş rektor, indiki
rabitə və informasiya texnologiyaları naziri Əli
Abbasovu nəzərdə tuturdu) vaxtından. (Dekana müraciətlə)1997-ci
ildən deyil? - Kredit sisteminin mahiyyəti nədir? - Bizim kafedrada kredit sisteminə birinci bir neçə
qrup keçdi. Keçən ildən bəri də 3 qrup keçib. Bunları dedikdən sonra kredit sisteminin
mahiyyətinin "izahı"na keçən professor 100 ballıq
qiymətləndirmə sistemindən, tələbənin
biliyini bu sistemlə necə
qiymətləndirdiklərindən, imtahan biletlərini
necə tərtib etmələrindən danışdı. Suallarımızla yaşlı professoru çox
yormamaq üçün bu dəfə özümüzə müsahib kimi bir
qədər cavan müəllim seçdik. Lakin yeni müsahibimiz - İqtisadi
nəzəriyyə kafedrasının dosenti çingiz Rüstəmov
azərbaycanca danışmağa çətinlik çəkdiyindən,
suallarımıza rusca cavab verdi. O, Boloniya prosesinin nə
olması barədəki sualımıza verdiyi cavabla
prosesin mahiyyəti barədə kifayət qədər
təsəvvürü və məlumatı olduğunu göstərsə
də, "Kredit sistemi nədir" sualına cavabı
belə oldu: - Biz hələ aydınlaşdırmamışıq
ki, kredit sistemi nədir? Kredit sistemi hələ tam formalaşmayıb.
Kredit sisteminin mahiyyəti budur ki, tələbə hansısa
dərsləri borc götürür. İlin axırında o borcu
qaytarır. Əgər verə bilməsə, o yük üstündə
qalır. Gərək gələn semestrdə o dərsi keçsin,
krediti ödəsin. Beynəlxalq iqtisadi münasibətlər fakültəsində
tələblərlə də həmsöhbət olduq. I kurs tələbəsi Əlizamin
Mirzəyevlə aramızda belə bir dialoq oldu: - Boloniya prosesi nədir? Sən onu necə
başa düşürsən? - Boloniya prosesi əsasən
tələbələrin Azərbaycandan kənara çıxmasıdır. İqtisad Universitetinin əsas korpusunda
sonuncu tələbə-müsahibimiz Aysel Alıyeva oldu. Kredit sözünün mənasını Aysel
tələbələrin fənni borca götürməsi və
onu qaytarması şəklində başa düşdüyünü söylədi. - "Bir ildə nə qədər kredit yığmalısan
ki, kursu başa vura biləsən", sualımıza
Aysel "15" cavabı verməklə bu sahədə
məlumatının olmadığını nümayiş
etdirdi. Sorğularımızı universitetin
digər tədris binasında yerləşən Biznesin
təşkili və idarə edilməsi fakültəsində
davam etdirdik. Burada da fakültənin dekanı Xankişi Xankişiyev
əvvəlcə özü danışdı və insafən
də pis danışmadı. O, Boloniya prosesinin
məqsədləri, kredit sisteminin mahiyyəti, şərtləri,
fakültələrində onun tətbiqi istiqamətində görülmüş
işlər haqqında ətraflı məlumat verdi. Burada da Boloniya prosesi və kredit sistemi haqqında
nə kimi təsəvvürlərə malik olduqlarını
müəyyənləşdirmək üçün bir neçə müəllim
və tələbə ilə söhbət etdik. I kurs 28-ci qrupda türk dili dərsini aparan
filologiya elmləri namizədi, dosent Kübra Quliyeva
"Boloniya prosesi nə deməkdir" sualınun cavabında
bildirdi ki, Boloniya prosesi bu gün Azərbaycanda başa düşüldüyü
kimi deyil. O elə bir sistemdir ki, həm təhsil üçün,
həm də tələbələr üçün böyük şans
yaratmış olur. "Bəs kredit sistemi nədir" sualına
o - Mən tam şəkildə izah edə bilmərəm.
