· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

2 Fevral Gənclər Günüdür

 

"Azərbaycan gənclərinin genetik potensialı çox böyükdür"

 

O, Azərbaycan gənclərindən biridir. Amma onu həmyaşıdlarından fərqləndirən xüsusiyyətlər çoxdur. Gənc olsa da, böyükdən-kiçiyə hər kəs onu yaxşı tanıyır. Müsahibim Respublika Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad MURADOVDUR.

 

- Fuad müəllim,  özünüz haqqında  bir qədər məlumat verərdiniz.

- 1979-cu il  iyulun 22-də Bakı şəhərində anadan olmuşam. Səbail rayonundakı 6 nömrəli məktəbi bitirmişəm. Azərbaycan Neft Akademiyasının ətraf mühitin qorunması  fakültəsinin bakalavr və magistr pillələrinin məzunuyam.  İctimai fəaliyyətə  1996-cı ildə, yeni gənclər təşkilatı yaranmağa başladığı dövrdən  başlamışam. Elə o vaxtlar Neft Akademiyasının nəzdində gənclər təşkilatı  yaratdıq. Sonrakı illərdə də bir çox müxtəlif gənclər təşkilatının təsis olunmasında iştirak etmişəm.  2000-ci ildə  68 təşkilatı özündə birləşdirən Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Həmin  Şuranın əvvəlcə baş katibi seçildim. 2002-ci ildə  isə Milli  Şuranın  həmsədrlərindən biri  oldum. 2004-cü ildə Milli Şuraya sədr seçildim. Əsas vəzifələrimdən biri Azərbaycan gənclər təşkilatlarının koordinasiyası məsələsidir. 2005-ci ildə  isə  parlament seçkilərinə qatıldım, millət vəkiliyəm.  Hazırda parlamentin İnsan hüquqları daimi komissiyasının üzvüyəm. Azərbaycan-Avropa  Birliyi Əməkdaşlıq Komitəsinin  sədr müaviniyəm.  Ən əsas vəzifəm Azərbaycan gənclərini parlamentdə təmsil etməkdir.  Son nəticə olaraq  sevindirici haldır ki, bu gün Milli Məclisdə 9   gənc deputat  təmsil olunur.

- Fəaliyyətiniz dövlət,  eləcə də ictimai qurumlarla sıx əlaqədardır. Bütün bu işlərə vaxt tapa bilirsinizmi?

- Təbii ki,  hər bir fəaliyyətdə olan bir insan üçün vaxt qıtlığı problemi var.  Vaxtın qənaətinə, səmərəli istifadəsinə çalışıram. Elə məsələlər var ki, ona istədiyim qədər  vaxt tapa  bilmirəm.   Amma hər istiqamətdə balanslaşdırma aparıram. çalışıram vaxt ayırıb  həmin işlərlə məşğul olum.

- Azərbaycan gəncləri  haqqında fikirlərinizi bilmək istərdik.  

- Bu gün Azərbaycan gənclərinin qarşısında bir sıra  əsas vəzifələr durur. ötən il Gənclər Günü münasibətilə ölkə Prezidenti İlham Əliyevlə keçirilən görüşdə bu məsələlər aydın şəkildə müəyyənləşdirildi. Bu gün Azərbaycan gənclərinin dünyagörüşü, həyata baxışı, təfəkkürü  çox  inkişaf edib. Eyni zamanda onlar üçün yaradılan imkanlar günbəgün genişlənir. İstər Milli Məclisdə, istər Gənclər Təşkilatları Milli Şurasının  fəaliyyətində əsas məqsədimiz  Azərbaycan  gənclərinin intellektual səviyyəsini, savadını, dünyagörüşünü artırmaq,  onların cəmiyyətdə fəal  mövqe tutmasına nail olmaqdır.  

Bir müddət  Avropada çalışmışam. Dünyanın bir çox  ölkələrində olmuşam.  Müqayisələrim göstərir ki, Azərbaycan gənclərinin  genetik potensialı çox böyükdür. Azərbaycan gənclərində işgüzarlıq, səbir, mədəniyyət yüksək səviyyədədir. Sovet təhsil sisteminin bizə müsbət və mənfi təsiri olub. Amma müsbət cəhətlərdən yararlanan gənclərimiz çoxdur. Bu gün gənclər çox fəaldırlar.  Gənclər hər sahədə, istər dövlət, istər özəl strukturlarda  çalışırlar, nailiyyətlər qazanırlar. Azərbaycan gənclərinin öhdəliyi ikiqatdır. çünki   17 ildir müstəqilik. Bu isə Azərbaycan gəncini daha möhkəm və mübariz olmağa çağırır. İkincisi,  Azərbaycanın coğrafi şəraiti müxtəlif  ölkələrin maraqları ilə kəsişir. Ona görə biz hər an ayıq olmalıyıq.  Bizim aktiv olmamağa haqqımız yoxdur.

