· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

TEMPUS proqramı çərçivəsində seminar

ölkəmizin bir qrup ali təhsil işçisi Belçikanın Antverpen Universitetində keçirilən seminarda iştirak edib

 

Təhsilin bütün sahələrində vüsətli islahatların aparıldığı ölkəmizdə Avropa təhsil məkanına inteqrasiya strateji hədəflərdən biri kimi götürüldüyündən qitə ölkələrinin təhsil həyatı ilə tanışlıq, bu sahədə gedən inkişaf proseslərinin öyrənilməsi zəruridir. Xüsusən də Boloniya prosesinə qoşulduğumuz ali təhsil sahəsində. Məhz bu zərurət nəzərə alınaraq Avropa dövlətlərinə təcrübə mübadiləsi, keçirilən beynəlxalq tədbirlərdə iştirak məqsədi ilə vaxtaşırı səfərlər təşkil olunur. Belə səfərlərdən biri yanvarın ortalarında Belçika Krallığına olmuşdur. ölkəmizin ali təhsil işçilərindən ibarət nümayəndə heyəti burada keçirilən seminarda iştirak etmişdir. Əməkdaşımız bu günlərdə səfər zamanı nümayəndə heyətinin başçısı olmuş Təhsil Nazirliyi Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayevlə görüşüb ondan keçirilən seminar barədə danışmasını xahiş etmişdir. İ.Mustafayev demişdir:

 

- Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dillər Universiteti və Təhsil Qanunvericiliyi və siyasət üzrə Avropa Assosiasiyasının TEMPUS proqramı çərçivəsində "Ali təhsildə keyfiyyətin təmin olunması" adlı birgə layihə həyata keçirilir. Layihə üzrə nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq 13-18 yanvar 2008-ci il tarixində Belçikanın Antverpen şəhərində bizim üçün seminar təşkil olunmuşdu. Seminarın əsas məqsədi iştirakçıları Belçikanın ali məktəblərində təhsilin keyfiyyətinin təmin olunması istiqamətində görülən işlərlə tanış etmək idi. Seminarda ölkəmizi 4 nəfər Təhsil Nazirliyindən , 9 nəfər isə Azərbaycan Dillər Universitetindən olmaqla 13 nəfərlik nümayəndə heyəti təmsil edirdi. Seminar Belçikanın Antverpen şəhərinin eyni adlı universitetində keçirildi. Seminardan  danışmazdan öncə Belçika haqqında qısa məlumat vermək istərdim.

Belçika Avropanın şimal-qərbində yerləşən federal dövlətdir. 10 milyondan çox əhalisi var. Ərazisi 3 regiondan ibarətdir. Şimalda yerləşən Flandriya, cənubda Valoniya və bir də mərkəzdə Brüssel. Buna müvafiq olaraq ölkədə 3 mədəni-linqvistik icma mövcuddur. Onlardan biri flamanddilli icmadır. Bu Flandriya regionundadır. Fransızdilli icma Valoniya regionunun sakinləridir. Brüsseldə isə hər iki dil - həm fransız, həm də flamand dilləri işlənir. Bundan əlavə, ölkənin şərqində almandilli icma da mövcuddur. Federasiya subyektləri olan regionların özlərinin təhsil nazirlikləri vardır. Onların əsas vəzifəsi bizdəki kimi təhsil siyasətini müəyyənləşdirib həyata keçirməkdən, qanunvericiliyin icrasına nəzarətdən ibarətdir. İcmaların səlahiyyətləri dil, KİV, sosial, iqtisadi, mədəni, təhsil məsələlərini əhatə edir. Bizim seminar keçirdiyimiz Antverpen şəhəri Flandriya regionuna aiddir.

Antverpen Universiteti 4 il əvvəl üç ali məktəbin bazasında yaranıb. Təxminən 9 minə yaxın tələbəsi var. Zəngin maddi-texniki bazası, kitabxanası mövcuddur.

