· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Boloniya prosesi: nəzəri və praktik məsələlər

Azərbaycan Təhsil Şurası bu mövzuda elmi-praktik konfrans keçirdi

 

ölkəmizdə təhsilin inkişafına və keyfiyyətinin yüksəldilməsinə kömək göstərməyi fəaliyyətinin əsas istiqaməti hesab edən, ictimaiyyətin və təhsili idarəetmə orqanlarının diqqətini daim təhsil sahəsində həlli vacib problemlərə yönəldən, onların həlli üçün təkliflər verən Azərbaycan Təhsil Şurası vaxtaşırı olaraq aktual mövzularda tədbirlər, elmi-nəzəri və təcrübi konfranslar, görüşlər, müzakirələr keçirir.

Şuranın Təhsil Nazirliyi ilə birlikdə yanvarın 30-da Təhsil Nazirliyinin akt zalında keçirdiyi "Boloniya prosesinin nəzəri və praktik-texnoloji məsələləri" mövzusunda elmi-praktik konfrans da belə tədbirlərdən biri idi. Konfransda Təhsil Nazirliyinin rəhbərliyi, millət vəkilləri, ali məktəblərin rektorları və tədris işləri üzrə prorektorları, Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, Təhsil Şurasının üzvləri və KİV nümayəndələri iştirak edirdilər.

Konfrans öz işinə başlamazdan öncə təhsil naziri Misir Mərdanov iştirakçılara xoş bir xəbər çatdıraraq bildirdi ki, Azərbaycan Dillər Universitetinin rektoru, professor, millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçilib. Bu münasibətlə təhsil işçiləri adından Səməd Seyidovu təbrik edən nazir ona uğurlar, xalqımızın rifahı naminə daha səmərəli fəaliyyət arzuladı.

Elmi-praktik konfransı giriş sözü ilə açan Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev zala toplaşanları salamlayıb, onları konfransın iş qaydası ilə tanış etdi. çıxışında Təhsil Şurasının yaranma tarixinə toxunan Ə.Ağayev onun ümummilli liderimiz Heydər Əliyevin xeyir-duası ilə 1998-ci ildə Bakıda keçirilmiş Azərbaycan müəllimlərinin VIII qurultayından sonra yarandığını, fəaliyyət göstərdiyi illər ərzində ulu öndərin bu qurum haqqında dediyi "Gərək bu Şura müstəqil olsun, ictimai təşkilat olsun, öz sözünü hökumətə, hakimiyyət orqanlarına desin və öz təkliflərini irəli sürsün" sözlərinə əməl etməyə çalışdığını, onun müdrik tövsiyələrini əldə rəhbər tutaraq ölkədə təhsil siyasətinin həyata keçirilməsində, təhsilimizin yeniləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi naminə aparılan islahatlarda fəal iştirak etdiyini, bir ictimai qurum olaraq Təhsil Nazirliyinə yaxından kömək göstərdiyini və həmişə Təhsil Nazirliyindən zəruri dəstək aldığını bildirdi.

Rəhbərlik etdiyi qurumun gördüyü işlərdən danışan Ə.Ağayev indiyədək bir neçə böyük tədbir təşkil etdiklərini, Təhsil Nazirliyinə 80-ə yaxın təklif verdiklərini, onların bəzisinin artıq həyata keçirildiyini diqqətə çatdırdı.

Keçirilən konfransı ənənəvi tədbirlərin davamı kimi dəyərləndirən professor Ə.Ağayev onun mövzusunun aktuallığını xüsusi qeyd etdi. Bildirdi ki, ölkəmizin hələ 3 il əvvəl qoşulduğu, ali təhsil sahəsində Avropa məkanına inteqrasiya üçün real təminat olan Boloniya prosesinin tətbiqi istiqamətində xeyli iş görülsə də hələ də təhsil ictimaiyyəti arasında prosesin mahiyyəti barədə fikir aydınlığı yoxdur. Onun əhəmiyyəti lazımınca qiymətləndirilmir. Konfransda məqsəd bu məlumatsızlığı qismən də olsa aradan qaldırmağa kömək etmək, Boloniya prosesinə qoşulan ali məktəblərin ilkin iş təcrübələri ilə tanış olub bu sahədəki problemləri müzakirə etməkdir.