Məni narahat edən məsələlərdən biri də gənclərimizin təhsili ilə bağlı bəzi problemlərdir. Bəzi vaxtlar bütün günahı  müəllimlərin boynuna yıxmaq istəyirlər,  amma əksərən şahidi oluruq ki, gənclərin özləri də bu məsələyə biganə yanaşırlar. Heç kəsdə şübhə doğurmur ki, Avropada olan təhsil  nümunəvidir. çalışırıq o standartlara uyğun olaq.  Amma bizdə valideynlər istəyirlər ki, uşaqları birinci partada otursunlar, müəllim onun övladına  daha çox diqqət yetirsin.  Biz özümüz bu hərəkətlərimizlə uşaqlar arasında müəllimi ayrı-seçkilik etməyə vadar edirik.  Məsələn, ali məktəbdə tələbələrin davamiyyət məsələsinə elə bir rəng verilir ki, guya onlarda dərsə maraq və həvəs yoxdur.  Mən də tələbə olmuşam. Belə hadisələrin şahidiyəm. çox şey tələbədən asılıdır. Tələbə daim öz üzərində işləməlidir.  Müəllimlərin də nöqsanı var. Məsələn, məktəblərə tez-tez baş çəkirəm. Bəzilərində yeniliyə meyil güclüdür, bəzi məktəblərdə isə hələ də köhnə qayda-qanun hökm sürür. Əlbəttə, bütün bu məsələlərin həllinə vaxt lazımdır.    Məktəblərin, ali məktəblərin sayı çoxdur.  ölkə gündən-günə inkişaf edir.

- Dövlətimizin gənclərə bugünkü qayğısı və bu istiqamətdə həyata keçirilən işlər barədə nə deyərdiniz?

- Prezident İlham Əliyevin   müvafiq sərəncamına uyğun olaraq, bu ildən xarici ölkələrin ali məktəblərinə daxil olan tələbələrin təhsil haqqlarını dövlət maliyyələşdirəcək. Heydər Əliyev Fondunun xəttilə məktəblərin tikintisi və əsaslı təmiri ilə bağlı görülən işlər, yeni  dərsliklərin  çap olunması,  klassik yazarlarımızın  əsərlərinin latın qrafikası ilə nəşri, tələbələrin təqaüdlərinin artırılması, gənclərə ipoteka verilməsi  və s.  Görülən işlərin miqyası genişdir. Hazırda "Təhsil haqqında" Qanunun ciddi  müzakirəsi gedir.  Bu, çox qlobal məsələdir. Cəmiyyətin hər bir üzvü bu məsələnin müzakirəsində iştirak etməlidir.  çalışmalıyıq ki, bu qanun mükəmməl səviyyədə  qəbul edilsin. ölkədə müəyyən ixtisaslar üzrə ali təhsilli gənc kadrlar çoxdur. Sevindirici haldır ki, son vaxtlar yeni peşələrə də maraq artıb. Bizim əsas ümummilli problemimiz  isə Qarabağ məsələsidir. Bu, bizim mənəvi məsələmizdir. Bu məsələnin həlli bizim gəncləri daha da ruhlandıracaq, aktivliyini artıracaq.

- Milli Məclisin gündəliyində gənclərlə bağlı  hansı məsələlərin müzakirəsində iştirak etmişsiniz?