Universitetdə keçirilən seminarın mövzuları belə idi:

1) Antverpen Universitetində Avropada kreditlərin qarşılıqlı tanınması sisteminin (ECPS) tətbiqi;

2) Universitetlərin akkreditasiyası;

3) Tələbələr tərəfindən kursun qiymətləndirilməsi;

4) ECPS-in universitetin dil mərkəzində tətbiqi;

5) Tədqiqatın təhsil prosesinə inteqrasiyası.

Antverpen Universiteti ali təhsilin çoxpilləli sisteminə və kredit sisteminə 3 il öncə keçib. Universitetdə təhsil müddəti bakalavr pilləsində ixtisaslar üzrə əsasən 3, magistratura pilləsində 1 ildir. Tələbə hər il bizim ölkəmizdə olduğu kimi, 60 kredit yığmalıdır. Bu kreditlərin içində həm tələbənin müəllimlərlə kontakt vaxtı, həm də müstəqil işləri nəzərdə tutulub. Deməli, tələbə bakalavriat və magistratura pillələrində cəmi 240 kredit yığmalıdır.

Seminar zamanı biz kreditlə bağlı tələbələrə hansı sənədlərin təqdim olunması, onların nədən istifadə etmələri, universitetlə tələbələrin arasında müqavilələrin necə bağlanması ilə də maraqlandıq. Məlum oldu ki, Antverpen Universitetinin təcrübəsində 3 növ müqavilədən istifadə olunur. Bir müqavilə diplom almaq üçün, yəni tələbənin birinci kursdan sonuncu kursadək təhsil alması üçün bağlanılır. Bir müqavilə başqa yerdə oxuyan tələbənin bu universitetə gəlib ayrı-ayrı fənlərdən kredit balı yığması üçün nəzərdə tutulub. Bir müqavilə də distant təhsil almaq üçün bağlanılır. Sonuncu müqavilə universitetə gəlib oxumaq imkanı olmayanlar üçün nəzərdə tutulub. Belələri universitetlə distant təhsil haqqında kontrakt bağlayaraq müvafiq fənləri götürür, hazırlaşandan sonra gəlib burada imtahan verir.

Universitetlərin akkreditasiyası Belçikada müəyyən bir sistemlə həyata keçirilir. Akkreditasiyadan əvvəl universitet özü qiymətləndirmə aparır və bu barədə hesabatını təhlil üçün müvafiq səlahiyyəti olan Agentliyə təqdim edir. Agentlik həmin özünüqiymətləndirmənin təhlilini aparandan sonra onu Təhsil Nazirliyində fəaliyyət göstərən akkreditasiya komissiyasına verir. Akkreditasiya komissiyası universitetdə vəziyyətlə tanış olur, hesabatda göstərilən mübahisəli məqamları aydınlaşdırır, eyni zamanda müəllim və tələbələrlə müxtəlif mövzularda söhbətlər aparır. Bu proses təxminən bir həftə çəkir. Müəllimlərlə, tələbələrlə söhbət aparıldıqdan sonra müvafiq qərar çıxarılır.

Ali məktəbin özünüqiymətləndirməsi xüsusi tərtib olunmuş formalarda aparılır. Formalar müvafiq beynəlxalq təşkilatlarla razılaşdırılıb.

Eyni zamanda universitetin özündə təhsilin keyfiyyətini təmin etmək üçün müvafiq qurum var. Bu qurumun əsas vəzifəsi adına müvafiq olaraq vaxtaşırı ayrı-ayrı fakültələrdə kursların, müəllimlərin fəaliyyətinin qiymətləndirilməsini həyata keçirməkdir. Biz orada olarkən kursun və müəllimin qiymətləndirilməsi prosesi ilə tanış edildik. O, xüsusi bir prosedurla aparılır. Suallar tərtib olunur, həmin suallar əsasında tələbələr arasında sorğu aparılır. Sorğu anket və veb-sayt vasitəsi ilə həyata keçirilir və ən azı orada təhsil alan tələbələrin 25 faizini əhatə edir. Sorğu 38 qapalı və 3 açıq sualdan ibarətdir. Qapalı suallar kursun (fənnin) tədrisinə, ayrı-ayrı mövzulara dair olur. Məsələn, bu dərs tələbələrə yenilik veribmi, onlaın inkişafını təmin edibmi, əvvəlki fənlərlə əlaqəsi varmı, inkişafı gedirmi və s.