Bildiyimə görə, kredit sistemi dərslərə
verilən saatlardır, - cavabını verdi. İstehsalın idarə edilməsi
fənnindən 4-cü kursda mühazirə aparan Həmid
Həmidov isə həmin sualları belə cavablandırdı: - Boloniya prosesi Qərb dövlətlərinin
tətbiq etdiyi bir sistem olub, bizim tələbələrin
ixtisaslaşması ilə əlaqədar fənlərin
daha yaxşı mənimsənilməsi üçün o
fənlərin ertələnməsi (?), yəni, digər
vaxta keçirilməsidir. Kredit dediyimiz burada fənnin digər
illərə qalması anlamına gəlir. Birinci kurs 30-cu qrupda dərs deyən baş
müəllim Bəhruz Rzayev də suallarımızı
məmnuniyyətlə cavablandırdı: - Bəhruz müəllim, sizə görə,
Boloniya prosesi nədir? - Boloniya prosesi təzə təhsil
sistemidir. Bu ildən bizdə də tətbiq olunur. Baxarıq,
görək necə olacaq. Tam məlumatım yoxdur. Biz bunu iş
prosesində biləcəyik. - Bəs sizə aydın olmayan sistemlə
necə işləyirsiniz? - Yox e, sistemdən xəbərimiz var.
Deməli, ildə 2 dəfə imtahandır. İmtahanlara
qədər 3 dəfə kollokvum (?) keçirilir. O
kollokvumlardan toplanan bal əsasında uşaq imtahana buraxılır.
Bal toplamasa, imtahandan kəsiri olsa, kredit vasitəsi ilə
pul ödəyir ki, təzədən imtahana buraxılsın. - Kredit nədir? Tələbə krediti
necə yığır? - Tələbə yığmır ki,
krediti. - Bəs kim yığır? - Mənə dəxli olmayan sualı
mənə niyə verirsiniz. Kreditin mənə nə
dəxli var? Həmin fakültənin söhbət etdiyimiz
tələbələri də öz cavabları ilə müəllimlərindən
heç də geri qalmadıqlarını nümayiş
etdirdilər. 28-ci qrupdan olan Kamil Abbaslıya verdiyimiz
"Boloniya sistemi nədir" sualına "Orada
dərslərdə keçilən kreditlər olur:
dərslər keçilir və qiymətlər yazılır.
Semestrin axırında bu qiymətlərə uyğun
qiymətlər yazılır" kimi əcaib-qəraib
bir cavab aldıq. Hazırda öyrəndiyi 60 saatlıq türk
dili fənnindən imtahan verəndən sonra nə
qədər kredit qazana biləcəyini soruşduqda da
Kamil fikirləşmədən 4 kredit əvəzinə
şəstlə "50-dən yuxarı" deyə cavab
verdi. Gözü müəllimə sataşanda isə cavabının
düzgün olmadığını başa düşüb bu
dəfə başqa bir rəqəm dedi: "15". Kamildən "Valideynin bilirmi ki, sənin
oxuduğun kredit sistemi nədir" sualına isə
konkret "Yox" cavabını aldıq. 4-cü kursda oxuyan Leyla Hüseynovaya da nə sual
verdiksə, hərləyib-fırlayıb ancaq imtahandan danışdı.
O da tədris planında 60 saat yer verilmiş istehsalatın
idarə edilməsi fənnini başa vurandan sonra 4
əvəzinə 50 kredit balı qazanacağını
dedi. Daha sonra universitetin Həsən Əliyev küçəsində
yerləşən tədris binasında olub İstehsal
və xidmət sahələrinin iqtisadiyyatı fakültəsinə
də baş çəkdik. Bizim ora gəldiyimizi fakültənin
dekanı Əli Hacıyevə bildirmişdilər. Əli
müəllim də öz "hazırlığını"
görmüşdü. Və biz bir müəllimlə söhbət
etmək istədiyimizi bildirən kimi iqtisad elmləri
namizədi, baş müəllim Şəhla Rzayeva hüzurumuzda
hazır oldu. Mikroiqtisad və makroiqtisad
fənlərindən dərs deyən Şəhla müəllim
biz sual verən kimi Boloniya prosesi və kredit sistemi haqqında
bildiklərini nəinki universitetlərində, hətta ölkədə
bu sistemə keçid istiqamətində görülmış işlərdən
danışmağa başladı. Əli müəllim arada
onu mətləbə doğru istiqamətləndirsə
də xeyri olmadı. Müəllimin "çıxışını"
aşağıdakı sualla kəsməli olduq:
"Dərs dediyiniz fənlər neçə saatdır?" - Hərəsi 120 saat olmaqla 240 saat. - Semestr ərzində keçilən bu
fənlərdən tələbə nə qədər
kredit qazanır? Sualımıza birbaşa cavab
verməkdə çətinlik çəkən Şəhla müəllim
yenidən nitqinə davam etdi və bu dəfə
qiymətləndirmə prosesinin necə aparılmasından
danışdı. Bunun üçün tələbəyə 16 kredit
yazıldığı bizə məlum olsa da, çıxışının
sonunadək Şəhla müəllimdən sualımıza
cavab ala bilmədik... Bakı
Musiqi Akademiyasının professoru yeni sistemin tətbiqini
palma ağacının Bakıda əkilməsinə
bənzətdi, tələbələri isə kredit sistemi
ilə bank kreditini səhv saldılar Akademiyada
ilk olaraq Fortepiano fakültəsinin dekanı Nərminə
Quliyeva ilə görüşdük. O, bizi mehribanlıqla qarşıladı.