Elmi-praktik konfransda millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, AŞPA-nın vitse-prezidenti Səməd Seyidov "Boloniya prosesi və Azərbaycan" mövzusunda məruzə etdi. Professor S.Seyidov öncə Boloniya prosesi haqqında qısa məlumat verib, onun 1999-cu ildə Avropanın 29 ölkəsinin ali təhsilə cavabdeh nazirlərinin Boloniya şəhərində imzaladıqları "Boloniya bəyannaməsi" ilə meydana gəldiyini, məramının ali təhsil sahəsində vahid Avropa məkanının yaranması, təhsil sistemlərinin qarşılıqlı inteqrasiyasını, tələbə və müəllim mübadiləsini, diplomların qarşılıqlı tanınmasını, ali təhsilin keyfiyyətini, tələbələrin mobilliyini təmin etmək və s. olduğunu söylədi. 2005-ci ildə ölkəmizin də bu prosesə qoşulduğunu deyən S.Seyidov bunun Təhsil Nazirliyinin Avropaya inteqrasiya istiqamətində gördüyü məntiqli işlərin birbaşa nəticəsi kimi dəyərləndirdi.

Azərbaycanın Boloniya prosesinə qoşulmasının təhsil ictimaiyyəti arasında, ali məktəblərdə birmənalı qarşılanmadığını deyən məruzəçi bəzi yığıncaqlarda "Boloniya prosesi bizə lazımdırmı", "Ona hökmən qoşulmalıyıqmı" və s. kimi sualların ortaya çıxdığını bildirdi. Bütün bu tərəddüdlərə baxmayaraq, atılan addımın düzgünlüyünü, geriyə yol olmadığını xüsusi qeyd etdi.

Sonra professor S.Seyidov Boloniya prosesinə qoşulma ilə bağlı yaranan çətinlikləri aradan qaldırmağın, mövcud potensialı qoruyub saxlamağın vacibliyi məsələsinə toxundu, rəhbərlik etdiyi universitetdə Boloniya prosesinin vacib tələblərindən olan kredit sisteminin tətbiqi istiqamətində görülmüş işlərlə konfrans iştirakçılarını tanış etdi. Bildirdi ki, ölkəmizin ali məktəbləri arasında Boloniya prosesinə qoşulmaq üçün ilk təşəbbüsü məhz Azərbaycan Dillər Universiteti göstərmiş, Təhsil Nazirliyinin köməyi ilə 2005-ci ildə universitetin beynəlxalq münasibətlər fakültəsində Boloniya prosesinin özəyini təşkil edən kredit sisteminin tətbiqinə başlanmışdır. Birillik təcrübədən sonra bu işin bir fakültə çərçivəsində reallaşdırılmasının çətinliyini görən universitet rəhbərliyi digər fakültələrdə də kredit sisteminə keçilməsi üçün Təhsil Nazirliyi qarşısında məsələ qaldırmış və nazirliyin razılığı ilə 2006-2007-ci dərs ilindən bütün fakültələrdə bu işə başlanmışdır. Hazırda Dillər Universitetinin I, II və III kurslarında 2200-dən çox tələbə bu sistemlə təhsil alır. Hər bir tələbənin fərdi planı, seçim imkanı var.

Məruzəçi xüsusi vurğuladı ki, Boloniya sistemi haqqında niyyətləri Avropada onlara qarşı münasibəti tez bir zamanda dəyişmiş, Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələri  genişlənməyə, bir sıra ölkələrin universitetləri ilə əməkdaşlıq münasibətləri yaranmağa başlamışdır.

Professor S.Seyidov məruzəsində diqqəti bəzi problemlərə yönəltdi. Bildirdi ki, bu gün ali məktəblərin mövcud əsasnamələri, idarəetmə və maliyyələşdirilmə sistemi dəyişdirilməlidir. Ştat cədvəllərinə yenidən baxılmalıdır. Akkreditasiya aparılmalı, universitetlərin reytinqi müəyyənləşdirilməlidir, ali məktəb müəllimləri arasında yüklərin paylanması mexanizmi köklü şəkildə dəyişdirilməlidir; müəllimlərin əməkhaqqı artırılmalıdır.