Sualların 6 cavabı var. Onların hamısı rasional cavablardır. Tələbə həmin cavabların içərisindən birini seçib qeyd edir. 3 açıq sual isə hər tələbəyə kursa, müəllimə dair öz fikrini sərbəst şəkildə bildirməyə imkan verir. Qiymətləndirmə qurumlarında bütün bunların təhlili aparılır. Bundan sonra qiymətləndirmənin nəticəsi müəllimin çalışdığı departamentə verilir. Departamentdə həmin müəllimin iştirakı ilə onun müzakirəsi aparılır. Sorğu zamanı əgər mühazirə ilə bağlı iradlar vardırsa, onun təkmilləşdirilməsi, korreksiyası, yeniləşdirilməsi üçün müəllimə tövsiyələr verilir.

Xüsusi qeyd etmək istəyirəm ki, qiymətləndirmə yalnız mühazirələri əhatə edir, məşğələ və seminarlar qiymətləndirilmir.

Mühazirəsi qiymətləndirilən müəllim də müzakirədə çıxış edib öz mövqeyini müdafiə edə, deyilən fikirlərin düz və ya səhv olduğunu bildirə bilər.

Yeri gəlmişkən deyim ki, Antverpen Universitetinin bu təcrübəsi çox yaxşı və maraqlıdır. Hesab edirik ki, bu təcrübə bizdə də tətbiq oluna bilər.

Antverpen Universitetində müəllimlərin mühazirələri əvvəlcədən hazırlanaraq tələbələrə çatdırılır. Kitabxananın saytında yerləşdirilir. Ona görə də tələbələr onu qiymətləndirə bilirlər.

Antverpen Universitetində xüsusi dil mərkəzi fəaliyyət göstərir. Burada da kredit sistemi tətbiq olunur. Bu mərkəzin əsas məqsədi tələbə olmaq istəyənlərin dil hazırlığı və eyni zamanda həmin universitetdə təhsil alan tələbələrin tədris planında nəzərdə tutulan xarici dil fənninin öyrənilməsini təmin edir. Beləliklə, dillərin öyrənilməsi bizdəki kimi ayrı-ayrı fakültələrdə yox, mərkəzləşmiş formada olur. Bu, yaxşı ideyadır və hesab edirik ki, tələbələrə xarici dili yaxşı öyrətmək məqsədini qarşıya qoymuşuqsa, biz də bu ideyanı ali məktəblərimizdə tətbiq edə bilərik.

Bildiyiniz kimi, biz tələbələrə xarici dili öyrədəndə hamıya eyni şəraiti yarada bilmirik. Təsadüf elə gətirir ki, bir fakültəyə zəif müəllim düşür, başqa fakültədə fərqli metodikadan istifadə olunur və s. Mərkəz yaradıldığı halda bu işi daha keyfiyyətli təşkil etmək olar. İmkan yaranar ki, tələbə istədiyi vaxt gəlib müvafiq hazırlıq keçsin.

Tədqiqatın tədris prosesinə inteqrasiyasına gəldikdə isə deyim ki, Belçika universitetlərində hər üç pillədə - həm bakalavriatda, həm magistraturada, həm də doktoranturada tədqiqat aparılması zəruridir. Bakalavriat pilləsində bütün tələbələr tərəfindən buraxılış işi yerinə yetirilir. Buraxılış işlərinə bakalavriatda bir qədər az vaxt verilir. Magistraturada isə artıq bu genişlənir. Birinci pillədə əgər ümumi xarakterli tədqiqatlar aparılırsa, magistraturada o konkretləşdirilir. Mövzuların təkrar olunmaması əsas şərtlərdən biridir. Onların məzmunu məlum praktik üsul və vasitələrdən istifadə etməklə nəticələrin əldə olunmasına yönəldilib. Universitetdə tədqiqat aparmaq üçün tələbələrə lazımi imkanlar yaradılıb.

 

Qələmə aldı:

Yusif ƏLİYEV