Gəlişimizin məqsədini, məramını açıqladıq.
Nərminə xanım Boloniya prosesi, onun tərkib
hissəsi olan kredit sistemi
haqqında bunları dedi: - Kredit sistemi haqqında məlumatımız
azdır. çox şeyi bilmirik. Sözün düzü, mətbuatda da bu
sistem haqqında yazıya rast gəlməmişəm.
Əgər o yaxşı sistem olsa belə onu bizim Bakı
Musiqi Akademiyasında aparılan təhsil sisteminə uyğunlaşdırmaq
lazımdır. Məsələ bundadır ki, bizim yaşlı
nəsil - müəllim və professorlarımız
hələ ki, bu sistemi tam qəbul edə bilmirlər.
Onsuz da bizim ali təhsil ocağında uşaqlar fərdi
qaydada hazırlaşırlar. Onların öyrədilməsində,
qiymətləndirilməsində, müəllim seçimində
problemlərimiz var. Bunlara baxmayaraq, bu dərs ilindən iki
kafedramız - Musiqi menecmenti və müasir musiqi texnologiyaları
və Etnologiya kafedraları kredit sisteminə keçmişlər.
Onların rəhbərləri ilə görüşsəniz yaxşı
olar... Telman Hacıyev - (musiqi menecmenti və müasir
musiqi texnologiyaları kafedrasının müdiri, professor,
əməkdar incəsənət xadimi): - Bu sistemə biz yenicə keçmişik. Bir
neçə müəllim də seçmişik. Amma Boloniya
prosesinə, kredit sisteminə kor-koranə keçmək olmaz.
Bu sistemə yavaş-yavaş keçmək lazımdır.
Tələbələrlə fərdi məşğul
olunan Musiqi Akademiyasında kredit sistemi hələ ki,
tətbiq etmək çox müşkül məsələdir.
Məgər dahilər yetirən bu təhsil ocağında
o vaxtlar kredit sistemi var idi? Bu ona bənzəyir ki, palma ağacını
gətirib Bakıda əkirsən... O ki qaldı siz
deyirsiniz, bu sistemin üstün cəhətləri
nədədir, mən bu sistemin tarixini də, üstün
cəhətlərini də yaxşı bilirəm. Amma onun
bizim Bakı Musiqi Akademiyasına tətbiqi hələ ki,
çətindir. Gələn dəfə gələndə
onları sizə deyərəm... Nəzmiyyə Abbaszadə (İfaçılıq
fakültəsinin dekanı, professor): - Bu sistem bizdə hələ ki, alınmır... Tahir Atakişiyev (İfaçılıq fakültəsinin
müəllimi, professor): - Bizim öz "Boloniya" sistemimiz lap çoxdan
var... Müşfiq Qənbərli (Bəstəkarlıq
fakültəsinin II kurs tələbəsi): - Kredit sistemi çox yaxşıdır.
Məsələn, mənim valideynlərim mağazadan
kreditə paltaryuyan maşın götürüblər. Xırda-xırda
onun pulunu ödəyirlər. Mən Badamdar
qəsəbəsində yaşayıram. Yolum uzaqdır.