Gəncə Dövlət Universitetinin rektoru, professor Elman Məmmədov elmi-praktik konfransda çıxış edərək rəhbərlik etdiyi universitetdə bu proseslərin artıq başlandığını, 2006-2007-ci ildə informatika ixtisası üzrə kredit sisteminə keçildiyini, 2007-2008-ci ildən bu işin daha da genişləndirilərək riyaziyyat, informatika və xarici dil ixtisaslarını da əhatə etdiyini bildirdi. Qeyd etdi ki, Gəncə Dövlət Universiteti Avropa İttifaqının ERAZMUS MUNDUS "Xarici əməkdaşlıq təşəbbüsü" proqramının iştirakçısıdır. Universitet ali təhsil müəssisələri səviyyəsində insanların, biliklərin və bacarıqların mübadiləsi vasitəsi ilə əməkdaşlığı təmin etməyi nəzərdə tutan proqramda iştirak etdiyi 2 il ərzində xeyli iş görülüb. Avropanın 7 universiteti ilə müqavilələr bağlanıb. Layihə çərçivəsində Lissabon Dövlət Universiteti, Soloniki, Bolqarıstan universitetləri ilə qarşılıqlı müəllim və tələbə mübadiləsi aparılır.

Boloniya prosesinə keçmək üçün müvafiq hüquqi və maddi-texniki bazanın yaradılması istiqamətində də xeyli iş görüldüyünü deyən rektor əsasnamənin hazırlandığını, tələbələrin seçiminə şərait yaradıldığını bildirdi və görülməsi zəruri olan işlərdən danışdı.

Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, akademik Abel Məhərrəmov çıxışında müzakirə olunan məsələnin aktuallığını xüsusi qeyd edib, Boloniya prosesinin meydana gəlməsinin siyasi-iqtisadi şərtlərinə toxundu. Bildirdi ki, o, qloballaşma məkanı üstündə mübarizədə Avropanın ABŞ-a qarşı özünü gücləndirmə tədbirlərinin tərkib hissəsi kimi meydana gəlib. Bu prosesə qoşulmanın Avropa ölkələrindəkinə nisbətən bizdə bir qədər çətin getdiyini deyən Abel müəllim bunu bizim ali təhsil sisteminin Avropadakından fərqli olması ilə izah etdi, tutulan yolun düzgün olduğunu bildirdi.

A.Məhərrəmov Bakı Dövlət Universitetində Boloniya prosesinə keçidlə bağlı görülmüş işlər barədə konfrans iştirakçılarını geniş məlumatlandırdı. Qeyd etdi ki, universitetdə "Elektron tədris" vəsaiti hazırlanıb, tüter hazırlığına başlanıb. Bu ildən başlayaraq hər bir müəllimlə müqavilə bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq müəllim tələbə ilə 300 saat sərbəst iş aparmalıdır. Bütün universitet müəllimlərinin mühazirələrinin audio-video sistem şəklində buraxılması təşkil olunmuşdur. "Elektron tədris"in üstünlüklərindən danışan rektor bu sistemin tələbəyə istənilən vaxtda və şəraitdə müəllimin mühazirəsini dinləməyə və ona baxmağa imkan yaratdığını qeyd etdi. çıxışın sonunda Bakı Dövlət Universitetində hazırlanmış "Elektron tədris" vəsaitindən bəzi fraqmentlər, bir neçə müəllimin videomühazirəsindən görüntülər konfrans iştirakçılarına nümayiş etdirildi.

Sonra çıxış üçün söz millət vəkili Asim Mollazadəyə verildi. Asim müəllim ölkəmizin Boloniya prosesinə keçidinin beynəlxalq enerji layihələrindən heç də az əhəmiyyət daşımadığını vurğuladı, bu istiqamətdə görülmüş işləri müsbət qiymətləndirdi.

Lakin natiq bu sahədə işlərin kim necə başa düşür o qaydada deyil, sistemli şəkildə aparılmasını, yeni sistemlə işləyəcək müəllimlərin hazırlanmasına xüsusi diqqət yetirilməsini tövsiyə etdi.

Elmi-praktik konfransı təhsil naziri Misir Mərdanov yekunlaşdırdı. öncə dəvəti qəbul edib konfransa gəlmiş təhsil işçilərinə, qonaqlara minnətdarlığını bildirən nazir ali təhsilə həsr olunmuş tədbirdə Təhsil Şurasının əsasən ümumtəhsil məktəblərini təmsil edən üzvlərinin iştirakını müsbət qiymətləndirib, bunu Boloniya prosesinin mahiyyəti ilə onların da tanış ola bilməsi baxımından faydalı saydığını dedi.