- "İpoteka haqqında"  Qanuna dəyişikliklərin edilməsi ilə bağlı gənc millət vəkilləri çox fəal mövqe tutdular. 2005-ci ildən bu günə  qədər "İpoteka haqqında" Qanuna bir neçə dəfə ciddi dəyişiklik edildi. Prezidentin təşəbbüsü  ilə irəli sürülmüş qanunda artıq sosialyönümlü ipoteka  nəzərdə tutuldu, ötən il biz bunu tətbiq etdik.  Amma ortaya yenə  bəzi problemlər çıxsa da, onların  həlli yolları  mövcuddur. "Dövlət gənclər siyasəti haqqında" Qanuna dəyişikliklər etdik. Bu, əsasən, hərbi xidmətə getmiş gənclərin qayıdarkən köhnə iş yerlərinə bərpa olunması ilə bağlı idi. Həmin qanunda gənclərin yaş həddi  14-dən 29-a qədər endirildi. Gənclər üçün müxtəlif güzəştlər nəzərdə tutuldu. Əlbəttə, bu güzəştlər, əsasən, əlillər, Qarabağ veteranları, şəhid ailələrindən olan  gənclər üçün nəzərdə tutulub.  Bu o demək deyil ki,  bu gün biz onların hamısının ehtiyacını ödəyə bilərik. Amma bu qanun gələcəkdə  geniş imkanlar yarandıqca, sosial təminatı aşağı səviyyədə olan gənclərin problemlərinin həllinə yönəlib. "Məhbusların adaptasiyası" ilə bağlı qanuna dəyişikliklər edilib.  QHT-yə  maliyyə yardımı ayrılması nəzərdə tutulub. Prezidentin təşəbbüsü ilə QHT Dəstək Şurası  formalaşdı.  Heydər Əliyev Fondunun prezidenti, millət vəkili  Mehriban Əliyevanın təşəbbüsü ilə  "Amnistiya aktı " qəbul olundu.  Amnistiyaya düşənlər arasında gənclər də  vardı. 

Yeni təkliflərimiz də çoxdur. Onlardan biri  dövlət qurumlarının Milli Bankdan müəyyən  kreditlər almaqla, bina inşa edərək, öz işçilərinə verməsi ilə bağlı olacaq.   Biz bu işin mexanizmi, onun detalları üzərində işləyəcəyik.  Artıq bu üsul bütün dünyada tətbiq olunur və çox gözəl effekt verir.  Əsasən az məvacib alan təbəqəni- səhiyyə və təhsil işçilərini nəzərdə tutmuşuq.  Eyni zamanda regionlarda yaşayan gənclərin asudə vaxtlarının təşkili ilə bağlı  xüsusi bir qanunvericilik  təşəbbüsü  irəli sürəcəyik.  Düzdür, Bakıda və regionda bu proses gedir, yeni olimpiya   kompleksləri tikilib istifadəyə verilir. Amma biz istəyirik  ki,  asudə vaxtın təşkili ilə bağlı xüsusi qanunumuz olsun. 2006-cı ildə apardığımız araşdırmalarımız göstərir ki,  qeyri-sağlam qüvvələrin təsirinə düşən gənclərin əksəriyyəti asudə vaxtları düzgün təşkil olunmayanlardır. Uşaqlar üçün yay düşərgələrinin təşkili istiqamətində də işlər görmək istəyirik. Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi bu haqda düşünürlər. ötən il bir neçə düşərgə təşkil olundu, amma  2008-ci  ildə bu    daha da gücləndiriləcək.

- Fevralın 2-si  ölkəmizdə  Gənclər Günü kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə Sizi təbrik edirik.   Bilmək istərdik, gənclərlə bağlı  hansı tədbirləriniz olacaq?

- Sizi və əməkdaşlarınızı Gənclər Günü münasibətilə təbrik edirəm. Hesab edirəm ki, bu gün  Azərbaycan gəncləri  üçün əhəmiyyətli  bir tarixdir.    Bu il   gənclərlə bağlı  çoxlu tədbirlərimiz var.   Fevralın 2-də   Gənclər və İdman Nazirliyi "Europavizion"la bağlı konsert proqramı keçirəcək.  Gənclər Təşkilatları Milli Şurası burada fəal mövqe nümayiş etdirəcək. Fevralın ortalarında Avropa Gənclər Forumu ilə birgə böyük tədbirimiz olacaq. Azərbaycandan bir neçə gənc Finlandiyaya yola düşəcək. Orada bir sıra görüşlərləri keçiriləcək. Sonra bir qrup gənc Milli Məclisə gələcək, onları parlamentdəki   quruculuq iş prosesi ilə tanış edəcəyik.  çalışırıq gənclərə göstərək ki, biz onlardan biriyik. Bizim problemlərimiz birdir. Bu il daha çox  beynəlxalq tədbirlərə üstünlük verəcəyik. İstəyirik ki, uğurlarımızı əməkdaşlıq etdiyimiz ölkələrin bütün təbəqələrinə çatdıraq. 

Müsahibəni apardılar:

Aynur GüLüSTAN

Fazil İDRİSOĞLU