· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

çətin tərbiyə olunan oğlanlar 

çətin olsa da, tərbiyə olunurlar

Cəmiyyətdə  ailədən sonra   məktəb gələcəyimiz olan uşaqların tərbiyəsinə təsir göstərən başlıca amildir. Elə bir müəllim, valideyn tapılmaz ki, övladının tərbiyəsinə biganə qalsın.  Cəmiyyətdə bir qrup uşaqlar var ki, onların diqqətə, qayğıya daha çox ehtiyacı  var. Bunlar əlil,  eləcə də müxtəlif səbəblər üzündən valideyn himayəsində böyüməyən uşaqlardır. çox sevindirici haldır ki,  dövlətimiz bu uşaqların cəmiyyətə inteqrasiyası sahəsində bir çox  böyük layihələr həyata keçirir. Onların bu cəmiyyətin üzvü, xüsusilə gələcəkdə ölkəyə xeyir verə bilən vətəndaş kimi böyüyüb başa çatması istiqamətində təqdirəlayiq işlər görür. Təəssüf doğursa da, qeyd etməliyik ki, ölkəmizdə  kimsəsiz, əlil, ciddi tərbiyəyə ehtiyacı olan, hələ də küçələrdə yaşayan uşaqlarımız da var. Bu yazıda həmin uşaqların bir qisminin cəlb olunduğu Bakının Mərdəkan qəsəbəsindəki "Oğlanlar üçün açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsi"ndə gördüklərimizi qeydə aldıq.

öyrəndik ki, hazırda təlim-tərbiyə ocağının 20 sakini var. Direktor Nadir Əhmədov bildirdi ki, rəhbərlik etdiyi məktəb 1965-ci ildə yaranıb. Həmin illərdə məktəbdə tərbiyə olunan uşaqların sayı çox, yaş həddi isə 11-18 arasında idi. İndi burada tərbiyə alan uşaqların ən böyüyünün 14 yaşı var. Müəssisədə  son dərəcə ciddi tərbiyəyə ehtiyacı olan uşaqlar cəlb olunur. Düzgün tərbiyə olunmadıqlarına, yetərincə valideyn qayğısı görmədiklərinə görə bu uşaqlar cəmiyyət üçün necə deyərlər, baş ağrısıdırlar. "Oğlanlar üçün açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsi"ndə, əsasən, oğurluğa, dərslərdən yayınmağa, narkomaniyaya  meyil göstərən uşaqlar tərbiyə olunurlar. Direktor uşaqların bu vəziyyətə düşməsinin bütün günahını valideynlərdə görür: "Buradakı uşaqların böyük əksəriyyəti ailənin dağılmasından sonra başlı-başına qalaraq, tüfeyli həyat tərzi keçirən, dələduzluq edənlərdir. Uğursuz nigahlar uşaqların psixologiyasına son dərəcə mənfi təsir  göstərir. Onların həyatında xoşagəlməz dəyişikliklərin yaranmasına  gətirib çıxarır. Belə olduqda uşaqlar  valideynlərinin problemlərindən yaxa qurtarmaq üçün müxtəlif yollar axtarırlar".

N.Əhmədov tərbiyə ilə yanaşı, uşaqlara Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, kimya, biologiya və s. dərslərin keçildiyini dedi. Qeyd etdi ki, məktəbdə uşaqların sağlamlığı baxımından fiziki tərbiyə dərslərinin keçirilməsi üçün müasir futbol meydançası və idman zalı var.

Deyilənləri gözlə görmək üçün direktorla birlikdə məktəbin mərtəbələrini gəzdik. Əvvəlcə yenicə əsaslı təmir edilən, amma  yayda istifadəyə verilməsi planlaşdırılan yeməkxanaya baş çəkdik. Yeməkxanadakı şərait müasir standartlara uyğun təşkil edilib... Sonra  sinif otaqlarında olduq. İnformatika otağında beş kompüter quraşdırılıb. Direktorun sözlərinə görə, uşaqların böyük əksəriyyəti kompüterdən normal istifadə edə bilir.

Uşaqlarla görüşmək və bizi maraqlandıran sualları cavablandırmaq üçün  istirahət otağına getdik. Uşaqlar televizora baxırdılar. Onların hər biri ilə tanış olduq və söhbətə keçdik.

İlk musahibim Teymur Mehdiyev 7 ildir ki, burada yaşadığını dedi. Buraya düşməyinin əsas səbəbləri  nadincliyi, məktəbdən yayınması və hətta bu işə yoldaşlarını da sövq etməsi  olub. Dediyinə görə, axır vaxtlar valideynlərinin  təkidinə baxmayaraq, evə  çox gec gəlirmiş: "Atamla anam ayrıldıqdan sonra çox əsəbləşirdim. Evdə nənəmlə yola getmirdim. Nənəmin və anamın sözünə qulaq asmırdım. Məktəbə getmək istəmirdim. Dərsləri pozurdum. Etdiyim hərəkətlərdən peşmançılıq hissi çəksəm də, əməllərimdən əl çəkmirdim."

Əslən Bakıdan olan Aqil Kazımov da üç ilə yaxındır ki, bu müəssisədə tərbiyə alır.  Aqil əvvəllər dərslərini yaxşı oxumasa da, indi öyrəndiyi fənlərdən əla qiymətlər alır. O, bu il məktəbi  başa vurur və ən böyük arzusu C.Naxçıvanski adına hərbi liseyə daxil olmaqdır.

On üç yaşlı Fəxri Musayev də müxtəlif əməllərinə görə bu məktəbə gətirilib. Yoldaşlarından fərqli olaraq, onun nə anası, nə də atası var.

14 yaşlı   Akif üç ildir buranın sakinidir. Valideynləri ayrıldıqdan sonra  atası ilə qalmağa üstünlük verib. özünün dediyinə görə, atası ikinci dəfə ailə qurduqdan sonra ögey anası  ona göz verib işıq vermirmiş.   Atası Akifin "Oğlanlar üçün açıq tipli xüsusi təlim-tərbiyyə müəssisəsi"ndə  tərbiyə almasına üstünlük verib.

Matlust Marat əslən kazakdır. Dediyinə görə, 12 yaşı var. üç ildir ki, bu məktəbdədir. Yaşadıqları evdən oğurluq etdyinə görə, bu məktəbə göndərilib: "Anam hər həftə gəlib mənə baş çəkir. Mənə paltar və yemək gətirir. İndi etdiyim pis əməllərin peşmançılığını çəkirəm. Burdan çıxdıqdan sonra peşə məktəbinə girmək istəyirəm."

Onlarla söhbət bizdə belə bir qənaət yaratdı ki, bu uşaqlar heç də deyildiyi qədər çətin tərbiyə olunmurlar. Əksəriyyəti tutduqları əməllərdən peşmandır, tərbiyə olunduqları tədris ocağının qaydalarına əməl edir, hətta içərilərində yaxşı oxuyanları da var. Sadəcə, onları baxımsızlıq, qayğısızlıq, laqeydlik bu yola - cəmiyyətə zidd hərəkətlər yoluna salıb. Onlar bu məktəbdəki kimi qayğı ilə, səmimi, mehriban mühitlə əhatə olunsalar, çətin də olsa, tərbiyə olunar və cəmiyyətin lazımi üzvlərinə çevrilərlər.

Rəşad ZİYADOV