· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

YAP Gənclər Birliyinin üzvləri ilə Qubada görüş

Yanvarın 26-da Quba şəhərindəki Olimpiya Kompleksində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəal üzvləri - ölkənin dövlət və özəl universitetlərinin əlaçı tələbələri ilə "dəyirmi masa" keçirilib. Görüşdə təhsil naziri Misir Mərdanov və Yeni Azərbaycan  Partiyasının icraçı katibi Əli Əhmədov iştirak etmişlər.

Tədbiri giriş sözü ilə YAP-ın icraçı katibi Əli Əhmədov açıb, Partiyanın Gənclər Birliyinin fəaliyyəti və tələbələrlə görüşün məqsədi barədə məlumat verib.

Tədbirdə təhsil naziri "Davamlı inkişafa əsaslanan təhsil strategiyası" mövzusunda təqdimatla çıxış edib. Nazir öz təqdimatında ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmış etibarlı baza əsasında son illərdə təhsilin inkişafı, ölkənin həyatında baş vermiş ən əhəmiyyətli nailiyyətlər barədə məlumat verib. Qeyd edilib ki, son illərdə ölkəmizin təhsil sistemində davamlı inkişafa yönəlmiş əsaslı infrastruktur dəyişikliklərinin baş verməsi, inkişafyönümlü proqram və layihələrin həyata keçirilməsi dövlətimizin başçısının təhsilə göstərdiyi müntəzəm diqqət və qayğı nəticəsində mümkün olub.

Təqdimatda təhsil sahəsində həyata keçirilən 14 inkişaf proqramı iştirakçıların diqqətinə çatdırılıb, təhsil müəssisələrinin infrastrukturunun yeniləşdirilməsi istiqamətində 1217 yeni məktəbin inşa olunduğu, 325 məktəbin avadanlıqla, 3693 məktəbin 31677 kompüter və digər İKT avadanlığı ilə təmin edildiyi bildirilib.

Nazir təhsil sisteminin informasiyalaşdırılması, ali təhsil sahəsində Boloniya prosesinin tələbləri istiqamətində həyata keçirilən tədbirlər barədə də  məlumat verib.

Sonra nazir tələbələrin suallarını cavablandırıb. Tələbələr orta məktəblərdə mərkəzləşdirilmiş imtahan sistemi, imtahanın əhatə etdiyi fənlərin sayının optimallığı, ali təhsil sahəsində dərslik problemi, xaricdə təhsil almaq üçün seçimin aparılması, universitetləri bitirən məzunların işlə təmin olunması, hər il Prezident təqaüdünə layiq görülənlərin sonrakı inkişafının izlənməsinin vacibliyi, magistraturaya qəbul məsələsi, tələbələrin asudə vaxtının təşkili sahəsində beynəlxalq təcrübədən istifadə, Azərbaycan dili və ədəbiyyat dərsliklərinin məzmunu, ali məktəblərdə mərkəzləşdirilmiş imtahan mexanizminin tətbiqi, istehsalat təcrübəsinin təşkili, kredit sisteminin tətbiqi ilə bağlı suallarla müraciət edib. Nazir tələbələr tərəfindən verilən hər bir suala ətraflı cavab verib.

Eyni zamanda tədbirdə ucqar kəndlərdə müəllim kadrlarına ehtiyacın aradan qaldırılması istiqamətində YAP Gənclər Birliyinin maraqlı təklifi səslənib. Təklif edilib ki, növbəti dərs ili üçün respublikanın ucqar kənd məktəblərində güzəştli şərtlərlə işləmək məqsədilə YAP və Təhsil Nazirliyi birgə layihə həyata keçirməlidir. Nazir bununla əlaqədar tədbirdə iştirak edən Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirova müvafiq tapşırıqlar verib.

Sonda Misir Mərdanov belə görüşlərin sistemli şəkildə təşkilinin vacibliyini vurğulayıb və növbəti görüşün Təhsil Nazirliyində təşkil olunmasını təklif edib.

Tədbirdə Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Məlahət Həsənova və Quba Rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov iştirak edib.