İstəyirəm həmin kredit sistemindən istifadə
edərək bir maşın götürüm. Dərsə maşınla
gəlim-gedim. Pulunu da xırda-xırda qaytararam... Bax kredit
sisteminin üstün cəhətləri bundan ibarətdir... Ceyla Qurbanova (Fortepiano və orqan klavesin
fakültəsinin I kurs tələbəsi): - Kredit sistemi deyəndə adamın gözləri
önünə pul - dollar, yevro gəlir... Leyla Bədəlova (Xor-dirijorluq fakültəsinin
I kurs tələbəsi (rus bölməsi): - Bu sistem haqqında heç bir anlayışım
belə yoxdur. Açığını desəm,
tələbə yoldaşlarım da bu barədə heç
nə bilmirlər... Ramin Allahverdiyev (Musiqi menecmenti fakültəsinin
II kurs tələbəsi), Səbuhi
Axundov (Simli alətlər ifaçılıq fakültəsinin I
kurs tələbəsi), Şamil Loqinov (Nəfəs
alətləri fakültəsinin I kurs tələbəsi) də
təhsildə kredit sistemini banklardan, mağazalardan alınan
kredit kimi başa düşürlər... *** Sorğularımızın nəticəsi göstərdi
ki, ali
məktəblərimizin bir çoxunda ölkəmizin Avropa
təhsil məkanına inteqrasiyasına böyük imkanlar açan
Boloniya prosesinin, onun əsas tələbi olan kredit
sisteminin mahiyyəti və üstünlükləri müəllim
və tələbələrin əksəriyyətinə
hələ tam aydın deyil. Müəllimlər,
tələbələr, valideynlər arasında bu
istiqamətdə aparılan maarifləndirmə işi
zəifdir. Son illər yeni sistemin ölkəmizdə
tətbiqi istiqamətində Təhsil Nazirliyinin atdığı
bir sıra məqsədyönlü addımlara, ölkə
Prezidentinin bu il yanvarın 31-də imzaladığı
"Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin
Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı
bəzi tədbirlər haqqında" sərəncamında
bu prosesin daha da sürətləndirilməsinin də bu
sahədə həyata keçirilən işlərin
intensivləşdirməsinin tələb olunmasına
baxmayaraq, hələ də bəzi ali
məktəblərdə gözləmə mövqeləri müşahidə
olunur. Onlar bilmirlər ki, bütün sahələrdə olduğu
kimi təhsildə də Avropa məkanına inteqrasiya
zamanın tələblərindən irəli gələn
zərurətdir və bu istiqamətdə gedən
proseslər artıq geridönməz xarakter alıb.
Mütəxəssis fikri Boloniya prosesinin tarixi, bu dünya miqyaslı
prosesin prinsipləri, başlıca tərkib hissəsi olan
kredit sistemi, dünyada geniş yayılmış akademik
kredit sistemlərinin mahiyyəti, kreditin təhsil
sistemində rolu, kredit sisteminin faydası və s. haqqında
suallara verilən cavablar çox vaxt qeyri-dəqiq və natamam
olur. Əməkdaşımız ayrı-ayrı
terminlərə və məsələlərə aydınlıq
gətirmək üçün Azərbaycan Dillər Universitetinin
ingilis dili fakültəsinin dekanı, professor Əfqan
Abdullayevlə görüşüb söhbət etmişdir. Professor
Ə.Abdullayevin şərhini oxuculara təqdim edirik.