Konfransda məruzə və çıxışlarda  söylənmiş fikirlərə münasibət bildirən nazir dedi:

- Mən də bu fikirdəyəm ki, ali təhsil sistemimiz doğru yolun başlanğıcındadır. Biz bu yolu davam etdirməliyik.

ölkəmizdə təhsil sahəsində, o cümlədən də ali təhsildə  aparılan islahatların ideya ilhamçısı və müəllifinin məhz ümummilli liderimiz Heydər Əliyev olduğunu vurğulayan Misir Mərdanov təhsil sahəsində görülmüş bütün işlərə və əldə olunan uğurlara görə, ilk növbədə, məhz böyük öndərə minnətdar olduğumuzu bildirdi. Son illər təhsil sahəsində vüsətli inkişaf getdiyini deyən nazir bütün bunların Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olduğunu söylədi. Ali təhsil sahəsində aparılan islahatlar nəticəsində xeyli iş gördüyünü vurğulayan təhsil naziri bununla bərabər, problemlərin də az olmadığını qeyd etdi. Bildirdi ki, bu gün həmin problemlərin böyük bir qismini həll etmək üçün biz tez bir zamanda adambaşına maliyyələşdirməyə keçməliyik. Nazirin fikrincə, təhsil ocaqlarında adambaşına maliyyələşdirmənin tətbiqi təhsilin keyfiyyətinin yüksəlməsinə xeyli təsir göstərər. Artıq ölkənin bir neçə regionunun ümumtəhsil məktəblərində bu istiqamətdə eksperiment aparıldığını, onun nəticəsinin müsbət olduğunu söyləyən Misir Mərdanov bu sistemin təhsilin digər pillələrinin müəssisələrində də yaxın zamanlardan başlayaraq tətbiq olunacağını diqqətə çatdırdı.

Nazir təhsil alanların biliyinin qiymətləndirilməsini də hazırda təhsil sistemi qarşısında duran ən ciddi problemlərdən biri saydığını dedi. Bildirdi ki, ölkəmizdə daxili və milli qiymətləndirmə sahəsində görülmüş işlər bu gün Azərbaycan ictimaiyyətini qane etmir. İndiyədək əsasən qiymət almaq xatirinə aparılan qiymətləndirmə təhsilin keyfiyyətini yüksəltməyə mane olur. Təhsil pillələrinin sonunda qiymətləndirmə işi aparılması barədə Təhsil Nazirliyinin qaldırdığı məsələlər hər dəfə müəyyən etirazlarla qarşılanır. Ali məktəblərə qəbul zamanı orta  məktəbin nəticələrinin nəzərə alınmasının neqativ hallara gətirib çıxaracağını söyləyirlər. Halbuki dünya ölkələrinin əksəriyyətində bu praktika mövcuddur.

Misir Mərdanov çıxışında Boloniya prosesi baxımından müəllim hazırlığının da aktual olduğunu söylədi. Bildirdi ki, bu gün əlverişli təhsil mühitinin yaradılması üçün çox iş görülsə də, müəllim hazırlığı bir qədər kölgədə qalıb. Nazir bu məsələyə də diqqətin artırılmasını vacib saydı.

Müəllimlərin əməkhaqqının azlığı ilə bağlı çıxışlarda səslənmiş fikirlərə də münasibətini bildirən Misir Mərdanov həqiqətən də bu gün təhsil işçilərinin əməkhaqqının aşağı olduğunu, hazırda bu məsələ üzərində çox ciddi iş aparıldığını, yaxın zamanlarda ali məktəblərin professor-müəllim heyətinin, orta məktəb müəllimlərinin maaşlarının artırılmasının nəzərdə tutulduğunu söylədi.

***

Elmi-praktik konfrans öz işini başa çatdırdıqdan sonra  Respublika Təhsil Şurasının iclası oldu. İclasda təşkilat məsələlərinə baxıldı. Təhsil Şurasının yeni idarə heyətinin və təftiş komissiyasının tərkibi seçilərək səsə qoyuldu. Sonra sədr seçimi oldu. Pedaqoji elmlər doktoru, professor, respublikanın əməkdar müəllimi Əjdər Ağayev yenidən Azərbaycan Təhsil Şurasının sədri seçildi.

 

Yusif ƏLİYEV