· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

 

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2001-ci ildən etibarən Azərbaycan Respublikasının Avropa Şurasına üzv olması ölkəmizin Avropa məkanına inteqrasiyasını sürətləndirmişdir. Bu proseslərin tərkib hissəsi kimi Azərbaycan Respublikası Avropa ölkələrinin təhsil nazirləri tərəfindən qəbul edilmiş Boloniya deklarasiyasını imzalamaqla respublikanın ali təhsil müəssisələrinin Avropa təhsil sisteminə inteqrasiyası yolunda mühüm addım atmışdır. Azərbaycanın dünyada analoqu olmayan iqtisadi inkişafı ümumavropa təhsil məkanına inteqrasiya proseslərinin daha da sürətləndirilməsini və bu sahədə həyata keçirilən işlərin intensivləşdirilməsini tələb edir. ölkənin intellektual potensialının gücləndirilməsinin Azərbaycanın inkişaf strategiyasının əsas müddəalarından biri olması ali təhsil sistemində islahatlara dair müvafiq dövlət proqramının hazırlanması zərurətini meydana çıxarmışdır.

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası proseslərini sürətləndirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeçiliyində ali təhsil müəssisələri olan digər qurumlarla birlikdə "2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" layihəsini 2008-ci il mart ayının 30-dək hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası məqsədi ilə Boloniya prosesinin ölkəmizdə reallaşdırılmasına xidmət edən beynəlxalq müqavilələrin imzalanması üçün müvafiq tədbirlər həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifləri nəzərə alınmaqla, ali təhsilin bakalavr pilləsində ixtisasların (proqramların) siyahısının YUNESKO-nun və digər beynəlxalq qurumların qəbul etdiyi müvafiq sənədlərə uyğunlaşdırılmasını təmin etsin və bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 yanvar 2008-ci il.

 

 

 

Azərbaycan Prezidenti İlham Əliyev "Sisko" şirkətinin sədri və baş icraçı direktoru Con çambersi qəbul edib

 

Görüşdə ölkəmizin təhsil sistemində yüksək texnologiyaların tətbiqinə böyük üstünlük verildiyi bildirilib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Davosda onun üçün ayrılmış iqamətgahda, "Turmotel Viktoriya" mehmanxanasında "Sisko" şirkətinin sədri və baş icraçı direktoru Con çambersi qəbul etmişdir.

Görüşdə son zamanlar dünyada informasiya texnologiyalarının geniş tətbiq olunması, Azərbaycanda bu sahənin inkişafına böyük diqqət yetirilməsi vurğulandı. Con çambers Azərbaycanda Prezident İlham Əliyevin iqtisadiyyatın çoxşaxəliliyi və qeyri-neft sektorunun inkişafı istiqamətində apardığı siyasəti yüksək dəyərləndirdi, bu yolda informasiya texnologiyasının əsas rol oynadığını bildirdi.

Söhbət zamanı Azərbaycanda informasiya texnologiyalarının digər sahələrə olan təsiri, son zamanlar ölkəmizin təhsil sistemində yüksək texnologiyaların tətbiqinə böyük üstünlük verildiyi xatırladıldı. Azərbaycan hökuməti ilə "Sisko" şirkəti arasında müqavilənin bağlanması məsələsi də müzakirə olundu, bir neçə yeni texnologiyanın Azərbaycanda tətbiqi, ölkəmizdə telekommunikasiya şəbəkəsinin modernləşdirilməsi ilə bağlı "Sisko" şirkətinin təklifləri nəzərdən keçirildi.

Prezident İlham Əliyev bu şirkətin Azərbaycanda fəaliyyətini yüksək dəyərləndirdi. Dövlətimizin başçısı dedi ki, Azərbaycan iqtisadiyyatının transformasiyası və dayanıqlı iqtisadiyyatın qurulması üçün informasiya texnologiyalarının roluna böyük əhəmiyyət verir və bu, iqtisadi siyasətimizin prioritet istiqamətidir.

 

AzərTAc