Əfqan Abdullayev, Azərbaycan Dillər
Universitetinin professoru: - Boloniya prosesinin tarixi 1987-ci ildən Avropa
İttifaqında Socrates Erasmus proqramının təsis
olunması ilə başlayıb. 1988-ci ildə Boloniyada
Maqna Charta Universitatum sənədi imzalandı, 1989-cu
ildə Avropa Kredit Transfer Sistemi Erasmus proqramı çərçivəsində
pilot proqram kimi təsis edildi, 1990-cı ildə Avropa İttifaqının
Tempus proqramı yarandı, 1992-ci ildə Maastricht Treaty -
Avropa İttifaqının inteqrasiyası və təhsil
sənədi imzalandı, 1997-ci ildə Lissabon Sazişi,
1998-ci ildə Sorbonna bəyannaməsi (4 ölkə), 1999-cu
ildə Boloniya bəyannaməsi (29 ölkə), 2001-ci
ildə Praqa Kommünikesi (33 ölkə), 2003-cü ildə Berlin
bəyannaməsi (40 ölkə), 2003-cü ildə Aİ-Erasmus
Mundus proqramı və nəhayət, 2005-ci ildə Berqen
konfransı (45 ölkə, o cümlədən Azərbaycan
Respublikası prosesə qoşuldu) keçirildi. Boloniya prosesi aşağıdakı
prinsiplərin həyata keçirilməsini müəyyənləşdirdi: * Hamının başa düşdüyü və
qəbul etdiyi təhsil dərəcələrinə
(bakalavr, magistr) aparan sistemin yaranması. * Əsasən iki pilləli bakalavr (BA),
magistr (MA) təhsil sisteminin tətbiqi. * Avropa Kredit Transfer Sisteminin (ildə 60
kredit yığmaq) tətbiqi. * Mobilliyin təmin olunması (məs.:
Erasmus proqramı). * Təhsildə keyfiyyətin təmin
olunması sahəsində Avropa ölkələrinin
əməkdaşlığı. * Ali təhsildə Avropa modeli. (Bunlar 1999-cu
ildə Boloniya Bəyannaməsində qəbul olundu). * Ali təhsilə ömürboyu
yiyələnmək prinsipi. * Ali təhsil müəssisələrinin
və tələbələrin rolunun cəmiyyətdə
artırılması. * Avropa Ali Təhsil Məkanının dünyada
maraq oyatması. (Bunlar Praqa konfransında (2001-ci il)
əlavə edilmişdir) * Avropa Ali Təhsil Məkanının
Avropa Elmi-Tədqiqat Məkanına inteqrasiyası, yəni
3-cü təhsil pilləsinin - Ph.D-nin Boloniya təhsil sistemi
kimi qəbulu (Berlin,
2003-cü il) "Kredit" sözünün mənası ilə
əlaqədar müxtəlif lüğətlərə
nəzər salsaq, onun çox mənası ilə rastlaşarıq.
Bu mənalar biznes, bank, mühasibatlıq və təhsil
sahələrini əhatə edir. Sözün ilkin mənası
latın dilindən "creditum", yəni "borc",
"bir kəsə etibar olunan əşya" deməkdir.
Ticarət sahəsində ilk dəfə "creditor"
mənasında 1447-ci ildən işlədilir. Akademik
mənada, yəni "müəyyən fənnin müvəffəqiyyətlə
tamamlanmasına görə qazanılan bal, vahid" kimi 1904-cü
ildən, "Kredit kart" mənasında 1952-ci ildən
işlənir. "Credit card" birləşməsi
əslində XIX əsrin sonlarında "travellers
check" mənasını bildirib. Bizim məqsədimiz
ancaq "akademik kredit" olduğundan başqa mənalara
diqqət yetirməyəcəyik. Bu gün dünyada əsasən 2 akademik kredit
sistemi daha geniş yayılmışdır: * USCS - United States Credit System (ABŞ Kredit
sistemi). * ECTS - European Credit Transfer System (Avropa Kredit
Transfer Sistemi). Birinci sistem (ABŞ Kredit sistemi) XX əsrin
əvvəllərindən tətbiq olunur və
semestrdə 15-18 kredit qazanmaq imkanı verir. ABŞ-da
adətən qrup həftədə 3 saat (150 dəqiqə)
dərs keçirsə, bu o deməkdir ki, AB-in (bakalavr) 1 kredit
saatı 1 saatlıq mühazirə/seminar və 2 saatlıq ev
işinə bərabərdir. MA-in (magistr) 1 kredit saatı
1 saatlıq mühazirə və 5 saatlıq ev işinə
bərabərdir. BA üçün semestrdə orta tədris yükü 15
kreditə (vahidə) bərabərdir ki, bu da 45 (15 saat
auditoriya vaxtı+30 saat auditoriyadan kənar saat) saat
dərsdə iştirak və oxumaq deməkdir. MA-da isə
bu müvafiq olaraq 9 kredit (vahid) və 54 saat dərsdə iştirak
və oxumaq deməkdir. İkinci sistem isə (Avropa Kredit Transfer
Sistemi) XX əsrin 80-ci illərindən tətbiq olunmağa
başlanıb və semestrdə 30-33 kredit qazanmaq imkanı
verir. Dünyanın müxtəlif ölkələrində
kredit sisteminin tətbiqi də müxtəlifdir. Burada
universitetin "semestr", yoxsa "kvartal"
sistemləri üzrə işləmələri də mühüm
əhəmiyyət kəsb edir. Əksər
universitetlərdə tədris ili "Payız" (16
həftə) və "Yaz" (17 həftə)
semestrləri olmaqla, 2 hissəyə bölünür. 8-10
həftəlik "Yay sessiyası" deyilən bir
tədris müddəti də tətbiq olunur. Boloniya
sisteminə görə akademik ilimiz 30 həftəlik olmalıdır. Son bir neçə ildir ki, universitetlərdə
hamı bir-birini görəndə çox verilən suallar arasında
1-ci yerdə yəqin ki, "Kredit nədir?" sualı
durur. (Bəzən "Kredit saat" da deyirlər). Bunun
çox sadə bir cavabı var: "Kredit tələbənin
semestr boyu həftə ərzində bir dərsdə keçirdiyi
akademik saatdır". Yəni əgər
tələbə bir həftədə hər hansı bir
fənnə 6 akademik saat vaxt sərf edirsə, demək o
fənn 6 kreditlik fəndir və tələbə semestrin
nəticəsinə görə həmin fəndən müvəffəq
qiymət alarsa, onda o, 6 krediti qazanmış olur. Demək, "Kredit sistemi"
tələbənin təhsil müddətindəki fərdi
planı, "kredit" isə tələbənin
tədrisdə kəmiyyət göstəricisidir. Tələbə krediti mühazirə-seminar
məşğələlərdə iştirakı
ilə, müstəqil, yəni auditoriyadankənar tapşırıqlar
yerinə yetirməklə də qazana bilər. Kredit sistemi tələbələrə
nə verəcək? Qloballaşan dünyada yaşayıb orada
gedən proseslərdən kənarda qalmaq, seyrçi rolunda çıxış
etmək inkişafa mane olmaq deməkdir. Azərbaycanda təhsil alan hər hansı
bir tələbə təhsil haqqında
sənədlərini kredit sistemi tətbiq olunan hər hansı
bir ölkənin universitetinə təqdim edəndə heç
bir çətinlik çəkməyəcək. çünki kredit sistemi
vahid tədris məkanı deməkdir. Bakalavr pilləsini başa vuranın alacağı
əsas ali təhsil sənədləri (diplom və diploma
əlavə) beynəlxalq standartlara cavab verəcək. Hər bir tələbənin qiymət
cədvəlində (Transcript və ya Diploma Supplement)
fənlərin kəmiyyət göstəricisi-krediti və
GPA-Grade Point Average (bütün fənlər üzrə orta
qiymət göstəricisi) yazılacaq. Tələbə, məcburi fənlər müstəsna
olmaqla, fənləri, həmçinin müəllimləri də
seçməkdə müstəqil olacaqdır. Tədrisin
keyfiyyəti, müəllimlərin fəaliyyəti haqqında
tələbə münasibət bildirməkdə azad olacaq
və onun münasibəti universitet üçün əsas sayılacaqdır. Tələbə tədris prosesində lazımi
çap materiallarını (tədris olunan fənnin semestr üzrə
proqramı-syllabus, mühazirə mətnləri və s.)
və həmin materialların elektron variantını
alacaqdır. Tədris proqramında
tələbələrə təklif olunan fənlər 3
qrupa bölünür: 1) məcburi və ardıcıl öyrənilən
fənlər (məs.: qrammatika, fonetika, nitq praktikası
və s.) (Prerequisite: a course which you must comrlete before
you register for another course at a hiqher or urrer level) 2) məcburi, lakin ardıcıllığı
vacib olmayan fənlər (məs.:Azərbaycan tarixi,
informatika və kompüter texnologiyası və s.) 3) tələbələrin öz seçimləri
əsasında öyrədilən fənlər (siyasi
elmlər, humanitar elmlər, ixtisasdan seçmə
fənlər, ümumpeşə haqqında fənlər
və s.). "Azərbaycan müəllimi"
|